adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BƏS, MƏNiM ÖMRüM?!.

VƏSİLƏ USUBOVA
25978 | 2012-01-07 07:24
Dünyanın ovqatı mənim ürəyimə bağlıdı. Necə oluramsa, hansı haldan-hala düşürəmsə, dünya da həmin şəkildə cavab verir duyğularıma. Mən güləndə o da gülür, ağlayanda buludları küləklərin qanadında özünü yetirir, bir qırpıb, min yerdən damcılar tökür torpağın qoynuna. Bu, elə uşaqlıqdan belədi. Uşaq oyunları oynardı bizimlə bu qoca nəhəng. Özünü elə aparırdı ki, guya bizimlə yaşıddı, elə bizim birimizdi. Biz də inanardıq ona. Atılıb-düşərdik, gizlənpaç oynayardıq. Oyunlarımızı həyat bilərdik, həqiqət bilərdik. Anlamazdıq ki, əsl gizlənpaçlar hələ daldadı. Dünya özünü gizlədirmiş bizdən. Başımıza açacağı oyunları gizli saxlayırmış, için-için gülürmüş bizə...g
   
   Mən sevəndə qoynu sevgilərlə doldu dünyanın. Mənə belə gəldi, yoxsa, aldadırdı məni?! Niyə heç nə anlatmadı mənə?! Niyə "hər eşqin sonunda göz yaşı olduğunu" qulağıma pıçıldamadı?! Heç demədi ki, min illərdi görürəm bu sevgilərin vəfasını, etibarını?! Demədi... Qəsdi-qərəzi nəydi dünyanın, anlaya bilmədim...
   
   Məndən qabaq nazlandı sevənlərim peyda olanda. Elə bil ilk dəfəydi eşqin varlığını duyurdu. Şeytan kimi qəlbimə girib inandırırdı ki, həmişə belə olacaq. Ömrünün sonunacan səninlə qalacaq bu duyğular. Son anda da gözlərində aparacaqsan onu...
   
   Son andan çox-çox qabaq gəldi sevginin sonu...
   
   Ayrılıqlar param-parça elədi ömrümüzü...
   
   Mən unudulanda da özünü şərik göstərdi. Dağı, meşəsi, daşı-qayası sızıldadı, şimşəkləri çaxdı, buludları guruldadı... Xeyri nəydi?!... Olan olmuşdu...
   
   Əbədilik istəyəndə üzü döndü, sifətini bozartdı. Bütövlük axtaranda tikə-tikə elədi ürəyimi. Sevdiyim hər kəsin, hər şeyin yanımda olmasını arzulayanda güldü düşüncələrimə. Səhv eləmişdim bu yerdə. Fani dünya əbədiyyət sevdalarına gülüb həmişə. Həmişəlik, biryolluq bağlanmaq istədim ona. Rədd elədi məni. "Mümkün olmayanı istəmə məndən" dedi. Yaxşı ki, bu yerdə səmimi oldu, xislətini boynuna aldı. Yoxsa, elə bilirdim dilə tutub aldada biləcəm onu...
   
   Yer üzündə nə qədər insan yaşayırsa, elə o qədər də sifəti olurmuş dünyanın...
   
   Hər kəsə bir cür göstərirmiş özünü. Şirin satırmış, istədirmiş özünü...
   
   
   
   ***
   
   
   
   Yenə zaman bir qəlpə də qopartdı ömrümüzdən. Əlimizdən heç nə gəlmədi. Yaxşı vərdişimiz var. Özümüzü də, bir-birimizi də aldadırıq. Bilə-bilə ki, yola saldığımız 365 gündən bizə heç nə qalmadı, elə hey nələrisə uydururuq. Ötən ildə bizdən nələrsə qaldı, özümüzlə nə götürdük, bunu demək üçün illüziyaları kənarlaşdırmağımız gərəkdi. Ancaq başqalarıyçın gördüyümüzdən danışa bilərik. Bacı-qardaşa, qohum-əqrabaya, oğula, qıza, nəvələrə əlimizdən nə gəldisə, elədik. Öyünə-öyünə, zövq ala-ala. Hamıya olmasa da, çoxlarına gərək olduq. Düşündükcə rahatlandıq, elə bildik ki, nə vaxtsa, ehtiyacımız olanda onlar da bizə gərək olacaqlar. Amma nahaq yerə özümüzü aldadırıq. Bizdən gedən getdi, bir də özümüzə qayıtmayacaq. Əldən uçan quş geri qayıtmayan kimi...
   
   Hər işi bacarırıq, öz ömrümüzü yaşamaqdan savayı...
   
   Yuxarıda saydıqlarımın hamısı yaxşıdı. İnsanlıqdı. Amma qarşılığını görsən. Bax, adam əsl zövqü onda yaşayır: elədiklərinin əvəzi qarşına çıxanda. Bu isə hər bəxtəvərə qismət olmur...
   
   Çox zaman bunu bizim boynumuza qoyurlar. Bütün alqışların kökündə bir fikir dayanır: Allah sənə ömür versin, nəvələrini də bir yerə çıxarasan. Hələ nəvələri də. Övladlardan çəkdiyimiz yetməzmiş kimi. Bəs, onda övladların, nəvələrin nə iş görəcəklər?! Yəqin, onlar da öz övladları, nəvələri üçün çalışmalıdılar. Yenə də eyni məzmun. Heç kəs öz ömrünü yaşamasın, vəssəlam...
   
   Arada özündən muğayat olmağı, özünü qorumağı eşitdirənlər də olur. Amma sözgəlişi. Elə ki, başlayırsan özünü qorumağa, özündən muğayat olmağa, qınaqlar, iradlar başlanır. Hərə bir söz deyir, sən də çaşıb qalırsan, bilmirsən haqlı kimdi, haqsız kim, yalan hansıdı, doğru hansı. İstəyirsən, üsyan edib deyəsən ki, axı, mən də bir can yiyəsiyəm. Tanrı mənə də bir ömür əmanət edib, bir insan həyatı bağışlayıb. Qoyun, imkan verin, mən də öz ömrümü yaşayım. Məni bu dünyaya göndərən boynuma vəzifələr qoyub, bəlkə nə vaxtsa hesabını soran olacaq. Ən azından özüm-özümə hesabat verməliyəm, axı. Neylədim, necə yaşadım, Nə gördüm, nə götürdüm. Gəlişimlə qoca dünyada nə artdı, dəyişdi, gedişimlə nə azalacaq?! İmkan verin, heç olmasa, bu dünyanın gözəlliklərini gözlərimə doldurum, sevgilərindən pay götürüm. Mənim başqalarıyçın yaşadığım qədər onlar da mənimçin yaşasınlar. Məni sevsinlər, qorusunlar, qiymət versinlər. Öz gözümdən düşməyə, ucuzlaşmağa qoymasınlar...
   
   Sevgimi o qədər paylamışam ki, ürəyim boşalıb. Hərənizdən bir qətrə görsəm, təzədən dolub-daşaram. Əvəz istəmirəm. Mənimlə olmasa da, heç olmasa, bir-birinizlə paylaşın sevgilərinizi. Mütləq mənə də pay düşəcək. Qəlbimin umacağı sevgi olub həmişə. Sevgi olsa, hər şey olacaq, demişəm. Hamıya və hər kəsə, haqq etdiyi qədər, ehtiyacı olduğu qədər sevgi payı verməyə gücümüz yetər, elə bilirəm...
   
   
   
   ***
   
   
   
   Əjdaha ili başlandı. Bilmirəm, nə zamansa yer üzündə əjdahalar olub, ya yox, bildiyim odur ki, bu mifik sürünən, uçağan həmişə nəyinsə qabağını kəsib, insanları ən zəruri şeylərdən məhrum edib. Nağıl qəhrəmanı onun bir başını vuranda yerinə üçü, beşi çıxıb. Yəqin ki, çoxlarına görəsə, uğurlu illərdən biri olacaq. Mənimsə, bir istəyim var. İstər min başı olsun, sevgilərimizin, maraqlarımızın qabağını kəsə bilməsin.
   
   Sevgimiz olsa, gözəl-gözəl işlərə meylimiz olsa, özümüz əjdahadan da güclü olacağıq bu ildə...

TƏQVİM / ARXİV