adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HEKAYƏLƏR, ESSELƏR

VAQİF YUSİFLİ
48714 | 2012-01-14 06:56
Narıngülü bir şair kimi tanımışam. Onun ilk şeirlərinə yarpaq boyda xeyir-dua da vermiş, sonralar "Sonuncular" adlı silsilə məqaləmdə onun şeirlərindən söz açmışam. Ədəbiyyata təsadüfi deyil, təbii bir istəklə gələn və gəlişində də içindəki yığın-yığın duyğuları poeziya dililə ifadə etməyi heç də başqalarından pis bacarmayan Narıngül haqqında o zaman yazmışdım: "Narıngülün şeirlərində hər şeyi obrazlı bir tərzdə mənalandırmaq, adiliklərin içərisində qeyri-adilikləri görmək cəhdi onun şəhər ritmlərində çox bariz şəkildə üzə çıxır. Narıngülgpayızın, küləyin və ağappaq qarın şairidir. Onun çəkdiyi tabloda soyuğun, küləyin və bu soyuğu, küləyi özündə yaşadan tənhalığın poetik cizgiləri əks olunur. Bu cizgilərin bir çoxu isə təzədir, kimsə onları çəkməyib". Doğrudan da onun şeirlərində bir rəssam duyğusu, ancaq sözlə çəkilən rənglər, cizgilər vardı.
   
   Mən hər hansı bir şairin şeirlə bir sırada nəsr əsəri yazmasını, hətta esse və tənqidi yazılara müraciət etməsini təbii sayıram. İstedadın hərtəpəfli üzə çıxmasını bir janr da müəyyənləşdirə bilər, bir neçəsi də... Təki ortada bədiiyyat adına bir nümunə olsun.Ona görə də Narıngülün "Güzgüdəki qadın" hekayələr, esselər kitabını görəndə təəccüblənmədim. Qabaqcadan intiusiya ilə dərk elədim ki, Narıngülün bəlkə də poeziyada deyə bilmədiyi, fikir və düşüncələrini bir formanın qəlibinə sığışdıra bilmədiyi məqamlar var. Təbii ki, şeirdən nəsrə, yaxud nəsrdən şeirə "keçid"də uğursuzluqlar daha çox olur, amma "Güzgüdəki qadın"ı oxuyandan sonra mən şair Narıngülün nəsrdəki uğuruna sevindim.
   
   Narıngülün bu kitabda doqquz hekayə və essesi, bir də ədəbiyyat xüsusunda bir neçə qeydləri (onlara resenziya da demək olar) təqdim olunur. Hekayə və esselərinin başlıca motivi qadın duyğularının izharıdır.Yəni Narıngülün hekayələrində mövzu da, qayə də bu səmtə baş alır. Narıngülün bir hekayəsində oxuyuruq: "Mənim qadınlarla o qədər də aram yoxdur. Mümkün qədər onlarla az ünsiyyətdə olmağa çalışıram".Amma əslində, belə deyil, hekayələrini oxuduqca hiss edirsən ki, burada təsvir olunan qəhrəmanların (qadınların) iç dünyasına, həyat tərzinə, meylinə, zövqünə bələd olmasaydı, belə maraqlı və maraqlı olduğu qədər də təbii hekayələr yaranmazdı.
   
   Ümumiyyətlə, qadın dünyasını, onun təzadlı aləmini, bu aləmin həm görünən, həm görünməyən, həm adi, həm də qeyri-adi görüntülərini təsvir etməkdə qadın yazarların özləri daha yaxşı bacarırlar. Xüsusilə, onlarda sevgi macəralarının, yaxud məhəbbət duyğuların təsviri çox təbii alınır. Qadını yaşadan nədir? Sevgimi, ailə sədaqətimi, əri-kişisi ilə olan qarşılıqlı ünsiyyətmi? Yaxud qadın niyə ərinə xəyanət edir, niyə ailəsindən, hətta doğma uşaqlarından ayrılır? Və bütün bu sualların arxasında təkcə ailə-qadın-kişi münasibətləri deyil, həm də mənəvi-əxlaqi məsələlər durur.Suallar çoxdur və əlbəttə, yazıçı bu suallara konkret cavab verməyə də bilər, amma yazıçı da bir növ, psixoloqdur və o, bu suallara təqdim etdiyi obrazların ürəyinə, duyğu və düşüncələrinə, istək və meyllərinə işıq salmaqla cavab verir. İşığın gücü artdıqca qadın dünyasının qaranlıq nöqtələri də üzə çıxır.
   
   "Rəfiqəm" və "Güzgüdəki qadın" hekayələrini bu mənada eyni mətləbə toxunan, amma bədii inikas baxımından bir qədər fərqli hekayələr adlandırmaq olar. Birinci hekayədə ailəli qadının sevgisindən söz açılır. O, ərini sevmir.Hansısa xaricə getməyə hazırlaşan bir kişini sevir, halbuki, əri o kişidən çox yaraşıqlıdır, nümunəvi ailə başçısıdır. Nədir bu, ehtirasmı, sevgimi? Qadın "mənimki ehtiras deyil, sevgidir" desə də, biz hekayənin sonuna qədər şübhə içində qalırıq. Müəllif bu "sevgi"nin tarixçəsini açmır. "sevgilisi"nin xaricə getmək üçün hazırlaşması qadını qorxuya salır. Və belə bir hadisə baş verir.Qadın bunu eşidib bayılır, xəstəxanaya düşür. "Rəfiqəm sakit halda çarpayıda uzanıb, əri onun başının üstündə dayanıb əlini onun başına qoyub. Hamı qayğıkeşdir, hamı ona nəvaziş göstərir.Mən ürəyimdə şükür edirəm ki, hər şey öz qaydasındadır. Hər şey öz qaydasındadırsa, demək hər şey eləcə adidir, əgər adidirsə, demək, heç nə yoxdur... Hər şey heç də göründüyü kimi deyilmiş".
   
   Əlbəttə, müəllif nə qadına, nə də onun qəfil sevgisinə haqq qazandırmır. İnsan qəlbində haçansa belə bir tufan qopa bilər, amma bu tufan sakitləşirsə, demək, hər şey göründüyü kimi deyilmiş. Bəlkə bir qadın şıltaqlığı, bəlkə gec oyanan məhəbbətin "tufanıydı".
   
   "Güzgüdəki qadın" hekayəsində isə başqa bir tale ilə qarşılaşırıq. "Qadın hər şeyə çoxdan, lap çoxdan tüpürmüşdü, təkcə qarşısında dayandığı bu qırağı haşiyəli, naxışlı güzgüdən başqa. Onun həyata uzanan yolları bu güzgünün qarşısından başlanırdı, məhz bu güzgünün qarşısında o,hamıdan güclü, hamıdan qürurlu olurdu, varlığı bütünlüklə təsdiq olunurdu".
   
   Həyata güzgüdən baxan,bəzənib sığallanmaqdan hədsiz zövq alan bu qadın onu "sevən" kişilərdən qətiyyən imtina etmir, hər bir yeni macəra onun istədiyi kimi baş verir, kişilər onun bütün nazına, o da onların şıltaqlıqlarına dözür. Amma günlərin birində elə bir hadisə baş verir ki, onun "normal" həyatını tamamilə dəyişdirir və demək olar, heçə döndərir. Bir məclisdə ona rəğbət bəsləyən kişilərdən biri deyir ki: "Qurban olum sənə,nə olar, yanındakı rəfiqəni mənimlə tanış et, nə istəsən verərəm. O andaca qadının içindən nələrsə qırılıb töküldü". Özünə, gözəlliyinə hədsiz dərəcədə məftun olan, dünyaya və kişilərə öz Eqosunun və evindəki güzgünün gözüylə bazan qadının faciəsi bundan sonra başlayır. Və qadın başa düşür ki, yaşadığı ömür bəsit imiş. İnsan içəridən qırılanda bu mənəvi sınıqlıq onun həyat tərzini də dəyişdirir. Beləliklə, güzgüdən çıxmayan qadın tənhalığa qapılır, heç kimlə görüşmək istəmir, TƏK qalır. Bundan sonra mənəvi ölümü fiziki ölüm əvəz edir. Fikrimcə, Narıngül qadının ölümünü təsvir etməyə də bilərdi. Çünki onun ölüb-ölməməsinin elə bir əhəmiyyəti yox...
   
   Bir cəhəti qeyd edim ki, Narıngülün hekayələrində hadisələrin psixoloji səpgidə inkişafı qabarıq nəzərə çarpır. Obrazların bir-birilə qarşılıqlı münasibətləri daha çox daxili planda həll olunur və bunu biz əvvəlki iki hekayədə olduğu kimi, "Çətir"də də izləyə bilirik. "Hər bir qadının başı üzərində bir çətirə ehtiyacı var"-hekayə bu cümlə ilə başlayır və sonluq müəllifin bu fikrinə bizi inandırır. Əlbəttə, çətir-dar mənada götürüldükdə adicə əşyadır (yağışdan qorunmaq üçün), amma onun fiziki funksiyası məcaziliklə birləşdikdə məna kəsb edir. İki insanı-sevənləri təkcə yağışdan qorumur, həm də onların ürəklərini birləşdirir ÇƏTİR.
   
   Narıngülün "Uzaqdan məktub" hekayəsinə gəlincə, burada süjet düşüncələr axarı üzərində qurulub. Qadının sevdiyi insana yazdığı və göndərmədiyi məktub formadır, əslində, monoloqdur və bu monoloqda hisslərin melodraması ilə qarşılaşırıq. Məktubda xoşbəxt ola bilməyən bir ürəyin ağrıları təsvir olunur. Hər bir detal (qış, foto-şəkillər, sürücülərin açıq pəncərədən başlarını çıxararaq qadına əl etməsi, sərsəri külək və s.) obrazın düşüncələr aləmini açıqlayır. Beləcə, bir sevgi macərası əvvəlcə romantik planda-sentimental örtükdə diqqəti cəlb edir, üzü yuxarıya baş alır və sonrag eyni sürətlə, həyatın qaçılmaz reallıqlarına tabe olaraq üzü aşağı enir. "Gələcəyim səni itirməyimdən xəbər verirdi. Və bu qorxu sonralar daim mənimlə olurdu, ən xoşbəxt dəqiqələrimdə belə mənə yoldaşlıq edirdi. Əvvəllər mənə elə gəlirdi ki, bu, qadın eqoistliyidir. Ancaq sonralar dərk etdim ki, bu, həyat həqiqətidir və mən bu həqiqəti dərk etməyə hazır deyiləm,gücüm çatmır. Bu, mənim həyatda rastlaşdığım ən əzablı həqiqət idi".
   
   Narıngülün iki hekayəsi-"Mənim torpağım" və "Yolda"- fikrimcə, adlarını çəkdiyim və bəyəndiyim hekayələrlə müqayisədə bir qədər zəif təsir bağışlayır. Məsələ burasındadır ki, Narıngül obrazların psixologiyasını daha yaxşı təsvir edir, hadisələri də bu çevrədə "əridir", amma hadisəni ön plana çəkəndə və bütün təfərrüatları bu səmtə yönəldəndə uğur qazana bilmir. "Mənim torpağım"da təsvir olunan hadisə düşüncə qəhrəmanı olan şəxs üçün heç bir əhəmiyyət kəsb etmirsə, zənnimcə, bu hekayəni yazmağa da dəyməzdi. Qoy bu düşüncə qəhrəmanı gerçəkliyin daha önəmli, intellektual məna kəsb edən məsələlərinə başını qatsın. "Yolda" hekayəsində isə intellektlə bayağılıq bir-birinə qarışır, hekayənin qəhrəmanı qadın-yazıçı bir obraz kimi açılmadığından onun düşüncələri də, oğlanla münasibəti də süni təsir bağışlayır.
   
   Narıngülün "Qum saatı" və "Payız" esseləri onun hekayələrindəki bəzi parçalarla səsləşir,-qənaətindəyəm. Hiss olunur ki, esseçilik onun nəsr yazılarının mahiyyətinə çöküb, üslubi səmtini təyin edir.Bu esselərdə bəzən şair Narıngülün zərif şeirlərindən qopan mənsur misraları görməmək mümkün deyil. "Bayırda külək əsir. Çöldən kiminsə səsi gəlir. "Külək qəbrin üstündəki şamı söndürüb". Külək qəbrin üstünə belədən-beləyə sığal çəkir,sürətlə şütüyərək gözlərimin qarşısından keçir, saralmış yarpaqları o tərəfdən bu tərəfə qovur. Küləyə qoşulub uçmaq, dünyanı dolaşmaq istəyirəm... Küləyin içindən keçib yola çıxıram. Daha bu küləyin mənə dəxli yoxdur, külək zaman üçün əsəcək, buradakı adamlar üçün, ağaclar üçün, torpaq üçün əsəcək".
   
   "Güzgüdəki qadın" kitabında Narıngülün ədəbiyyat xüsusunda qeydləri də maraqlı təsir bağışlayır və bu təsiri oyadan odur ki, o, sənət və sənət dostları haqqında yazılarında mümkün qədər özünü ifadə etməyə çalışır, mütləq TƏNQİDÇİ SÖZÜ deməyə can atmır. Amma o da maraqlıdır ki, Narıngülün sənət haqqında fikirləri həqiqəti ifadə edir. Məsələn, o, "Qadınlar nə istəyirlər?" yazısında Şərq dünyasında qadın mentolitetinin mahiyyətini aydınlaşdırır, poeziyamızda "qəzəbli bir qadın feminizminin" əsdiyini izhar edir. Kifayət qədər istedadlı olan Nərmin Kamalın bu misraları: "Allah, mənə yar ol Nə vaxtdır kamil sevgili həsrətim var. Al məni, al yataq!..", Nuridə Atəşinin isə bu misraları: "Şəxsi kitabxanam-erkəklər Hər kəsin öz rəfi var"- bir Şərq qadını və yazarı kimi Narıngülü narahat edir. Əlbəttə, narahatlığa səbəb var və Nuridə Atəşlərin, Nərmin Kamalların bu feminist şouları digər qadın yazarların da ilhamını cuşə gətirir. Çünki "Bura Şərqdir və burda olmağımızdan asılı olmayaraq o, bizim içimizdədir".
   
   Narıngülün şair Kənan Hacının şeirləri xüsusunda yazdığı resenziya da onun ədəbi zövqünün formalaşdığından soraq verir və bu resenziyanın ümdə məziyyəti ondadır ki, Narıngül başqa bir şairin şeir dünyasının özünəməxsusluğunu kəşf etməyə nail olur. Yazır ki: "Onun yaradıcılığında qədərindən asılı olmayaraq təsdiq var. Bu şeirlərdə təhkiyəçilik, nəsr elementləri, mətnə söykənmək dərhal nəzərə çarpır... Kənanın şeirləri daxili gərginliklərin, emprik təlatümlərin içində gömülmür, bir sözlə, bu şeirlər monofonik deyil".
   
   Resenziyada Kənandan gətirilən bir misalı mən də bu yazıya qatıram:
   
   
   
   Uşaqlığımı
   
   köhnə evimizin
   
   Daim eyvana əyilən
   
   ərik ağacının kölgəsində
   
   dəfn etdim
   
   indi o yerdə bir kötük qaralır
   
   başdaşı əvəzi.
   
   
   
   Narıngülün "Güzgüdəki adam" kitabında toplanan yazılar dilinin aydınlığı və səlisliyi ilə diqqəti cəlb edir.Əsas odur ki, burada ziyalı bir qadının dil mədəniyyətinə yiyələndiyinin şahidi oluruq. Ancaq təəssüflə qeyd etməliyəm ki, bəzən bu gözəlliyə xələl gətirən qüsurlara da təsadüf olunur. Bir cümlə: "Küçənin ortasında sıra ilə düzülüb müştəri haraylayan sürücülər həyasızlıqla yoldan ötənlərin qarşısını kəsir, dil-boğaza qoymadan müştəri haraylayırdılar". Bir cümlədə iki dəfə "müştəri haraylamaq" heç yerinə düşmür. Başqa bir cümlə: "Bu həyat dialektikasıdır, metafizikanın inkişaf qanunudur". Bu cümləni dialektika və metafizika sözləri olmadan da, sadə bir şəkildə ifadə etmək mümkün idi. Yeri gəlmişkən qeyd edim ki, bu cür terminləri işlətmək istənilən yazının (özü də bədii yazı ola) gözəlliyini öldürür.
   
   Əlbəttə, bunları deməyə də bilərdim. Amma ona görə deyirəm ki, Narıngül müasir ədəbiyyatda təsadüfi adam deyil, o, artıq bu ədəbiyyatın içindədir və ədəbiyyata istedadı ilə gələn bir şəxs gərək həmişə YOLU düz getsin.
   
   Bu yol isə əzablıdır. Narıngülə bu yolda uğurlar arzulayıram!

TƏQVİM / ARXİV