adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

HARADANDI BU ERMƏNi SEVGiSi?..

BABƏK YUSİFOĞLU
35948 | 2011-12-29 08:12
Bu günlərdə Sarkozi Fransasında Türkiyə, ümumilikdə türklər əleyhinə qəbul edilən qanun bir daha təsdiqlədi ki, türklərə zərbə vurmaq üçün düşmən hər an fürsət gözləyir. Əslində bunu Türkiyəyə zərbə adlandırmaq da düzgün deyil. Bu cür cılız hərəkətlər möhtəşəm türkə vız gələr. Ötən yazılarımın birində bəhs etmişdim ki, fransızların bu pisliyi gerçəkdə özlərinə qarşı yönəlib. Çünki Türkiyə elə bir dövlət deyil ki, hansısa ölkə qanunlar qəbul etməklə onu silkələsin. Bu absurd bir işdi. Türklər dünyadakı düşmənlərinə tutarlı, hətta ondan artıq cavab vermək qüdrətindədir.
   
   Bu yazımda olanları təkrarlamaq deyil, başqa bir məqamdan bəhs etmək fikrindəyəm. Yəni, xaricdəki türk düşmənçiliyindən yox, daxildəki düşmənçilikdən. Və mən belə düşünürəm ki, onlar xaricdəkindən daha qorxulu, daha təhlükəlidir. Bu gün təəssüflə qeyd etmək lazımdır ki, Türkiyəni məhz içəridən sökmək, əymək istəyən qüvvələr də fəallaşıblar. İndi türkün düşmənləri anlayırlar ki, xaricdən təzyiqlər etməklə iş bitmir. Daxildə də fəaliyyət güclənməli, təbliğat işi hərəkətə gətirilməlidir. Və planların önündə Türkiyə-Azərbaycan yaxınlığını pozmaq, iki qardaş ölkə arasına nifaq toxumu səpmək, dili, dini, qanı, kökü, tarixi... bir qardaşın arasını vurmaq, Türkiyəni düşmənlərin qarşısında alçaldıcı güzəştlərə təhrik etmək durur.
   
   Türkiyədə, eləcə də Azərbaycanda çox yaxşı tanınan televiziyonçu, qəzet yazarı Mehmet Əli Birandın iki gün öncə "Hürriyyət" qəzetində dərc edilmiş bir yazısını iyrənmədən oxumaq mümkün olmadı. Çünki bu yazı Türkiyənin orta göbəyində oturub erməni lobbiçiliyini, hətta ondan da artığını yapmağa bənzəyirdi. Yeri gəlmişkən onu da qeyd edim ki, bizdə Mehmet Əli Birand vaxtaşırı özünün antiazərbaycan mövqeyi ilə, yazılarıyla, çıxışlarıyla seçilən isimlərdən biri sayılır.
   
   Birandın erməni sevgisi isə tükənmək bilmir. Onun "Hürriyyət"də çap olunan "Türkiyədəki 70 min ermənini vətəndaş yapın" yazısını əslində hakimiyyətə bir çağırış hesab etmək də olar. O, effekt versin deyə məqaləsində əvvəlcə türklərdə vahimə yaratmağa cəhd edərək deyir ki, ermənilər soyqırım iddialarında yavaş-yavaş işin sonuna gəlirlər. "100 ildir heç bezmədən, usanmadan və bacarıqlı şəkildə, çalışqanlığı ilə iddialarını dünyaya qəbul etdirdilər. Yaşadıqlarını, acılarını anladarkən (yəni ermənilər- red.), bizlər nə olub bitdiyini öz-özümüzə hətta müzakirə də etmədik. İddiaları inandırıcı şəkildə izah edə bilmədik. Mübarizəni uduzduq".
   
   Ola bilər ki, Birand ona edilən hansısa sifarişin nəticəsini uduzub, amma çox yaxşı orar ki, o, bunu türk xalqının ayağına yazmasın. Mehmet Əli Birand "soyqırım"ı müzakirə etmədiklərinə təəssüflənəndən sonra türklərin ermənilərə uduzduğunu "sənədləşdirir", daha sonra Ankaranı Türkiyəyə qaçaq yolla gəlib orada işləyən ermənilərin hamısına Türkiyə vətənadaşlığı verməyə, onlara iş yeri açmağa çağırır, hətta ölkəyə qanunsuz gələrək işləyən ermənilərin ölkədən çıxarılmasını tələb edənlərə acığı tutur. Məgər erməni qətliamlarının qurbanı olan, kütləvi məzarlıqlarda adsız, ünvansız uyuyan insanlar türklər olmayıb? "70 min boynu əyik insanı ölkədən çıxarmanın, ölkəmizə daha çox zərər verəcəyi, "Budur, türklər belə qəddardır" deyiləcəyi üçün, gəlin o insanlara sahib çıxaq xəbərdarlığında bulunuram. Bu insanlar yaşam qovğası etdikləri üçün buralarda, evlərindən uzaq yerdə işləyirlər. Əgər gerçəkdən bir lobbi yaratmaq istəyiriksə bu insanlara, çox giriş-çıxışlı və uzun müddətli viza verməliyik. İşləmək izni verməliyik. Hətta istəyəni vətəndaşlığa qəbul etməliyik. Baxın o zaman siz əsil lobbi çalışması necə imiş görərsiz..."
   
   Bu sətrlər yaltaqlığın pik həddi olsa da bunun yalnız yaltaqlıq olduğuna inanmaq zordur. Əslində isə bütün bunlar eyni fəaliyyət planının tərkib hissəsidir: Erməni lobbisi xaricdə antitürk fəaliyyətini gücləndirir, Mehmet Əli Birand kimi yazarların əli ilə daxildə də bu cür təbliğata rəvac verilir. Bu gün ermənilərin iç üzünü tanıyanlar, onların həm Anadoluda, həm də Azərbaycanda türklərə qarşı amansız qətliamlar törətdiklərini bilənlər, 20 il əvvəl Xocalıdakı soyqırımın yalnız şəkillərini görənlər, qətl edilən türklərin kütləvi məzarlıqları haqqında məlumatı olanlar, erməni terrorçuları tərəfindən öldürülən türk diplomatlarının xələfləri... bir sözlə türkün dostu ilə düşmənini tanıyanlar belə təbliğatların niyə aparıldığını çox yaxşı anlayırlar. Birand buna əmin olsun.
   
   Mehmet Əlinin erməni sevgisi yazının finalında daha da coşaraq Azərbaycanı hədəfə alır. Və üzdəniraq Sürix protokollarının imzalanmasından tutmuş bu günlərdə Fransada qondarma "soyqırım"ı inkar edənlərə cəza nəzərdə tutan qanunun qəbulunadək Azərbaycanı günakar bilir. Hər kəsi Azərbaycana qarşı kökləyir. Birand cəfəngiyyatında yazır: "...Bu arada xatırlatmaq istədiyim bir digər nöqtə də rəfə qoyulan (burada arxa plana qoyulan mənasında-red.) Protokolları (Sürix protokolları-red.) artıq indidən şamla aramağa başladığımız gerçəkdir. Bu gün o Protokollar təsdiqlənmiş olsaydı, nə fransız Məclisindən belə bir qərar çıxardı, nə də ABŞ konqresi soyqırım qanun layihəsini yenidən gündəmə gətirərdi. Məncə bu qaçırılan ən böyük fürsət idi. Azəri dostlarımız uğrunda geri addım atdıq...".
   
   Əvvəla, siz Azərbaycan türklərinin dostu ola bilməzsiniz. İkincisi, geri addımdan söhbət belə gedə bilməz, ermənilərin xoşuna gəlsin deyə bu sizin uydurmanızdır. Sadəcə Türk qardaşlığını, Azərbaycan sevgisini uca tutanlar erməniyə öz yerini göstərdilər və erməni dığaları bu gün hər tərəfə yalvarıb Ankaranı razı salmağa çalışırlar. Əslində Mehmet Əli Biranda bunları izah etməyə lüzum yoxdur. Çünki mən əminəm ki, Mehmet Əli Birand əsl həqiqətləri bilir.
   
   Mümkün deyil ki, ermənilərin Türkiyədən böyük həcmdə torpaq tələblərindən, külli miqdarda təzminat istəmələrindən, Ağrı dağın Ermənistanın dövlət gerbindəki varlığından, türklərə qarşı genosid törətməsindən, Ankaranın qondarma "erməni soyqırımı"nı tanıması və səfalətdən qurtulmaq üçün sərhədlərin açması tələblərindən onun kimi jurnalistin xəbəri olmasın. Onun xəbəri olsun ki, bütün bunları bilə-bilə yenə ermənilərin xeyirinə təbliğat aparmasının, çağrışlar etməsinin, ermənilərə xüsusi qayğı istəməsinin... bizdə çox dəqiq bir adı var. Lakin həmin ADIN qəzetdə getməsini ayıb hesab etdiyim üçün yazmıram. Düşünürəm ki, yazmasam da onu hər kəs təxmin edir. Hətta büruzə verməsə də Məhmət Əli Birandın özü də öz içində nəçi olduğunu, kimlərə xidmət etdiyini yaxşı anlayır.
   
   Sonda bir məsələni də xatırlatmaq istərdim. Bir gerçəkdi ki, iki dövlət bir millət sarsılmayacaq, Türk xalqı Birandların düşmən dəyirmanına su tökdüklərini heç vaxt unutmayacaq...

TƏQVİM / ARXİV