Köhnə ilin təzə söhbətləri

ETİBAR CƏBRAYILOĞLU
41995 | 2011-12-31 07:06
Köhnə illə vidalaşmağın zamanı gəlib çatdı. Deməli həm də hesabat vermək olar. Hesabat deyəndə ki, yazı-pozu adamının nəyi var? Uzaqbaşı 5-6 vergülümüz, 2-3 nida işarəmiz əskik gələcək. Allaha şükür apostrofu çoxdan ləğv ediblər.
   
   Ənənəmizə sadiq qalıb yola salmağa hazırlaşdığımız, qaçaraq gəlib, qaçaraq gedən 2011-ci ildə "Ədalət"in səhifələrində həmsöhbət seçdiyimiz insanları qiyabi olaraq yenə bir araya gətirdik. Köhnə ilin təzə qalan söhbətlərini bir də yada salmağa çalışdıq.
   
   İlk söz 2011-ci ildə 70 yaşını qeyd edən dəyərli dostumuz, şair-publisist, qəzetimizin yazarı Tofiq Abdinindi. Yubileyini az qala il boyu dost-tanışla "yuyan" Tofiq abini eşitmək həmişə maraqlıdı:
   
   "Mənim hərəkətlərimə, özümü aparmağıma, geyim tərzimə baxanlar təbii ki, 70 yaşımla bağlı hələ çox sual verəcəklər. Sənə maraqlı bir fikir deyim. Türkiyənin keçmiş prezidenti Kenan Evren bir zamanlar deyib niyə Allahın yadına salım ki, hələ də sağam. Yaşa dolduqca hamımızda bir Səməd Vurğun xofu yaranır. Çünki insanlar 50 yaşlı Səməd Vurğunu 70-80 yaşlı qoca kimi görüblər. Bu yaşda belə görünməyimi qəhrəmanlıq-filan da hesab eləmirəm. Bu gün əgər İsa İsmayılzadə sağ olsaydı, heç o da 70 yaşlı adam kimi görünməzdi. Son vaxtlar kəşf etmişəm ki, mən boyda, nəm-nişanda olanların çoxu elə yaşlarından cavan təsiri bağışlayır. Məmməd Əlilini, Qılman İlkini, Gülhüseyn Hüseynoğlunu göz önünə gətir və özün nəticə çıxar. Səmimi deyim ki, nə qədər əlləşirəm, yenə də yaşlı görünə bilmirəm. İçimdə qəribə bir uşaqlıq, gənclik havası var. Həmin hava məni qoymur ki, ailədə, işdə, cəmiyyət içində özümü 70 yaşlı adam kimi hiss edim. Amma onu da başa düşürəm ki, 70 yaş qəribə bir mərhələdi. Ondan bir də olmayacaq".
   
   
   
   Tofiq Abdinin vurğuladığı ovqatdan söhbət düşmüşkən, yadımdadı, yola saldığımız ildə "Ulduz" jurnalının baş redaktor müavini Qulu Ağsəslə hava haqqında söhbət etmişdik. Söhbətimizin bu yerində Qulu Ağsəsin havasına köklənməyin ayrı ləzzəti var: "Şəxsən mənim üçün fəslin, havanın heç bir önəmi yoxdu. Əsas odur ki, Günəşi görüm. Günəşi görməyəndə özümü pis hiss edirəm. Hərdən Günəş çıxmayanda istəyirəm ona bir təqvim alıb göndərəm ki, baxıb işini görsün. Məndə hansısa bir fəsilə, havaya köklənib yazmaq söhbəti yoxdu. Yazın gəlişi məni bir insan olaraq sevindirə bilər. Yəni şükür ki, bu yaza da salamat çıxdıq. Lakin yaz havası yox, yazı havası mənim üçün daha vacibdi. Yazı havası isə şairi hər yerdə- yolda da, çimərlikdə də, toyda da, yasda da tuta bilər. Bəziləri deyir ki, payız fəsli şairi düşündürən fəsildi. Belə söhbətləri eşidəndə gülməyim gəlir. İndi mən neyləməliyəm, düşünmək üçün oturub doqquz ay payızın gəlişini gözləməliyəm? Mənə elə gəlir ki, insan, xüsusilə də yazı adamı həmişə düşünməlidi. Düşündüklərinin ən yaxşısını yazıya gətirməyi bacarmalıdı və yazdıqlarının ən yaxşısını çap etdirməlidi. Şəxsən mən yazı məsələsində çox qəddaram, orta və ya aşağı həddi qəbul etmirəm. Yazı yazıramsa onun ən yaxşısını yazmalıyam.
   
   Vaxtı ilə məndə elə ovqat olub ki, yazın gəlişinə silsilə şeirlər yazmışam və ya yay gələndə zoğallığın kölgəsinə çəkilib başlamışam silsilə şeirlər yazmağa. Görünür o zaman oxuduqlarım məni aldadıb. Amma indi oxuduqlarım məni aldada bilmir. Çünki indi mən artıq oxucu yox, həm də yazıçıyam".
   
   
   
   Ustad jurnalist Şakir Yaqubov olan yerdə yazı-pozu adamlarının işi bir az çətinləşir. 2011-ci ildə 60 yaşın hesabatını verən Şakir müəllimə jurnalist və yazı bəyəndirmək zor işdi. Yaxşısı budu sözü ustada verək: "Jurnalist kimi məni sevindirən yazıya nadir hallarda rast gəlirəm. Müəllifin baxışı mənim baxışımdan fərqli ola bilər, bu baxışı mən qəbul etməyə bilərəm. Amma həmin baxışda qeyd olunan fakt hökmən reallığı əks etdirməlidir. Bu gün qəzetdə Amerika siyasətindən yazı yazan adam Bil Klintonla Hillari Klintonu ayıra bilmir. Bir neçə ay öncə televiziya kanallarının birində media qurumuna rəhbərlik edən şəxslərdən biri açıq-açığına dedi ki, məni əsas operativlik maraqlandırır. Hadisəni törədənin Əhmədov və ya Məmmədov olması o qədər də önəmli deyil. Məsələyə bu cür yanaşma dəhşətdi! Mənim düşüncəmə görə, jurnalistikada iki mühüm detal var-fakt və onun yozumu. Bunlardan biri olmayanda ötüşmək olur. Hər ikisinin bir yerdə olması isə artıq klassikadır.
   
   Mən heç vaxt özümü böyük jurnalist saymamışam. Amma özümü böyük qəzetçi hesab edirəm. Qəzetçi olan şəxs yazmağı, redaktə və tərcümə etməyi, tərtibatı yaxşı bilməlidi. Ədəbiyyatdan, tarixdən, bugünkü siyasi proseslərdən xəbərdar olmalıdı. Qəzetçiyə lazım olan keyfiyyətlərin 90 faizi məndə var".
   
   
   
   Gül kimi söhbətimizə gül kimi xanım-Nərgiz Cəlilova müdaxilə edir. Diqqətli oxucuların yadındadırsa Nərgiz xanımla elə gül haqqında söhbət etmişdik: "Məni tanıyanlar bilir ki, xoş rəftar, mehriban insanam. Ətrafdakı insanlarda xoş aura yarada bilirəm. Hər halda ünsiyyət qurduğum insanlardan bu münasibəti əsirgəmirəm.
   
   Bu gün güldən danışırıq. Bəzən dekorativ gülləri təbii güldən ayırmaq olmur. Bəzi insanlar da belədi. Gülüşləri də, oturuşları-duruşları da, üz cizgiləri də, bəzəyi də sünidi. Bəlkə elə ona görə də bu gün təbii gözəllər azalıb. Bu gün efirimizdə də gül görünmür. Teleməkandakı qarmaqarışıqlıqda nadir hallarda yaxşı verilişə rast gəlmək mümkündü. Bir gül ilə isə bahar olmur. Efirin bu duruma düşməsi heç də təsadüfi deyil. Peşəkarlar, illərini bu işə sərf edən insanlar televiziyalardan qaçaq salınıb".
   
   Əməkdar incəsənət xadimi, sənətşünas, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin deyəsən iş-güc sarıdan bəxti gətirib. Özü də həmişə etiraf edir ki, heç vaxt iş, vəzifə axtarışında olmayıb: "Heç vaxt filan ildə bu işi görəcəyəm deyə bir planım olmayıb. Çünki həyatımı planlar üzərində qurmamışam. Musiqili Komediya Teatrına direktor təyin olunarkən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsində uzun illər birgə çalışan iş yoldaşlarım mənim üçün hədiyyə olaraq kiçik bir klip hazırlamışdılar. Klipə maraqlı bir ad da fikirləşmişdilər- "Mən iş axtarmıram, iş özü məni tapır". Bu, həqiqətən də həyatımı əhatə edən devizdi. Məni həmişə işə dəvət ediblər. Öz növbəmdə çalışmışam ki, bacarığımı ortaya qoymaqla göstərilən etimadı doğruldum. Hər halda elə bilirəm ki, buna nail olmuşam. Düzdü, özümdən tam razı deyiləm, narazı qaldığım çox şeylər var. Amma ötən 55 ildə böyük sapıntılara yol verməmişəm. Taleyə, alın yazısına inanan insanam. Sevinirəm ki, Tanrı mənim üçün məhz belə bir ömür yolu yazıb".
   
   
   
   İstedadlı yazıçı-tərcüməçi Vaqif Əlixanlının bir neçə kinossenarisinin bəxti gətirməyib. Ömər Xəyyamın həyatından bəhs edən "Əkmə qəm ağacı"nı çəkmək sözün əsl mənasında düyünə düşüb. Şah İsmayıl Xətainin həyatından bəhs edəcək film də hansı maraqlarınsa qurbanı olub: "Şah İsmayıl Xətai haqqında yazdığım kinossenarinin də bəxti gətirmədi. Filmi Şeyx Əbdül Mahmudbəyov çəkməli idi. Şah İsmayılın uşaqlıq dövrünü Mövlud Süleymanlı, şahlıq dövrünü isə mən yazırdım. Nəsə oldu, film çəkilmədi.
   
   "Oğlum, qardaşım əcəl" adlı kinossenarimi də ekranlaşdırmadılar. Baxmayaraq ki, Mədəniyyət və Turizm Nazirliyində 20 kinossenari arasında "Oğlum, qardaşım əcəl" bəyənilmişdi. Dedilər ki, əla ssenaridi, lakin onu çəkmək üçün xüsusi rejissor tapmaq lazımdı. Digər bir ssenarim şərq detektivi ilə bağlı idi. Rejissorla hər bir məsələdə anlaşmışdıq. Sonda fikirlərimiz üst-üstə düşmədi. Nə isə, hələ ki, dözürəm. Görək nə olur... Belə getsə "Çəkilməyən kinossenarilər" adlı kitab çap etdirəcəyəm".
   
   İşinin peşəkarı, tanınmış kinorejissor, xalq artisti Oqtay Mirqasımovu isə bir neçə problem ciddi narahat edir: "Təəssüf ki, bu gün bəziləri öz zəngin həyatları ilə sanki insanlara acıq verir, toyda, yasda yarışa çıxırlar.
   
    Toyda bahalı müğənnilərin paradını keçirmək, yas mərasimlərində adi ehsan əvəzinə az qala ziyafət vermək, bahalı avtomobillərdə ora-bura şütümək əslində həmin adamın zənginliyini yox, qüsurunu göstərir. Belə hallar zənginliyin deyil, görməmişliyin göstəricisidi. Görünür belə insanların tərbiyəsində, təhsilində, imanında qüsurlar var. Mən dünyanın çox ölkəsini gəzmişəm, bu günlərdə Almaniyada idim. 15 gün orda oldum, amma cəmi 1 "Hammer" markalı avtomobil gördüm.
   
   Təhsilimizin də səviyyəsi məni narahat edir. Bu barədə də düşünməliyik. Orta məktəbi bitirib ali məktəblərə daxil olan gənclərimizi cəmiyyətə xeyir verən bilən bir insan kimi hazırlamaq üçün xeyli əziyyət çəkməli oluruq. Bəzən tələbələr elə açıq-saçıq geyinib dərsə gəlirlər ki... Mən belə tələbələri auditoriyadan çıxardıram. Çünki üzr istəyirəm, soyunub müəllimin qarşısında oturan tələbə təkcə özünə yox, həmin pedaqoqa da hörmətsizlik edir. Savadsızlıq və görməmişlik bizi uçuruma aparır".
   
   Milli filmlərimizə həmişə maraqla baxırıq. Dünyanın ən mötəbər kino festivallarında səsimiz gur eşidilməsə də, gələcəyə inamımızı itirmirik. Bizim filmlərimizin də nə zamansa "Oskar" alacağı günlər olacaq. Həmin günün gələcəyini gözləyənə kimi əlimizi əlimizin üstünə qoyub oturası deyilik ki... "Azərbaycanfilm" kinostudiyasında yeni filmlər çəkilir. Aqil Abbasın "Dolu" romanı əsasında çəkilən eyni adlı filmin çəkilişləri də ötən ilə təsadüf etdi. Filmin ikinci rejissoru və səhiyyə nazirinin müavini rolunu oynayan Əliqulu Səmədov 2011-ci ildə əməkdar artist fəxri adına layiq görüldü: "Fəxri adı adama yalnız ona görə vermirlər ki, sevinsin. Həm də ona görə verirlər ki, işinə daha da məsuliyyətlə yanaşsın. Cənab nazirdən fəxri adın vəsiqəsini alanda dedim ki, Azərbaycan kinosuna xidmət edirəm.
   
   Aqil Abbasın "Dolu" romanı ədəbi mühitdə hadisəyə çevrilən və ədəbi dəyərini alan əsərdi. İnanıram ki, "Dolu" filmi də uğurlu alınacaq. Bütün yaradıcı qrup bu uğura köklənib. Son illər milli kinomuzda belə film çəkilməyib. İnşallah ekrana çıxanda tamaşaçılar görəcək ki, bizim kinostudiyada necə filmlər çəkmək olar".
   
   "Dolu"dan söhbət düşmüşkən, söhbətin bu yerində Pələng gəlir. "Dolu"nun əsas obrazlarından birini filmdə canlandıran Elvin Əhmədov kinoda debüt edəcək: "Mən filmin quruluşçu rejissoru Elxan Cəfərovun görmək istədiyi Pələng obrazını oynamağa çalışmışam. Mənə elə gəlir ki, Elxan müəllimin görmək istədiyi Pələng elə mənim ürəyimdəki Pələngə oxşayır. Bu baxımdan Elxan Cəfərovla istəklərimiz üst-üstə düşür.
   
   Pələng "Dolu"nun üç əsas qəhrəmanlarından biridi. O, hamıya, hətta Drakona da yaxşılıq etmək istəyir və sonda Drakonu ölümdən qurtarır. Pələng heç bir canlını öldürmək istəmir. Yalnız evinin üstünə gələn, evini dağıdan dəmiri-tankı vurur. İnanıram ki, "Dolu" baxımlı, yaddaqalan bir ekran əsəri olacaq. Bunun əksini heç ağlımdan belə keçirə bilmirəm".
   
   Akademik Milli Dram Teatrının gənc və istedadlı aktrisası Şəlalə Şahvələdqızı isə artıq bir neçə filmdə çəkilib. İndi dəbdə olan seriala dəvət almaq məsələsinə də pis baxmır: "Burda qəribə nə var ki? Birincisi, bu mənim sənətimdi, ikincisi də sırf qonorara görə seriala çəkilirəm. Aktyor, aktrisa dolanışıq üzündən reklama da çəkilir, seriala da. Teatrdan 207 manat maaş alıram və tələbə yataqxanasında qalıram. Səncə bu normal həyatdı? Bu qədər az maaşla, ağır məişət şəraiti ilə necə yaradıcılığa köklənim? Bilirəm ki, bu vəziyyəti yaxşılığa dəyişmək teatr rəhbərliyinin imkanları daxilində deyil. Teatr rəhbərliyinin gücü çatsaydı, çoxdan bu problem həll olunmuşdu. Bu problemlə məşğul olan digər rəsmi qurumlar var. Onların isə heç nə veclərinə deyil".
   
   Bu söhbətlər yola salmağa hazırlaşdığımız 2011-ci ildə olmuşdu. Qoy problemlər də ötən ildə qalsın. Uğur üçün isə hər bir ilin qapıları açıqdı!

TƏQVİM / ARXİV