adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

AY SiZ ÖLƏSiZ...

BABƏK YUSİFOĞLU
34796 | 2012-01-07 07:24
Mən həmişə hər kəsə sübut eləməyə çalışmışam ki, dünyanın ən bəxtəvər, ən kefkom, ən varlı yaşayan xalqı özümüzük. Amma bizi gözləri götürməyən, paxıllığımızı çəkən, bəxtəvər imicimizə zərbə vurmağa çalışan avropalılar hər dəfə bunun əksini isbatlamağa çalışıblar.
   
   Özlərindən cürbəcür araşdırma mərkəzlərinin hesabatlarında qeyd edirlər ki, guya ölkəmizdə həyat səviyyəsi çox aşağıdır, insanların böyük əksəriyyəti ehtiyac içərisində yaşayır, inflyasiyadı-zaddı kəllə çarxa çıxıb, rüşvətxorluq baş alıb gedir... daha nə bilim hansı moizələr... Bütün bunların gözügötürməzlikdən yarandığını çoxumuz bilsək də etitaf edim ki, inananlarımız da az deyil.
   
   Yəqin hər kəsin yadında olar, ötən il Avropanın hansısa araşdırma mərkəzi dünyanın çirkli şəhərlərinin çirklilik reytinqini açıqlamışdı və orada gözəlimiz Bakının lap ön sıralarda yerləşdiyini göstərmişdi. Mən yüz faiz əminəm ki, həmin hesabatı təqdim edənlər bizim paytaxtımıza gəlib süləyənti itlərin sürü ilə dolaşdığını, müxtəlif yerlərdə zir-zibil təpələrini, çirkab, ötən əsrdən qalma neft bataqlıqlarını... görmədən bizi siyahının önünə çıxarıblar. Ona görə də həmin çirklilik reytinq cədvəlini girdirmə hesab edirəm.
   
   Avropalılar deyirlər ki, bizdə insanların həyat səviyyəsi aşağıdır. Mənim bu iddialara vallah, gülməyim tutur. Ə kişilər, axı bu boyda da yalan olmaz. Mən o maygülülərin ölkələrində olmamışam, amma televiziya, kinofilmlər vasitəsi ilə dəfələrlə avropalıların toy, yas mərasimlərinə baxmışam. Həzrət Abbas haqqı adamın onların yerinə xəcalətdən əti tökülür. Toyda yeməyə, yaxşı-yaxşı vurmağa heç nə tapmazsan. Olsa-olsa "buterbrod"lar, çaxır-maxır, şampan-manpan vəssəlam. Yaslarındansa heç danışmaq lazım deyil. Quru-quru qurbanın olum. Heç bir qaşıq halva da ortalığa qoymurlar. Sonra da deyirlər ki, biz avropalılar hamıdan yaxşı yaşayırıq. Ay siz öləsiz. Bir gəlin bizim toy məclislərinə baxın, şər iş qismət olmasın, yas məclislərində oturun, görün nə dəm-dəsgah var, nə vur-çatlasındı.
   
   Öz aramızdı, bizim təkcə bir-iki ortabab toyumuzda verilən yemək-içməklə, Parisi demirəm, məsələn, Marsel kimi şəhərin əhalisinə düz bir həftə yaxşı qonaqlıq vermək mümkündü. Buradakı hüzr məclislərindəki dəmdəsgaha isə onların hannan-bir restoranında rast gəlmək olmaz. İndi mən demirəm, qoy bizi pis, kasıb yaşadığımızı söyləyənlərin özləri olmayan vicdanları ilə desinlər, kim daha çox yeyib-içir, kim daha çox kef eləyir, avropalılar, yoxsa biz? Bəli, paxıllıq onları qoymur ki, bu cür həqiqətləri etiraf etsinlər.
   
   Ötən ilin sonlarında mətbuatda ("Yeni müsavat") bir hollandiyalının müsahibəsini oxudum, bərk əsəbiləşdim. Müsahibə verən bu əcnəbinin adı Pauvel Nefşatel idi. Bakıya 2011-ci ilin yayında alman ortaqlarının dəvəti ilə gəlib. Müsahibəsində bu Pauvel müəllim çox şeydən danışıb, amma mənim onlarla işim yoxdur, təkcə bir məsələdən başqa. Digər avropalılar kimi bizim varlı-hallı millət olmağımız, burada yaşamasına baxmayaraq onu da qarınağrısına salıb. O deyib ki, sizin millətin niyə velosipedə deyil, maşına üstünlük verdiyini anlamıram. "Ekoloji baxımdam, habelə insanın sağlamlığı üçün Hollandiyada bu nəqliyyat növünə geniş yer verilir. ...Sizdə isə insanlar daha böyük maşınlara maraq göstərir. Bununla həm çox yer tuturlar, həm də havanı çirkləndirirlər. Həm də mən müşahidə etmişəm ki, Bakı nəqliyyatı velosiped üçün uyğun deyil".
   
   Bu adamın öz ağzından çıxan sözlərdən məlum olur ki, bizim millətin yekə-yekə minik maşınlar sürməsi ox olub batır onların gözlərinə. Ayrı bir zöz tapa bilmir, deyir havanı çirkləndirirsiz. Nədi, hava da sizindi bəyəm? Hava çirklənir deyə, camaatımız yekə-yekə maşınlar sürməsin? Üç-dörd nəfərdən ibarət olan bir çox ailələr iki "Land Cruiser", üç "Range Rover", dörd "Lexus" alıb işlətmirsə, elədən-belə, belədən-elə şütümürsə onun nə ləzzəti? Hələ bizimkilər bu qədər bahalı, yekə maşın, 10-15 malikanə sahibi ola-ola bizə deyirsiniz ki, Azərbaycanda həyat səviyyəsi aşağıdır, indi görün bizimkilər velosiped sürsələr siz hansı zurnanı çalarsızın? Bu qalsın bir yana, heç utanıb yerə girirsiniz, bizə velosiped sürməyi təklif edirsiniz? Velosiped belə yaxşı şeydisə sizin olsun, gedin velosipedinizi sürün də. Tay gəlib burada bizimkilərin "mazqısını" niyə xarab eləyirsiniz?
   
   Özü də bu avropalıların abri yox, həyası yox. Elə bilirlər biz də eləyik. Qanmaq istəmirlər ki, bizdə velosiped sürmək ayıb iş sayılır. Şübhə etməsinlər deyə lap özümün şahidi olduğum bir hadisəni danışım onlara. Ötən il Gəncədə idim. Günlərin birində yaxın bir dostun evinə qonaq getdim. Amma qapılarının önünə çatanda mənzildən bir haray-qışqırıq, bir səs-küy eşitdim ki, az qaldım elə ordanca geri qayıdım. Elə bildim ki, dostum arvad-uşağını döyür. Çünki uşaqların səsi arvadın, arvadın səsi uşaqların səsinə qarışmışdı. Amma ya Mədəd deyib içəri keçdim. Nə görsəm yaxşıdı? Dostum, onun 11-cidə oxuyan oğlu, 10-cuda oxuyan qızı, bir də ali təhsilli arvadı - dördü də yapışıb bir velosipeddən, hərə bir yana dartır və qışqırışır. Oğlu məni görən kimi qaçdı üstümə, qəhərləndi. Dedi ki, atam məhəllədə velosiped sürmək istəyir. Əgər bunu eləsə mən gərək xəcalətimdən bayıra, dostlarımın üzünə çıxmayam. Qızı da ağlaya-ağlaya xəbərdarlıq elədi ki, "podruqalar"ımın yanında biabır olacağam. Ona görə özümü balkondan atıb öldürəcəyəm. Dostum da hirslənib, Nuh deyir, peyğəmbər demir. Nə isə, bir təhər dostumu yola gətirib faciənin qarşısını aldım. Nə isə...
   
   İndi bu avropalılar haqqı, doğrunu söyləmək istəyirlərsə qoy velosiped sürməkdən, Bakının çirkli şəhər "statusundan", əhalinin həyat səviyyəsinin aşağı olmasından və sairədən deyil, bizim necə kef-damaq içərisində yaşamağımızdan, inflyasiyasız şəraitdə, toyu demirəm, yaslarda da qarnımız cırılanadək yeməyimizdən, yekə-yekə maşınların əhatəsində yaşamağımızdan, xoşbəxtlikdən canımızın necə çıxdığından danışsınlar.

TƏQVİM / ARXİV