adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyun 2015 15:07
3792
MƏMLƏKƏT
A- A+

“KİA Motors Azərbaycan”dan etiraz

"Kia Motors Az" MMC "Parabank" ASC-nin "Nəsimi" filialında pul vəsaitinin saxlanması və dövriyyəsinə dair dərc edilmiş məqaləylə bağlı açıqlama yayıb. Açıqlamada sözügedən müəssisə yazılanlara etiraz edir. 

Adalet.az xəbər verir ki, açıqlamada 2015-ci il iyunun 22-də bir sıra internet saytlarında "Parabank" ASC və "Kia Motors Az" MMC barəsində həqiqətə uyğun olmayan məlumatların yayıldığı qeyd olunub. 

"Bu səbəbdən "Kia Motors Az" MMC qeyd edir ki, "Kia Motors Az" MMC-nin "Parabank" ASC-nin "Nəsimi" filialında uzun illərdir ki, bank hesabı var. Hesab üzrə müqaviləyə əsasən, pul vəsaitinin yığılması, saxlanması və dövriyyəsi qanuni əsaslarla təmin edilir. Məqalədə istinad edilən cinayət işi üzrə istintaq məhz "Kia Motors Az" MMC-nin təşəbbüsü ilə davam etdirilir. "Kia Motors Az" MMC bu işdə zərərçəkmiş qismində tanınıb. MMC-nin haqqında yazılmış məqalə qərəzli və böhtan xarakterlidir, təhrif olunmuş məlumatlara əsaslanır. 

Qeyd edilən cinayət işində törətdiyi cinayət əməlinə görə həbs olunan şəxs var. İstintaq davam etdiyinə görə, hər hansısa geniş məlumatların verilməsi məqsədəuyğun deyil” – deyə məlumatda bildirilib. Bakıda bankda maliyyə fırıldağının üzə çıxması ilə bağlı yazılarla əlaqədar "Parabank” da açıqlama yayıb. Bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov qeyd edib ki, "Bakıda inanılmaz bank fırıldağı – "Parabank”la "KİA”nın gizlətdiyi 40 milyon, intihar, həbs…” başlığı altında məlumatda göstərilir ki ,"KİA Motors AZ” MMC-yə məxsus olmuş 40 milyon manata yaxın vəsait "Parabank” ASC-nin "Nəsimi” filialında uçota alınmadan vergidən gizlədilib və bankla bu MMC həmin pulların qanunsuz dövriyyəsilə məşğul olub, bu yolla çirkli pulları leqallaşdırılıb. 

R.Hüseynov bildirib ki, "KİA Motors AZ” MMC-nin "Parabank” ASC-nin "Nəsimi” filialında bank hesabı var: "KİA Motors AZ” MMC ilə "Parabank” ASC-nin arasında bağlanmış inkassasiya və pul vəsaitin saxlanc müqaviləsinə əsasən "KİA Motors” özünə məxsus pul vəsaitini obyektlərdən toplayıb bankın filialında yerləşdirib və əldə edilmiş pul vəsaitinə, bank hesablarından göründüyü kimi, özü sərəncam verib. "Parabank” ASC-də yüzlərlə belə hüquqi şəxsin bank hesabları var və onlar apardığı əməliyyatlara görə vergi orqanı qarşısında hesabat verirlər. Hesablarda aparılan əməliyyatlara bank müdaxilə etməyə haqlı deyil və qanunla onları məxfi saxlamağa borcludur. 

Sonra yazıda göstərilir ki, bank guya "KİA Motors AZ” MMC-yə məxsus pul vəsaitini bunkerdə qanunsuz saxlayıb və bu fakt sistemli yoxlamada aşkar edilib. Əvvəla, yuxarıda qeyd edildiyi kimi, "Banklar haqqında” Qanuna və Mülki Məcəllənin müvafiq normalarına uyğun olaraq tərəflərin arasında bağlanmış saxlanc müqaviləsinə əsasən bu və ya digər müştəriyə aid pul vəsaiti bunkerdə saxlanılır. İkincisi, bu faktın yoxlanılmasına zərurət olmayıb və istənilən məlumatları bank qanunla müəyyən edilmiş qaydada istintaq orqanına təqdim edib”.