adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BƏNZƏRiMiZ

BABƏK YUSİFOĞLU
44119 | 2011-12-27 06:44
Son dövrlər astroloqların apardıqları müşahidələr nəticəsində Günəş sistemindən kənarda çoxlu sayda planetlər üzə çıxarılıb ki, onlar indiyədək elmə məlum deyildi. Əlbəttə, burada qeyri-adi heç nə yoxdur. Çünki bir vaxtlar indi hər kəsin tanıdığı planetlər, göy cisimləri haqqında da insanların məlumatı olmayıb.
   
   Amma elmi-texniki tərəqqinin müasir səviyyəsi ona imkan verir ki, planetlərin haqqında daha ətraflı məlumat əldə edilsin. Və əminliklə demək mümkündü ki, bu məlumatlar sırasında adamları ən çox maraqlandıran, inanılmaz dərəcədə cəzb edən hansısa planetdə həyatın olub-olmamasıdır. Özü də bu qarşısıalınmaz maraq heç də yeni yaranmayıb. Onun tarixi ta qədimlərədək gedib çıxır. Münəccimlik elminin yaşı, qədim rəsədxanalar... sübut edir ki, bəşəriyyət kosmosla həmişə çox yaxından maraqlanıblar.
   
   Əvvəldə qeyd etdiyim kimi, insanlıq üçün planetlərin təhqiqatında ən maraqlı cəhət orada canlı orqanizmlərin, həyatın olub-olmaması, kəşf edilən hansısa planetin Yerə nə dərəcədə bənzəməsidir. Və indi bu yazıda yeni tapılmış planetin Yer kürəsinə inanılmaz dərəcədə bənzəməsindən bəhs edəcəyəm.
   
   Yeni dövrdə aşkarlanan Yerin bənzəri Qlize 581g adlandırılır. Mütəxəssislərin dediyinə görə, həmin planetdə müəyyən edilən atmosfer, maye su, stabil landşaft və s. canlıların mövcudluğu üçün ideal şərait təşkil edə bilirlər. ABŞ-ın Kaliforniya Universitetinin astrofiziki Stiven Borq bildirib ki, bizim əlimizdə inandırıcı dəlillər vardır ki, bu planetdə yaşayış vardır. Məlumat üçün bildirim ki, bu nəticə əsassız ehtimallar deyil. Belə ki, Koliforniya Univerisitetinin alimləri Vaşinqtonun Karneqi İnstitundakı həmkarları ilə bilikdə 11 ildir bizim planetə oxşayan göy cisimlərinin tapılması və öyrənilməsi ilə məşğuldur. Qeyd etdiyimiz məlumatlarsa Havay ərazisində yerləşən daha müasir imkanlara malik iyirmimetrlik teleskopun vasitəsi ilə aparılan müşahidələr nəticəsində mümkün olmuşdur. Əldə olan bütün məlumatların təhlilləri isə NASA alimlərinin iştirakı aparılmışdır.
   
   Onu da deyim ki, mütəxəssislər bu məsələ ilə əlaqədar iki kriteriyanı müəyyənləşdiriblər: Yerə bənzəyən və canlıların mövcud ola bilmə ehtimalı. İşlərin bu prinsip üzrə sistemləşdirilməsi, kriteriyaların Yerə bənzəyiş dərəcəsinə, kafsentinə görə müəyyənləşdirilməsi aparılan təhqiqatların daha konkret istiqamətə yönəlməsinə şərait yaradır. Maraqlıdır ki, bu kafsentlər üzrə sıralanan 10 planet sırasında 0,89 balla Qlize 581g ikinci sırada qərarlaşıb. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, planet daşlardan ibarət zəmindən ibarətdir. Hətta planetdəki cazibə qüvvəsi atmosferi öz üzərində saxlamağa kifayət edir. Lap son araşdırmalardan daha bir inanılmaz fakt aşkarlanıb. Aydınlaşıb ki, planetdə su da var. Artıq belə bir şəraitin mövcudluğu onu deməyə imkan yaradır ki, planetdə hansısa çəkildə həyat formalaşmış olsun.
   
   Stiven Boqt: "Elmi təhqiqatların perspektivi üçün vacib olan inanılmaz nəticələr əldə etmişik. Bu planetin tez tapılması və o qədər də uzaqda yerləşməməsi ondan xəbər verir ki, belə planetlərin sayı çox ola bilər". Xatırladaq ki, Qlize 581g Tərəsi bürcündə yerləşir və Yerdən 20 işıq ili, yəni 198 milyard kilometr uzaqlıqda yerləşir. O digər 6 planetlə birlikdə "bizim" Günəşdən 30 faiz kiçik olan öz "Günəşi"nin ətrafında firlanır. Qlize 581g-nin tam bir dövrəsi 37 günə başa gəlir ki, bu müddət ərzində də onun bir üzü daima kölgədə, digəri isə işıqda olur. Mütəxəssislər belə hesab edir ki, həyat məhz həmin kəsişmə bölgələrində mövcud ola bilər. Məlumat üçün onu da qeyd edim ki, hələlik həyatın mövcudluğu parametrlərinə görə, birinci sırada Saturnun peyki Titan gəlir ki, üzərində olan karbohidrogen gölləri canlı orqanizmlərin həyatını təmin edə bilər.

TƏQVİM / ARXİV