DiQQƏT QITLIğI

ƏBÜLFƏT MƏDƏTOĞLU
38780 | 2012-01-07 07:24
Hə, bu da təzə ilgbu da ilin ilk köşə yazısıgbu da mənim özümün ruhuma yaxın, duyğularıma qiymət verməyi bacaran fədakar oxucularımla yeni ilin ilk köşəsində görüşüm...
   
   Düzü, hardan başlayacağımı bilmirdim. Çünki ötən ilin son günündən başlayan bayram məclisləri bir az yaddaşımda, duyğularımda, bütövlükdə əhvalımda bir yorğunluq yaratmışdı. Məclislər, dost zəngləri, qohumlara etdiyim səfərlər, bir sözlə, əslində asudə olan vaxtın özünəməxsus gərginliyi hamı kimi məni də haldan salmışdı. Odur ki, mövzuma ipucu tapa bilmirdim. Allah Məzahir Əhmədoğluya kömək olsun, yaxşı çatdı dadıma. Yəni...
   
   Deməli, qəzetimizin dünənki sayında Məzahir Əhmədoğlunun müsahibəsini oxudum və bir həmkar kimi öz-özümə suallar ünvanladım, xəyala daldım. Çalışdım ki, bu müsahibədən özüm özümə də baxım və elə baxdım da. Öncə yadıma düşən çalışdığım qəzetin tarixində baş vermiş üç qəribə nüans oldu. Yəni "Ədalət" qəzetinin 21 illik yaşı ərzində qəzetin öz səhifəsində üç töhmət çap olunub və hər üç töhmət də mənə verilib!!!???
   
   Təbii ki, mən bu qərarlara qarşı çıxmamışam və düşünmüşəm ki, zaman özü aydınlıq gətirər. Şükürlər olsun ki, gətirib də! Bax, elə həmin o məqmaları xatırladığım anda üzümə bir təbəssüm qondu. Çünki çox hörmətli həmkarım, hörmətli Məzahir Əhmədoğlu öz müsahibəsində mənə həyatımda ilk dəfə qəzet səhifəsindən yazılı surətdə təşəkkür, minnətdarlıq ünvanlayıb. İnanın ki, bu mənim üçün çəkisi, ölçüsü, dəyəri hesablanmayan mükafatdı. Zarafat deyil, türk qardaşlarımız demiş, Xoca Məzahir mənim zəhmətimi dəyərləndirib və bu da ilin ilk günündə, ilk nömrəsində qəzet səhifəsinə çıxıb. Mən bunu təsadüf saymıram. Ona görə ki, bilgisayar yazarımız sevimli Gülər xanım ötən ilin sonunda Əjdaha ilinin bürclərini oxuyanda mənə bildirdi ki, Qaban ilində doğulan oğlaqları bu il uğur gözləyir. Bax, bu da uğurun əvvəli, necə deyərlər, fakt təsdiqini tapdı. İlk uğuru, ilk müvəffəqiyyəti Məzahir müəllim rəsmi şəkildə mənim üçün elan etdi. İndi kimin hünəri var, çıxsın mənim qarşıma. Bundan sonra özümün uğurlarımı artırmasam, günah mənim özümdə olacaq. Hər halda, xeyir-duamı almışam və bu xeyir-duaya görə də Məzahir müəllimə öz ehtiramımı çatdırıram. İnşallah, onun diqqətinə layiq olmağa çalışacam və bir də çalışacam ki, həmin o diqqətlə yazdığım yazının əsas xəttinə çevrilsin. Axı indi insanlar həqiqətən diqqət ehtiyacı, diqqət aclığı çəkirlər.
   
   Diqqət demişkən, yadıma bir vaxtlar yazdığım və uzun illər bundan öncə çap olunmuş şeir düşdü. Həmin şeirdə vurğulamışdım ki:
   
   
   
   mənim istədiyim adi bir diqqət
   
   onu əsirgəmə, onu kəm etmə...
   
   
   
   Hə, bu gün istənilən sahədə, istənilən vəzifədə çalışan Azərbaycan insanı bir diqqətin acıdı. Çünki ona göstərilən diqqət əlavə güc, həvəs və istedadını açıb ortaya qoymaq imkanını verir. Belə bir imkan insanı həm də yaşatmaqla yanaşı, onun iç dünyasını da açıb ortaya qoyur. Kənardan bu insanı təkcə seyr etmək yox, həm də oxumaq mümkün olur. İnanmırsınızsa, tanıdığınız, başını aşağı salıb öz işi ilə məşğul olan birisinə heç bir ironiyasız, tam səmimiyyətlə təşəkkür edin, gördüyü işin mahiyyətini, gərəkliliyini, xüsusilə, onun keyfiyyətini təqdir edin. Bax, onda özünüz də hiss edəcəksiniz ki, diqqət yetirdiyiniz insan necə işıqlanır, necə yavaş-yavaş gül kimi açılır. Deməli, hamının, hər kəsin diqqətə ehtiyacı var. Sadəcə, onu görmək və duymaq lazımdı. Bir də diqqət məsələsində xəsis
   
   likdən qaçın. Bilin ki, xəsislik, gözü götürməməzlik, laqeydlik diqqətin ən birinci düşmənidi. İnanın ki, bütün məsələlərin, hətta sevginin də kökündə diqqət dayanır. Əgər sevdiyin insana diqqət yetirməsən, onun saç düzümündən tutmuş geyimində etdiyi dəyişikliyə qədər hər hansı bir yeniliyi nəzərdən qaçırdınızsa, o mütləq səndən inciyəcək. Axı sən hər şeyi görüb qiymətləndirməlisən və bilməlisən ki, o sənin üçün bəzənibdi. Belə olanda sevgi adiləşmir...belə olanda diqqət sevgini bir az da möhtəşəm edir. Yəqin ki, mənimlə razılaşarsınız. Axı sizlərin də arasında kifayət qədər həyat təcrübəsi olan adamlar var.
   
   Bir vaxtlar mən elə bilirdim ki, insan təkcə öz işi ilə məşğul olmalıdı, ona diqqət ayırsalar da, ayırmasalar da. Amma görünür yaş öz sözünü deyir və mən də 50-ni keçmiş insanlardan biri kimi düşünürəm ki, mənim diqqət payım niyə yaddan çıxmalı, unudulmalı, dilə gəlməməlidi. Nə olsun ki, mən qeyri-adi heç nə etmirəm. Amma bütövlükdə nə isə edirəm axı... Elə Məzahir müəllimin ayırdığı diqqət məhz həmin o, yaşımın bu çağında umduğumun, istədiyimin sanki cavabı oldu. Deməli, hələ yaşamağa dəyər. Özü də Məzahir müəllimin vurğuladığı kimi, sevə-sevə, sevgi ilə yaşamaq lazımdı. Elə bir sevgiylə ki, o, ömrü uzatsın, o, ruhuna, duyğularına yeni qol-qanad versin və sən öz dünyanın mütləq hakiminə çevriləsən. Bax, orda diqqət də səninlə olacaq, elə diqqət umduqların da. Çünki sən öz şəhərində öz sevdiklərinlə birlikdə olacaqsan. Şeirdə dediyim kimi:
   
   
   
   bir şəhərdə yaşadıq
   
   bir şəhərin
   
   eyni küçəsindən keçdik
   
   hər gün -
   
   səhər, axşam...
   
   bir şəhərdə yaşadıq
   
   bir şəhərin
   
   eyni küçəsindəki
   
   müxtəlif mənzillərdə
   
   döyünən
   
   iki ürəkdən keçirdik
   
   hər gün -
   
   səhər, axşam
   
   bizə qan kimi qarışan
   
   sevgini...
   
   indi
   
   nə bu şəhərin
   
   nə onun bir küçəsinin
   
   nə də axşam-səhərinin
   
   tutumu tab gətirmir
   
   hər gün
   
   aşıb - daşan
   
   sevgimizə...
   
   gəl əvvəl
   
   küçə qataq küçəmizə
   
   sonra
   
   şəhər qataq şəhərimizə
   
   axşam qataq axşamımıza
   
   səhəri səhərimizə
   
   ürəyimizi isə
   
   razılaş,
   
   gözmuncuğu edək
   
   sevgimizə!..
   
   
   
   ***
   
   
   
   Əslinə baxanda indi dünyada sirr qalmayıb. Hətta heç olan sirlərin 40 gün də ömrü olmur. Əgər xatırlayırsınızsa, atalar məşhur bir deyimində oğurluqla, nəyin qırx gün ömrü olduğunu söyləmişdi. İndiki sürət əsri, xüsusilə mobil telefonlar və internet dünyanın istənilən nöqtəsində aşkar edilən sirri dərhal hər kəsə çatdırır. Hətta sirr sahibi özünə gəlməmiş onun sirrini dünya danışır. Şərhlər verilir, münasibətlər dilə gətirilir.
   
   Bax, elə Azərbaycan adlanan bu məmləkətin istənilən nöqtəsində də indi aylarla, illərlə üzünü görməyib səsini eşitmədiyin dost-tanışınla rahatca danışmaq, əlaqə saxlamaq, hal-əhval tutmaq mümkündü. Bunu deməkdə məqsədim odur ki, böyük dünyanın bir parçası olan Azərbaycanda da daha sirlər çoxdan sirr olmaqdan çıxıbdı. İndi deyilənə görə, dodaqların tərpənişindən ürəyi oxuyan insanların da sayı artıb. Yəni bu elmin adı nədisə, çox sürətlə inkişaf edir. Bu sürətlə davam eləsə, yəqin ki, gur səslə danışmağa da ehtiyac qalmayacaq. Doğrudu, bizdə avtobusda, küçədə mobil telefonla çəpərdən qonşunu çağıran birsinin səs tonunda danışanlar hələ kifayət qədər var. Yəqin özünüz də müşahidə etmisiniz. Marşrut avtobusunda arxa sırada oturan elə gur səslə danışır ki, hətta sürücü də onun söhbətini rahatca dinləyir. O cümlədən küçə meydanlarımızda da belədi. Xüsusilə cavanlar bu məsələdə ön yerlərdən birini tuturlar.
   
   Düşünürəm ki, bax elə bu danışıq tonu da, bu telefondan istifadə etmək mədəniyyəti də həmin o elmin inkişafı sahəsində nəhayət ki, öz axarına düşəcək və bizim bir-birimizi həzin, pıçıltılı bir səslə, hörmət və diqqətlə salamlayacağımız, həmsöhbət olacağımız günlər tezliklə həyatımıza qədəm qoyacaq. Axı, insan ümidlə, inamla yaşayır. Bax, elə mən illərlə içimdə gəzdirdiyim həmin o diqqət ümidimə axır ki, həmkarımın sayəsində qovuşa bildim. Əgər mən qovuşa bilmişəmsə, hamının bu şansı qaçılmazdı.
   
   Yeri gəlmişkən, mən bu fikirdəyəm ki, ümidsiz olmaq heç vaxt insana uğur gətirə bilməz. Mütləq ümidli olmaq və mütləq özünü daxilən hazırlamaq yolunu tutmalısan, özü də hər şeyə hazırlaşmalısan. Məsələn, mən xatırlayıram ki, gənclik illərində dostlarla, tanışlarla görüşə gedəndə öncədən atüstü də olsa hazırlıq işləri görürdüm. Təbii ki, qonaq qarşılayanda da. Bax, elə sevgidə də, sevgi görüşünə üz tutanda da hazırlıqlı olmaq lazımdı. Axı sən təkcə özün üçün yox, onun üçün də hazırlıqlı olmalısan. O sənə qiymət verəcək, sənin təlaşını, duyğularını duyub, hiss edib onu özünə ya yaxın buraxacaq və yaxud da yarıyolda dayandıracaq. Yəni hazırlıqlı olmaq hər halda işin yarısı deməkdir. Elə bu şeirdə dediyim kimi:
   
   
   
   mən özümü
   
   görüşünə hazırladım -
   
   əvvəl üst-başımla,
   
   sonra
   
   tez-tez baxdığım
   
   saatla,
   
   nəhayət
   
   deyəcəyim
   
   ilk sözlə...
   
   vəd edəcəyim
   
   həyatla
   
   hətta,
   
   ölümün də belə
   
   bizi ruhən
   
   ayıra bilməyəcəyi
   
   inadla...
   
   bütün bu
   
   ev hazırlığı
   
   və görüş öncəsi
   
   keçirdiyim təlaş
   
   sən görüşə
   
   gəlmədin deyə-
   
   sevginin mənə
   
   açdığı
   
   ilk savaş oldu...
   
   savaş...
   
   hə,
   
   bərk durmaq,
   
   öyrənmək,
   
   alışmaq
   
   gərəkli anda
   
   vuruşmaq da
   
   lazımdır.
   
   sadəcə,
   
   səbrlə
   
   yavaş-yavaş...
   
   və bir də
   
   dözüm göstərmək
   
   gərək-
   
   qovuşmaq üçün!
   
   
   
   ***
   
   
   
   İndi bilgisayara diktə etdiyim düşüncələrimin, duyğularımın məndə yaratdığı ovqatı ifadə etməyə gücüm çatmır. Çünki ilin ilk köşə yazısını çox ruh yüksəkliyi ilə başlamışam. Və bu ruh yüksəkliyi də məni az qala eyforiya həddinə çatdırıb. Özüm özümdən bir məmnunluq duyuram, bir məmnunluq hissi yaşayıram. Mənə elə gəlir ki, indi qəzetimizin bütün oxucuları məndən danışır, mənimlə bağlı söylənilmiş fikrin xoş ovqatını yaşayır. Zarafat deyil, adətən mənim ən çox köşə yazılarım oxucularımın yaddaşında qalıb. Yəqin ki, onlar da hörmətli həmkarım Vəsilə xanım Usubova demiş, daha çox sevgidən yazdığıma görə, mənə dəyər verirlər. Axı indi dünyanın sevgiləri azalmaqla yanaşı, həm də alabəzək olubdu. Baş açmaq olmur, sevgi hansıdı, alabəzəklik nədi, sevən kimdi, sevilən kimdi. Hətta müəyyən qrup yaranıb ki, onlar öz azlıqlarına, öz "azadlıqlarına" dövlətdən təminat da istəyirlər. Bax, belə bir vaxtda duyğulu, ruha yaxın sevgilərə doğrudan da ehtiyac var. Özü də bu ehtiyac əvvəldə dediyim kimi, məqsədli yox, insani diqqətin təqdimatında olanda adama xüsusi zövq verir.
   
   Mən də həmin o payıma düşən sevginin, ünvanıma yönəlmiş diqqətin yaratdığı ovqata köklənib elə sevgi ilə bağlı misralarla fikrimə nöqtə qoymaq istəyirəm. Çünki sevgini yazmaqdan çox, yaşamaq daha gözəldir, daha uğurlu qərardı.
   
   
   
   hər şeyi yaddaşımdan
   
   silib, atmaq istədim.
   
   rəngləri bir-birinə
   
   alıb, qatmaq istədim...
   
   
   
   
   
   içimdən gəlib keçdi
   
   vallah, bir də doğulmaq!
   
   həminki təlaş ilə-
   
   əllərinə toxunmaq...
   
   
   
   ağ vərəqdə ilk nöqtə
   
   ilk təmas adın olsun!
   
   mənə qoynunu açan
   
   yenə, o qadın olsun...
   
   
   
   Hə, bu da ilin ilk köşəsi. Xoş ovqatla başlayıb, xoş arzuyla sonuna gəlib çatdım. Çox istərdim ki, bu xoş ovqat və xoş sonluq il boyu bizimlə olsun, hamımızla - bizi istəyənlərlə də, istəməyənlərlə də.

TƏQVİM / ARXİV