ÇÖRƏK KƏSSƏK...

FAİQ QİSMƏTOĞLU
66813 | 2015-06-26 08:41
... Bundan müqəddəs şey çox çətin ki, ola. Deyirlər ki, çörək "Quran"dan da irəlidir. Çünki hər ikisi onu yaradanın insanlara bəxş etdiyi əbədi bir varlıqdır. Əlbəttə, hər adamla durub çörək kəsmək, dostluq eləmək mümkün deyil. Ən azından ona görə ki, o adamın xasiyyətini bilməlisən, əxlaqına bələd olmalısan və bundan sonra nəsə bir addım atmaq olar.
Xalq artisti, gözəl muğam ifaçısı Ağaxan Abdullayevin danışdığı bir əhvalat yadıma düşür. Deyir ki, tanınmış xanəndələrdən biri bazarlıq eləyir və tələsdiyinə görə evə gedə bilmir. Qarşısına köhnə tanışlarından biri çıxır və ondan xahiş edir ki, bu bazarlığı apar ver bizə. Həmin insan da cavan oğlan olur. Deyir ki, ustad, evdə kişi var, ya yox?! Sənətkar isə dillənir:
- Əsas məsələ evdə kişi olub-olmamasında deyil, əsas məsələ odur ki, evə gedən kişi olsun!
Bax, belə. Kimsə birinin qapısını döyəndə, evinə gedəndə soruşur:
- Evdə kişi var?!
Təbii ki, evdə kişi yoxdusa, çoxları o qapını dünya dağılsa da açmaz. Çünki biz dədə-babadan belə görmüşük və belə də eşitmişik. Amma indi bir az müasirləşmişik nədi, hər şey yaddan çıxmağa başlayıb. Ola bilər nəsə yadımızdan çıxsın və nəyisə unudarıq. Amma onu unutmamalıyıq ki, qapısına getdiyimiz hər hansı bir dostumuzun ailəsi - qızı, anası bizim ən doğmamızdır. El dilində demiş olsaq, ana-bacımızdır.
Tanınmış yazar var. Həmişə deyirdi ki, dost qapısına gedəndə istər-istəməz özümü yığışdırıram. Nə pis şey var, hamısını unuduram. Düşünürəm ki, onlar məni etibar edib evə dəvət edirlərsə, deməli, mən də özümü oğraş kimi aparmamalıyam. Amma oğraşlar da var. Çörək kəsdiyi, uzun illər dostluq elədiyi adamın həyat yoldaşına pis gözlə baxır.
Bir dəfə bizim qohumlardan biri danışır ki, tanınmış vəzifəli şəxs var idi. Çox gözəl və pullu kişi idi. Elə bu əhvalatı da mənə həmin kişi özü danışıb. Deyir ki, gözəlliyimə və puluma arxayın olaraq çox qadınları yoldan çıxarmışdım. Amma bir dəfə daş qayaya rast gəldi. Tabeliyimdə olan və yeyib-içdiyim şəxs məni evinə qonaq apardı. Gördüm ki, xanımı çox gözəldir. Elə bu xanıma görə də onlara get-gəlim daha da çox oldu. Bir gün onlara gələndə dostum dedi ki, sən evdə otur, mən qaçım mağazadan bir araq alım gəlim. Bu fürsət mənə göydən düşmə oldu. Kişi çıxan kimi mən qadına girişdim. Birinci sözümə cavab vermədi. İkinci dəfə o sözü təkrarlayanda qayıdıb sifətimə bir şillə çəkdi ki, gözümdə od parladı. Dedi ki, köpəkoğlu, ərim gələcək, ona bir şey deməyəcəyəm. Çörəyini ye, arağını iç və burdan elə get ki, bir də sənin kimi oğraşı gözüm görməsin. Kişi deyir ki, bu mənə bir dərs oldu. O vaxtdan həyatımı dəyişdim və fikirləşdim ki, çox qələtlər eləmişəm. Allah-Təala da buna görə məni bağışlamayacaq.
Çörək kəsmək elə də asan deyil. Gərək çörək kəsəndə fikirləşəsən ki, bu çörəyi kiminlə kəsirsən; kişiylə, yoxsa "matışqa" ilə. Bax onda biləcəksən ki, hansı addımı atacaqsan.
Bir məsələni də yada salmaq istəyirəm. Bir vaxtlar sovet dönəmində çoxtirajlı qəzetlərin birində redaktor işləyirdim. Onda çox qəribə bir hadisənin şahidi oldum. Kişi öz vəzifəsində qalmaq və pul qazanmaq üçün qızını zavoda gətirmişdi. Qızı da çox gözəl idi. Zavodun direktoru da şorgözün biri idi. Həmin qız karnavalda direktorla qalxıb oynadı. Üç gündən sonra gördük ki, qız direktorun katibəsidi. Sən demə, kişi qəsdən yerini möhkəmlətmək üçün belə bir yol seçibmiş. Başqa direktor gələndə yenə qızını ona sırımağa can atırdı və buna da nail olurdu. Nə isə...
İndi bəziləri vəzifədə qalmaq üçün həmin adama müxtəlif yollar axtarıb tapır. Ya "dostluq" edir, ya da ona ailəsinin içərisinə aparır. Nə var, nə var qazandığı var-dövlət onun əlindən çıxmasın və mövqeyi möhkəmlənsin. Buna duz-çörək kəsmək demirlər. Sadəcə olaraq, bu hərəkət məqsədə çatmaq üçün alçalmaq və şərəfsizliyi qəbul etmək kimi nəzərə çarpır.
Ancaq gəlin onunla razılaşaq ki, duz-çörəyə hörmət edən, onu hər şeydən üstün tutan namuslu, qeyrətli insanlar da var. Mən gördüyümü deyirəm ha, nağıl-zad danışmıram. Tanıdığım iki nəfər çox möhkəm dost idilər. Uzun illər çörək kəsmişdilər. Hər ikisinin də yaxşı imkanları var idi. Elə oldu ki, dostlardan biri vəzifədən çıxarıldı və fikir-xəyal edib dünyasını dəyişdi. O biri dostu isə onun bütün yas məclisini verdi, qəbirüstü abidəsini düzlətdirdi. Üç oğlu var idi. Onları evləndirdi və işə düzəltdi. Bugünün özündə də həmin sədaqətli dost o ailəyə görüm-baxır edir, hər həftə bazarlıq göndərir və nəzarətini onların üstündən əskik etmir. Bax, belələri əsl kişi, əsl dost və əsl duz-çörəyə sadiq olan insanlardılar.
... Nə yaxşı dünyamızda bu cür insanlar az da olsa var. Yoxsa çörəyi dizinin üstündə olanlardan, anasının əmcəyini kəsənlərdən, pula, vara, dövlətə görə hər şeydən keçmək istəyənlərdən lap boğaza yığılardı insanlar. Nə yaxşı ki, haqq var, ədalət var və bəzi insanlarda Allah sevgisi, Allah xofu, Allah qorxusu hələ də yaşayır. Nə yaxşı ki, murdar, şeytan xislətli insanlar hələ də yaxşıların axırına çıxa bilməyib. Nə yaxşı, nə yaxşı...


TƏQVİM / ARXİV