adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

2011: iLiN ƏDƏBi MƏNZƏRƏSi

VAQİF YUSİFLİ
36325 | 2011-12-31 07:06
2011-ci il də sona yetir. İki gündən sonra 2012-ci ili qarşılayacağıq. Bu il istər dünyada, istərsə də bizim məmləkətdə çox olaylar baş verdi. Mürəkkəb ictimai-siyasi hadisələr-Qərbdə, Şərqdə, Avropada, Amerikada, Asiyada, Afrikada mənzərə dəyişmədi. Yenə havadan, sudan, torpaqdan, fəzadan qan qoxusu gəldi, siyasət dalğası, müharibə təhlükəsi dünyanı dolaşmağa başladı. Təbii fəlakətlər, sellər, daşqınlar, zəlzələlər də bir yandan. Yenə Dağlıq Qarabağ məsələsi həll olunmadı, yurddaşlarımız BMT-nin, ATƏT-in "sülh danışıqlarına" ümidlə boylandılar.
   
   Amma həyat davam edir.
   
   2011-ci il Azərbaycan xalqı üçün uğurlu günlər, aylar da oldu. Siyasətdə, iqtisadiyyatda, diplomatiya aləmində irəliləyişlər baş verdi. Artıq dünya Azərbaycan səsini eşidir, onun şaqq işinin mahiyyətini anlamağa başlayır. Ancaq biganəlik buzu hələ əriməmişdir.
   
   Böyük Hüseyn Cavidin bir misrasını xatırlayıram: "Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!". Mədəniyyətimiz, onun bir sahəsi olan ədəbiyyatımız öz yoluna davam edir, dünyanı diplomatiyasız, siyasətsiz dolaşmağa başlayır.
   
   2011-ci ili Azərbaycan ədəbiyyatının parlaq qələbələr ili adlandıra bilməsək də, hər halda, bəzi uğurların, irəliləyişlərin, ədəbi sevinclərin şahidi olduq.
   
   Yeni era və yeni əsr artıq birinci onilliyini başa vurmuşdur.Ədəbiyyatda yetmiş ildən artıq hökm sürən "sosializm realizmi" erası artıq tarixə qovuşdu. Həmin yetmiş ildə Azərbaycan ədəbiyyatının itkiləri çox oldu, amma ədəbiyyat öz milli-mənəvi dəyərlərini və keyfiyyətlərini qoruya bildi. Xalq yazıçısı Elçin Əfəndiyevin "Sosrealizm bizə nə verdi" tənqidi-publisistik traktatında ədəbiyyatımızın sosializm realizm dövrü konmeptual şəkildə təhlil hədəfinə çevrilmişdir.
   
   Bəli, yeni bir ədəbiyyat yaranmaqdadır. Çünki bunu zaman tələb edir. Zaman isə çox mürəkkəb və qarışıqdır. M.Ə.Sabirin bu misralarını xatırlayıram: "Qarışıqdır hələlik millətin istedadı, Ələnirsə safı bir yanlıq, tozu bir yanlıq olur". Vaxtilə zəif, bəsit, çiy əsərlərini çap etdirə bilməyən "səftər əmioğlular" indi cild-cild kitablar nəşr etdirir, bu azmış kimi radioda, televiziyada, mətbuatda da hökmranlıq edirlər. Kimə lazımdır içində bircə poetik misra olmayan bu şeir kitabları, romanlar, pyeslər? Təbii ki, bunlar yenə M.Ə.Sabirin dediyi kimi "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur" taleyini yaşayacaqlar.
   
   O zaman gəlin, əsl ədəbiyyatdan söhbət açaq.
   
   2011-ci ildə müasir poeziyamızda, nəsrimiz və dramaturgiyamızda maraqlı, oxucu qəlbinə yol tapan, sözün əsl mənasında həqiqi ədəbi nümunələr az olmamışdır. "Azərbaycan" jurnalı bu mənada yaxşı bir göstəricidir. Bir il ərzində jurnalda dərc edilən poeziya nümunələri sübut edir ki, poeziya yenə də ədəbiyyatın aparıcı janrı olaraq qalır. Jurnalın bu ilki sayında oxucular müxtəlif ədəbi nəsillərin şeir dünyası ilə tanışlıq əldə etmişlər.
   
   Müasir şeir mədəniyyəti, obrazlı ifadə üsulu, bədii təsvir vasitələrinin yaratdığı poetik gözəlliklər, forma və məzmun vəhdəti bu şeirlərin bir çoxuna xas olan ümdə xüsusiyyətlərdir. Doğrudur, indi şeir çox yazılır və çox dərc edilir, lakin əsl şeirlə nəfəs alan oxucunu aldatmaq mümkün deyil. Özü də şeirdə müxtəlif üslubi cərəyanların, meyl və tendensiyaların əksi ilə qarşılaşanda oxucu üçün nəyi seçmək, nəyi sevmək məsələsi də gündəmdə durur. O, ənənəvi şeiri də sevir, yeni, müasir şeiri də. Təki ortada onun bədii-estetik zövqünü təmin edən şeir olsun. Bu baxımdan Məmməd İsmayılın, Musa Yaqubun, Firuzə Məmmədlinin, Çingiz Əlioğlunun,Oqtay Rzanın, Ağasəfanın 2011-ci il şeirləri diqqəti xüsusilə cəlb edir. Onlar ədəbiyyatımızın yaşlı nəslinə mənsubdurlar, amma sözləri hələ bitməyib. Necə deyərlər, şair ömrünün payızını yaşayırlar. Dünyanın gərdişiylə bağlı, ömür-gün yollarının və həyatın sıxıntıları ilə bağlı nostalji duyğular onların şeirlərinə də yol tapıb. Amma bunlar da yaşanılan hisslərdir.İstəyirəm Firuzə Məmmədlinin "Nostalji" şeirini misal gətirim:
   
   
   
   Hər anın öz gözəlliyi var idi,
   
   Çəməndə düz gözəlliyi var idi.
   
   Dinənin söz gözəlliyi var idi,
   
   Könül açan, göz oxşayan zamandı.
   
   
   
   Zərli tacdı Ayda Günəş haləsi,
   
   Yal-yamacın yanaqdaydı laləsi.
   
   Bərq vururdu ləçəklərin jaləsi,
   
   Mizrab tutub saz oxşayan zamandı.
   
   
   
   Sevdalıydı başımızın havası,
   
   Səsimizdə -bülbüllərin avazı.
   
   Gözlərimiz-ilk məhəbbət yuvası,
   
   Ömrümüzü yaz oxşayan zamandı.
   
   
   
   Əlbəttə, bu bircə nümunə heç də onu sübut eləmir ki, yaşlı şairlərimiz ancaq nostalji şeirlər yazırlar. Onların nostalji şeirləri də dövranla, zamanla, həyatın bu mürəkkəb təzadları ilə bağlıdır və zamanın keşməkeşli mənzərəsi bu şairlərin yaradıcılığında daha qabarıq nəzərə çarpır.
   
   Öncə qeyd etdim ki, poeziyamızda müxtəlif üslubi meyllər mövcuddur, bir-birindən fərqli yazı maneraları diqqəti cəlb edir. Qəşəm Nəcəfzadə, Vaqif Bəhmənli, Rəsmiyyə Sabir, Əlizadə Nuri, Ağacəfər Həsənli,Sabir Sarvan, Rəfail Tağızadə, Ramiz Qusarçaylı, Gülnarə Cəmaləddin, Ramiz Qusarçaylf, İbrahim İlyaslı, Adil Cəmil, Nisə Bəyim, Bilal Alarlı, Məcnun Göyçəli, Zirəddin Qafarlı, Məlahət Qaramuradlı, Avdı Qoşqar, Nazir Rüstəm, Dəyanət Osmanlı, Balayar Sadiq, Zahid Sarıtorpaq, Səhər, Ayişə, Barat Vüsal, Əbülfət Mədətoğlu... bu şairlərin heç biri bir-birinə bənzəmir, hərəsinin fərdi deyim tərzi var.Poeziyamızı zənginləşdirən, onu yeknəsəklikdən, şablon ifadə tərzindən xilas eləyən də elə fərdi üslubların müxtəlifliyidir. Mən iki şairin-Vaqif Bəhmənlinin və Ağacəfər Həsənlinin bir şair kimi poetik inkişafını görürəm, onlar yaradıcılıqlarının deyərdim ki, ən gözəl çağlarını yaşayırlar. Bu il "altmışıncılar" nəslinə mənsub olan Camal Yusifzadə, Tofiq Abdin, Ələkbər Salahzadə 70 yaşına qədəm qoydular. Onların son dövrdə yazdığı şeirlər də sübut edir ki, tonqalın alovu hələ sönməyib. Bu il Xalq şairimiz Nəriman Həsənzadə isə 80 yaşını qeyd etdi. Onun yeni şeirlərini oxuyanlar elə güman edirlər ki, Nəriman müəllim üçün yaş həddi yoxdur, özü qocalsa da, şeiri cavandır, hər dəfə təzə, təravətli söz deyə bilir.
   
   Şair üçün hansı mövzuda yazmasının nə fərqi,-deyirik. Təki ortada şeir olsun! Amma bir mövzu var ki, onu gərək unutmayaq. O da Qarabağ mövzusudur. Bu mövzuda yazılan şeirlərin bir çoxunda isə ötən illərə nisbətən təəssüf ki, ürəkdən tikan qoparan nümunələr o qədər də çox deyil.
   
   Poeziyada lirika aparıcı xətti təşkil edir. Öncə dedik: şeir çox yazılır, amma poema janrı sanki unudulub. "Azərbaycan" jurnalında, eləcə də, digər ədəbi dərgilərdə poema qıtlığı hiss olunur.
   
   Poeziya ilə müqayisədə nəsrimizdə vəziyyət o qədər də ürəkaçan olmayıb. Maraqlıdır ki, roman janrına meyl artdığı halda, bu janrda yalnız bir-iki nümunənin adını adını çəkə bilərik. Aqil Abbasın "Allahı qatil edənlər" və Kamal Abdullanın "Unutmağa kimsə yox" əsərləri mənim fikrimcə, ilin uğurlu romanlarıdır. Aqil Abbasın romanı gerçəkliyin, müasir həyatımızın reallıqlarını əks etdirir, bu əsərdə təsvir olunan hadisələrin heç biri uydurma deyil. Həm də bədiyyatla publisistikanın uğurlu sintezini hiss edirik bu romanda. Məqsəd Nurun "Şəhər meri", Kamil Əfsəroğlunun "Daşlı qala", Aslan Quliyevin "Yaşıl təpələrin üstündəki buludlar", Nurəddin Ədiloğlunun "Qara sarmaşıq" romanları da bu ilin ədəbi məhsullarıdır. Əlbəttə bu müəlliflərin hər biri istedadlıdır. Və hər birinin özünəməxsus dəsti-xətti vardır. Ancaq mənim fikrimcə, Kamil də, Məqsəd də, Nurəddin də, Aslan da hələ əsl romanlarını yazmayıblar.
   
   Maraqlıdır ki, cavan yazarlar arasında da roman yazmağa bir təşnəlik əmələ gəlib. Cavid Zeynallının "Günəşi gözləyənlər", Sevinc Pərvanənin "Şəhər", Vüsal Qurunun "Eybəcərlər adası", Pərvizin "Yad dildə", Aqşin Yeniseyin "Göləqarğısancan", Əli Əkbərin "Anneziya", Seymur Baycanın "Quqark" romanları bunu bir daha sübut edir ki, cavanlar ROMAN deyilən sirli qapıdan içəri girməyə özlərində cəsarət tapmışlar. Təbii ki, onların bir çoxu roman poetikasına yaxşı bələd deyillər, amma hesab edək ki, bu əsərlər həmin cavanların ilk "roman məşqi"dir.
   
   Dramaturgiyada isə müəlliflərin say azlığına artıq neçə illərdir adət etmişik. Ancaq bu azsaylı müəlliflər (Elçin Əfəndiyev, Əli Əmirli, Afaq Məsud, Firuz Mustafa) görkəmli dramaturqumuz İlyas Əfəndiyevin yoxluğunu unutdurmağa çalışırlar. Elçin Əfəndiyevin bir çox pyesləri neçə illərdir xarici ölkələrin səhnələrində də müvəffəqiyyətlə tamaşaya qoyulur. Əli Əmirli, Afaq Məsud isə milli teatrlarımızın repertuar qıtlığını aradan qaldırmaqdadırlar. Amma adlarını çəkdiyim bu dramaturqların arxasınca gələn azdır.
   
   Bu il bədii publisistikanın da bir çox dəyərli nümunələri yaranıb. Anarın,Teyyub Qurbanın, Nahid Hacızadənin, İradə Tuncayın,Əlövsət Bəşirlinin, İntiqam Mehdizadənin, Rəşad Məcidin, Südabə Ağabalayevanın, Məzahir Əhmədoğlunun,Faiq Qismətoğlunun, Oqtay Salamovun ayrı-ayrı kitabları, qəzetlərdə çap olunan məqalələri maraqla oxunan yazılardandır. Bu yazılar göstərir ki, bədii publisistikamız yeni bir mərhələyə qədəm qoymaqdadır.
   
   Bəs ədəbi tənqid? Mən neçə ədəbi məclisdə belə bir fikirlə qarşılaşıram: "Ədəbi tənqid yox dərəcəsindədir". Əlbəttə, bu fikirlə razılaşmıram. Ona görə yox ki, mən tənqidçiyəm və istər-istəməz bu cəbhənin adamı olduğum üçün müdafiəçi mövqeyindəyəm. Ona görə ki, həmin fikri söyləyənlər yəqin mətbuatı oxumurlar. Doğrudur, professional tənqidçilərin sayı çox azdır, hətta deyərdim ki, barmaqla sayılacaq qədər. Ancaq bu tənqidçilər (Əsəd Cahangir, Aydın Talıbzadə, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Nərgiz Cabbarlı, Qurban Bayramov, Bəsti Əlibəyli, İradə Musayeva, Elnarə Akimova və bu sətirlərin müəllifi) mümkün qədər ədəbi prosesdə baş verən hadisələri, nəsrin, poeziyanın axtarışlarını əks etdirməyə çalışırlar. Təbii ki, tənqidin görə bildiyi işlərlə yanaşı, görə bilmədikləri də var. Ancaq buna görə "tənqid yoxdur" demək insafsızlıqdır.
   
   2011-ci ildə vəfat edən, ömrünü başa vuran yazıçılarımız da oldu. Allah onların ruhunu şad eləsin. Amma bir yazıçının-Rafiq Tağının faciəli şəkildə terror qurbanı olması hamımızın ürəyini ağrıtdı.Rafiq Tağının kəskin publisistik yazıları bir yana, onun -"Azərbaycanın Çexovunun" itkisi doğrudan da fəciədir.
   
   Mən 2011-ci ilin ədəbi mənzərəsini mümkün qədər, tənqidçi-oxucu zövqü ilə canlandırmağa çalışdım. Təbii ki, demədiyim sözlər də oldu.
   
   Ədəbiyyatımız haqqında ümumi fikrim isə nikbindir. Gözəl əsərlərin yazılacağına ümidim qədər...

TƏQVİM / ARXİV