adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

MƏN DEYiRƏM Ki...

OQTAY SALAMOV
24219 | 2011-12-31 07:06
Deyəsən 2011-ci ilin son yazısını yazmaq mənə də qismət olur.Bir ilin sonuna çatdıq, mübarəkdir... Adətən müqəddəs yerlərdə, pirlərdə ürəyindəki arzularını dilinə gətirirsən ki, duaların Allaha yaxın yerdə daha tez eşidilər. Müsəlmanlar Həcc, Kərbala, Məşhəd ziyarətində olanda da Allaha diləklərini söyləyirlər. Amma yeni ildə dinindən asılı olmayaraq hamı ən azından ürəyində qarşıdakı illər üçün arzularını diləyirlər.
   
   Görəsən həmin arzular, diləklər həmişə fərdi olur, yoxsa millət, xalq üçün arzulanan diləklər də olur? Yoxsa Allahın vaxtını ancaq özümüzə lazım olan arzularla almağa vaxtımız qalır? Yoxsa da ancaq badə qaldıranda, sağlıq deyəndə "növbəti yeni ili işğaldan azad edilmiş torpaqlarımızda keçirək!" tostunu söyləyirik? Məncə sağlıqla olan dua Allah dərgahına çatmır. Təkcə məhərrəmlikdə yox, başqa vaxtlarda çatmır. Tərslikdən son beş ildə yeni il məhərəmliyə düşür. Hələ iki il də belə olacaq...
   
   Qəbrin nurla dolsun, Baba Pünhan! Elə bilirdik Sabirdən sonra dərdlərimizi şeir dili ilə söyləyən şairimiz bir də yaranmaz. Yarandın, Baba Pünhan! Yarandın və bizlərə baxdın, baxdın və ... getdin. Yazdıqların qaldı.
   
   Yoxdan gələni var elədim, mən nə dedim ki?!
   
   Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
   
   Nə demədin ki?Bəlkə də yeni ildə arzulanan, dilənən ən müqəddəs istəkləri dilə gətirdin və dedin ki, "Mən nə dedim ki?..". Nə dediyini ritorik sualla verməklə çoxlarının ürəyindəkini demiş oldun... Mən nə dedim ki...
   
   İl sonunda əcaib fikir gəlir başıma və mən də deyirəm ki:
   
   -Adama xoşbəxtlik nəyə lazımdı ki? Xoşbəxtliyin nə olduğunu dərk eləyənə qədər kipriyin ilə od götürürsən, nələrdən keçirsən, xoşbəxtliyin nə olduğunu duymaq məqamı gələndə ölməyin vaxtı çatdığını görürsən. Amma heç ölməyə həvəsin yoxdur, ona görə də xoşbəxt olmaq üçün heç nə eləyə bilmirsən, sadəcə onu arzulayırsan. Ya da qorxursan ki, xoşbəxtlikdən sonra heç nə olmayacaq deyən ətrafındakı hər şeyi dağıdırsan. Fərqi yoxdur, nə isə etməklə, ya da heç nə etməməklə... Özü də daha çox nə isə etməməklə etinasız yanaşmaqla qurulan daha tez dağılır...
   
   Deyirlər ki, hadisələri tələstidiməklə yaxınlarına əzab verirsən, amma özlərinin fəaliyyətsizliyi ilə sənə əzab verməkləri heç kimin vecinə deyil. Elə bilirlər ki,əgər heç nə etmirlərsə, deməli həyatda heç nə dəyişilmir. Dəyişilir axı. Hamıya ağrılıdır. Elə ona görə də heç kim xoşbəxt deyil. Amma hərə özü kimi xoşbəxt deyil...
   
   Bəs xoşbəxtlik nə vaxt olacaq? Bu sözün başqa adı -ölümdür! Doğrudan da, öldün. Daha sənə heç nə lazım deyil, səni daha heç kim və heç nə maraqlandırmır, kimsə səni incidə bilməz, sən də heç kəsi incitmirsən. Əgər heç nə lazım deyilsə, deməli xoşbəxtsən..
   
   Sadəcə olaraq, ölümə nisbətən xoşbəxtlik daha yaxşı səslənir və onu dilə gətirmək daha xoş gəlir.
   
   Bir də deyirlər ki, əgər gözləməyi bacarmırsansa, onda unut.Unutmaq olmur. Unutmaq ancaq içki içəndə, narkotik qəbul edəndə, seksual partnyoru dəyişəndə olar... Deyirlər ürək aldada bilmir. Əgər o ağrıyırsa, deməli, nə isə elə deyil...
   
   ...Allahı unutmuşlara xatırladan oldum,
   
   Qafilləri hüşyar elədim, mən nə dedim ki?!
   
   Bəlkə yeni ildə özümüzə, özü də hamılıqla arzulayaq ki, nəyi müqəddəs biliriksə, heç olmasa ona xəyanət eləməyək? Axı alver eləmək üçün hər şeyimiz var- torpağı satmağı bilrik, namusu sata bilirik, bir-birimizi sata bilirik, sevgimizi sata bililirik, sərvətlərimizi arxayınca satırıq. Nə olar barı Allahın adı ilə alver etməyək, o Kişini də özümüzə şərik eləyib adını günaha batırmayaq. Allahı müqəddəs bilən ona xəyanət eləməsin, sevgini müqəddəs bilən segiyə xəyanət eləməsin, vətənini müqəddəs bilən ona xəyanət eləməsin... Lap pulu müqəddəs bilənlər ona xəyanət eləmədikləri kimi... Axı Allahın yaratdığı könülə Şeytanı niyə buraxırıq ki, sonra da onu qovmaq üçün ömürümüzü sərf eləyək!?.
   
   Tərk eylədi şeytan bu könül mülkünü getdi,
   
   Haqqımla yerin dar elədim, mən nə dedim ki?!
   
   Belə bir söz var ki, "Müdriklik sadəcə yaşlılıq deyil, bu, ilk rnövbədə boş yerdə yaranmış problemlərə fikir verməmək bacarığıdır". Adamlar bütün xüsusiyyətləri ilə birgə həm də iki cür olurlar- qarşılarını böyük məqsədlər qoyanlar, bir də həyatlarını heç nə ilə mürəkkəbləşdirmək istəməyənlər. Onların da, bunların da problemləri var, hərənin özünün problemləri var... Qarşısına böyük məqsədlər qoyanın problemləri aydındır, gözlənilən və gözlənilməz problemlər yaranır. Bəs məqsədsiz adamların problemləri haradan yaranır? Belə çıxır ki, onların problem adlandırdığı şey, boş yerdən, boş şeydən yaranır. Müdrik olmağa çalışmaq lazımdır. Adam təbiətcə elə yaranıb ki, problemsiz yaşaya bilmir. Sadəcə olaraq məqsədi olan adam problemi kənardan axtarmır, məqsədsiz adamın problemi isə sünidir, girdirmədir...
   
    Əslində problem bu və ya digər səbəb ucundan həyəcan keçirməkdir. Başqa sözlə desək, problem- adamın həyatını qaranlıqlaşdıran, onu əsəb keçirməyə məcbur edən, düşünməyə vadar edən, nəticədə onu dəf etməyə gətirib çıxaran xoşagəlməzlikdir. Mən nəyin yaxşı, nəyin pis olduğu haqda mühazirə oxumuram, sadəcə, istərdim ki, rastlaşdığımız situasiyalarda və adamlarda nəyin problem, nəyin mənasız olmasına diqqət yetirə biləsiniz. Deyirlər ki, müdriklik yaşla gəlir. Məqsədsiz adamların qanını qaraldacam, belələri heç vaxt müdrik olmayacaqlar. Yeni il gecəsi boş yerə vaxtlarını itirib ürəklərində bunu tutmasınlar...
   
   Baba Pünhanın bu şerinin bir hissəsinə münasibət bildirə, hansısa sözləri deyə bildim. İlin son yazısında qanqaraldıcı sözlərdən qaçmaq istədim, alınmadı.
   
   Rəhmətliyin
   
   Can verdi Xuda, amma ki, eşq istədi məndən,
   
   Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!
   
   Misrasına münasibət bildirsəm çətinliklə tapa bildiyim oxucuların yarısından çoxunu itirə bilərəm. Xudanın eşq istəməsi müqabilində çoxlarımızın ar eləməyə, eşiqimizin olmamasını söyləməyə üzümüz varmı?...
   
   Haqqın özün axtardım onun qəbrini tapdım,
   
   Amma sözün aşkar elədim, mən nə dedim ki?!
   
   Baba haqqın özünü axtarıb onun qəbrini tapıb, biz nəyini axtarmışıq, nəyi ilə baş-başa qalmışıq. Mənə elə gəlir ki, şairlər ildə bir dəfə Sabirin qəbrini ziyarətə gedirlər ki, oradan Pirquluya çıxıb kef eləsinlər. Baba Pünhanın Kürdəxanıdakı qəbrini dostlarından başqa kimlər ziyarətə gedib? Nəyi müqəddəs yer deyil ki?
   
   Pünhan, mən əməl dəftərini şerə çevirdim,
   
   Yəni onu təkrar elədim, mən nə dedim ki?!
   
   Yeni ilin mübarək, Baba Pünhan!.. Sizin də Yeni iliniz mübarək, "SAĞLAR"...

TƏQVİM / ARXİV