adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DOLLARI SEVƏNLƏRiN XƏBƏRi VARMI?..

BABƏK YUSİFOĞLU
52005 | 2011-12-27 05:49
ABŞ Dolları bütün dünyda əksər insanların maraq göstərdiyi, sevdiyi, güvəndiyi, istifadə etdiyi paradır. Bəzi dövlətlər istisna olmaqla bütün dünyanın əhalisi hətta öz ölkələrinin milli valyutasından çox bu yaşıla çalan pulları sevir, onlara etibar edirlər. Yəqin elə bu üzdəndir ki, hər kəs tumarlayaraq sevə-sevə evində yığıb bəslədiyi, yaxud qalın divarlı məşhur banklarda mənzilləndirdiyi paraların dollar olmasına çalışır. Bir çox ölkələrsə özlərinin milli pullarını görnüşcə məhz bu valyutaya bənzətməyə çalışırlar. Bir sıra hallarda buna nail də olurlar. Amma heç vaxt həmin paralar mahiyyətcə, nüfuzca, statusca dollar ola bilməyiblər. Yəqin ona görə bu mümkün olmur ki, həmin valyutanın arxasında ABŞ kimi nəhəng iqtisadiyyata, inanılmaz səviyyədə ticarət dövriyyəsinə, milli sərvətə, maliyyə resurslarına malik ölkə dayanmır. Bir də axı, Birləşmiş Ştatlar elə-belə bir dövlət deyil, dünyanın jandarmı, inanılmaz hərbi gücə sahib bir super dövlət, imperializmin mərkəzidir...
   
   
   
   Bəs hər kəsin amalına çevrilmiş dolların tarixini, necə, nə vaxt yarandığını... adamlar bilirlərmi? Əgər bilmirlərsə çox ayıb. Çünki insanlar vurulduqları, çox sevdikləri, uğrunda var qüvvəsi ilə çalışdıqları, azalanda dərd çəkdikləri, çoxalandasa sevincə boğulduqları... "gözəlliyin" haqqında hər şeyi bilməzmi?!
   
   
   
   ADI VƏ YARANIŞI
   
   
   
   Görəsən Birləşmiş Ştatların bu yaşıla çalan sevimli pulunun adı - "dollar" termini haradan, necə yaranmışdır? Çox maraqlıdır, "dollar" əslində ingilis sözü deyil. Mütəxəssislərin bildirdiyinə görə, bu söz alman mənşəli "teller" sözündən yaranıb, sonradan dollar formasına düşüb. Və bunun özünəməxsus tarixi isə orta əsrlərə gedib çıxır. 1519-cu ildə Almaniyada bu adda pul vahidi meydana gəlmişdi. Hətta həmin dövrlərdə onun bütün Avropada istifadə edildiyi haqqında faktlar da var. Belə ki, həmin ada böyük ingilis dramaturqu Vilyam Şekspirin əsərlərində, xüsusən də "Maqbet"də rast gəlinir.
   
   Onu da qeyd edim ki, bu ad əsasən böyük dəyərə malik gümüş pullarda yerini möhkəmlətdi. Bu əvvələcə daha geniş yayılmış peso idi ki, onu İspaniyanın Amerika qitəsindəki koloniyalarında kəsmişdilər. Hətta elə bir vəziyyət yaranmışdı ki, pesonu tez-tez "ispan dolları" adlandırırdılar. Dolların məşhur "S" işarəsinin yaranmasının da bir sıra versiyaları mövcuddur. Həmin versiyalardan ən birincisi məhz peso ilə bağlıdır. Belə ki, bu işarə ilk dəfə 1732-ci ildə Mexikoda kəsilən pesonun üzərinə həkk edilmiş və o zamanlar İspaniyanın bütün koloniyalarında dövriyyədə olmuşdur.
   
   Əslində dolların və Birləşmiş Ştatların tarixini yazanlar çox haqlı olaraq bildirirlər ki, dollar ABŞ üçün yalnız milli valyuta deyil, o həm də ABŞ-ın bir dövlət kimi yaradılmasında əvəzsiz rol oynayıb. Məlumdur ki, "Yeni Dünya"da ingilis koloniyalarında əldə edilən bütün sərvət, eləcə də qızıllar, gümüşlər orada duruş gətirmir, İngiltərəyə axırdı. Nəticədə də yerli iqtisadiyyat, maliyyə münasibətləri natural ödəmələrlə həyata keçirilir, biznes təşəkkül tapa bilmirdi. Belə bir vəziyyətdə isə bir dövlətin qurulmasından söhbət gedə biməzdi. Çünki bunu üçün ən azı hər hansı hökumət özünün ən ilkin ehtiyaclarını ödəməyə qadir olmalıydı - özünün silahlı qüvvələrini yaradıb onu maliyyələşdirə, digər dövlətlərlə əlaqələr yarada bilməliydi. Təbii ki, bunlar da pulla mümkün idi. Məhz dolların təşəkkül tapması, valyuta rolunda çıxış etməsi vəziyyəti dəyişdi, məhz "dollar" ABŞ dövlətinin yaranmasında əvəzedilməz rol oynadığını söyləyənlərin haqlı olduğunu təsdiqlədi. 1786-cı ildə ABŞ konqresi artıq hər tərəfdə simvola çevrilmiş dollar adını rəsmi valyutası üçün saxlamağa qərar verdi.
   
   1795-ci ildə isə ABŞ-da bimetallik pul sistemi prinsipini (gümüş dollar, qızıl dollar) qəbul etdi ki, bu da uzun müddət sürdü. ABŞ bimetallizm prinsipini yalnız 1900-cu ildə məhdudlaşdırdı. Bu da Amerikada "qızılın standartı" qanunu qəbul ediləndən sonra dolların məzənnəsində yeni standartın (1,50463 qram qızıl) müəyyən edilməsi ilə bağlı idi. Çünki həmin prinsip ABŞ üçün dolların qızılla müəyyənləşən məzənnəsini qorumaq sahəsində böyük çətinliklər yaradırdı. Hökumət bundan ötrü böyük məbləğdə əlavə xərc çəkmək məcburiyyətindəydi.
   
   
   
   DOLLAR VAHİDLƏRİ
   
   
   
   1861-ci ildən ABŞ-da buraxılan federal banknotlar bugünkü günədək ölkədə qanuni ödəmə vasitəsi hesab olunur. Qeyd edim ki, dünyada bu cür uzun ömürlü ödəniş vasitləri çox azdır. Tədavül vasitəsi kimi dollar bir sıra dəyər vahidlərində kəsilir. ABŞ dolları - 1; 5; 10; 20; 50; və 100 dollarlıq banknotlar həcmindədir. Əlbəttə, 2 dollarlıq əsgkinazlar da var ki, onlar mütəmadi olaraq buraxılmır. Bunlardan başqa, fəaliyyətdə olan daha böyük nominallar da mövcuddur: 500, 1000, 5000, 10. 000 dollarlıq. Bu pul vahidlərinin bonistik dəyəri nominal dəyərindən bir xeyli yüksəkdir. Yəni 5000 əsginazın auksionda dəyəri 10.000 ABŞ dollarınadək yüksələ bilir. Qeyd edim ki, həmin pullardan başqa hətta 100.000 dollar da buraxılır ki, onlardan yalnız xüsusi daxili ödəmələrddə və xəzinədarlıqda istifadə edilir.
   
   Xatırladım ki, 500, 1000, 5000 və 10.000 banknotları 1945-ci ilədək istehsal edilib. 1969-cu ildən isə dövriyyədən çıxarılmağa başladı. 10.000 dollarlıq banknotların son buraxılışı 1944-cü ildə olub və sonradan onlar da götürülüb, yalnız 130 ədədi dövriyyədə saxlanıb. 1934-cü ildə buraxılan 100.000 dollarlıq əsginazlar isə heç vaxt geniş kütlələr üçün nəzərdə tutulmayıb. Belə demək mümkünsə əslində aktiv dövriyyədə olan ən böyük dollar 100-lük banknotlardı. Və ölkə qanunlarına görə, 100 dollarlıq əsginazlardan böyük olan pulları Birləşmiş Ştatların ərazisindən kənara çmıxarmaq olmaz.
   
   İnsanlığın maliyyə tarixi sübut edir ki, dünyada heç bir valyuta vahid banknot rolunda çıxış etməyib. Həmişə və hər yerdə müxtəlif pul vahidləri biri-biri ilə rəqabətdə olublar. Elə funt-sterlinqdən tutmuş alman markasınadək hər bir tədavül vasitəsinin "hakimiyyət" vaxtları və məkanları olmuşdur. Hətta o da məlumdur ki, hansısa valyuta dünyada nüfuzunu itirsə də öz "doğma" ölkəsində statusunu müəyyən mənada qoruyub-saxlaya bilib. Dollarınsa belə konteksdə tayı-bərabəri yoxdur.
   
   
   
   BEYNƏLXALQ VALYUTA VƏ BÖHRANLAR
   
   
   
   İkinci Dünya mühaibəsindən sonra onsuz da özünü Avropada "böyük" rolunda göstərməyə başlayan ABŞ Qərbin iqtisadi məkanında da öz mövqeyini maksimum həddə möhkəmləndirdi. Bu da Birləşmiş Ştatların, ümumiyyətlə fövqəldövlət statusunu qazanmasına imkan yaratdı. Nəticədə BMT-nin 1944-cü ildə keçirdiyi beynəlxalq maliyyə-valyuta konfransında bilavasitə Vaşinqtonun təzyiqləri altında "dollar standartı" - Bretton-Vudski valyuta sistemi qəbul edildi ki, bu da rəsmən dünya valyuta sistemində dolların ağalığına şərait yaratdı. Və bu da o demək idi ki, Amerika Birləşmiş Ştatlarının hegemonluğu rəsmləşdi. Belə ki, dollar qızıla konversiya edilən yeganə valyuta kimi qəbul edilərək beynəlxalq ödəmələr və s. onunla aparıldı. Amma bu çox da uzun müddət davam edə bilmədi.
   
   Təxminən 50-ci illərdə artıq bu cür prinsip öz neqativ təzahürlərini göstərməyə başladı. Belə ki, dollar çatışmazlığı ABŞ-n ödəmə balansında daim defisitlər yatamağa başladı. Sonda da Bretton-Vudski valyuta sistemində böhran yarandı. Maliyyəçilər buna hətta ad da vermişdilər - "dolların depressiyası". Məhz bu məlum böhrandan sonra dolların əvvəlki statusunda müəyyən dəyişikliklər yarandı ki, ABŞ öz dollarının "valyuta mərkəzi" mövqeyini bölüşmək məcburiyyətində qaldı. Maliyyə gücləri üç cəbhəyə bölündülər: ABŞ - Qərbi Avropa və Yaponiya.
   
   Lakin belə demək mümkünsə dolların böhranı heç də bununla bitmədi. İlk böhrandan sonra uzun müddət dollar öz mövqeyini saxladı, hətta müəyyən mərhələlərdə bir xeyli gücləndi. Lakin 70-ci illərdə dollar böhranı yenidən başladı ki, Amerika iqtisadiyyatı və maliyyə siyasəti çox çətinliklə vəziyyəti stabilləşdirdi. Çoxları belə hesab edirdi ki, Birləşmiş Ştatların bu cür krizlər yaşamasına səbəb Avropada yeni bir güclü tədavül vasitəsinin - AVRO-nun dünya ödəniş sisteminə girməsi ilə bağlıdır. Əlbəttə, bunu müəyyən mənada qəbul etmək olardı. Amma hər şeyi avro ilə əlaqələndirmək düzgün deyil. Mütəxəssislərə görə, bəzi mərhələlərdə dolların böhran yaşamasına səbəb balanslaşdırılmamış xərclərin çoxluğu, ölkə iqtisadiyyatına yönəlməyən vasaitin durmadan artırılması və borc siyasətinə korrektələr edilməməsidir.
   
   
   
   "DOLLAR ÖLKƏLƏRİ"
   
   
   
   Amma bütün bunlara baxmayaraq hər böhran dövründə ABŞ müəyyən mənada öz valyutasının tamam nüfuzdan düşməsinə yol vermədi. Aparılan bir sıra islahatlardan, görülən tədbirlərdən sonra ABŞ dolları öz nüfuzunu qoruyub saxlaya bildi. Elə bu səbədən də ölkələrarası ticarət-mal dövriyyəsi və iqtisadi anlaşmaların böyük əksəriyyəti dollarla aparılmaqdaydı. Məhz bu nüfuzun hesabına görə idi ki, dünyanın bir sıra ölkələri - Avstraliya, Yeni Zelendiya, Zimbabve, Fidci, Solomon Adaları, Tvalu, Narru daha bir neçə Sakit okean adaları, Namibiya, Liberiya, Qiviana, Surinam, Tayvan, Sinqapur, Bruney, Malayziya... da dollara keçdilər.
   
   Daha sonra Salvador, Ekvador, Timor-Leşti, Mikroneziya, və Marşall adaları da öz milli valyutalarından imtina edərək pullarını buraxmaq "əziyyətindən" vaz keçərək Birləşmiş Ştatların dollarına üz tutdular. Əlbəttə, dolların yalnız bu ölkələrdə aktiv işləndiyini söyləmək doğru deyil. Ona görə ki, dollar bu gün əksər ölkələrdə aktiv valyuta rolunda çıxış edir. Dünyada elə təkcə dollar kütləsinin heyrətamiz böyüklüyü hər şeyi özü-özlüyündə təsdiqləyir. 2008-ci il, dekabrın 28 dekabrda olan mülumatlara əsasən Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminidə 7,7 trilyon dollar valyutası dövriyyədədir. Bu kifayət qədər nəhəng rəqəmdir. Amma onu da bildirim ki, dövriyyədə olduğu bildirilən məbləğin böyük bir hissəsi yalnız elektron şəklindədir. Dövriyyədəki banknotları təxminən 700 milyard dollar təmin edir..
   
   (Davamı qəzetin
   
   növbəti sayında)

TƏQVİM / ARXİV