adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Kərkükdən məktub var

ORXAN MUXTARLI
312590 | 2015-06-24 01:18
Nədənsə son zamanlar gecəni çox sevdiyim kimi çox da qorxuram. Ən dəhşətli hadisələr elə gecənin qaranlığında baş verir, amma bir də görürsən ki, hamı yorğundu, yatır və sabah günəşin doğma sevincini yaşayırsan, başını göylərə qaldıraraq Tanrıya şükür edirsən.
Bu gün də sakit gecələrdəndir, məncə gecə saat üçdü, ancaq hələ də atışma, partlayış, ölümqabağı fəryad səsini duymamışam. Ona görə qərara gəldim ki, sizlərə məktub yazım, bəlkə sabah artıq yaza bilmədim. Tanrının mənə verdiyi həyat əmanətini hər an əlimdən ala bilərlər. Məndən sizlərin qəlbində bir xatirə iz qalacağına əminəm, amma bu məktubu ən ağır anlarımda belə sizləri unutmadığımı və əvvəlki kimi sizi sevdiyimi göstərmək üçün yazıram. Bilirəm, sizin başınız qarışıqdır və həyat çox ağırdı. İnsanın başı özünə elə qarışır ki, öz doğmalarına belə vaxtı qalmır. Bunları çox gözəl anlayıram və sizlərdən heç nə ummuram, çünki mən də indi savaşdayam. Bilmirəm, sağ, üzüaçıq çıxa biləcəyəmmi bu savaşdan, ya yox. O, Tanrının işidir, amma canlarım, dirəşirəm, axır nəfəsiməcən dirəşəcəm. Nə isə, içimdə söz çoxdu, başınızı ağrıtmayım, sizdən məktub almamışam, xəbərim yoxdu sizlərdən. Necəsiz, oralar necədir, yenəmi baharda lalələr çiçək açır, çayxanələrinizdə qoca babalarımız armudu bardaqda çay içərək dünyanın dərdini çəkir, xan nənəmin plov qazanı pıqqıldayırmı? Bilsəniz, necə özləmişəm sizləri, son dövrdə çox tənhayam, tərk edilmiş kimiyəm. Ailəm olduğu halda kimsəsizəm. Sizləri günahlandırmıram, zəmanə çox pisdi. Amma hərdən keçmiş zamanları xatırlayıram, xan nənəmin qazanı plovu ilə pıqqıldayanda bizlər bir idik. Oturub türkülər söyləyərdik. Necəydi sözləri? Hə, xatırladım:

Öylərinin önü yonca
yonca kalkmış dam boyunca
boyu uzun, beli ince
nine yarım nine, esmer yarım nine...

Eh, bu türkünü xatırlayıb gözlərimin necə yaşardığını bir görə bilsəydiniz. Eh, onda hamımız çocuq idik, mehriban idik, aramızda fərq yoxdu, zaman keçdi. Eh, nə deyim, zamana? Axı, niyə biz belə ayrı düşdük? Onda birimizin burnu qanasaydı, toplanıb bizləri incidənin ağzı-burnunu ovardıq. Ona görə bir qonşu köpəyi belə bizi qapmazdı, bizdən qorxardı. Hanı o günlər? Bunları yazıb göz yaşlarımı saxlaya bilmirəm. Bir tərəfdən də utanıram, axı mən belə aciz deyildim, nə günlərə zamanə saldı məni. Nə edim, mən istərdimmi belə günlərə qalım, öz yurdumda didərgin düşüm?
Öz evimdə, yurdumda özgə düşüm, şəhidlər yurduna çevrilim? Axı mən nə edim ki, doğulandan mənim adım Turkman olub, babalarım bu adı fəxrlə dilə gətirdikləri halda, indi bu adı dilə almaq ölümə bərabərdi. Vallah, babalarımın qəbrinə and olsun ki, vəziyyətin bu hala gəlməsində günahım yoxdur, zəmanə belədir. Nə deyim, zamanəyə ağır gətirdi. Sizin də başınızı ağrıtmaq istəmirəm, tez-tez də telefon açıb narahat etmək istəmirəm, amma məni də anlayın, insan ağır anında doğmasını arar.
Mənim sizdən savayı kimim var ki?! Hamımız bir evdə böyüməmişikmi? Eyni atanın çörəyini yeməmişikmi? Eyni ananın südünü əmməmişikmi? İndi bir-birimizdən özgə düşdük, bilirəm sizdə günah yoxdur, zamanə belə gətirdi. Eh, indi soyuq havada, uçulmuş evimin bir küncündə oturub əllərim titrəyə-titrəyə sizə yazıram, amma bir şey məni rahat edir ki, sizlər indi isti çörəyinizi yeyib rahat yatırsız. Uyuyun, amma narahatam, o narahatçılıq özümə görə deyil, vallah özümə görə deyil, bu neçə ildə bu vəziyyətimə öyrəşmişəm birtəhər. Allahın köməkliyi ilə bir az da dözəcəm...
Sizdən ötrü çox darıxmışam. Allah heç bir evi, yurdu böyüksüz etməsin. İndiki zəmanədə böyüksüz yaşamaq çox zordu. Mənim də böyüklərim sizsiz...
Nə isə, sabah açılır, yenə ölüm-qalım savaşına girəcəm, məktubu sona çatdırmalıyam. Yazmasam, bilin ki, haqq dəryadayam, hərdən ruhuma salavat çevirərsiniz. Sizin sevimli qardaşınız Kərkük!

TƏQVİM / ARXİV