UZAT ƏLLƏRiNi...

ƏBÜLFƏT MƏDƏTOĞLU
30654 | 2012-01-14 06:56
Qarşımda bir şəkil var... O şəkili harda, necə əldə etmişəm xatırlaya bilmirəm. Ancaq qəribə burasıdır ki, hər dəfə o şəkilə baxanda xəyal çəkib məni çox uzaqlara aparır. Və o qədər uzaqlara aparır ki, hərdən oradan üzü bu günə qayıdıb gəlmək istəmirəm. Çünki o şəkildə əks olunan hər şey - o şəkildəki işıq, təbəssüm, dünyaya baxış, bir sözlə, bütövlükdə ovqat o qədər doğma, o qədər səmimi və o qədər də həyat eşqi ilə doludur kig sənə hər şeyi unutdurur.. hətta özünü də unudursan, dərdini, qəmini də, ruha çevrilirsən - özü də mübaliğəsiz ruha! Şair ruhuna!
   
   Hə, ötən əsrin 80-ci illəri idi. Dövlət universitetində oxuyurdum. Sabirlə elə bu universitetin divarları arasında, daha doğrusu, universitetin "Lenin tərbiyəsi uğrunda" adlı qəzetinin redaksiyasında tanış oldum. O da şeir yazırdı və bu şeir yazmaq bizi bir-birimizə yaxınlaşdırdı. Yaxınlaşıb dostluğa bir körpü saldıq - tələbə dostluğuna. Və illər, aylar bir-birini qova-qova bizi də universitet auditoriyalarından kənara çıxardı. Hərə öz taleyinin, öz sözünün dalınca düşüb getdi. Bu yolların ayrılması demək deyildi. Bu, sadəcə, qəbul etdiyimiz qərarların, seçdiyim iz yolun, məqsədimizin bizi özünə doğru çəkib aparması idi. Yollarımız ayrılsa da, duyğularımız, hisslərimiz, söz yazmaq, söz yaratmaq hisslərimiz ayrılmadı, perik düşmədi.
   
   Sabir ixtisasca hüquqşünas olduğundan o təyinatla respublikanın müxtəlif bölgələrində işlədi. Amma bu iş, bu dövlət vəzifəsi, bu məmurluq onu sözdən uzaq salmadı. Ara-sıra dövrü mətbuatda, jurnallarda, almanaxlarda şeirlərinə rast gəldim və günlərin birində də jurnalist həmkarlarımın birinin vasitəsi ilə mənə kitabını göndərdi. Aldım və tələbəlikdə olduğu kimi sevinclə də onun telefonunu arayıb xoş arzularımı çatdırdım.
   
   Bütün bunları xatırlatmaqda məqsədim var. Özü də səmimi, ürəkdən gələn bir məqsəd. Bir dəfə efirdən yeni bir mahnının səsləndiyi diqqətimi çəkdi. Mahnını Eyyub Yaqubov oxuyurdu. Söz mənə çox doğma gəldi - "Mənə dəniz verin"g Xeyli fikrə getdim və mahnının əvvəlində təqdimatı eşitmədiyim üçün təssüfləndiyimə görə öz-özümə güldüm. Çünki bu şeiri mən onun öz dilindən eşitmişdim və hətta zarafat da etmişdim.
   
   - Sabir, qardaş, deyəsən çaşmısan, kimdi sənə dəniz verən? Məgər dənizin sahibi ölüb? Və yaxud dənizi pay-pürüş eləyirlər?
   
   Təbii ki, Sabir də gülmüşdü. Amma şeir oxucu kimi xoşuma gəldiyindən o da qəlbən rahat idi. Elə həmin şeirə musiqi bəstələnib dillərə düşəndən sonra müəllif Sabirə gətirdiyi uğur da yaxşı yadımdadı. Çünki istənilən məclisdə Eyyub Yaqubova ismarıc olunan mahnılardan bəlkə də birincisi "Mənə dəniz verin"di.
   
   Bəli, dəniz istəyən şair qardaşım özünün dəniz ilhamı, dəniz sevgisi, dəniz ürəyi ilə birlikdə bütün Azərbaycana qucaq açdı, hər bölgəni vəsf etdi, hər ağacı, hər daşı, hər çiçəyi şair qələmi ilə, şair gözü ilə bizlərə sevdirdi. Onun çoxlu sayda mahnıları, yəni musiqi bəstələnmiş nəğmə çələngi bu gün Azərbaycanın ən populyar ifaçılarının dilində əzbərdi.
   
   Hətta Sabir Abdinov işlədiyi Mingəçevir şəhərinə həsr etdiyi "Mingəçevir" mahnısı da sevilən müğənnimiz Brilyant Dadaşovanın ifasında dinləyiciyə xüsusi bir zövq verir.
   
   Yazıma qarşımda - gözümün önündə olan şəkillə başlamışdım və bildirmişdim ki, bu şəkil mənə çox şeyləri xatırladır. Bax, elə məqamı yetişdiyindən mən yenidən həmin şəkil məsələsinə qayıdıram. Bu şəkil Füzulidə çəkilib, daha doğrusu, Horadiz qəsəbəsində. Sabir Abdinov Füzulidə rayon prokuroru vəzifəsini icra edəndə bu bölgənin söz-sənət adamları ilə çox isti münasibət yaratmışdı.
   
   Can dostum rəhmətlik Vahid Əlifoğlu hər görüşümüzdə mənə Sabir Abdinovun "Ərgünəş" Ədəbi Birliyinin üzvlərinə, xüsusilə istedadlı şairlərə - Mətləb Misirə, Vahid Əlifoğluna, Məmmədhəsən Bəhmənliyə və digərlərinə səmimi münasibət, doğmalıq nümayiş etdirdiyini söyləyirdi. Təbii ki, bu da Sabir müəllimin sözə verdiyi könlünün onun özünə pıçıltıları, diktəsi idi. Məhz həmin pıçıltılar Sabir müəllimə Füzulidə çoxlu şeirlər yazdırdı.
   
   O şeirlərdən biri məni həmişə kövrəldən, duyğulandıran "Füzuliyə qar yağır" şeiridi. İlk baxışdan burda qeyri-adi heç nə yoxdu. Çünki qar dünyanın hər yerinə, o cümlədən Füzuliyə də təbii bir şəkildə həmişə yağıb və bu gün də yağır. Amma işğal altında olan Füzuli şəhərinə olan həsrət, sevgi və xüsusilə o yerlərə əlin çatmaması nisgili Sabir qardaşımı sözün bütün mənalarında duyğulandırmışdı və o da duyğulara tabe olmuşdu.
   
   
   
   Yollarını örtdü qar,
   
   Gözlərini öpdü qar.
   
   Ağ yuxular səpdi qar-
   
   Füzuliyə qar yağırg
   
   
   
   Yaxud:
   
   
   
   Bağlı qalıb hər qapı,
   
   Kim oynasın qartopu?!
   
   Mənə bir uşaq tapın-
   
   Füzuliyə qar yağır.
   
   Və yaxud:
   
   
   
   Sinəsinə qar düşdü,
   
   Yağan qar da üşüdü.
   
   Orda ruhlar görüşdü-
   
   Füzuliyə qar yağır...
   
   
   
   
   
   Bəli, bu gün Füzuliyə, Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Xocavəndə, Xocalıya, Zəngilana, Cəbrayıla, mənim doğulduğum Tuğ kəndinə, bir sözlə, düşmənin at oynatdığı hər yerə qar yağır. Özü də bu təkcə təbiətin hadisəsi deyil. Bu həm də nisgilli, ürəyi dağlı soydaşlarımızın, şəhid analarının, bacılarının, nişanlılarının, şair ürəklərinin ah-naləsi, nisgili, göz yaşıdı, qar formasına çevrilib yağır o yerələrə. Yağır ki, düşmən izlərimizi silib ata bilməsin ...yağır ki, ruhlarımız mürgüləməsingyağır ki, uşaqlığımıza qayıda bilək ...yağır ki, uşaqlarımızı ora qaytaraq ki, qartopu oynasın... Eh, bir də yağır ki, Sabir Abdinov ürəyini ovcunda sıxıb qançır edən ağrılardan bir anlıq xilas ola bilsin, lap bircə anlıq Füzulini unutsun. Onu ağ donda, ağ biçimdə xəyal təsəvvür etsin. Amma bunu Sabir Abdinov edə biləcəkmi? Çətin...
   
   Hə, Sabir müəllim, şəkilinlə söhbət edirəm. Mən bu söhbəti səninlə də edə bilərdim. Amma şəkillə danışmaq, öz istəklərimə cavabı ondan almaq indi mənim üçün daha rahatdı. Çünki şəkildə sən mənim bütün suallarıma tələbəlikdəki kimi cavab verirsən. Görürəm ki, o şair ürəyin yeni sevgi misraları pıçıldayır, o şair gözlərin yenə bal arısı kimi təbiətin ən gözəl güllərini aynasına köçürür və sən də o gözəllikləri misralayırsan. Yazırsan ki:
   
   
   
   Bu gecə gördüyüm qəmli yuxumu,
   
   Sənin göz yaşına qoy pıçıldayım.
   
   Qarışsın bu yuxum göz yaşlarına,
   
   Gözündən ələnsin səsim, harayım.
   
   
   
   Mən o səsin, o harayın lap dizinin dibində dayanmışam. Bəlkə də onu hamıdan öncə mən eşidirəm, mən dinləyirəm, mən tələsirəm harayına hay verməyə, çağırışa qoşulmağa. Ona görə ki, sənin duyğuların mənə çox doğmadı, sanki bir köynəkdən keçirik və mən də həmin o bir keçdiyimiz köynəkdən bu dünyanı sənin kimi görməyə çalışıram. Baxıb görürəm ki, sən çox gözəl pıçıldayırsan:
   
   gecələr tuneldi,
   
   qara küçədi...
   
   qara torpaqdı
   
   mən də bir əkinçi
   
   misra-misra
   
   dən səpirəm.
   
   
   
   
   
   Doğrudan da, bu dünyanın gecələri duyğulu adamlar üçün həm kədər gətirir, həm ağrı-acı, həm də geniş bir meydan açır tək qalıb düşünməyə. Bir vaxtlar mən doğmalarımdan birinə ünvanladığım şeirimdə yazmışdım:
   
   
   
   Vaxt var idi dan yeriydim, sabahdım,
   
   Yorulmadan sağa-sola ha, baxdım...
   
   Gecələr də ömürdəndi a baxtım,
   
   Gecələrin qəribliyi olmaya...
   
   
   
   Sabir qardaş, bu tunel kimi dərin gecənin işıqlı sabahları var. Gəl bunu özümüzə qəm etməyək. Çünki sən özün 50 yaşına üz tütüb etiraf edirsən ki:
   
   
   
   Yığıb gözlərinə buz bulaqları,
   
   Dağlardan, daşlardan keçib gəlirsən.
   
   Qaralır ömrünün ağ vərəqləri,
   
   Sən lap uzaqlardan köçüb gəlirsən.
   
   
   
   Əgər doğrudan da bu 50 yaşda dağlardan, daşlardan, dərələrdən-təpələrdən, illə, ayla, günlə qol-boyun keçib mənalı bir ömür izi salmısansa, onda gecənin, gündüzün fərqinə varmağa dəyməz. Bəlkə də bu fərqi axtarmaq bir az günah kimi səslənər. Çünki gecələr özünə çəkilib ağ vərəqə pıçıldadığın sözlər küsə bilər səndən. Şair ihamın perik düşər. Axı deyilənə görə, şairlərin ilham pəriləri gecələr də onları tərk etmirlər. Şəxsən mən, bu deyimə inanıram. Elə bu inamla da sənin özünün 50 yaşına ünvanladığın şeirin misralarına üz tuturam.
   
   
   
   Uzat əllərini, aç gözlərini,
   
   İllər ayrıcında qol-boyun olaq.
   
   Qoy səndən başlasın ömrün nağılı,
   
   Dünyanın içində bir dünya quraq.
   
   
   
   Şair dostum, sən artıq öz söz dünyanı, nəğmə çələngini ilhamının qanadları ilə hörmüsən, toxumusan. Və həmin o nəğmə çələngi, şeir karvanı bu 50 yaşında səni, özünün istədiyin kimi - təmtəraqsız, bər-bəzəksiz qanadı altına alıb. Yazırsan, nəğmələr qoşursan, çiyninə düşən dövlət işini görürsən, balalarını imkanına uyğun böyütməyə çalışırsan. Şairliyin, atalığın, məmurluğun, vətəndaşlığın əl-ələ tutub 50 yaşın o biri üzünə doğru gedir. Bax, bu yerdə mən yenə şəkil söhbətinə qayıdıram...
   
   Sən bu şəklində ayrılıb gedən 50 yaşın arxasınca təbəssümlə, şirin xatirələrlə və bir az da özünəməxsus ərkyana, laqeydliklə baxırsan. Deyirsən ki:
   
   50 yaşım, xoş gördük! 50 yaşım, sənə yaxşı yol! Gəldiyin kimi, getməyin də zaman hökmüdü. Mənə qalan bu 50 ildə yazıb-yaratdıqlarım, görüb-götürdüklərim, tikib-qurduqlarım və ən vacibi isə ürək dolu sevgi, sevgi dolu ürəyimdi. Orda hər şey var, getməyinə təəsüflənmirəm. Qarşıdan gələn 60-a salam olsun!

TƏQVİM / ARXİV