adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

QiBTƏ

OQTAY SALAMOV
28944 | 2012-01-14 06:56
Mən bu məktubu evdə də sənə verə bilərdim, deyəcəyim mövzuda söhbət də edə bilərdik. Sözsüz ki, hətta ən yaxın adamından da öyüd eşitmək çox da maraqlı iş deyil. Ona görə də bu məktubu qəzet vasitəsi ilə sənə və sənin yaşıdlarına ünvanlayıram. İnanıram ki, kiməsə gərək olar. Özü də sənin zirvəyə doğru addımladığın,mənim enişə düşməyim vaxtı zaman bizim gördüklərimizi, hiss etdiklərimizi ayrı-ayrı rakursdan qiymətləndirməyi tələb edir. Amma hər halda valideynin övladına arzuladığı hər şey onun yaxşılığı, xeyiri naminə söylənir. Ən azından biz valideynlər belə düşünürük. Ola bilsin ki, ətrafda dəyərlərin qiymətləndirilməsi dəyişilsin, cavanların nəzərləri dəyişilsin, zaman o zaman olmasın... Amma elə dəyərlər var ki, onları heç nə, heç bir şərait dəyişə bilmir. Bunlardan biri də qibtədir!
   
   Qibtə! Sən bu hissi mütləq tanıyacaqsan. Bu sözün rus variantında (zavist) bir "asılılıq" çaları var. Sən bu hisslə tanış olanda nə qorx, nə də təəccüblən. Bu hiss ona görə gəlir ki, adamın ona münasibətini müəyyənləşdirməsi lazım gəlir. Daha dəqiqi isə, adam seçim eləsin ki, bu hissi özünün həyatında yaradıcı, yoxsa dağıdıcı istiqamətə yönəldə bilsin.
   
   Qızım, inan ki, həyatda bərabərlik deyilən şey yoxdur. Həmişə, bütün vaxtlarda nə isə, kim isə o birindən gözəldir, ağıllıdır, varlıdır, xoşbəxtdir...
   
   Uzun əsrlərdir ki, filosoflar, mütəfəkkirlər bu problemi həll etməyə çalışıblar. Bəziləri səbəbini sosial-istisadi qeyri-bərabərlikdə görüblər. Adamlar nəyisə dəyişmək istəyiblər, cəmiyyətdə umumi bərabərlik və sevgi haqda kitablar yazıblar, kimlərsə bunun xatirinə inqilablar ediblər, kimlərsə hamının bərabər yaşayacağı dövlətlər qurublar (Nizaminin əsərini xatırlayırsanmı?). Amma bunun xeyiri olmayıb. Bərabərlər arasında həmişə kimsə daha bərabər olub. Bəlkə də yaşın imkan vermir ki, bu fəlsəfəni tam qavrayasan, amma bu belədir. Bərabərsizlik məğlubedilməzdir, yenilməzdir. Özü də yuxarıdan bu problemi həll etmək mümkünsüzdür- nə sosial-iqtisadi quruluşla, nə fərman və qanunlarla, nə əxlaq normaları ilə, nə də dini doğmalarla. Hətta tam bərabərlik şəraiti yaransa belə, mütləq kimdəsə daha yaxşı cəhətlər olacaq- gözü mavi olacaq, kiprikləri daha uzun olacaq... Ona görə də hər bir adam özünü kökləməlidir ki, bu qeyri-bərabərsizliyə necə münasibət bəsləsin...
   
   Deyə bilərsən ki, qibtə haqda danışırdın, keçdin qeyri-bərabərliyə. Məsələ ondadır ki, məhz bu qeyri-bərabərlik müqayisəyə və kimdəsə nəyinsə onda olandan yaxşı olmasını dərk etməyə gətirib çıxarır. Məhz bu məqamda həmin o qibtə adlanan şey ortaya çıxır. Bəlkə də "zavist"dəki o "zavismost" çaları da buradan gəlir. Qızım, mən qibtəyə heç də birmənalı olaraq pis baxmıram...
   
   Qibtəyə münasibətdə qarşında iki yol duracaq. Əgər öz həyatını sakit və xoşbəxt görmək istəyirsənsə başqalarının uğurlarına sevinməyi öyrənməlisən. Bu deyilən qədər də rahat iş deyil. Əvvəlcə sakit, ən yaxşısı isə sevinclə qəbul etməyi öyrənməlisən ki, rəfiqənin gəlinciyi daha gözəldir, ayaqqabıları daha dəblidir, saçları daha uzundur və s. Qadan alım, bunu öyrənməyə çalış. Və hər dəfə də bunu görəndə kimdəsə nə isə yaxşıdırsa, onda "mən doğrudan şadam ki, onda bu şey var. Amma mən indi düşünürəm ki, elə etməliyəm ki, məndə də bu olsun, hətta bundan da yaxşısı olsun". Çətindi, asan deyil, amma belə olmalıdır. Özün üçün belə olmalıdır. Məhz belə münasibət, yəni qibtə sənə təhsilində, işində, adamlarla münasibətində, özünütəkmilləşdirmədə, deməli, sənin inkişafında böyük stimul yaradacaq. Çünki bizim həyatımız öz fikirlərimizlə tamamilə uyğun şəkildə qurulur. Çalış ki, sənin fikirlərin xeyirxah olsun, cəsur olsun, hüdudsuz olsun. Arzu etməyə qorxma! İstəməkdən qorxma! İnanmaqdan qorxma! Əldə etməkdən qorxma! Məhz bu münasibət səni xoşbəxt və uğurlu edər!
   
   
   
   Adam qibtəni muqayisəyə qədər böyüdürsə, onun həyatı başqalaşır.İztirab, ağrı, gərginlik və acıq adamı məhv edir, yaxşı, xeyirxah insanlardan onu ayrı salır, belə adamlardan məhrum olur. Hətta nəyisə əldə edirsə belə, ona sevinə bilmir.Çünki indi də istəyir ki, qibtə elədiyi digər şeyi qazansın. Qiyməti isə hədər keçmiş ömür olur. Belə qibtə hər şeyi- qəlbini, ürəyini, hisslərini, düşüncələrini, bədənini dağıdır, məhv edir.
   
   Amma qibtənin ikinci tərəfi də var. Sənə qibtə edə bilərlər. Və bununla, sənə qibtə etməklə sənin arzularını, planlarını həyata keçirməyə mane olarlar. Belə olanda mühüm olan odur ki, bu qibtədən qorxmayasan. Daha mühüm olanı isə odur ki, başqalarında olmayanların səndə olması səni özündənrazı eləməsin, özünün üstün olmağını nümayiş etdirməyəsən, başqaları ilə özün arasında qeyri-bərabərlik yaratmayasan. Unutma ki, sənin yanında elə adamlar olacaq ki, səninki kimi gözəl gəlinciyi olmasın, dəbli ayaqqabıları olmasın, daha nələrisə olmasın. Özünün layiqsiz hərəkətinlə adamlarda qibtə hissi yaratma, öz üstünlüklərini nümayiş elətdirmə. Başqalarını alçaltmaqla ucalmaq üzü aşağı aparan yoldur!...
   
   Çalışmalısan ki, çox korrekt, xeyirxah və taktik olasan. Bir də düşün ki, kiməsə kömək edə bilərsən, kiminsə edə bilmədiyin edə bilərsən, kiminsə əldə etməyə çalışdığına kömək edəsən...
   
   Bu həyatın qanunu sən deyən qədər də mürəkkəb deyil, sadəcə bir həyat qanununu yadda saxla-biz başqasına verməklə özümüz daha çox almış oluruq, Ona görə də nəyisə verməyə qorxma. Özü də bundan həzz almağı öyrən. Amma, əzizim, əvəzini istəmə, təşəkkür gözləmə, "sən mənə - mən sənə" prinsipi aparma. Başqa bir mexanizmi işə salmağa çalış: əgər səndə olan başqasına indi daha çox zəruridirsə, onu bölüşə bil. Borclarını qaytarmaqlarını gözləmə. Əslində sənə borclu olan yoxdur! Çox çətin missiyadır. Amma bilsən ki, səndə olanın kiməsə kömək etməsindən alınan zövq, könül rahatlığı necə böyük hissdir, çəkinmədən bunu edərsən. Öz xeyirxahlıq estafetini başla. Bunu öz həyatına , yanında olan adamların həyatlarına da tətbiq elə.
   
   Biz nəyisə əldə etməyin hansı sevinc bəxş etdiyini doğulduğumuz gündən bəri bilirik. Amma başqasına xoşbəxtlik bəxş etməyin, kömək etməyin necə gözəl hiss olmağını öyrənməliyik. Bunu mənə validenylərim, dostlarım, inandığım insanlar deyib, bunu mütləq öyrənəcəksən. İnanıram!
   
   Qibtədən qorxma öz seçimini elə. Sənə inkişaf etməkdə, istədiyini əldə etməkdə, həyatdan, ünsiyyətdən zövq almağa kömək edən qibtədən imtina etmə!

TƏQVİM / ARXİV