İSTİDƏN NECƏ QORUNMAQ OLAR?

FAİQ QİSMƏTOĞLU
79163 | 2015-06-24 01:16
Artıq bir neçə gündür ki, respublika ərazisində möhkəm istilər başlayıb. Aydındır ki, istilərin get-gedə artması müxtəlif təsərrüfat sahələrinə, xüsusən də pambıqçılığa xeyri olsa da, bir çox şeylərə mənfi təsiri var. Əlbəttə, yay mövsümündə əksər bostan-tərəvəz məhsulları yetişir. Və onların yığılması, satışa göndərilməsi diqqət mərkəzində olur. Təsərrüfat adamları səhərin gözü açılandan tarlaya gedir və burda əkin-biçin işləri ilə məşğul olurlar.
Bir çoxlarımız fikirləşmirik ki, yüksək istilik olduğu məqamlarda özümüzü necə qorumalıyıq? Sirr deyil ki, günorta saatlarında havanın temperaturu daha da yüksəlir. Ümumiyyətlə, bu saatlarda mütəxəssislər və eləcə də həkimlər məsləhət bilirlər ki, günün altında işləmək olmaz. Ancaq buna baxan kimdir? İstər kənd təsərrüfatı sahəsində, istərsə də tikinti sektorunda "göydən od yağanda" belə insanlar işləyirlər. Bu isə həmin adamların həyatını hər an təhlükə qarşısında qoyur. Başqa sözlə demiş olsaq, günvurmadan istənilən şəxs pis vəziyyətə düşə bilər və hətta huşunu itirər.
Təəssüflə qeyd etməliyik ki, ayrı-ayrı təsərrüfat rəhbərləri və eləcə də tikinti sektoruna nəzarət edən hüquqi şəxslər həmin insanların taleyi haqqında fikirləşmək belə istəmirlər. Hər il isti yay günlərində günvurmadan müxtəlif xəstəxanalara çatdırılan çoxlu sayda insanlar olur. Biri var kimsə kefiköklükdən günün altında gəzir və onu gün vurur. Biri də var çörək qazanmaq üçün bir başqası onu günün altında işlədir və həmin adam da bir müddətdən sonra hüşunu itirib yıxılır. Bax, bu birmənalı olaraq hüquqi şəxs tərəfindən işlədilən insanlara laqeyd münasibətin nəticəsidir.
Birmənalı olaraq günorta saat 12-dən 5-ə qədər günün altında işləmək insanlara qadağan edilməlidir. Ən azından ona görə ki, bu saatlarda "öldürücü isti" insanın axırına çıxa bilər. Təsadüfi deyil ki, hətta Müdafiə Nazirliyi isti yay günlərində əsgərlərə saat 12-dən 17-yə qədər günün altında təlim keçmirlər. Bu isə çox doğru və düzgün bir addımdır. Təəssüf ki, beş-on manat pul qazanmaq xatirinə bəzi işbazlar heç bir qanuna əməl etmir, fəhlələri günün altında işlətməkdən belə çəkinmirlər. Axırda da zərbə bu günün altında çalışan qara fəhləyə dəyir. Görəsən, o cür sahibkarların və özündən müştəbeh iş adamlarının Allahdan qorxusu yoxdurmu?
Hər halda vəziyyət belədir. Bu gün də isti havalarda günün altında işləyən fəhlələr və insanlar var. Onlar özlərini kəskin istilərdən qorumağı bacarmalıdırlar. Ən azından müdiriyyətin təzyiqlərinə və təsirlərinə baxmayaraq, 40 dərəcə temperaturda işləməkdən imtina etməlidirlər. Əgər bunu edə bilmirlərsə, heç olmasa başlarına gün qoruyan papaqlar qoymalıdırlar. Gün vuran adama ilkin köməklik bundan ibarətdir ki, onu kölgəyə çəkirsən, yaxasını açırsan və onun sifətinə su vurursan. Soyuq su ilk növbədə gün vurmadan əziyyət çəkənləri təhlükədən xilas edə bilər. Sonrakı mərhələ isə gün vuran adamın xəstəxanaya aparılması ilə bağlıdır. Bundan sonra hər şey həkimlərin insafına qalır.
Hidrolmeteoroloqlar kəskin istilərin olmasını bir neçə gün öncə əhaliyə və aidiyyəti quruma çatdırır. Əgər ölkə ərazisində 40 dərəcədən yüksək istilik olacaqsa bir çox istehsalat sahələrində, təsərrüfatlarda və tikinti sektorunda həmin gün iş dayandırılmalıdır. Bu barədə mövcud qanunda da xüsusi maddə var və bu qanuna da zəhmət çəkib kimliyindən asılı olmayaraq bütün vəzifəli şəxslər əməl etməyə borcludurlar.

TƏQVİM / ARXİV