Rəqsanə üçün uçan bozqab

ETİBAR CƏBRAYILOĞLU
38524 | 2012-01-07 07:24
Yeni il yaman pis başladı. Şişman Şaxta Babanın təri soyumamış, 90X60X90 vücudu olan Qar Qızın ayaqları dincəlməmiş bəd xəbər eşitdik. Bircə kəlmə söz oyuncaqlarla dolu, yamyaşıl şam ağacını gözümüzdə söndürülmüş kibrit çöpünə döndərdi. Əməliyyat stoluna uzanmaqdan bezməyən müğənni Rəqsanə elə bir bəyanat verdi ki...
   
   Növbəti dəfə plastik əməliyyat olunduqdan sonra yenicə özünə gələn Rəqsanə "Belə getsə Azərbaycanı tərk edəcəyəm"-deyincə bayram ovqatımızı əməllicə korladı. Bayram günlərində yediyimiz "Paytaxt" salatı, toyuq ləvəngisi, balıq kababı, dana basdırması gözümüzdən gəldi. Banan, kivi, alma, armud, qoz içi, fındıq ləpəsi boğazımızda ilişib qaldı.
   
   Bu da sizə Yeni il bayramı... Belə sərt bəyanatdan sonra adamda bayram ovqatımı qalar? Oxuduğu mahnılarla, verdiyi müsahibələrlə qulaqlarımıza təsir edən Rəqsanə bu açıqlaması ilə ürəyimizə dərin bir zərbə vurdu. Əslinə baxanda Rəqsanənin getməyinə bir növ öyrəncəli olmuşduq. Müğənni gah ərə gedirdi, gah Rusiyada toyda oxumağa, gah da bədəninin harasındasa əməliyyat etdirməyə. Amma ölkədən getməyi, daha doğrusu, getməyə hazırlaşması bizi şoka saldı. Ondan hər şey gözləmək olardı, təkcə bunu yox. Adam da Vətəni tərk edib gedərmi? Bəs Vətənin tozu-dumanı, xlorlu suyu, zibilli küçələri? Ürəkləri sızladan bayatısı:
   
   
   
   Əzizim Vətən yaxşı,
   
   Geyməyə kətan yaxşı.
   
   Əməliyyat üçün qərib ölkə,
   
   Maşın aşırmağa Vətən yaxşı!
   
   
   
   Hələ mən avtobuslarda, topdansatış nöqtələrində, dükan-bazarda, kafe-barlarda minlərlə fanatı demirəm. Rəqsanə, sən hər dəfə qəza törədəndə, maşını aşıranda onlar qəşş edib özlərindən gedirdilər. Onların göz yaşına heç hörmətin yoxdu? Hər dəfə sənə yağ içində bahalı xarici avtomobillər bağışlayan Koroğlu cüssəli, Babək qeyrətli sponsorlar bəs necə olacaq? Heç olmasa onlara yazığın gəlsin.
   
   Rəqsanə, xəbərin varmı, bu il Azərbaycanda "Avrovizion" musiqi yarışması keçiriləcək. Bütün dünya tökülüb Bakıya gəlir, sən isə buraları tərk etmək istəyirsən. Səni bu addımından çəkindirmək üçün nə edək? Gedib bütün sərhəd-keçid məntəqələrini bağlayaq?
   
   Öz aramızdı, Rəqsanə də az aşın duzu deyil. O da yaxşı bilir ki, fanatları onu heç yana buraxan deyil. Lazım gəlsə həqiqətən də sərhəd-keçid məntəqələrini bağlayarlar. Ona görə də Koroğlu cüssəli, Babək qeyrətli sponsorlarının köməyi ilə başqa planetlərdə yaşayan imkanlı adamlarla əlaqə saxlayıb. Onlar da növbəti əməliyyatdan təzəcə çıxan müğənni üçün boşqab göndəriblər. Yemək yeməyə yox e, uçmağa.
   
   Bu xəbərə inanmaq istəməyən oxucular özləri bilərlər. Onların da inanmaq haqqı var. Sayğı duyduğum həmin insanlara bircə sual vermək istəyirəm. Bir neçə gün öncə Azərbaycan ərazisində görünən uçan boşqabın buralarda nə işi varmış? Lütfən, deməyin ki, Yeni ildi, Şaxta Baba-filan... Şaxta Baba nə vaxtdan uçan boşqabda gəzən oldu? Erməni kəşfiyyatçılarını da bəhanə gətirməyin. Ermənilər gecə qorxudan ayaqyoluna getməyə ürək eləmirlər. Onlarda benzin od qiymətinə olduğundan heç "Təcili yardım" maşını sürə bilmirlər. Uçan boşqabı yerdən götürməyə kim cəsarət edər?
   
   Hadisə təqribən belə olub. Rəqsanə gurultulu bəyanat verərək Vətəni tərk edəcəyini deyib. Sonra görüb ki, fanatları bu xəbərdən sarsılıb yol-izi bağlamağa hazırlaşırlar. Tez Koroğlu cüssəli, Babək qeyrətli sponsorları ilə əlaqəyə girib. Ürəyinizə başqa şey gəlməsin, yəni telefon bağlantısı yaradıb. Onların da əli hara desəniz çatır. Türklər demiş, uzaylılarla məsələni anındaca həll ediblər. Bəs necə, Rəqsanəyə sponsorluq edənlərdən nə desəniz gözləmək olar.
   
   Nə isə, yadplanetlilərin uçan boşqabını sürən komandir Rəqsanəylə əlaqəyə girib. Ürəyinizə başqa şey gəlməsin. Onunla rabitə yaradıb, müğənninin şah əsərindən oxuyub. Yəni "Mən səni görmək istəsəm hara gəlim?" Rəqsanə də deyib ki, gəl Bakı şəhəri, Nərimanov rayonu, filan ünvana.
   
   Boşqabın komandiri də sürüb Bərdəyə. Niyə Bərdəyə sürdüyünü də izah edəcəm. Uçan boşqabın o gün Bərdədə gözə görünməyi təsadüfi deyil. Ümumiyyətlə, Azərbaycan elə məmləkətdi ki, buralarda təsadüfi heç nə olmur. Deməli belə, Rəqsanəni uzaqlara aparmağa gələn yadplanetli sürücü Bakıda yerə enə bilməyib. Yəqin xəbəriniz var, bir neçə gündür ki, paytaxtımızda nəqliyyatın intellektual idarə olunması sistemi işə salınıb. Yəni Bakıda avtobus sürmək üçün adamdan baş tələb olunur. Yadplanetlinin də başı bu sistemdən çıxmadığına görə boşqabı Bakı əvəzinə Bərdədə yerə endirmək istəyib.
   
   Yaxşı ki, yerli fotoqraf Arif Əhmədov yerə enmək istəyən boşqabın şəklini çəkib və Rəqsanənin Vətəndən küsüb getmək planını ertələyib.
   
   Dünəndən bütün xəbər saytlarını həyəcanla izləyirəm. Rəqsanə əvvəl verdiyi və bayramı gözümüzdən gətirdiyi bəyanatı hələ ki, geri götürməyib. Deməli, Vətəndən gedəcəyi dəqiqdi. Uçan boşqabla getmək alınmadısa yəqin sponsorları ilə başqa planları gözdən keçirir. Bu gün-sabah Neftçalada sualtı qayıq görünsə təəccüblənmərəm.
   
   Siz də təəccüblənməyin...

TƏQVİM / ARXİV