adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Geriyə baxma, qoca!

SAMİRƏ ƏŞRƏF
30035 | 2015-06-26 08:30
İndi yerindən təzəcə oyanıb bir-iki kitab oxuyan, üç cümlə qaralayan cavanlar tez-tez ötən əsrin müəllifləri haqqında ağız büzürlər ki, bəs filan yazıçı mənim yazıçım deyil, filan yazıçının əsərini başıma güllə sıxsalar da oxumaram və s. Bir dəfə mütaliəsinə həvəslə inandığım bığlı-saqqalı bir yazıçı gupbadamgup qayıtdı ki, İsa Hüseynov mənim yazıçım deyil. Onun əsərlərini oxuyanda ürəyim sıxılır. İnanın, yalan olmasın bir neçə gün lazım oldu ki, mən həmin yazıçının dediyi bu sözlərin şokundan çıxım. Üstəlik həmin adam haqqında olan fikirlərim də bircə cümləylə darmadağın oldu.
Əslində isə haqqında başqalarının dilindən eşitdiyiniz müəlliflərə qarşı belə saymazyana və amansız münasibət çox təhlükəlidir. Gün gəlib çatar həmin dodaq büzdüyün müəllifin əsəri gəlib keçər sənin əlinə. Və sən əvvəl dediyin sözlərə sübut üçün çar-naçar başlayarsan həmin müəllifin yazdığı sətirləri oxumağa. Bir də onda ayılarsan ki, utandığından girməyə bir yer axtarırsan. Amma yer nə gəzir...
Ötənlərdə İlyas Əfəndiyevin "Geriyə baxma qoca" romanını oxuyub bitirdim. Bu İlyas Əfəndiyevin yaradıcılığı ilə ilk tanışlığım deyildi. Hekayələrini hələ uşaq vaxtı oxumuşdum. Ən yadımda qalan hekayəsi isə "Yun şal" olmuşdu. Amma məsələ bundadır ki, nədənsə mənə elə gəlirdi ki, mən İlyas Əfəndiyev yaradıcılığı ilə tanış olmasam da olar. Buna bir az da müəllifin pyesləri əsasında hazırlanmış tamaşalara çox baxmağım səbəb olmuşdu. Yəni özümü müəyyən mənada bu baxımdan tox hiss edirdim. Lakin Geriyə baxma qoca romanını oxumamaq mənim kimi uşaqlığa, xatirələrə bağlı, həssas bir adam üçün ən azından itki hesab oluna bilərdi.
Avtobioqrafiq hesab olunan Geriyə baxma qoca əsəri İlyas Əfəndiyevin altı romanından ən sonuncusudur. Yazıçı bu romanı 1980-ci ildə altmış altı yaşında yazıb bitirmişdir.
Romanda hadisələr iyirminci əsrin əvvəllərində Azərbaycanda xüsusilə də Qarabağda baş verən dövrü hadisələrlə zəngindir. Yazıçı öz nəsil şəcərəsini çözələyərək ordan xeyli bitkin və zəngin məlumatlar araşdırıb üzə çıxarmışdır.
Axıcı dil ilə yazılmış roman birinci şəxsin Muradın dilindən nəql olunur. Əslində isə Murad elə yazıçının özüdür. Artıq cümlələrin, olmadığı, bayağılıqdan və şişirtmədən uzaq olan bu gözəl nəsr nümunəsi oxucuda çox gözəl hisslər yaradır. Qarabağın dillərə dastan təbiətini, güzəranını, aran, yaylaq həyatını göz önünə gətirir. O vaxtkı bəylərin, xanların, onların ailələrinin yaşayışını nasir heç nədən çəkinmədən pisiylə, yaxşısıyla qələmə alıb.
Özünün anası bəy, atası isə tacir nəslindən olduğu üçün qəhrəmanın uşaqlıq illəri çox gözəl güzərana düşmüşdür. Lakin buna baxmayaraq o, heç vaxt həmin yaşayışa can atmır. Təsadüfi deyil ki, Şura hökuməti qurulandan sonra var-yoxları əllərindən alınıb adi həyata məhkum olunsalar belə qəhrəman məhz həqiqi qəlb rahatlığını həmin dövrlərdə əldə edir. Bir zamanlar özünü kasıb uşaqların yanında günahkar hiss edən Murad bolşeviklərin gəlişindən sonra sanki dirçəlir və yeni həyata qədəm qoyur.
Murad o dövrdə bir çox haqsızlıqların şahidi olur. Babasının rəhmətə getmiş qardaşı uşaqlarını qapısında nökər işlətməkdən tutmuş, onların dul qalmış analarının gecəylə bir çobana qoşulub qaçmasına qədər nəql edən əsər çox kövrək və kədərli sətirlərlə zəngindir.
Məhz bu səbəbdəndir ki, yazıçı ahıl yaşında qələmə aldığı əsərə "Geriyə baxma qoca" adını verib.
Kitabın ilk səhifələrində müəllif bu adın səbəbini belə açıqlayır: "Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: "geriyə baxma qoca!" Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq istəyirəm".
İnsan isə elə bir varlıqdır ki, ona ağrı-acı nəsib etsə belə hər zaman keçmişinə boylanmaq istəyir. Çünki həmin keçmiş ona məxsusdur. Gələcəyinizi yaxşı görə bilmək üçün isə tez-tez keçmişinizə boylanın. Lap qoca olsanız da. Necə ki, İlyas Əfəndiyev bacarmışdı.

TƏQVİM / ARXİV