Aktual mövzuda araşdırma

ETİBAR CƏBRAYILOĞLU
62983 | 2015-06-24 01:21
Bu gün dünya irqçiliyin, millətçiliyin ksenofobiyanın yaratdığı problemlərdən əziyyət çəkir. Belə bir mürəkkəb zamanda Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq mühiti nümunə ola bilər. Təsadüfi deyil ki, ölkədə bu sahədə əldə edilən uğurlar uzaq və yaxın xaricdə bir model kimi öyrənilir.
Tanınmış jurnalist Niyaz Niftiyev 10 ildən çoxdur ki, Azərbaycandakı birgəyaşayışı və multikulturalizmi elmi şəkildə araşdırır. Ölkədə milli-dini-mədəni müxtəlifliklə bağlı elmi-publisistik məqalələrin, araşdırmaların müəllifi olan tanınmış araşdırmaçı dünyada bu sahə üzrə ixtisaslaşan Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu ilə də sıx əməkdaşlıq edir.
Bakı Dövlət Universitetinin və Bakı İslam Universitetinin məzunu, Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aspirantı olan istedadlı jurnalist elmi araşdırmaların nəticəsi kimi hazırladığı yeni bir kitabı oxucuların, bu sahəni öyrənən mütəxəssislərin ixtiyarına verib.
"Azərbaycanda birgəyaşayış və multikulturalizm" adlı kitabda birgəyaşayış azərbaycançılıq ideologiyası kimi göstərilib. Tədqiqatda müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısı ətraflı öyrənilib. Kitabın əvvəlində oxucular Ümummilli Lider Heydər Əliyevin çıxışların birində səsləndirdiyi fikirlə tanış olurlar: "Biz, Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan , müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar".
Kitaba ön sözü tanınmış politoloq, siyasi elmlər doktoru, professor Elman Nəsirov yazıb, elmi redaktoru isə filologiya üzrə elmlər doktoru İdris Abbasovdur.
Bu dəyərli nəşrdən etnoqraflar, tədqiqatçılar, xüsusən də "Azərbaycan multikulturalizmi" fənnini tədris edən pedaqoqlar, bu sahədə təhsil alan tələbələr yararlana bilərlər.
Xatırladaq ki, Niyaz Niftiyevin "Azərbaycanda birgəyaşayış və multikulturalizm" kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi ilə çap olunub.

TƏQVİM / ARXİV