adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

YALAN MAŞINI

BABƏK YUSİFOĞLU
45135 | 2012-01-11 08:18
Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin qurduğu separatçı qurumda və eləcə də Ermənistanda iqtisadi böhranın çiçəkləndiyini hər kəs yaxşı bilir. Bu faktlar artıq elə bir həddə özünü göstərir ki, bunu ermənilərin obyektiv danışmağı bacaran ekspertləri də etiraf edirlər. Ermənilərin çox böyük ümidlər bəslədiyi Sürix protokolları çərçivəsində Türkiyə ilə anlaşıb sərhədlərin açılması idi ki, Yerevan özünün militarist siyasəti ilə bu məsələni də mürəkkəb düyünə saldı. Fransada qondarma erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanunun aşağı palatada qəbul edilməsi də sərhəd məsələsində mövcud cüzi işartıları məhv etdi. Çünki İstanbul bir daha ermənilərin heç vaxt türkə qarşı yürütdüyü düşmən siyasətindən vaz keçəyəcəyinin şahidi oldu.
   
   Bu gün Ermənistan siyasi hakimiyyəti çıxılmaz vəziyyətdədir. Çünki onların qondarma soyqırım, türklərə qarşı düşmənçilik siyasəti erməni xalqına boş-boş sözlərdən, bəyanatlardan başqa heç nə verməyib. Militarist ideoloqların çıxışları, "qələbə" qazandıqları barədə söylədikləri nağılların heç biri erməni xalqının qarnını doyura bilmir. Əsl gerçəkliksə budur ki, 20 illik yalan vədlərin nəticəsi indiki işsizlik, səfalət, çörək ucbatından vətənlərini tərk etmək, boğaza qədər yüksəlmiş iqtisadi-sosial bəlalardır. Hazırda hakimiyyətin yuxusuna haram qatan ən ciddi məsələlərdən biri də xalqın getdikcə daha bu cür nağıllara inanmamasıdır. Vartanın nə vecinə ki, məsələn, maygülü Sarkozinin Fransasında qondarma "soyqırım"la bağlı hansı qərar qəbul edilib.
   
   Bu səbəbdən də hakimiyyət Ermənistanın iqtisadi yüksəlişindən, inkişafından, əhalinin rifah halının getdikcə yaxşılaşmasından bəhs edən təbliğat maşınının gücünü maksimum dərəcədə yüksəltməyə başlayıb. Müxalifətin zəif informasiya resurslarından savayı ölkədəki təbliğat maşını bötövlükdə bu istiqamətə yönəldilib. Yüksək səviyyədə tapşırıqlar verilib ki, bütün vəzifəli şəxslər, ideoloqlar xalq arasında, mediada intensiv "iş" aparmalıdır. Müxalifət cəbhəsi də hakimiyyətin bununla bağlı konkret göstərişlər verdiyini bildirir.
   
   Ermənistanın məşhur iqtisadçılarından sayılan, "Alternativ" analitik mərkəsin yaradıcısı Tatul Manaseryan Ermənistanın iqtisadi vəziyyətindən, 2012-ci ildə uğurlu ərzaq proqramından danışıb, dediklərinin ölkənin hər bir yerinə yayılması üçün mətbuat konfransı da keçirib. İqtisadçı ideoloq bir qədər də irəli gedərək jurnalistlərə bəyan edib ki, hətta dünyada başlayan beynəlxalq iqitsadi böhrana və digər çətinliklərə baxmayaraq Ermənistan 2012-ci ildə ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin etməyə qadirdir. Özü də bu təminatı Ermənistan öz daxili resurslaı hesabına verir.
   
   Maraqlıdır, hər il xarici diasporanın pulları, əcnəbi ianələrin köməyi və Qərb ölkələrinin humanitar yardımları ilə vəziyyətdən çıxan Ermənistan hansı daxili resursların vasitəsi ilə böhranı adladacağından danışır? Ən adi fakt belə bunun ağ yalan olduğunu sübut edir. Metsamor AES-in bir neçə il öncə əsaslı təmirə ehtiyacı olduğu ilə bağlı çıxarılmış qərarı pulsuzluq üzündən reallaşdıra bilməyən, bununla da öz xalqını, eləcə də qonşularını dəhşətli təhlükə altında saxlayan Yerevan "öz imkanlarımız hesabına" deyərkən nəyi nəzərdə tutur?
   
   Tatul Manaseryan həmçinin yalanını davam edərək bildirib ki, dünyanın qlobal iqtisadi böhran yaşadığı dövr ərzində bir çox sahələr öz stabillliyini qoruyub saxlaya bilmişlər. Qucağında oturduqları Rusiyada, eləcə də inkişaf etmiş əksər Avropa ölkələrində inflyasiya həddi 2011-ci ildə ikirəqəmli olduğu halda, Manaseryan Ermənistandakı inflyasiyanın 4 faiz olduğunu söyləyib. 2012-ci il büdcəsinin qəbulunda Maliyyə Nazirliyinin işini bəyəndiyini də qeyd edən iqtisadçı bildirib ki, büdcə ilə bağlı rəqəmlər reallığı əks etdirir.
   
   Anlaşılmır, ideoloqların dediyi kimi ölkənin iqtisadi və maliyyə vəziyyəti belə stabildirsə niyə ən üst səviyyədə Yerevan hakimiyyətindən hər il Fransaya, Amerikaya və digər Qərb ölkələrinə pul dilənməyə gedirlər? Hansı səbəbdən əmək qabiliyyətli ermənilər vətənlərini tərk edib iş tapmaq üçün yad ölkələrə üz tuturlar? Niyə Ermənistandakı gənc ailələrin ikidə biri ikinci, üçüncü övlad sahibi olmaqdan imtina edirlər? Ailəli qadınların kütləvi şəkildə aborta getdiklərini ermənilərin özləri belə təsdiqləyirlər. T. Manaseryan məgər bilmir ki, stabilliyindən dəm vurduğu müəssisələrin, obyektlərin... 92-93 faizi artıq başqa ölkələrə satılıb? Əlbəttə, bu haqda çox şeyləri sadalamaq mümkündü, lakin ölkə daxilində və ölkə xaricində heç kəsin bildiyi bütün həqiqətləri sadalamağa lüzum yoxdur.
   
   Əslində bütün bu yalanları dövriyyəyə buraxan siyasilərin, ideoloqların özləri də əsl həqiqətdən yaxşı xəbərdardı. Amma bunsuz mümkün deyil. Çünki Yerevanın siyasəti bütün dünyaya yalan püskürməklə yanaşı, həm də öz əhalisini aldatmaq üzərində qurulub. Lakin bunun da getdikcə əvvəlki kimi səmərə vermədiyinin fərqindədirlər. Və hiss olunur ki, son dövrlərin bir narahatçılığı da məhz indi söylədiklərimizlə bağlıdır.

TƏQVİM / ARXİV