adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ŞƏHiD ŞƏHƏRiN ŞAiRi

VAQİF YUSİFLİ
69414 | 2012-01-07 07:24
Neçə ildir hər fevralın 26-sı gələndə hüznlə Xocalı faciəsini yad edirik.Millət həmin gün bir daha 1992-ci ilin o soyuq qış gününü xatırlayır. Xatın və Xirosimada olduğu kimi o gün də günahsız insanlar qətlə yetirildi, erməni və rus silahlı birləşmələri Azərbaycan torpağında daha bir qırğın törətdilər.
   
   Hərdən Xocalı faciəsindən bəhs edən o dəhşətli kadrları televiziyada göstərəndə mənim diqqətimi həmişə düşmən gülləsindən torpağa uzanmış, ağ saqqallı, qara papaqlı nurani bir qoca cəlb edir. Bu qoca 88 yaşlı Allahverdi kişidir. Tanınmış şair və jurnalist Ələmdar Quluzadənin atasının altmış illik ömrünün 36 ili Xocalıda keçib. O, burada doğulub, orta məktəbi burada bitirib, sonra Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialının dil və ədəbiyyat fakültəsində təhsil alıb.
   
   İnstitutu bitirdikdən sonra Mardakert rayonunda-Tərtərçay su qovşağında komsomol təşkilat katibi işləmiş, sonra Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra Xocalı kənd orta məktəbində, daha sonralar DQVM radio verilişləri komitəsində çalışmış, Azərbaycanca verilişlər aparmışdır. Deməli, ağlı, şüuru kəsəndən çörəyi dizinin üstündə olan xain qonşularımızla ünsiyyətdə olmuşdur.Elə o vaxtlar Ələmdar ermənilərin iç üzünə yaxşı bələd idi.
   
   Xocalı faciəsi, ümumiyyətlə, Qarabağda baş verən olaylar Ələmdar Quluzadənin yaradıcılığında mühüm yer tutur. O, Xankəndində, Xocalıda baş verən hadisələrin janlı iştirakçısı olmuşdur. Yaxşı yadımdadır ki, Ələmdar o faciədən bir neçə gün əvvəl həyəcanla mənə zəng vurdu, "köməksiz, arxasız qalmışıq" dedi.
   
   Bakıya köçəndən sonra Ələmdarın yaradıcılığında yeni bir səhifə açıldı-Qarabağ səhifəsi. Onun "Qadan mənə, Qarabağ" kitabı (2006) ilk misrasından son misrasına qədər Qarabağ ağrısına həsr edilib.
   
   Çoxlu sayda şeirləri ilə yanaşı, Ələmdarın "Qarabağ oyunu", "Şəhid şəhər", "Alay komandiri", "İlmələrin dastanı", "Şəhid bacısı" poemaları və "Pənah evi" mənzum faciəsi də bu ağrıya həsr edilib. İstəyirəm onun Xocalıya həsr etdiyi "Şəhid şəhər" poeması haqqında qısaca söz açım. Təxminən 1500 misraya yaxın olan "Şəhid şəhər" poemasında müəllif lirik-publisistik bir tərzdə Qarabağda baş verən hadisələr bütün təfərrüatı ilə poetik təhkiyənin əsasına çevrilir. O, Xocalı faciəsinin yaranması səbəblərini açıqlayır, kimlərin günahkar olduğunu nişan verir.
   
   Ələmdar son illərdə də Xocalı faciəsi ilə bağlı şeirlər yazmaqda davam edir. Budur, onun "Ruhumuzun daş nağılı" şeiri:
   
   
   
   Oxum yatmır yaya, çatmır hədəfə,
   
   Su qalxıb çənəmin altına çıxır.
   
   Aya çatdırmırıq, ildə bir dəfə
   
   Xocalının yaşı taxtına çıxır.
   
   
   
   Dərdə dil də bizik, dərdə kəniz də,
   
   Əyə bilmirsənsə əyil, ey Vətən.
   
   Ocağa yaş atmaq zəmanəmizdə
   
   Özünü yaşatmaq deyil, ey Vətən!
   
   
   
   Baltalar qan gəzir, yol basa-basa,
   
   Kömürdən, kötükdən qopa bilmirik.
   
   Xocalı harada dəfn olunubsa,
   
   Hələ məzarını tapa bilmirik.
   
   
   
   Əlbəttə, şair dostumun-Ələmdar Quluzadənin altmış yaşının tamamına yazdığım bu yazını gərək nisgillə başlamayaydım,-deyirəm. Amma nə etmək?
   
   Poeziya-həyatın, gerçəkliyin, həqiqətin ifadəsidirsə, şair də bu həqiqətin carçısıdır. Vaxt var idi Ələmdar Quluzadə gözəl Qarabağımızın rəngarəng təbiətini vəsf edirdi, Qarabağ qızlarının gözəlliklərinə şeirlər yazırdı, Xanın, Seyidin, Qədirin səsinə könül nəğmələrini qatırdı. Amma indi onun poeziyasında qəzəb notları səslənir.
   
   Ələmdar Quluzadə ilk şeirlərini ötən əsrin yetmişinci illərində dərc etdirmişdir. "Dağların yaddaşı" (1976), "Ömür-gün qabaqdadır" (1980) - bu iki kitab onu ədəbi aləmdə tez tanıtdı. Belə ki, həmin kitabda çap olunan şeirlər tezliklə oxucu qəlbinə yol tapdı. Əkbər Ağayev, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı kimi tanınmış söz ustaları Ələmdarın şeirləri haqqında xoş təəssüratlarını bildirdilər.
   
   Məsələn, Əliağa Kürçaylı Ə.Quluzadənin "Dağların yaddaşı" adlı ilk şeirlər kitabı haqqında yazırdı ki, onun şeirlərində təbiət motivləri üstün yer tutur, dili səlisdir, amma cavan bir şair kimi üzərində işləməlidir. Ələmdar da ustadların xeyir-duasını boşa vermədi.
   
   Ələmdar Quluzadənin son illərdə "Qadan mənə, Qarabağ" kitabı ilə yanaşı, "Ürəyindən keçəydim", "Məni yoldan eləmə", "Ətirşah ətri", "Dilotu" kitabları da çapdan çıxıb. Birinci iki kitab bütünlüklə şairin sevgi duyğularını ifadə edir. Üçüncü və dördüncü kitablar isə uşaqlara həsr olunmuşdur.
   
   Sevgidən yazmaq saflıqdan, mənəvi təmizlikdən, qəlb gözəlliyindən yazmaq deməkdir.
   
   O sevgi ki, insanı ucaldır, yaşamağa səsləyir, özünə inam hissi yaradır. İnsan hər yaşda sevə bilər, amma yaş artıqca onun sevgiyə münasibəti də dəyişir, daha doğrusu, ömrün payızını xatırladır.Payız isə xatirələr fəslidir. Ələmdarın sevgi şeirlərində artıq yaşın hökmündən doğan bir ağırtəbiətlilik, bir təmkinlilik duyulur. Deyir ki:
   
   Gözəllərin gözü yaz bulududur,
   
   Dolmayanı olur, dolanı olur.
   
   Həsrətin əlindən alıb saçını,
   
   Yolmayanı olur, yolanı olur.
   
   
   
   Ürək daşdandırsa, can şüşə deyil,
   
   Narların hamısı güleyşə deyil.
   
   Hər sevgi beş günlük bənövşə deyil,
   
   Solmayanı olur, solanı olur.
   
   
   
   Gah payız əlimdən alıb gülümü,
   
   Gah bahar sovurub göyə külümü,
   
   Könlünə düşəndə mənim könlümü
   
   Almayanı olur, alanı olur.
   
   
   
   Ələmdarın sevgi şeirləri yaşanılan, duyulan hisslərin poetik ifadəsidir. Onun lirik qəhrəmanı nə Məcnundur, nə də Fərhad-bu günün adamıdır. İçində qəm də var, işıq da. Ancaq bu qəm sızıltı deyil, hıçqırıq deyil, sevgidən doğan işıqlı qəmdir. Elə buna görə də onun bütün sevgi şeirlərindən kədər yox, işıq süzülür.
   
   
   
   Yanıb yandırmaqdır ocağın işi,
   
   Bir çıraq nuruna susadı xanam.
   
   Sən mənim gözümdə bahar günəşi,
   
   Mən sənin yolunda günəbaxanam.
   
   
   
   Könlümdə yeri yox qızıl tacların,
   
   Ağıllılar dərddən dəli olarmış.
   
   Gecəyə oxşayan qara saçların
   
   İlahi, nə gözəl işığı varmış.
   
   
   
   Alma çiçəyisən, zambaq gülüsən,
   
   Qolların işığa açılıb sənin.
   
   Dırnaqdan təpəyə işıq selisən,
   
   Donun da alovdan biçilib sənin.
   
   
   
   Ələmdar Quluzadə uzun illərdir Azərbaycan radiosunda uşaq verilişləri redaksiyasında çalışır və hər həftədə onun rəhbərliyi ilə balacaların işıqlı dünyasına yol tapa bilən gözəl verilişlər hazırlanır. Amma onun özü də istedadlı bir uşaq şairidir,-desək yanılmarıq.
   
   Uşaq şairi olmaq doğrudan da çətindir. Ona görə ki, gərək balacaların psixologiyasını, maraq dairəsini yaxşı biləsən, onları düşündürən suallara cavab verəsən, özü də uşaq dilində.
   
   Elə buna görə də onun şeirlərində çox zaman uşaqlar özü danışır. Həm də Ələmdar uşaqlara təbiəti, onun gözəlliklərini, quşları, heyvanları sevdirir. Vətənə, ata-anaya, müəllimə sevgi də bu şeirlərin əsas mövzularından biridir:
   
   
   
   Məktəb bizə öyrədir
   
   Qələbəni, zəfəri.
   
   Müəllimlər-komandir,
   
   Biz onların əsgəri.
   
   
   
   Sinəmizə sıxmışıq
   
   Kitab adlı yarağı.
   
   Başımızın üstündə
   
   Azərbaycan bayrağı.
   
   
   
   Bu yazını Ələmdarın Xocalı şeirləri, poemaları ilə başladım. İstəyirəm dostumun altmış illiyinə həsr etdiyim bu yazını yenə onun ən son Xocalı mövzusunda yazdığım bir şeirlə bitirim.
   
   O şeirdə Ələmdar deyir ki, 26 fevral 1992-ci ildə Xocalı faciəsi zamanı 613 nəfər qətlə yetirildi. Bəs 614-cü şəhid kim olacaq?
   
   
   
   Vətənimin bağlı qalan
   
   Yollarına qurbanım var.
   
   614-cünün
   
   Qollarına qurbanım var.
   
   
   
   Torpağımın havasını
   
   Yağılara haram edək.
   
   614-cüyə
   
   Xocalıda bayram edək.
   
   
   
   Düşmənlərə göstərəcək
   
   Vətən oğlu öz gücünü.
   
   Hansı ana doğub görən
   
   614-cünü?

TƏQVİM / ARXİV