adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Şair Cəlil

19426 | 2012-01-14 07:20
Sözünə, sənətinə və sivil insani mədəniyyətinə çox böyük hörmət bəslədiyim, özümə bir müəllim, bir ustad saydığım, həm özü, həm sözü göylərdən gələn,çox əfsuslar ki, özünün dediyi kimi " Düşüb aramıza, qoşulub bizə, Allaha pənah" yaşayan, "Böyük Söz"ün zərgəri və gözəl rəsmlərin pərgarı, çox hörmətli Məmməd Dəmirçioğlu!
   
   Göydə Tanrının, yerdə sizin izninizlə, əgər icazə versəydiniz, sizin təqdimatınızda gedən "İnsan Mənzərələri" silsilə yazılarınıza bir oxucu, bir könül sahibi kimi mən də qoşulardım.
   
   Sizin də, mənim də, yuvamız olan İncə dərəsində söz, sənət sahiblərinə çox böyük hörmət olub və bu işdə həmişə böyük-kiçik, ədəb-ərkan yeri gözlənilib. Biz sizlərdən, sizlər də sizdən öncə yaşayanlardan bu ədəb-ərkan dərsini öyrənə-öyrənə gəlmişik. Sizlərin hər birində çox böyük ustad-şagird yerini gözləmək ədəbini gördüm. Sizlərin hər birində hər zaman mürşüdiniz Ağamalı Sadiq Əfəndinin adına, şeirinə, sözünə çox böyük ehtiram və hörmət gördüm. Ən böyük söz məclislərində sizlərin hər birinin dilindən öz şeirlərinizi yox, Ağamalı Sadiqin, Akif Səmədin şeirlərini eşitdim. Sizdən və bizdən çox öndə dayanan ustadlara bu qədər böyük ehtiramın qarşısında və Sizin kimi söz pərvanəsinin yanında, hər misra, hər kəlmənin başında şam işığı kimi əsim-əsim əsən bir şəxsin önündə, daşlardan, qayalardan durula-durula süzülüb könlümüzə axan belə gözəl yazıların axarında mən Çiçəyin necə haqqı çatar ki, əlinə qələm alsın və Sizin qarşınıza, hətta səhifənizə çıxsın!
   
   Bunun üçün sizdən izin aldım. Nə əyər-əysiyim olsa sizlərdən üzr diləyirəm.Mən sizlərin hər birini özümə müəllim, bir məktəb sanıram. Əgər mən Məmməd İlqarın,Məmməd Dəmirçioğlunun, İbrahim İlyaslının,Rəfail İncəyurdun qarşısında özümü toplayıb şeir deyə bilirəmsə, demək mən çox böyük cəsarət sahibiyəm.
   
   Bu gün də bütün cəsarətimi toplayıb, siz zabitlərin qarşısına yenə sıravi əsgər kimi bir mənəvi borcumu yerinə yetirməyə çıxıram. Bu imtahandan necə çıxsam bir şagird kimi sizin adınızayam...
   
   Sizdən çox böyük sayqılarla dilədim ki, qoy budəfəki təqdimatınızda gedən portret sahibi haqqında könül pıçıltılarını mən qələmə alım.
   
   Ən azından bu portret sahibinin şair ruhunun davamçısı və onun bir mənəvi övladı olduğuma görə heç cürə özümə bağışlaya bilməzdim ki, əlim qələm tutduğu və Tanrının mənə verdiyi düşünən beyini əlimdən almadığı halda şair Cəlilin haqqında yazını niyə mən özüm yazmayım ki? Bu insanı, bu yanğını, bu doğmalığı mənim qədər kim duya bilər ki?
   
   Bu təqdimatda təqdim etdiyimiz şair Cəlil Mahmud oğlu Məmmədov (mənim atamın əmisi) 1918-ci ildə Qazağın Qaymaqlı kəndində, İncə dərəsində dünyaya göz açıb. Kasıb bir ailədə doğulub, iki qardaş olublar: Cəlil və Xəlil. Çox erkən atalarını itiriblər.Hər iki qardaş öz anaları və biz nəvə-nəticələrin nənəsi olan Tükəzban nənənin himayəsində çox çətinliklə böyüyüblər. (İndi də anlaya bilmirəm ki, biz nəvələrin və nəticələrin öz nənəsi və babası olduğu halda, niyə hamımızın nənəsi ancaq Tükəzban nənə idi? Niyə hamımızın bir nənəsi vardı?-Tükəzban nənə. Neçə nəsil bu yana keçsə də yenə hamımızın nənəsi ancaq Tükəzban nənədir. Bəlkə nənəm ona görə öz nənəmizdən və babamızdan bizə doğma idi ki, o, Tanrıya çox yaxın bir insan idi. Oruc tutub, namaz qılan nənəm bizi yedəyində yüyürdə-yüyürdə həmişə Hacı Mahmud Əfəndinin türbəsinə ziyarətə aparardı, orda oxunan meyxanalara qulaq asdırardı. O zaman biz bəlkə də Hacı Mahmud Əfəndinin ziyarətgahının ən balaca, ən körpəcə zəvvarları idik ki, gecə-gündüz nənəmizin arxasına düşüb qaçaraq, dolaşa-dolaşa ziyarətə tələsiyərdik... Hələ də Göy Türbədə oxunan o ilahi nəğmələr indiyəcən qulağımdan getməyir)
   
   Bəlkə də bu müqəddəs ruh, müqəddəs duyğular elə əmim Cəlilə, ondan sonra da bizlərə onun anasından, bizim nənəmizdən keçmişdi! Nə bilim! Əgər belə olmasaydı bu iki qardaş ata himayəsindən məhrum, min bir ehtiyacın içində bu qədər saf, bu qədər mehriban böyüməzdilər. Hər ikisinin cavanlıq çağları Böyük Vətən Müharibəsi illərinə təsadüf edib. Böyük bir döyüş yolu keçib gəlmişdilər. Biz uşaq idik, babam Xəlil hər dəfə bizə Mehdi Hüseynzadənin partizan dəstəsinə düşdüyündən və onun igidliyindən danışardı...
   
   Müharibədən xeyli sonra əmim Cəlil də, babam Xəlil də, öz doğma yurdlarına şərəfli bir döyüş yolu keçib qayıtdılar.
   
   Cəlil əmim ali təhsilli Kənd Təsərrüfatı mütəxəssisi olduğuna görə kolxozda əmək fəaliyyətinə başlayır. Tez bir zamanda ziyasına, zəkasına və müdrikliyinə görə çoxundan fərqlənən Cəlil Məmmədov kolxoz sədri seçilir və 12 il kolxoz sədri vəzifəsində çalışır. Böyük könül və xeyirxah əməllər sahibi haqqında indinin özündə də İncə dərəsində hər kəs danışır. Onun kolxoz sədri kimi insanlara olan mərhəmətindən tək bircə epizod danışıb, onun şeir aləminə baş vurmaq istəyirəm.
   
   Müharibənin bəlalarını yaşayan bir el, bir oba kimi hər kəsin ailəsində çox böyük sıxıntı, aclıq yaşanırdı və kolxoz rejiminin çox ağır vaxtları idi. 3 kənd qadını taxıl zəmisindən xəlvətcə sünbül oğurlayıb gəlirmişlər. Dəyirmançaldan dəyirmana qədər enən sədr Cəlil bunları izləyir ki, görsün bu qadınlar kimdi. Amma qadınların yanına çatanda bunları heç görməmiş kimi ötüb keçir və heç əhəmiyyət vermir. Arxadan eşidir ki, qadınlardan biri deyir:
   
   -Görmədi.
   
   Digəri deyir:
   
   -Nəyi görür ki, bizi də görə.
   
   Bunu eşidən sədr atını geri döndərib qadınların yanına qayıdır və əsəbini pozmadan deyir:
   
   -Görməyinə gördüm. Amma veteran ailəsi olduğunuza görə görməməzliyə vurdum, dəymədim sizə. Gedin dolanın.
   
   Bax, Cəlil kişi o vaxtın belə kişilərindən idi. Təkcə sədr, təkcə el ağsaqqalı, hamının məsləhət yeriydimi Cəlil kişi? Yox! əslində o, nə təkcə sədr, nə də hamının hörmət bəslədiyi el ağsaqqalı idi. O, tamam başqa dünyanın adamı idi. O, ruh adamı, könül adamı idi. O, insanlardan fərqli, insanlardan uzaq tamam başqa bir dünya yaşayırdı... Balaca uşaq idim. Evimizin alt yanında xınalı daşlardan xına düzəldib əllərimə yaxmağa görə dərələrə enərdim. Sakitcə öz uşaq dünyama qapıldığım anlarda görərdim ki, uzaqlardan bir qaraltı gəlir. Yaxınlaşdıqca bu qaraltının əmim Cəlil olduğunu görərdim. Öz-özünə, danışa-danışa dərə boyunca gedərdi. Uşaq ağlımla əmimə baxıb gülərdim, " kişi dəli olub yəqin"- deyərdim. Çox sonralar anladım ki, əmim bir el deyimində deyildiyi kimi "Füzuli dərd əlindən dağa çıxıb, deyirlər bəxtəvər yaylağa çıxıb" gününə düşübmüş. Dərələr, dağlar boyunca sən demə hamıdan xəlvəti öz dərdini oxuya-oxuya gəzirmiş...
   
   
   
   Sarvanıyam qəm köçünün,
   
   Yolumda duman yatıbdı.
   
   İçirəm hicran suyunu
   
   Sinəmdə ümman yatıbdı.
   
   
   
   Bir varlıqdı varım-yoxum,
   
   O, dərd verib, gəlmir yuxum,
   
   Kəsmir qılınc, atmır oxum,
   
   Qolumda kaman yatıbdı.
   
   
   
   Baxıram ki, göylər qara,
   
   Olan işə yoxdu çara,
   
   Cəlil, dönmə buludlara
   
   Bəxt küsüb yaman yatıbdı.
   
   
   
   Sonralar anladım ki, bu kişini dağlar,dərələr boyunca danışdıran sirr nə sirrmiş......
   
   Şair Cəlilin şeirlərini oxuyanda hardasa ondan Böyük Səməd Vurğunun ruhunun ətrini alırdım.
   
   
   
   Cahanda hər hökmü bir zaman verir
   
   Dünən fərman verən bu gün can verir.
   
   S.Vurğun.
   
   
   
   Qəbristanlıq, neçə əsrdir yaşın,
   
   Sinəndə bilinməz çox sirlər yatır.
   
   Köhlən at belində qılınc oynadan,
   
   Şiraslan ürəkli cavanlar yatır.
   
    Şair Cəlil.
   
   
   
   Yaxud: Əzəldən belədir çünki kainat,
   
   Cahan daimidir, ömür amanat,
   
   Əldən-ələ keçir vəfasız həyat,
   
   Biz gəldi gedərik, sən yaşa dünya.
   
   
   
   S.Vurğun
   
   
   
   Vaxt gələndə ölür Sultan da, Şah da
   
   Qoca da, cavan da, körpə uşaq da
   
   Necə çürüməsin qara torpaqda
   
   Qərinələr keçir, yüz illər yatır.
   
   Şair Cəlil.
   
   
   
   Şair Cəlil ruhən, qəlbən otlara, güllərə, ağaclara, daşlara, quşlara bağlı bir könül sahibi olub. Xaricən vüqarlı, zəhmli görkəmi olmasına baxmayaraq, daxilən çox kövrək, çox həssas, duyğulu bir insan olub. Dayısı qızının dediklərindən: Bir gün kolxozun sahəsini gəzib-dolaşan sədr mənimlə həmsöhbət olub dərdi-sərimi soruşurdu. Birdən söhbət zamanı məndən-atam, sən yat, dincəl mən gəlirəm-deyib, aralandı. (Cəlil kişinin hər kəsə müraciət sözü "Atam" idi) Gördüm bir dəstə kəklik daşlara qondu, sən demə Cəlil dayı o kəklikləri vurmağa hazırlaşan ovçuları görürmüş, kənardanca kəkliklərlə həmsöhbət olub deyir:
   
   
   
   Sona kəklik qaqqıldama
   
   Xırda daşlı çal döşündə,
   
   Gözü qanlı ovçu durub,
   
   Boz təpənin lal döşündə.
   
   
   
   Qulaq səsdə, əl tətikdə,
   
   Nə qəsdi var sən kəklikdə?
   
   Zilə qalxma, sək bərikdə,
   
   Güneylərin qal döşündə.
   
   
   
   Heç kimsəyə demərəm vur,
   
   Cəlil, qəlbinə dolsun nur.
   
   Sinəm üstə gəl yuva qur,
   
   Məskənini sal döşümdə.
   
   
   
   Ovçulara andırır ki, onların yuvası sinəm üstədir, əgər onları vurmaq istəsəniz mənim sinəmi nişan alın.
   
   Şair Cəlilin xalq arasında, el içində, aşıqların sazında neçə-neçə şeirləri yaşayır. Akif Səməd demiş, əgər bir şairin el-obada qalan, yaddaşlarda yaşayan 3-5 şeiri varsa demək yetər ki, o şair yaşayır. Şair Cəlil bu gün İncə dərəsində sayılan-seçilən, şeirləri qara sazın tellərində ballanan el şairlərindəndir. "Əl çəksin" şeiri bu gün də aşıqların ən çox oxuduğu şeirdir.
   
   
   
   Əyilmə qamətim, ağarma saçım,
   
   Qoy bədbin qocalıq məndən əl çəksin.
   
   Açılsın başımdan hicran dumanı,
   
   Sinəmdə ürəyim qəmdən əl çəksin...
   
   
   
   Təmənnam var əcəl hökmü yazana
   
   İnsan heç ölməyə, ömrü uzana,
   
   Birdəfəlik deyək qəbir qazana,
   
   Atsın külüngünü, beldən əl çəksin...
   
   
   
   Öz doğma yurdunun dağını, daşını, gözəllərini və gözəlliklərini vəsf edən şair Cəlil cəmi 64 il yaşadı. Ömrünün son günlərini yaşayan və öz ölümünü duyan şairin son şeirlərindən biri "Qocaldım" rədifli şeiri oldu.
   
   
   
   Altmış dörd yaşındayam
   
   Hamı deyir tez qocaldın.
   
   Ürəyimdi qəm dəryası,
   
   Sinəm üstə köz qocaldım.
   
   
   
   Bəli, sinəsi dürlü-dürlü sözlə dolu Cəlil əmim gözüm görə-görə qocalırdı, gözüm baxa-baxa ölürdü. Ömrünün son gününü, son saatlarını yaşayırdı. Mənimlə danışa-danışa dünyaya, güllü-çiçəkli bağça-bağına vida şeirlərini deyirdi. O vaxtlar Azərbaycan radiosunda yazılarım getdiyindən və mənim yaradıcılıq qabiliyyətim olduğundan mənə son məsləhətlərini verirdi (bəlkə də onun ruhunun daşıyıcısı olduğumdan ruhunu ruhuma əmanət edirdi). Gözüm görə-görə ölürdü əmim. 1982-ci il idi, üstündən 28 il keçməsinə baxmayaraq Cəlil əmimin son vida günü gözümün önündən getməyir. Təkcə mən idim yanında. Qohum, qonşu, ailə, övlad-- hamısı qonşuluqda ondan bir gün öncə rəhmətə gedən İsmayıl əminin dəfn mərasimində idilər. Əmimə mən keşik çəkirdim. Ən son şerinin tarixçəsini danışırdı. Tbilisi xəstəxanasında, yanında can verən bir cavanın sevgili yarının gözündən qanlı yaşlar axdığını görüb dözə bilməmişdi. Yana-yana ürəyinin ağrılarını ağ varağa boşaldıb ən son şeirini yazmışdı.( İndi fikirləsirəm ki, bəlkə də elə öz ölümünü bilib,öz taleyini yazırmış son şeirində şair Cəlil.)
   
   
   
   Xınalı kəkliyim, xallı ceyranım,
   
   Ağlama, ağlama gözüm səndədir.
   
   Gənclikdən ilqarım, əhdi-peymanım,
   
   Hər sirli söhbətim, sözüm səndədir.
   
   
   
   Bu amansız əcəl aparır məni,
   
   Tutubsan əlimdən qoparır məni,
   
   Saxlamır həkimlər qaytarır məni,
   
   Alnımdan öpürsən, üzüm səndədir.
   
   
   
   De kimə lazımdır can verən canım,
   
   Qan tökür gözlərim, qaralır qanım
   
   Mənim aslanımsan, mənim tərlanım,
   
   Yalanım, gerçəyim, düzüm səndədir.
   
   
   
   Dost-qohum yanıma gəlib düzülür,
   
   Görürsən ki, canım əldən üzülür.
   
   Yaşım axıb yanağımdan süzülür,
   
   Yandırır canımı gözüm səndədir.
   
   
   
   Dost-qohum yanına gəlib düzülsə də, heç kim dərdinə əlac edə bilmədi. Bu amansız əcəl əllərini əlimdən qoparıb aparırdı. Bu itkinin ən çox ağırlığını duyan da mən idim, göynəyən də mən. Çünki ölən şair Cəlil idi və mənim ruhumdan, mənim dünyamdan gedirdi. Alnından öpürdüm üzün məndə qaldı, könlündən öpürdüm sözün məndə qaldı, yanağından süzülən göz yaşını öpürdüm, gözümə dikilən gözün məndə qaldı. Bax beləcə ağlaya-ağlaya, ruhun ruhumda, sözün sözümdə, canın canımda qaldı, əmi. Bəlkə canımdakı ruh da elə sənin əmanətindir. Mən qorudum bu ruhu, amma necə yaşatdım bilmirəm? Təkcə onu bilirəm ki, sən çəkən dərdi mən də çəkdim. Sən düşən dərələrə, dağlara, gedərgəlməz yollara mən də düşdüm, sənə güldüyüm günlərə özüm də düşdüm, şairliyin ən acı, ən kədərli sevinc dadını daddım, filçəkməz dərdini, qəmini çəkdim, əmi. İndi sənə çox ehtiyacım var, çox. Hava kimi,su kimi gərəyimsən.Bircə kəlmənə,bircə sətrinə möhtacam. Gəl mənə məsləhət ver. Bir yol göstər: Sənin məndə qalan ruhunu mən kimə əmanət edim? Axı mənim də karvanım köç yolundadır artıq...
   
   Hazırladı:Çiçək Mahmudqızı

TƏQVİM / ARXİV