adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

NƏ YOğURDUM, NƏ YAPDIM, HAZIRCA MAAŞ TAPDIM

OQTAY SALAMOV
27958 | 2012-01-07 07:24
Yeni ilin ilk günlərini kişilərin necə keçirdiyi təxminən məlumdur. Biri bir az çox, biri bir az az, amma hamısı işə çıxanda fikirləşir ki, mən bu əziyyəti başqa işdə çəksəydim maaşım da çox olardı, hörmətim də. Amma çoxlarımız öhdəmizə düşən işin altından çıxmaq üzrə ixtiraçılıq olsaydı layiqli yerlərdən birini tuta bilərik. Bu gün heç bir iş görmədən yaxşı hörmət və yaxşı maaş almağın elmi yollarını müzakirə eləmək istəyi rəm. Qətiyyən narahat olmayın ki, indi sahibkarlar boş yerə pul verməzlər, adamı beşqat istismar eləməsələr bir qatının pulunu verməzlər və sair. Elə verirlər ki... Yazının ikinci hissəsində hər adamla dil tapmağın yollarını da elmi cəhətdən izah eləməyə çalışacam, hələlik Kolumbiya universitetinin biznes-məktəbinin professoru, idarəetmə problemləri üzrə problemlərin həlli ilə məşğul olan Erik Abraxamsonun bəzi adamların heç bir iş görmədən necə maaş almasını tədqiq elədiyini danışım......
   
   Professor öz qəhrəmanlarını "işdən yayınmanın Mikelanjoları" adlandırır. Onlar virtuozluqla öz xidməti işlərini yetirməkdən qaçırlar və bunun nəticəsində yarana biləcək xoşagəlməzlikləri çox uğurla dəf edə bilirlər. Hətta bir çox hallarda heç bir iş görmədən vəzifədə irəliləyişlərə də nail olurlar. Professorun məsləhətləri məşhur "Forbes" jurnalında dərc olunub. Ta onu deyə bilmərəm ki, bu məsləhətlər ya işdən boyun qaçıranlara çox gərək olacaq, yoxsa rəislərin öz işçilərinin cikinə-bikinə daha yaxşı bələd olmasına kömək eləyəcək. Güman eləyək ki, rəislərin pul qazanmaqdan jurnal oxumağa vaxtları olmayacaq və işçilər daha çox fayda götürəcəklər...
   
   Abraxamson işdən yayınmaqla, heç bir iş görmədən maaş almağın 10 taktiki üsulunu göstərib. Abraxamson dili yüyrək olar, tərəfindən ərz eləyim, eşidənlər sağ olsun:
   
   1. İş yerinə həmişə müxtəlif vaxtlarda gəlin.
   
   Əgər rəisiniz sizin nə vaxt ofisdə olmayacağınızı bilmirsə, ona sizə tapşırıq vermək də çətin olacaq.
   
   2. Evdən işləyin.
   
   Uzaqdan iş görmək xoşagəlməz vəzifələrdən boyun qaçırmağın ən yaxşı yollarından biridir. (Kaş mənim rəisim bu yazını oxumasın!-O.S.)
   
   3. Çalışın ki, iş masanızın arxasında az olasınız.
   
   Əgər siz ofisdə işləyirsinizsə tez-tez siqaret çəkmək adı ilə otaqdan çıxın, tualetə gedin, işnizdə çay içmək adı ilə fasilələr yaradın. Həmkarlarınızın otağına gedin. Əgər sizi yerinizdə tapmayacaqsa, deməli, rəis sizə tapşırıq da verməyəcək...
   
   4.Elə edin ki, sizin səsli poçtunuz dolu olsun.
   
   Bu elə təsəvvür yaradır ki, guya o qədər məşğulsunuz ki, hətta öz poçtunuzu da yoxlamağa vaxtınız çatmır. (Artıq bizim ofislərdə də kompüterlə işləyənlərin sayı çox olduğu üçün söhbətin nədən getdiyini hamınız bilirsiniz.)
   
   5.Çox xeyirxahlıqla nəyisə başa düşmədiyinizi nümayiş etdirin.
   
   Siz elə təəssürat yaratmalısınız ki, sizə verilən tapşırığı çox istəyirsiniz ki, yerinə yetirəsiniz, amma bunu necə eləməyi bilmirsiniz. Onda bu tapşırığı başqasına verəcəklər. (Təcrübədən keçmiş metoddur, nəyisə bildiyini bilən kimi üstünə düşürlər ki, sən bacarırsan.)
   
   6.Xüsusi tapşırıqların icra müddətini bacardığınız qədər uzadın.
   
   Əgər sizin görəcəyiniz işi başqaları bacarmırsa, onlar bunu etmək üçün hansı müddətin lazım olmağını da bilmirlər.
   
   7. Proqnozlaşdırılmış iflas metotundan istifadə edin.
   
   Nə qədər dostyana mümkündürsə şefinizə izah etməyə çalışın ki, onun sizə verməyə çalışdığı tapşırığı obyektiv səbəblərdən yerinə yetirə bilməyəcəksiniz.
   
   8. Möhkəm məşğul olduğunuz təəssüratını yaradın.
   
   Sizdən işlərinizin necə getdiyini soruşanda deyin ki, " O qədər məşğulam ki, heç tualetə getməyə də vaxtım yoxdur"...
   
    9.Başqalarının uğurlarını öz ayağınıza yazın.
   
   Bu metod əsasən akademik əhatədə, yüksək rəhbərlikdə və siyasi dairələrdə çox populyardır. Layihələrdə müşahidəçi rolunda, ya da onun işə salınmasında ancaq iştirak etdiyiniz işlərdə özünüzün rolunu gözə soxun, işin bir hissəsini öz adınıza çıxın...
   
   10. Kiber-işsizlik texnikasına sahib olun.
   
   Özünüzün elektron poçtunuzu elə proqramlaşdırın ki, siz yatan vaxt məktublarınızı ünvanlara göndərsin. Bu elə təəssürat yaradacaq ki, siz gecə-gündüz işləyirsiniz. İşdə isə kompüterin monitorunu elə nizamlamaq olar ki, müdirin yaxınlaşması zamanında istənilən klavişi basasan ki, Excel-in cədvəli görünsün, ta oynadığınız kart oyunu, ya da şou- xəbərlər ortaya çıxmasın.
   
    İndi isə kiminlə istəyirsinizsə dil tapmağın elmi yolları haqda oxuduqlarımı danışım. Bunu da alimlər sübut eləyiblər ki, elə adam yoxdur ki, ona yol tapmaq mümkün olmasın. Sadəcə olaraq, hərənin öz "açar"ını tapmaq lazımdır.
   
   Danışıqlar sənin niyyətinə çatmağının şansıdı: maaşının artırılması, layihənin keçməsi, vəzifədə irəliləməyin- bir sözlə, hər şey üçün vacib işdir. Əgər səni danışıqlara getmək perspekti gözləyirsə, təkcə mövzudan danışmaq azdır, psixoloji hazırlığın da, müxtəlif nüansları da bilməyin lazımdır. Bunlardan bəzilərini yada salıram, gərək olar:
   
   Bir dalğada. Müzakirə edilən mövzunu razılaşmaya gedəndə həmsöhbətinin marağı ilə sizin marağınızın üst-üstə düşməsini nəzərə alın. Məsələn: "Biz satışı artırmalıyıq"...
   
   Sən mənə, mən sənə. Əgər maaşınızın artırılmasını istəyirsinizsə bundan qarşınızdakının nə qazanacağını inandırmalısan. Bunun üçün özün inanmalısan və qarşındakını da inandırmalısan ki, məsələn, "Siz mənim vəzifəmi artırsanız, mən şirkətin qazancını filan qədər faiz artıra bilərəm. Bunun üçün mənim düşünülmüş planım var".
   
   "Yağlamasan- getməzsən". Adamların çoxları öz əhəmiyyətlərini yüksək qiymətləndirirlər. Amma indiki vaxtda tərif çox köhnəlmiş metoddur. İndiki ucur qazananların əksəriyyətinə tərif yağdırmaq lazım deyil, amma damarını tutmaq lazımdır. Məsələn, "mən bilirəm ki, sizin işə yanaşmağınızda həmişə yeni ideyalara, gözlənilməz, orijinal ideyalara fikir vermisiniz, ona görə də bu ideyamı məhz sizə təqdim edirəm"... Görün əriyir, yoxsa yox...
   
   "Sənə baxıram, güzgüdə özümü görürəm". Çalışın həmsöhbətinizin "güzgü"sünə çevirilə biləsiniz. Yəni onun oturuşunu, mimikasını, leksikasını, səsinin tembrini və yüksəkliyini təkrar edəsiniz. Onun özünü aparmasına da köklənmək lazım gəlir.
   
   "Rahat ol və al". Həmsöhbətinizin xoşuna gəlməyə çalışmayın. Bunun əvəzində çalışın ki, ona sizinlə danışmaq rahat olsun. Nə qədər" rahat və sərbəst şərait olsa, şansınız daha çox olar.
   
   Göz-gözə. Əgər həmsöhbətiniz aşağı və sola baxırsa, o fikrən daxili monoloq aparır. Çalışın ki, o özünün şübhələrini dilə gətirsin. Bunun üçün onu müzakirəyə dəvət etməlisən. Məsələn, " görürəm ki, özünüzlə mübahisə aparırsınız. Sizin şübhəniz varsa, əminəm ki, mən onu dağıda bilərəm.
   
   Hamıya təşəkkür. Nə qədər qarşındakına təşəkkür etsən, cavabında o da təşəkkür etməli olur. Mütləq deyir ki, "mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm". "Mənim dediklərimə fikir bildirsəniz, təşəkkür etmiş olaram". Səmimi təşəkkurlər adamlarda xeyirxah hisslər və xoş təəssürat yaradır.
   
   Nəhayət, unutma ki, əgər həmsöhbətin səninlə razılaşmayırsa, bu hələ heç nə demək deyil. Danışığın əsas prinsipi odur ki, bu çoxsaylı raundların biridir. Və sən özünə tam arxayın olasan, növbəti raundlarda qalib gələ bilərsən!
   
   Özünüz bilin, mən alimlərin dediklərini adam dilində çatdırıram, istəyirsiniz qəbul edin, istəmirsinizsə də mənim şənbə yazımın qabağına bir "quş" qoyun!..

TƏQVİM / ARXİV