Əməkdar artist Fərhad israfilov: "Artistlik etməyi bacarmıram"

ETİBAR CƏBRAYILOĞLU
42156 | 2012-01-14 09:39
Müsahiblə söhbətdən məqamlar:
   
   
   
   "...Bizim "Yuğ" teatrının poetikası tamam fərqlidi. Mən deyəndə ki, "Sirlər xəzinəsi" tamaşasında Sol Göz Yaşını oynayıram, jurnalistlər çaşıb qalır...
   
   ...Ustadımız Vaqif İbrahimoğlu arzusunu axır ki, bir tamaşada həyata keçirdi. Amma həmin tamaşanın adını demək istəmirəm. Qoy sirr qalsın...
   
   ..."Dolu"nun çəkilişləri zamanı maraqlı hadisə yaşandı. Mənim çəkildiyim epizoda baxan Aqil Abbasın köməkçisi Rüstəm müəllim dedi ki, yerişindən, hərəkətlərindən elə rəhmətlik rəisə oxşayır..."
   
   
   
   Qəzetimizin həftəsonu sayında istedadlı teatr və kino aktyoru, əməkdar artist, "Qızıl Dərviş" mükafatı laureatı, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fərhad İsrafilovla maraqlı həmsöhbət olmağa nə deyirsiz?
   
   Onu da nəzərə alın ki, Fərhad bəy kinoda növbəti obrazını tamaşaçıların mühakiməsinə verməyə hazırlaşır. Aqil Abbasın eyniadlı romanı əsasında Elxan Cəfərovun çəkdiyi "Dolu" bədii filmində Fərhad İsrafilovu Rəis rolunda görəcəyik.
   
   
   
   İsrafilovlar triosu.
   
   Bağışlayın, kvarteti!
   
   
   
   - İki qardaşın teatr aləmində çalışması yeni hadisə deyil. Belə faktlar əvvəllər də olub, bu gün də var. Amma mənsub olduğunuz İsrafilovlar ailəsinin özəlliyi ondadır ki, üç qardaş teatrda çalışıb. Cəbrayıl İsrafilov bildiyim qədəri ilə Lənkəran Dövlət Dram Teatrında müxtəlif obrazlar yaradıb. Sonra isə uzun müddət "Yuğ" Teatrının direktoru olub. Digər qardaşınız İsrafil İsrafilov tanınmış sənətşünas, nüfuzlu professordu. Tofiq Kazımov kimi böyük rejissordan dərs alıb, teatrda müxtəlif vəzifələrdə işləyib. Artıq bir neçə ildir ki, ölkənin baş teatrına - Akademik Milli Dram Teatrına rəhbərlik edir...
   
   - Bir qardaşımızı unutdun...
   
   - Bağışlayın...
   
   - Böyük qardaşımız rəhmətlik Ağakərim İsrafilov da aktyor olub, görkəmli sənətkar Ağadadaş Qurbanovun yetirməsi idi. Əslində biz hamımız sənəti qardaşımızdan öyrənmişik. Biz gedib onun Gənc Tamaşaçılar Teatrında oynadığı tamaşalara baxırdıq. Yadımdadı, qardaşım "Anacan" əsərində Atamanı, "Aprel səhəri"ndə Çavuşu oynayırdı. Çox istedadlı aktyor idi.
   
   
   
   Qəqəni? Qəqəni!
   
   Qə-qə-ni!!!
   
   
   
   - Çoxları "Yeddi oğul istərəm" filmindəki Qəqəni rolunu sizin kinoda debütünüz hesab edir. Amma səhv etmirəmsə, siz ilk dəfə "Şərikli çörək" filmində çəkilmisiniz...
   
   - Kinoya 1969-cu ildə Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Şərikli çörək" filmindəki epizodik rolla gəlmişəm. Əslində yaradıcı heyətin fikri məni baş rola çəkmək idi. Lakin həmin rola Kamran Rəcəbli təsdiq edildi. Bunun da səbəbi var idi. Çünki Kamran ondan əvvəl də filmlərə çəkilmişdi. Bu üzdən baş rol ona etibar edildi. Mən isə məhəllədəki uşaqlardan birini oynayası oldum.
   
   - Ruhdan düşməyə deyəsən heç vaxtınız olmadı. Bir il sonra Tofiq Tağızadə "Yeddi oğul istərəm"də sizə Qəqəni rolunu etibar etdi. Bu dəfə siz neçə nəfərin həmin rola çəkilmək planını pozdunuz?
   
   - Təxminən 30 nəfərin. Təəssüf ki, indi bəzi jurnalistlər müsahibə hazırlamaq istəyəndə mənə yalnız Qəqəni barədə sual verirlər. Mən isə bu barədə danışmaq istəmirəm. Ona görə yox ki, nədənsə utanıram. Əksinə, görkəmli aktyorlarla eyni filmdə çəkildiyimə qürur duyuram. Filmin ekranlara çıxmasından 40 ildən artıq vaxt keçib, amma "Yeddi oğul istərəm" bu gün də istənilir, maraqla izlənilir. Lakin məni narahat edən başqa məsələdi. Qəqənini oynayan aktyor bu illər ərzində elə Qəqəni olaraq qalmayıb axı. Bu illər ərzində mən kinoda, teatrda, televiziya tamaşalarında bir-birindən fərqli obrazlar yaratmışam. Ölkədən kənarda - "Mosfilm"də, "Tallinfilm"də rollara çəkilmişəm.
   
   Bir də görürsən ki, jurnalist zəng edib müsahibə istəyir. Amma mənim hansı teatrda çalışdığımı, hansı rollar oynadığımı bilmir, son illər çəkildiyim filmlərdən xəbəri yoxdu. İstedadlı rejissor Ramiz Həsənoğlunun Azərbaycan dövlət televiziyasında yaratdığı "Sabah" yaradıcılıq studiyasında 10-dan çox tamaşada rol oynamışam. İndi nə edim, bütün günü oturub elə "Yeddi oğul istərəm"dəki Qəqənidən danışım?
   
   - Fərhad bəy, haqlısınız, amma həmkarlarımı da çox tənqid etməyin. Vallah, aktyorlardan elə şeylər bilirəm ki, desəm qan düşər...
   
   Rol aldığınız bəzi filmlərin taleyi heç də uğurlu olmayıb. Təəssüflənmirsiz?
   
   - Sözün açığı yox. Çünki film çəkilib qurtarıb, qoyulub rəfə. Deməli nə vaxtsa göstərəcəklər. Xalq yazıçısı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" əsəri əsasında 1986-cı ildə Moskvanın sifarişi ilə "Bircəciyim" adlı film çəkildi. Həmin filmi bu yaxınlarda telekanalların biri göstərdi. Deməyim odur ki, film çəkilibsə, nə vaxtsa nümayiş olunacaq.
   
   - "Papaq" filmində Şamil Süleymanov, Vəlihəd Vəliyev və sizin ifanızda maraqlı trio alınmışdı. Vəlihəd Vəliyevin Amerikaya köçdüyünü nəzərə alsaq, bu dostlar həyatda sonuncu dəfə nə zaman bir yerə toplaşıb?
   
   - Vəlihəd okeanın o tayında qaldığından təbii ki, ürəyimiz istəyən zaman bir yerə yığışmırıq. Sonuncu görüşümüz bir neçə il əvvəl olub. Vəlihəd Bakıya gələn kimi bizi başına topladı, oturub ötən günləri yada saldıq.
   
   
   
   "Nə xoşbəxt imişəm bir zaman Allah"
   
   
   
   - Ötən illərdən söhbət düşmüşkən, Moskvada təhsil aldığınız illəri necə xatırlayırsız? Tələbə yoldaşınız, əməkdar artist Əliqulu Səmədov o illərdən maraqlı söhbətlər edir...
   
   - Əliquluya nə var, edər... 1975-ci ildə ilk dəfə olaraq Ümumittifaq Kinematoqrafiya İnstitutunda azərbaycanlı tələbələrdən ibarət aktyorluq kursu fəaliyyətə başladı. SSRİ xalq artisti Yevgeni Matveyevin kursunda təhsil almaq həmin tələbələrlə birgə mənə də nəsib oldu.
   
   İnstituta qəbul olunan elə ilk gündən dost olmaqla bağlı Əliqulu Səmədovla necə deyərlər, müqavilə bağladıq. Sonradan Ötkəm İsgəndərovu da sıramıza qəbul etdik. İllər ötməsinə baxmayaraq, bu gün də həmin müqaviləyə sadiqik.
   
   Moskvadakı tələbəlik illərini bir cümlə ilə ifadə etməli olsam, mərhum Əli Kərimin poeziyasına müraciət edərdim- "Nə xoşbəxt imişəm bir zaman Allah"....
   
   Müəllimim Yevgeni Matveyev məni "Mosfilm"də iki filmə - "Ən mühüm tapşırıq", və "Qələbə" filmlərinə çəkdi. "Ən mühüm tapşırıq"dakı təyyarəçi Rüstəm obrazı məxsusi mənim üçün yazılmışdı. Amma yuxarı dairələr filmdə Rüstəmin azərbaycanlı olduğunu görüb mane olurdular. Yevgeni Matveyev isə israr edirdi, deyirdi ki, Böyük Vətən Müharibəsini ruslar tək udmayıb. Yalnız bundan sonra yuxarılar razılaşmağa məcbur oldular. Demək istəyirəm ki, o zaman azərbaycanlı obrazının filmə daxil edilməsi, Azərbaycan aktyorunun "Mosfilm"də çəkilməsi asan məsələ deyildi. Yevgeni Matveyev kimi nəhəng rejissora da mane olurdular. "Qələbə" filmində isə məşhur italiyalı fotomüxbir Dino Rossinin obrazını canlandırmışdım.
   
   
   
   Ustadın reallaşan arzusu,tələbənin saxladığı sirr...
   
   
   
   - Geniş çəkiliş meydançalarından sonra "Yuğ" teatrının balaca səhnəsinə uyğunlaşmaq çətin deyil ki?
   
   - Şəxsən mənim üçün heç bir problemi yoxdu. Əksinə, tamaşaçı ilə aktyor arasında yaranan səmimiyyət xoşuma gəlir. Tamaşaçı görür ki, mən onu aldatmıram. Obrazda ağlayıramsa, həqiqətən ağlayıram, gülürəmsə təbii gülürəm. Bizim teatrda elədi ki, tamaşaçı ilə daha yaxından ünsiyyət qura bilirsən, onun nəfəsini daha yaxından hiss edirsən. Böyük teatrların səhnəsində bunu hər zaman həyata keçirmək mümkün olmur.
   
   Sən bilirsən ki, bir teatr olaraq "Yuğ"un poetikası da tam fərqlidi. Mən deyəndə ki, "Sirlər xəzinəsi" tamaşasında Sol Göz Yaşını oynayıram, jurnalistlər çaşıb qalır. Ustadımız Vaqif İbrahimoğlu 25 il öncə deyirdi ki, böyük bir arzum var. Sizinlə oturaq, mövzunu deyim, siz səhnəyə çıxıb tamaşanı oynayasız. İlk dəfə bunu eşidəndə şəxsən mənə qəribə gəldi. Dedim ki, belə də tamaşa olar? Axı mən ədəbi materialı öyrənməliyəm, məşq etməliyəm. Sonra gördüm mümkün imiş. Ustadımız bu arzusunu həyata keçirdi.
   
   - Bilmək olarmı konkret hansı tamaşada?
   
   - Onu demərəm, qoy bu tamaşaçılar üçün sirr olaraq qalsın.
   
   "Yuğ" teatrı yaranan gündən mən burda çalışıram. Bu yaxınlarda teatrımızın 22 yaşını qeyd etdik. Amma bu dövlət teatrı statusu almağımızın tarixidi. Status alana qədər isə "Yuğ" Milli Dram Teatrının studiyası kimi fəaliyyət göstərirdi. Onu da nəzərə alanda 25 ildi ki, "Yuğ"dayam. Bu teatrdakı yaradıcılıq mühitindən, insani münasibətlərdən zövq alıram. Burada çalışmışam, çalışıram, çalışacam. Yəqin elə burda da...
   
   
   
   "Elə tələbələrim var ki..."
   
   
   
   - Mərhum ustadınız Vaqif İbrahimoğlunu yad etdik. İndi siz də ustadsınız, tələbələriniz var. Teatrımızın, kinomuzun gələcəyi necə görünür?
   
   - Dosenti olduğum Mədəniyyət və İncəsənət Universitetində öz biliyini, bacarığını tələbəyə öyrədən, bu işi mükəmməl bacaran istedadlı müəllimlər çoxdu. Sənəti sevən, gələcəkdə bu sənətdə öz sözünü demək istəyən tələbə belə müəllimlərdən daim nəsə öyrənməyə çalışır. Sevinirəm ki, bizdə belə tələbələr çoxdu. Elə tələbələrim var ki, günü bu gün istənilən teatrda çalışa bilər, maraqlı rollar oynayar. Təəssüf ki, Çarli Çaplini, Federiko Fellinini tanımayan tələbələr də var.
   
   Bu gün müxtəlif teatrlarda çalışan, fəxri ad alan tələbələrimi görəndə fəxr edirəm. Ad alanda zəng edib halallıq istəyirlər. Mən də onların bu uğuruna sevinirəm. Onların bu yaşda ad almaqları yaxşıdı. Mən 2006-cı ildə fəxri ad alanda sevinmədim. Çünki mən yaşda sənət adamı üçün bu elə də böyük uğur sayılmır. Həm də mən heç vaxt hansısa bir ad və ya şöhrət üçün yaşamamışam. İlk gündən necə çalışmışamsa indi də elə həmin prinsipə əməl edirəm.
   
   
   
   "Dolu"nun Rəisi rəis haqqında
   
   
   
   - "Dolu" filmində sizi Rəis rolunda görəcəyik. Oynadığınız obrazın prototipini tanıyırsız?
   
   - Son epizodlar çəkiləndə Aqil Abbasın köməkçisi Rüstəm müəllim baxıb dedi ki, yerişindən, hərəkətlərindən elə rəhmətlik rəisə oxşayır.
   
   Sözün açığı, Aqil bəyin nəzərdə tutduğu şəxsi həyatda tanımamışam. Əvvəldən bunu mənə desəydilər axtarıb onun haqqında nəsə öyrənərdim.
   
   Ölüm epizodunu çəkəndə hava həddindən artıq soyuq idi. Əynimdə köynək uzanmışam yerdə, sifətim qan içindədi. Soyuqdan titrəyirəm, ayaqlarım əsir. Yadımdakı aktyor da deyir əla alınır, lap can verən adam kimi titrəyirsən. Mən də deyə bilmirəm ki, soyuqdan titrəyirəm e...
   
   - Bizim filmlərdə, tamaşalarda polis, prokuror obrazları adətən inandırıcı alınmır. Tamaşaçılar deyir ki, onlar həyatda belə danışmırlar...
   
   - Tam əminəm ki, "Dolu"dakı obrazlar barədə bu sözləri deyən olmayacaq. Filmin bütün yaradıcı heyəti, texniki işçilər işlərini vicdanla görməyə çalışıblar. Sən özün də bəzi çəkiliş prosesini yaxından izləmisən. Yayın o istisində əziyyət də olsa hamı üzərinə düşən işi ən yüksək səviyyədə görmək istəyirdi.
   
   "Dolu" filmindən çox şey gözləyirəm. Aqil Abbas müəllif kimi əsərdə çox dolğun obrazlar yaradıb. Quruluşçu rejissor Elxan Cəfərov da filmin inandırıcı alınması üçün çalışıb. İndi filmin montajı və səsləndirilməsi prosesi başlayacaq. Şəxsən mənim kinoda belə rolum olmayıb. Çalışmışam ki, obrazı təbii, inandırıcı oynayım. Bu mənim prinsipimdi. Onsuz da artistlik etməyi bacarmıram.

TƏQVİM / ARXİV