adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ƏJDAHA iLiNDƏ

BABƏK YUSİFOĞLU
36615 | 2011-12-31 07:06
Məlumdur ki, bütün dünyada, bütün xalqlar yaşadıqları ili başa vurub yenisini qarşılayan ərəfədə onları qədəm qoyduqları il nələrin gözlədiyi ilə maraqlanırlar. Bu həmişə belə olub. Hətta proqnozlara inanmayanlar da heç olmasa il başlanğıcında qoroskoplarla maraqlanırlar. Biz də bunları nəzərə alıb Qara Əjdaha ili üçün oxucularımıza dünyanın heç bir qoroskopunda rast gələ, oxuya bilməyəcəkləri proqnozları təqdim edirik. İnanmaq istəyənlər inansınlar, istəməyənlərsə özləri bilər...
   
   QOÇ
   
   
   
   Qoç bürcündən olan insanlar üçün 2012-ci il "bomba" bir il olacaq. Arzuladıqları işə sahib olacaqlar. Və özlərinin nəyə qadir olduqlarını göstərmək üçün yaxşı şans qazanacaqlar. Ulduzlar onu da söyləyir ki, əgər Qoçlar tələskənliklərini bir kənara ata bilsələr özləri üçün planlaşdırdıqları hər şeyi əldə edəcəklər. Əgər ağ paltoları varsa, əmin olsunlar ki, bu ulduzların da xoşuna gəlir. Bürclər bildirir ki, Qoçlar çəkilərinə də diqqət etməlidirlər. Köklər kökəlib daha da gombullaşa, nərmənaziklər isə bir az da arıqlayıb çöpə dönə bilərlər.
   
   
   
   BUĞA
   
   
   
   Buğalar qəti narahat olmasınlar. Ötən illə müqayisədə işləri əməlli-başlı "xod" gedəcək. Nəyin qulpundan tutsalar qaldırıb qoyacaqlar istədikləri yerə. Müəllim işləyən Buğaların "stavkaları" artacaq, şagirdləri bayram günlərində hədiyyələrini sözsüz-söhbətsiz gətirəcəklər. Amma gərək onlar da vaxtıyla onlara müəllimlik edənləri yaddan çıxarmasınlar. Biznesmen Buğaların gəlirləri xeyli artacaq. "Jeep" almağı planlaşdıran biznesmen Buğalar bu fikirdən daşınsınlar, çünki "Jeep" onlara Qara Əjdaha ilində düşərli olmaya bilər. Onlar "Mersedes", "Leksus"a üstünlük versələr yaxşı olar. Sevgi-məhəbbət məsələlərində isə Buğalar bir az dilxorçuluq yaşayacaqlar. Amma 2012-ci ildə isə onlar iynəyə, dərmana çox az pul xərcləyəcəklər.
   
   
   
   ƏKİZLƏR
   
   
   
   Bu bürcün altında doğulanlar gərək bir qədər səbrli və ehtiyatlı olsunlar. Zorla gəlib onları tapan "sporlar"dan qəti uzaq dursunlar, çünki başları cəncələ girə bilər. Su pulu yığmağa gələn adamlara sübut etməyə çalışmasınlar ki, onların kompüterində yazılan borc girdirmədir. Çünki ulduzlar göstərir ki, Əkizlər onsuz da bunu sübut etməyi bacarmayacaqlar. Bundan başqa, Əkizlər 2012-ci ildə borc almaqdan çəkinsinlər. Ona görə ki, borc aldıqları şəxslər onları aləmdə biabır edə bilər. Amma bu bürcün altında doğulanlar elə bilməsin ki, Qara Əjdaha bu gedişlə onların axırına çıxmaq istəyir. Əsla. Avqusta qədər ayları yola versələr, onları ilin sonunadək vur-çatlasın gözləyir. Yəni başlayan tərsliklər sona çatacaq, işlər yoluna düşəcək. Yetər ki, Əkizlər hər yerdə ağzına gələni danışmasın.
   
   
   
   XƏRÇƏNG
   
   
   
   Xərçənglər Əjdaha ilə bir qədər ehtiyatlı olmalıdırlar. Risqli maliyyə işlərinə girməməlidirlər. Kreditə götürdükləri ev əşyalarında problem yaşaya bilərlər. Ulduzların düzümü ondan xəbər verir ki, Xərçənglər "JEK"də danışacaqlar. Belə zamanlar səbrli olsunlar. 2012-ci ildə səhhətlərinə diqqət etsinlər. Çünki girdirmə ərzaqlar, korlanmış hava onların sağlamlığında problem yaradacaq. Həkimlərin tövsiyələrini təxirə salmasınlar. Xərçənglər əslində işlədikləri yerdə də ehtiyatlı olmalıdırlar. Ehtiyatlı olmasalar işləri ilə vidalaşacaqlar. Ondan sonra vəziyyətləri "gəl keçini çaydan keçir" olacaq.
   
   
   
   ŞİR
   
   
   
   Bu bürcün altında dünyaya gələnlər gərək gözlərinin altına alsınlar ki, Əjdahanın onlardan xoşu gəlmir. Yəni "iki qoçun başı bir qazanda qaynamaz" məsələsi. Ulduzların düzümü göstərir ki, Şirlər 2012-ci ildə ehtiyatlı olmalıdırlar. Pul haqq-hesabında. Onlar heç kimə nə pul, nə də maşın etibar etməlidirlər. Çalışsınlar ki, borc da verməsinlər. Əgər ulduzların söylədiklərinə əməl etməsələr hansı qohumluq, hansı yaxınlıqdan asılı olmayaraq adamlar onlara "atacaq". Özü də "Krupnı" atacaq. Elçi göndərmək istəyən oğlan Şirlər bu il gözləsinlər. Çünki elçi getdiklər qızların ya xalaları, ya da bibiləri problem yarada bilərlər. Bundan başqa, ulduzlar Şirlərə tövsiyə edir ki, hər gün qatıq yesinlər. Çünki onları qida zəhərlənmələri gözləyir.
   
   
   
   QIZ
   
   
   
   Qiz bürcününü insanları üçün bu il miyanə keçəcək. Əjdaha Qızlarla ehtiyatlı davrandığı üçün təhlükəli bir şey gözlənilmir. Qızlrın iş yerində vəzifələri yüksələcək. Adi işçilər şöbə müdiri olacaqlar. Vəzifəyə keçən Qız qaqdınlar mütləq vəzifələrinin şirinliyini yaxınlarına verməlidir. Xüsusilə bacılarının həyat yoldaşlarına heç olmasa bir diş fırçası almalı, onlara başqa bəhanələr gətirməməlidirlər. Ulduzların düzümü onu da görstərir ki, Qızlar günəbaxan "çemiçkası"ndan uzaq durmalıdırlar. Yoxsa ön dişləri onlar üçün problemlər yaradacaq. Bu bürcün altında dünyaya gələnlər vaxtıyla şuba satdıqları qadınlarla qarşılaşmaqdan çəkinsinlər. Əks halda həmin şəxslər Qızlardan o cür şubadan birini də istəyəcəklər. Söhbətin alınmayacağı təqdirdə isə qırğın gözlənilir. Ümumiyyətlə 2012-ci ili onlar üçün uğurlu hesab etmək olacaq.
   
   
   
   TƏRƏZİ
   
   
   
   Tərəzilərin işi 2012-ci ildə "fantan" olacaq. (Amma iştahları itilənməsin, söhbət neft fantanından getmir). Bu il ürəklərində tutduqları niyyətlərin əksəriyyətinə çatacaqlar. Ulduzlar yazı-pozu ilə məşğul olanların qonararının artıb-artmayacağını göstərməsələr də oxucularının çoxalacağından xəbər verir. Kişi Tərəzilər Polad Ələmdarın düşməni olan İskəndər "Böyük"ün danışıq tonunda danışmasalar uğurları birə-beş artacaq. Bu bürcün insanları nərd oyununa daha çox diqqət ayırmalıdrlar. Bundan başqa, Tərəzilər onlara "tutovka" söz verib gətirməyənlərdən inciməsin. Çünki onların Əbülfət adlı dostları varsa, ürəklərini buz kimi saxlasınlar, 2012-ci ildə həmin payı onlardan artıqlaması ilə alacaqlar. Ümumiyyətlə, Tərəzilər üçün il uğurlu keçəcək.
   
   
   
   ƏQRƏB
   
   
   
   Əqrəblər də ilin tən yarısınadək Əjdahadan ehtiyatlı olmalıdırlar. Özlərini elə aparmalıdırlar ki, kənardan onlara paxıllıq eləməsinlər. Qazandıqlarını bir qədər gizlətməyə çalışsınlar. Ulduzlar məsləhət görürlər ki, yaxşı olar ki, kişi Əqrəblər ya ciblərinə göz muncuğu (göz muncuğu Türkiyənin olmasa yaxşıdır. Çünki onlar göz muncuğundan çox "iqruşka"ya oxşayır), ya da qoyun qığı qoysunlar. Qadın cinsindən olan Əqrəblər isə sumkalarında at nalı gəzdirməlidirlər. Ulduzlar məsləhət görür ki, bu bürc altında doğulanlar qəti biznes-filan haqq-hesabına girişməsinlər. Yoxsa uduzarlar. Bir də səhhətlərindən ehtiyatlı olsunlar.
   
   
   
   OXATAN
   
   
   
   Ulduzların düzülüşü xəbər verir ki, bu il onlar üçün yaxşı başlayacaq. Amma bundan ötrü gərək onlar yaxşı ox atmağı öyrənsinlər. Avqust ayınadək subay Oxatanlar nişan, toy məsələlərini təxirə salsalar əla olar. Çünki bu canıyanmış Əjdaha o vaxtadək onların belə işlərinə maneçilik törədə bilər. Amma sonra hər şey yaxşı olacaq. Ulduzlar xəbərdarlıq edir ki, mənzillərindəki elektrik sayğacını çırpışdıra bilərlər. Ona görə də sayğaca bir "siqnalizasiya" qoysalar peşimançılıq yaşamazlar.
   
   
   
   OĞLAQ
   
   
   
   Bu bürc altında doğulanların işləri öz qaydasında gedəcək. Onlar qarşılarına qoyduqları işlərin əksəriyyətini həyata keçirəcəklər. Borc verdikləri adamların borclarını qaytaracaqlarından əllərini üzsələr yaxşı olar. Qadın Oğlaqlar güllərinə qayğını bir az da artırsalar bu onların səhhətlərinə müsbət təsir edəcək. Su məsələləri ilə bağlı narahatçılıqlarını bir kənara qoymaları məsləhətdir. Əks təqdirdə əsəbləri korlana bilər. Ulduzalar göstərir ki, onlar 2012-də təzə əl telefonuna sahib olacaqlar. Və o telefon oğlaqlara uğur gətirəcək. Oğlaq kişilərin işləri "bomba" kimi getməyə başlayacaq. Yazı-pozu adamı olan Oğlaqların yaradıcılıqları göylərdə gəzəcək.
   
   
   
   DOLÇA
   
   
   
   Dolçalar üçün 2012-ci il yaxşı keçəcək. Ulduzlar göstərir ki, bu il onlar övladlarının uğurlarına sevinəcəklər. Yaşlı Oğlaqlar nəfəs aldıqları nəvələri ilə telefonda tez-tez danışacaqlar. Onlardan "Ay sağ ol, öyrətmişəm, bilirsən" sözlərindən də qiymətli sözlər eşidəcəklər. Yaz Dolçalar üçün həddən artıq uğurlu olacaq, onlar özlərini xoşbəxt sayacaqlar. Adətən qanazlığı və əsəb xəstəliyindən şikayətlənən Dolçalar 2012-ci ildə bu amildən uzaq olacaqlar. Qızıl payız ömürlərinə xüsusi yazılacaq.
   
   
   
   BALIQLAR
   
   
   
   Balıqlar üçün Əjdaha ilinin gəlməsi düşərli olacaq. Onlar nail olmaq istədiklərinə doğru önəmli addımlar atmış olacaqlar. Yayda yaxın yerlərə səyahətlərə çıxacaqlar. Səhhətlərinə diqqət etsələr onları narahat edən çatışmazlıqları tezliklə aradan qaldıracaqlar. Magistrturaya girmək istəyən gənc Balıqlar uğur qazanacaqlar. Bu il onlar üçün yaxşı iş yeri də görünür. Yetər ki, onlar həvəsdən düşməsinlər. "Nə isə" sözünü işlətmək əvəzinə "oldu" "olacaq" sözlərini öyrənsinlər. 2011-ci ildəki fiziki zəiflik, soyuqdəymə və mədə pozuntusu kimi çatışmazlıqlar bu bürcdən olanları narahat edə bilər.

TƏQVİM / ARXİV