adalet.az header logo
  • Bakı 12°C

MüHARiBƏ BAŞLAYACAQMI?..

BABƏK YUSİFOĞLU
45997 | 2012-01-13 08:34
Dünya yenidən böyük müharibə təhlükəsi ilə nəfəs-nəfəsə dayanıb. Bir neçə il öncə İran İslam Respublikası ilə başda ABŞ olmaqla Qərbin arasında nüvə silahının əldə edilməsinə görə başlayan qarşıdurma yenidən özünün pik həddinə yaxınlaşmaqdadır. Cənub qonşumuzun Qərbin uranın zənginləşdirməsinə "son ver" göstərişlərinə məhəl qoymaması, hətta onun əleyhinə qəbul olunan iqtisadi və siyasi sanksiyalara baxmayaraq eyni tonda adekvat addımları davam etdirməsi bugünkü mürəkkəb vəziyyətin yaranmasına gətirib.
   
   Məlumdur ki, oxşar situasiya bir xeyli müddət əvvəl də baş vermişdi. Lakin o zaman bir sıra açıqlanan və açıqlanmayan səbəblər üzündən məsələ müharibə həddinə çatmadan səngimişdi. Yeri gəlmişkən onu da qeyd edək ki, məhz həmin hadisəyə rəğmən indi bir sıra ekspertlərə görə, hazırda getdikcə sərtləşən müharibə ritorikası silahların danışmasına çevrilməyəcək, yenə o zaman olduğu kimi müharibəsiz sovuşacaq. Əlbəttə, əvvəlki hadisələrlə bu cür paralellərin aparılması və belə bir nəticəyə gəlinməsi kifayət qədər inandırıcı görünür.
   
   Amma dünyanın nüfuzlu konfliktoloqları məsələyə xeyli fərqli münasibət bildiriblər. Belə ki, onların qənaətinə görə, situasiyalar arsında çox böyük bənzərlik olsa da bir neçə fərqli, özü də mühüm məqamlar var ki, məhz onlar hadisələrin müharibə variantını çox aktuallaşdırır.
   
   Əvvəla, o zaman Qərb İrana qarşı tətbiqi nəzərdə tutulan sanksiyaların müəyyən effekt verəcəyinə ümid bəsləyirdi. İkincisi, onda kəşfiyyat məlumatlarında bildirilirdi ki, İranın nüvə silahını əldə etməsinə hələ çoxlu zaman lazımdı. Üçüncüsü, İran kimi nəhəng bir ölkəyə qarşı NATO-nun konkret müharibə variantı tam hazır vəziyyətdə deyildi. Yəni, planda bəzi boşluqlar vardı. Ən sonuncu əsas səbəblər sırasında regiondakı bəzi dövlətlərin təhlükəsizlik məsələləri həllini tapmamışdı.
   
   Bu gün bütün bu sadalanan məsələlərin ABŞ tərəfindən aradan qaldırıldığını qəbul etsək və vaxtın çox daraldığını da nəzərə alsaq deyə bilərik ki, tərəflər arasında anlaşma əldə edilməzsə müharibə variantı, ən azı Qərbin cənub qonşumuza geniş çaplı aviazərbələr endirməsi gerçəkləşəcəkdir. Bir neçə gün əvvəl pentaqonun şefi Leon Panettanın da verdiyi bəyanat buna sübut kimi göstərilə bilər. Artıq hadisələrin inkişafı da ondan xəbər verir ki, tərəflər anlaşma deyil, müharibə üçün zəruri hazırlıq işlərini görməkdədirlər.
   
   Məlum olduğu kimi Amerikanın bir aviadaşıyıcı hərbi gəmisi Ərəb dənizində növbə çəkirdi. Bir həftə öncə tərkibində iri zərbə qrupu yerləşən "Charl Vinson" atom aviadaşıyıcı Hind okeanından keçərək nəzərdə tutulan bölgəyə istiqamət götürdü. Və şərhçilər bu addımları onda İrana qarşı psixoloji təzyiq kimi dəyərləndirdilər. Amma məlum olur ki, tərkibində böyük hərbi dəniz eskadrilyası olan ABŞ-a məxsus "Abraham Lincoln" müxtəlif yönümlü atom aviadaşıyıcı da Ərəb dənizinə istiqamət alıb. Bu hesabla İran sərhədlərinə yaxın sularda ABŞ-ın üç aviadaşıyıcısı hazır vəziyyətdə olacaq. Və nəzərə alsaq ki, birdən-birə üç nəhəng atom aviadaşıyıcıların belə uzaq məsafələrə göndərilməsi ABŞ dövləti üçün nə iqtisadi, nə də hərbi konsentrasiya baxımından sərfəli deyil. Vaşinqton bu addımı atmaqdan çəkinməyibsə məsələni kifayət qədər ciddi hesab etmək mümkündü. Bundan başqa, hadisələr bu həddə qədər inkişaf etdikdən sonra Ağ Evin geri çəkilməsi artıq mümkün görünmür. Çünki Birləşmiş Ştatların dünya hegemonu statusu təhlükə altına düşə bilər. İran əgər Hörmüz boğazını bağlayarsa və ərazidən neft daşınmaları dayanarsa bu İranın ABŞ-ı geri durdurması anlamına gələr ki, sonrakı proseslər zəncirvari şəkildə dünyanın digər ölkələrinə də sirayət edər.
   
   Əlbəttə, müharibənin başlayacağı təqdirdə dünyanın əksər ölkələri bu və ya digər şəkildə bunun ziyanını çəkəcək. Amma reallıq dəyərləndirilərsə ən çox zərbələr, zərər təbii ki, cənub qonşumuzun özünə dəyəcək. Onlar istənilən hücumlara layiqli cavab verməyə hazır olduqlarını dəfələrlə bəyan etsələr də "həmin layiqli cavab"lar effekt verməyəcək. Ən azı ona görə ki, müddətindən asılı olmayaraq böyük miqyaslı aviaəməliyyatlar İranın ərazisində aparılacaq. Tehran isə ABŞ-a çatacaq real vasitələrə malik deyil. Onların ən böyük uğurları Birləşmiş Ştatlara malik bir neçə hərbi təyyarəni, hərbi gəmini məhv etməklə müşayiət ediləcək. Hələlik görünən reallıq budur..

TƏQVİM / ARXİV