adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

iNQiLAB TƏNBEHi...

BABƏK YUSİFOĞLU
41509 | 2012-01-12 08:11
Cənubi Qafqazdakı gərginlikdən hər kəs - dünya birliyinin ölkə başçıları, beynəlxalq səviyyəli diplomatlar, politoloqlar, hətta sıravi vətəndaşlar bəhs edir. Lakin çoxları regiondakı bu gərginliyin səbəbkarlarını ya bilərəkdən gizlədir, militarist siyasət yeridən tərəflərin adını bildirmir, ya da hər şeyi dəxli olmayan sözlərlə ifadə edir. Həqiqəti isə demək olar ki, hamı bilir: Cənubi Qafqazdakı mövcud gərginlik iki dövlət - Rusiya və Ermənistan tərəfindən yaradılıb.
   
   Ermənilərin çox əski türk düşmənçiliyindəın yararlanan Moskva növbəti dəfə bölgədə müxtəlif müharibə ocaqları yaradaraq öz siyasətini yeritməyə çalışır. Ermənilərinsə artıq xəstəlik həddində olan torpaq iddiaları uzun illərdir özlərinin əleyhinə işləyir. Ermənistan regionda həyata keçirilən nəhəng beynəlxalq iqtisadi layihələrdən kənarda qalmaqala, hətta tranzit ölkə kimi qazanacaqları mütəmadi, həm də çox böyük gəlirlərdən, qonşularla iqtisadi və diplomatik əlaqələrdən təcrid edib. Bu gün həm xaricdə yaşayan erməni diasporu, həm də Yerevan respublikanı bürüyən iqtisadi böhranın miqyasını nisbətən azaltmaq üçün yaxalarını cırırlar ki, Türkiyə sərhədini onların üzünə açsın. Amma bu sərhədlərin bağlanmasına səbəb olan amilləri inadla aradan qaldırmaq istəmirlər.
   
   Bu gün erməni ideoloqları bizim Ermənistandakı iqtisadi vəziyyətin böhran həddindən olması ilə bağlı yazılarımızı düşmən tərəfin təbliğatı kimi qiymətləndirir, yalan təsəvvürlər yaratmağa çalışırlar. Amma onların nisbətən obyektiv düşünə, danışa bilən adamları ölkədə vəziyyətin çox ağır olduğunu görür, nəyisə anlatmağa çalışırlar. Tanınmış erməni kinorejissoru Tiqran Xzmalyan ölkədəki vəziyyətin günü-gündən pisləşdiyini bəyan edib. Onun fikrincə may ayınadək hakimiyyət kiçik "baş ağrıları" ilə işini yola versə də sonrakı dövrlərdə güclü dalğa gələcək. Çünki hər kəs anlayacaq ki, bizi növbəti dəfə aldadıblar. "Respublikada inqilab öncəsi situasiya formalaşmaqdadır. Bu gerçəklik qəbul olunandan sonra ölkədə qaçılmaz proseslər başlayacaq. "Annuşka artıq yağı işlədib qurtarıb" (Tiqran Xzmalyan Yeni ilqabağı hakimiyyətin xalqa yarınmaq üçün hər ailəyə bir litr günəbaxan yağı hədiyyə etməsini nəzərdə tutur. -B.Y.)".
   
   Ermənistan hakimiyyəti yalan təbliğat aparsa da gerçəklik tamam əks faktları ortaya qoyur. Özü də əvvəldə qeyd etdiyim kimi, bunlar elə ermənilərin özlərinin açıqladığı həqiqətlərdir. Bildirilir ki, ötən il Ermənistanda benzinin qiyməti 17,7 faiz, dizel yanacağının isə qiyməti 24,9 faiz artıb ki, bu da avtomatik olaraq bütün məhsulların bahalaşmasına gətirib çıxarıb. Özlərinin göstəricilərinə görə, qeyri-ərzaq məhsulları 2010-cu illə müqayisə də 2011-ci ildə 4,3 faiz bahalaşıb. Statistik məlumatlara əsaslansaq ərzaq mallarının qiymətindəki atım bir il ərzində 12-14 faiz təşkil edib. Ən çox bahalaşma isə özünü insanların gündəlik tələbat mallarında göstərib.
   
   Xidmət sahələrindəki qiymətlərdən isə söz açmağa dəyməz. Çünki buradakı qiymətlər digərlərini kölgədə qoyub. Belə ki, enerji daşıyıcılarının bahalanmasından sonra bu sahənin "ayaq üstə durması" daha çox vəsait tələb edir ki, nəticədə ziyanı çəkən əhali olur. Hakimiyyət hələ ki, əhalinin fikrini ənənəvi problemlərlə - "Dağlıq Qarabağ"la, yalançı vətənpərvərliklə məşğul etsə də rejissor Tiqran Xzmalyanın söylədiyi kimi, onlar artıq bunu uzun müddət davam etdirə bilməyəcək. Çünki iqtisadi tənəzzül durmadan davam edir.
   
   Və 2012-ci ildə bahalanmanın yeni dalğasının gələcəyi Ermənistan əhalisini böyük təşviş içərisində saxlayır. Artıq reallıq özünü göstərməkdədir. Belə ki, yeni il başlar-başlamaz yerli istehsal olan siqaretlər və pivələr bahalanıb. Maraqlıdır ki, bu məhsullardakı qiymət artımı Ermənistan parlamentində yeni vergi islahatlar paketinin qəbulundan sonra baş verib. Əgər əvvəllər zavodda qabsız pivənin 0,5 litri 225 dram idisə, indi 260 drama satılır. Yəni yarım litrlik pivə bir dəfəyə 35 dram bahalanıb.
   
   Tütün məhsullarında qiymətin artırılması hələ üç il öncə baş verməliymiş. Lakin hökumətin təsiri ilə tütün kombinatları bunu təxirə sala biliblər. Amma bu il köhnə qiymətləri saxlamaq heç cür mümkün olmayıb. İndi ermənilər bir qutu siqareti əvvəlkindən 10-15 dram baha almaq zorundadır. Hələlik dəqiq məlumat bildirilməsə də yanvarın əvvəlindən zəruri tələbat mallarında da qiymət artımı müşahidə edilməkdədir. Əhali bu ildən əti, qəndi, kərə yağını, meyvələri 16-18 faiz bahasına alırlar.
   
   Əslində bütün bu əlamətlər bəzi ekspertlərin dediyi kimi doğrudan da Ermənistanda inqilabın yetişdiyindən xəbər verir. Və gün keçdikcə bu daha çox özünü göstərir. Görünən budur ki, deyəsən Ermənistanı tənbeh edən inqilab olacaq. Amma... Amma ermənilər inqilabı gerçəkləşdirə bilsələr və mövcud hakimiyyətin yürütdüyü siyasəti davam etdirsələr heç bir irəliləyişə nail olmayacaqlar. Çünki özünütəcrid, qonşulara qarşı militarist siyasətlə inkişaf mümkün deyil. Hansı erməni siyasətçisi bunun əksini iddia edirsə, onun Moskvanın qulu və erməni xalqının düşməni Köçəryandan, Sərkisyandan fərqi yoxdur...

TƏQVİM / ARXİV