DüNYA BOYDA üRƏK...

FAİQ QİSMƏTOĞLU
31958 | 2012-01-07 07:24
İllər bir göz qırpımında ötüb keçdi. Onda mənim 18 yaşım vardı. Amma tələbə dostumuz Rəhman Salmanlı bizdən 4 yaş böyük idi. 4 yaş böyük olmasına baxmayaraq, səmimiyyəti, mehribanlığı və ən nəhayət özünəməxsus hərəkətləri ilə bizim hamımızın qəlbinə yol tapmışdı. Mühazirələrdə və seminarlarda Rəhman tamamilə başqalarından seçilərdi. Birdə görərdin ki, özünəməxsus bir ağayanalıq və samballıqla özündən yaşca balaca olan tələbə yoldaşlarına bir az da yaxınlaşdı. Dedi ki, dərsdən çıxandan sonra mənim qonağım olacaqsınız.
   
   Təbii ki, biz Rəhmanı ilk vaxtlar o qədər də yaxşı tanımırdıq. Yaşca bizdən böyük olduğuna görə ona hörmət eləyirdik və xətrini əziz tuturduq. Daha doğrusu, aramızda loru dildə demiş olsaq pərdə vardı. O, bu pərdəni həmişə gözləyər və heç birimizə ayrı-seçkilik qoymadan hamımıza eyni münasibət bəsləyərdi. Dərsdən çıxandan sonra rəhmətlik Nizaməddin, Şünasif və bir də mən Rəhmangilə getdik. O, Şəmkirdən gətirdiyi ləziz yeməkləri stolun üstünə qoydu. Sonra da 3 litrlik bir balon çaxırı Nizaməddinə verdi. Dedi ki, bu çaxırın dadına baxarsınız, görərsiniz ki, necə ləzzətlidir. Sözün düzü, mən ömrümdə dilimə spirtli içki vurmamışdım. Hər şey bir göz qırpımında dəyişdi və dostlarım əllərinə badə alıb sağlıq dedilər, onda mənim də ovqatım yaxşılaşdı və Rəhman dedi ki, gərək bu çaxırdan Faiq də dadsın. Bilsin ki, Şəmkirin çaxırının necə gözəl tamı var. Deyəsən, şeytan məni yoldan çıxardı. Bir stəkan çaxır süzüb mənə tərəf uzatdılar. Hamımız Rəhmanın sağlığına içirdik. Mən də o çaxırı tərəddüd etmədən içdim və bir müddətdən sonra hiss elədim ki, nəsə içimdə xoş bir ovqat baş qaldırır. Adi hallarda çox qaraqabaq və dinib-danışan olmasam da, bu çaxırı içəndən sonra "dilim açıldı". Rəhman da dedi ki, ay Faiq, sən nə gözəl danışırmışsan. Demək sənin dərmanın bu çaxır imiş.
   
   İlk dəfə araq içməyi də, çaxır içməyi də Rəhmandan öyrənmişəm. Amma digər müsbət cəhətləri də elə Rəhman qardaşımdan öyrənə bilmişəm. Yəni Rəhmandan səmimiyyət, mehribanlıq, sözbütövlük və dəqiqlik öyrənmişəm. Bir də Rəhmandan zəhmətkeşlik əxiz eləmişəm. Çünki Rəhman ali məktəbə qəbul olmamışdan öncə fəhləlik eləmiş, sonra isə hərbi xidmətdə olmuşdur. Bir sözlə, o, həyatın bərkindən, boşundan, tufanından, çovğunundan uğurla çıxmışdı. Biz isə hələ ana uşaqlarıydıq. Hələ o qədər bərkə-boşa düşməyib və əsgərlik həyatı görməmişdik. Düzdür, Azərbaycan Dövlət Universitetində oxuyanda hərbi dərs keçirdik və bu hərbi dərsdə də anamızdan əmdiyimiz süd burnumuzdan gəlirdi. Rus dilini yaxşı bilmədiyimizə görə mayor Maneviç başımıza oyun açırdı. Digər dərslərdən imtahan zamanı "5" alırdım, amma hərbi hazırlıq gələndə çox çətinliklə dostların, tanışların köməkliyi nəticəsində mənə qiymət yazırdılar və bəzən də kəsilirdim. Onda da mənə Rəhman, Zahid kimi tələbə dostlarım kömək eləyirdilər.
   
   Rəhman Salmanlı jurnalistika fakültəsinə asanlıqla qəbul olmamışdı. O, fakültəyə qəbul olana qədər çox əzablı, əziyyətli, çətin günlər yaşamışdı. Halal zəhmətlə məşğul olmuşdu, əziyyət çəkmişdi və sonra da universitetin hazırlıq fakültəsinə qəbul olmuşdu. Yəni Rəhman hazırlıqdan bizim fakültəyə gəlmişdi. Özü də zəhmətkeşliyi ilə, əməksevərliyi ilə bizdən fərqlənirdi. O gündüz təhsil almasına baxmayaraq, gecələr işləyirdi. Yəqin bu da Rəhmanın bir çox çətinlikləri ilə bağlı idi. Amma bunların heç birini o, dostlarına bildirməz və həmişə özünü çox şən, nikbin aparardı.
   
   Rəhmanla tez-tez kitabxanada görüşərdik. Elə bizim ən çox olduğumuz yer də kitabxanalar idi. Rus dilini yaxşı bilirdi və bir çox dərslikləri də azərbaycan dilinə tərcümə eləyirdi və mənim kimi dostlar da ondan öyrənirdi. Sonra da deyirdi ki, Faiq, hazırlaş, axşam gedəcəyik Şamxal Rüstəmgilə. O vaxt Şamxal Rüstəm çox məşhur bir şair idi. Onun bir şeiri vardı: "Tələbəyəm, mən zamanın tələbiyəm". Həmin vaxtı televiziya kanallarında bu başlıqda xüsusi veriliş hazırlanırdı. Biz də Şamxalgilə gedəndə onu evdə tək görməzdik. Yanında Baba Vəziroğlu vardı. Ümumiyyətlə, istedadlı adamlarla bir yerdə olmaq, çörək kəsmək və xeyir-şərdə iştirak etmək adama ləzzət eləyir. O vaxt Şamxalı çoxları yaxşı tanıdığına görə, hamı onunla dostluq eləmək istəyirdi. Amma mən Şamxalla məşhur olduğuna görə yox, sadəcə olaraq Rəhmanın yerlisi olduğu üçün oturub-durmaq istəyirdim. Sonra elə oldu ki, Şamxal Rüstəm Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik redaksiyasına redaktor təyin edildi. Biz də Rəhmanla onun yanına gedər, süjetlər yazar və verilişlər hazırlayardıq. Daha doğrusu, Rəhman mənim əlimdən tutub zorla ora aparardı. Hazırladığımız süjetlər efirdə səslənəndə elə bil dünyanı bizə verərdilər. Amma Rəhman buna o qədər də sevinməzdi. Çünki onun o dövrdə həddindən çox yazıları çap olunurdu. Bircə onda sevinərdi ki, qonarar alardıq. Qonararı da aparıb bizə xərcləyərdi.
   
   Bir dəfə Rəhmanla "beşmərtəbə"nin altındakı kafelərin birində nahar edirdik. Bu vaxtı tələbə dostumuz Şünasifin qardaşı gəlib çıxdı və bizim stola bir araq göndərdi. Üstəlik də "şotumuzu" verdi. Rəhmanla onda da möhkəm boğazımızı yaşladıq. Deyəsən, tay ondan sonra mən araq içməyin daşını atdım. Amma Rəhman Salmanlı maşallah, 60 yaşı olmasına baxmayarq, bu gün də möhkəm "vurur".
   
   Bir neçə gün bundan əvvəl tələbə dostum Rəhmanla onun işlədiyi "Azərbaycan" qəzetinin foyesində görüşdük. Sözarası mənə çatdırdı ki, yaxın vaxtlarda 60 yaşım tamam olur. Mən də fikirləşdim ki, 60 yaşı tamam olan Rəhman Salmanlıya nə hədiyyə verim. Axı, zarafat deyil, ən yaxın dostum 60-ı haqlayıb. Fikirləşdim ki, elə onun üçün ən yaxşı hədiyyə ürək sözlərimi qələmə alıb, yazmaqdı. Yəni mənim tanıdığım Rəhmanı bir daha Azərbaycan oxucusuna təqdim eləməkdi.
   
   Rəhman Salmanlı hələ jurnalistika fakültəsində oxuyanda böyük Əhməd Cavad yaradıcılığı ilə maraqlanırdı. O vaxtı biz Əhməd Cavadın adını eşitmişdik, amma özü haqqında elə bir bilgimiz yox idi. Hətta Rəhmanın Əhməd Cavadla bağlı sonrakı illərdə, müxtəlif qəzet və jurnallarda təhqiqat xarakterli yazılarını oxudum. Çünki o tez-tez kitabxanaya gedər və bir neçə saatdan sonra bizim yanımıza qayıdardı. Hətta şənbə-bazar günləri o kitabxanada olardı. Təbii ki, onu kitabxanaya aparan böyük Əhməd Cavad sevgisi idi. Rəhman dostumuz Əhməd Cavaddan danışardı, biz də ona diqqətlə qulaq asardıq. O qədər şirin danışardı ki, vaxtın necə gəlib keçdiyini hiss eləməzdik. Bircə onu hiss eləyərdik ki, yeni bir dünyanın işığının içindəyik. O işıq bizi götürüb aparardı düz göyün yeddinci qatına.
   
   Bizim bir fəlsəfə müəllimimiz vardı: rəhmətlik Qəmbər Əsgərov. O öz dövrünün dissidenti sayılırdı və fəlsəfə elmlər namizədi idi. Ümumiyyətlə, dünyanı başqa cür və başqa rəngdə görən adam idi Qəmbər müəllim. Bir dəfə Rəhman Qəmbər müəllimə bir məktub yazıb vermişdi. Məktubun da altında yazmışdı ki, Rəhman Həsənzadə. Sonra da Qəmbər müəllim məktubu bizə göstərib auditoriyada deyirdi ki, bu Rəhman Həsənzadənin çox gözəl fikirləri var. Özüm də məəttəl qalmışam ki, tələbə olasan və bu qədər də cəsarətin ola. Rəhman çox cəsarətli və çox istedadlı oğlandır. Qəmbər müəllim ömründə hər tələbə haqqında bu sözü deməzdi. Biz 50 nəfər idik. 50 nəfərin bir nəfəri haqqında Qəmbər müəllim bu sözü deyirdi və biz də qibtə ilə Rəhmana baxırdıq. Mən də sevinirdim ki, dostum Rəhman haqqında Qəmbər müəllim belə yüksək fikirdədir...
   
   Rəhman Salmanlı həm gözəl ailə başçısıdır, həm gözəl insandır, həm də istedadlı qələm sahibidir. O, 60 il yaşadığı ömrünü heç də elə-belə sürməyib. 60 ildən arxaya baxanda Rəhmanın qazandığı dostlar görünür, halal zəhməti görünür və bir də heç kimə bənzəməyən təmiz ürəyi görünür. Rəhman o qədər sadə, o qədər səmimi və o qədər pak bir insandır ki, indiyə kimi inanmıram ki, o kiminsə qəlbinə toxunsun. Hətta ona pislik eləyən adama da Rəhmanın yaxşılıq elədiyini görmüşəm və buna sevinmişəm. Sevinmişəm ki, mənim tələbə dostumun dünya boyda bir ürəyi var. Dünya boyda ürəkdən isə həmişə ətrafa işıq, nur və sevinc səpələnib.
   
   O jurnalistika sahəsində də özünü təsdiq edib. 40 ilə yaxındır ki, mətbuat sahəsində çalışan Rəhman Salmanlı müxtəlif janrlı yazıları ilə oxucuların qəlbinə yol tapıb. Çoxtirajlı qəzetdə işləyəndə də və bu gün dövlət qəzetində çalışanda da Rəhman öz vicdanına, qələminə və ən nəhayət oxucusuna xəyanət etməyib. Hər şeyi olduğu kimi oxucuya təqdim edib, qərəzsiz, filansız. O, indi Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində çalışır. Əvvəllər bu qəzetdə şöbə redaktoru, indi isə müxbir işləyir. Rəhmanın qələmindən çıxan hər bir yazı bişmiş, bütöv və eyni zamanda, insanların ürəyindən xəbər verən məqalələrdir. Təbii ki, peşəkar və istedadlı bir adamın qələmindən çıxan yazılar daha çox oxunaqlı və yaddaqalan olur. Rəhmanın indiyə kimi yüzlərlə müxtəlif mətbuatda yazıları, məqalələri çap olunub. O, yazıların hər birində onun ürək döyüntüsünü hiss eləmişəm. Hiss eləmişəm ki, Rəhman nə yazıbsa, nə qələmə alıbsa, hər şeyi bəzəksiz-düzəksiz və olduğu kimi oxucuya təqdim eləyib. Hər şey olduğu kimi, qərəzsiz oxucuya təqdim olunanda, onda o yazı daha təravətli və daha yaddaqalan olur.
   
   Rəhman Salmanlı bu 60 ildə təkcə jurnalistika və jurnalist sənəti ilə məşğul olmayıb. O tələbəlik illərində seçdiyi yolla addımlamağı da yaddan çıxarmayıb. Yəni böyük Əhməd Cavadla bağlı təhqiqat işlərini davam etdirib. Müxtəlif illərdə Əhməd Cavadla bağlı kitablar ərsəyə gətirib: "Sən ağlama, mən ağlaram...", "Əhməd Cavad", "Kür üstündə bir şəhər var...", "Cümhuriyyət şairi", "Əhməd Cavadın yaradıcılıq yolu". Elə "Əhməd Cavadın yaradıcılıq yolu" mövzusu da onun dissertasiya işi olub. O, bu işi müdafiə edərək filologiya elmləri namizədi adına layiq görülüb. Siz elə bilməyin ki, Rəhman bununla böyük Əhməd Cavadla bağlı işlərinə nöqtə qoyub. Əksinə Rəhman Salmanlı "Tarixi şəxsiyyətlər, 1930-37-ci illər repressiya qurbanları" mövzusunda silsilə təhqiqat xarakterli məqalələr üzərində işləyir. Bu o deməkdir ki, Rəhman Azərbaycan tarixində böyük izlər qoymuş və repressiya qurbanı olmuş şəxsiyyətlərin böyüklüyünü bir daha özlərinə qaytarmaq üçün gecə-gündüz arxivlərdə axtarış aparır. Bu işdə də qardaşımıza uğurlar arzulayırıq. Allah-Təala ona həmişə yardımçı olsun.
   
   İnsan var ki, arxada qalan illərə görə peşmançılıq hissi yaşayır. İnsan da var ki, ötən illər üçün qürur duyur və ömrünün puç olmadığını bir daha hiss eləyir. Rəhman Salmanlının arxada qalan 60 ili mübarək olsun və inanıram ki, o arxada qalan illər üçün heç vaxtı heyfsilənmir. Çünki o illərdə onun sevgisi var, məhəbbəti var, övladları var və ən nəhayət ucalığa yüksələn bir zirvə var. Qoy daha bir 60 il də Allah-Təala Rəhman Salmanlıya ömür bəxş eləsin və o ömrü də yola saldığı illər kimi gözəl yaşasın...

TƏQVİM / ARXİV