adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Iyun 2015 14:50
2932
MƏMLƏKƏT
A- A+

“Kitabi-Dədə Qorqud”un izi ilə Zaqatalaya

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramı üzrə ""Kitabi-Dədə Qorqud"un Zaqataladakı izləri", "Qafqaz Albaniyası və onun hazırki varisləri", "Qardaşlaşmış məktəblər" və "Ev kitabxanası" layihələri çərçivəsində 19-21 iyun tarixlərində Zaqatala şəhərində silsilə tədbirlər keçirilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bilik Fondunun, AMEA-nın, Bakı Slavyan Universitetinin, Bakı Dövlət Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, yerli icra strukturu əməkdaşlarının, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları 6 məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirlərin istinad mənbəyi "Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamı olub. Ölkə Prezidentinin bu Sərəncamda göstərdiyi aydın hədəflərə doğru istiqamətlənən tədbirlər həm də cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq” layihəsinin davamıdır. Dövlət müşaviri akademik Kamal Abdullayevin birbaşa təşəbbüsü ilə reallaşdırılan bu layihələr Ölkə Prezidentinin həyata keçirdiyi Azərbaycançılıq ideologiyasının hər bir Azərbaycan vətəndaşının qəlbində və düşüncəsində kök salmasına, gənclərimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına yönəlib.

Посмотреть увеличенное изображение

Zaqatala rayon İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadənin rəhbərliyi ilə icra hakimiyətinin dəstək verdiyi tədbirlərə rayonun Əliabad kəndindən start verilib. Əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edən nümayəndə heyəti Əliabad qəsəbəsindəki XVII əsrə aid qədim məsciddə olub.

2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı zərər görmüş məscid binasında hazırda bərpa işləri aparılır. Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Möhsüm Ağa ziyarətgahının maliyyə dəstəyi ilə həyata keçirilən bərpa işlərinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və xeyriyyəçilər də kömək göstərirlər.

Tanışlıqdan sonra məscidin həyətində toplantı keçirilib. Toplantını icra başçısı Mübariz Əhmədzadə açaraq, layihələrin Zaqatalada baş tutacağından böyük fərəh hissi keçirdiyini deyib.

Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov Zaqatalanın Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin nümunəsi olduğunu bildirib. Zaqatala sakinlərinə Dövlət müşaviri Kamal Abdullayevin salamını çatdıran C.Məmmədov deyib ki, Zaqatalada müxtəlif xalqların nümayəndələri əsrlər boyudur qardaş kimi yaşayırlar: "Azərbaycanı fərqləndirən cəhətlərdən biri bütün insanların dövlətçilik ətrafında birləşməsidir. Biz bu qardaşlığın əbədi olmasına çalışmalıyıq. Bilirsiniz ki, Azərbaycanı gözü götürməyən qüvvələr var. O qüvvələrə bizi bir-birimizə qarşı qoymağa imkan verməməliyik. Din dövlətdən ayrıdır. Buna baxmayaraq, dövlət islam dininin inkişafı üçün əlindən gələn köməyi əsirgəmir. Ölkəmizdə məscidlər tikilir, təmir olunur, islam qaydalarına uyğun yaşamaq üçün bütün şərait yaradılır. O cümlədən başqa dinlərin nümayəndələri də dini inanclarının qorunmasında mütamadi olaraq dövlətdən dəstək alırlar. Ona görə də hər bir azərbaycanlı dövlətinin yanındadır və xarici təhdidlərə cavab verməyə hazırdır".

Посмотреть увеличенное изображение

Əliabad icra nümayəndəsi Həsən Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Mehman İsmayılov, çıxışlarında yaşadıqları rayondakı inkişafdan söz açıblar, din azadlığının yüksək səviyyədə olduğunu deyiblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun layihələrindən danışıb. Onun sözlərinə görə, bu layihələr bir-birinin davamıdır və əhalinin maariflənməsinə xidmət edir.

İmam Darçın Əfəndi dinə göstərilən qayğıdan söz açaraq bildirib ki, məscidin təmirində əməyi olan hər kəs böyük savab qazanıb və bütün əliabadlılar onlara dualar edirlər.

Qardaşlaşma sazişini imzalamaq üçün bir araya gələn məktəblilərin təşəbbüsü ilə hazırda təmir işləri aparılan məscidin həyətində iməçilik keçirilib. Məktəblilər məscidin həyətində olan tikinti materiallarının daşınmasında, həyətdə səliqə-səhman yaradılmasında, ağacların və gül kollarının əkilməsində və suvarılmasında iştirak edib.Bilik Fondu tərəfindən məscidə dini, elmi-populyar və bədii ədəbiyyat nümunələrindən ibarət 100 adda kitab hədiyyə olunub.

Посмотреть увеличенное изображение

Nümayəndə heyəti rayonun Xalça evində də olub. Onlara xalçalar barədə geniş məlumat verilib.

Günün ikinci yarısında Əliabad mədəniyyət evində "Qafqaz Albaniyası və onun hazırki varisləri” mövzusunda konfrans başlayıb. Tədbirə moderatorluq edən Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov bildirb ki, zaqatalalıların konfransda həvəslə iştirakı, yaradılan şərait layihənin bu ərazidə uğurlu keçəcəyini indidən məlum edir. Tədbirə qatılan məktəbliləri salamlayan S.Hüseynov müxtəlif xalqların çələng kimi Azərbaycana yaraşıq verdiyini diqqətə çatdırıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Mübariz Xəlilov"Qafqaz Albaniyası və onun irsi" mövzusunda çıxış edərək, Azərbaycanda yaşayan xalqların tarixi köklərindən danışıb və qeyd edib ki, udilər, ingiloylar Alban mədəniyyətinin varisləri olaraq, bugünkü Azərbaycanın eynihüquqlu vətəndaşlarıdır.

Bakı Slavyan Universitetinin kafedra müdiri Şirinbəy Əliyev əsasən Əliabadda yaşayan ingiloyların tarixinə diqqət çəkib. Alim qeyd edib ki, tədqiqatlar sırf siyasi məqsədlə aparılıb. İngiloylar Qafqaz Albaniyasınının ərazisində yaşayan Gel tayfalarının davamçısıdır və onlar Azərbaycan mədəniyyətinin formalaşmasında yaxından iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov azərbaycanlıların tarixən multikultural əhval-ruhiyyədəolduqlarını bildirib, bunun həmişə belə davam edəcəyinə inamını ifadə edib.

Посмотреть увеличенное изображение

Ceyhun Məmmədov Azərbaycan ərazilərindəki bütün abidələrə, mədəniyyət nümunələrinə sahib çıxmağın vacibliyini vurğulayıb.

Sərraf Hüseynov Dövlət müşaviri, akademik Kamal Abdullayevin fikrini xatırladıb: "Kamal müəllimin bir fikri var, "biz hər birimiz ayrı-ayrılıqda özümüz üçün maraqlıyıq, güclüyük, əzəmətliyik. Ancaq Azərbaycan xalqı, AZƏRBAYCANLI adlananda başqaları üçün maraqlı, güclü, əzəmətli oluruq".

Tədbirə Əliabad qəsəbə mədəniyyət evinin yerli özfəaliyyət dərnəyi konsert proqramı ilə yekun vurub.


Müxtəlif xalqların nümayəndələrinin təhsil aldığı 6 məktəb qardaşlaşdı

Həmin gün Əliabad qəsəbə A.Hacıyev adına 1 nömrəli məktəbdə Bakı şəhəri Xəzər rayonu 156 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic kənd 2 nömrəli tam orta məktəb, İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbi, Balakən rayonu humanitar-texniki təmayüllü lisey, Qax rayonu Əmbərçay kənd tam orta məktəbi, Zaqatala rayonu Əliabad kənd 1 nömrəli tam orta məktəbləri arasında "Qardaşlaşma sazişi" imazlanıb. Udilər, saxurlar, gürcülər, ruslar, avarlar, ləzgilər, ingiloylar – bir sözlə AZƏRBAYCANLI məktəblilər Qardaşlaşma Sazişi imzaladıqdan sonra "Kitabi-Dədə Qorqud" dastanındakı hadisələrin əks olunduğu səhnəciklər göstərib, şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər.

Bütün tədbirlər icra başçısı Mübariz Əhmədzadənin və yerli icra strukturu rəhbərlərinin iştirakı ilə keçirilib. Qardaşlaşan məktəblər və yerli nümayəndələr bir-birinə xatirə hədiyyələri veriblər.

Əslində bu qardaşlaşma prosesindən əvvəl müxtəlif milli azlıqların nümayəndələri olan bu məktəblilərin AZƏRBAYCANLI adı altında lap çoxdan qardaş olduğuna hər kəs şahid oldu.

Tədbir iştirakçıları axşam Mir Möhsüm Ağa ziyarətgahının Əliabad məscidində açdığı iftar süfrəsinin qonağı olublar. İftardan sonra Şüvəlan, İvanovka, Nic məktəbliləri Əliabadlı şagirdlərin evlərində gecələyiblər. Bilik Fondunun "Ev kitabxanası"na daxil olan kitablar 15 evə hədiyyə olunub.

Посмотреть увеличенное изображение

Səfərin ikinci günü Heydər Əliyev Mərkəzində ""Kitabi-Dədə Qorqud"un Zaqataladakı izləri" adlı konfrans keçirilib. İcra başçısının və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfrans maraqlı çıxışlarla yadda qalıb.

Konfransı giriş sözü ilə açan Sərraf Hüseynov Zaqatalada bu səviyyədə qarşılandıqlarına görə hər kəsə minnətdarlığını bildirib və bu günə qədər "Kitabi-Dədə Qorqud"un izi ilə həyata keçirilən tədbirlər barəsində məlumat verib.

BSU-nun professoru Rüstəm Kamal ""Kitabi-DədəQorqud""da islam həqiqəti", Bakı Dövlət Universitetinin kafedra müdiriRamiz Əsgər 
""Kitabi-Dədə Qorqud" biblioqrafiyası", 3 saylı məktəbin direktoru Elmira Hacıyeva"Zaqatala– tarixin özü", AMEA-nın Folklor İnstitutunun şöbə müdiriAğaverdi Xəlilov ""Kitabi-Dədə Qorqud" milli-mənəvi dəyərlərimizin mənbəyi kimi”, Zaqatalada fəaliyyət göstərən "Yeni Fikir" İctimai Birliyinin sədri Elmira Mehdiyeva "Dastanın raellıqla uyğunluğu", AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı AllahverdiTeymurov ""Kitabi-Dədə Qorqud"da ailə hüququ məsələləri", AMEA-nın Folklor İnstitutunun əməkdaşı LəmanSüleymanova ""Kitabi-Dədə Qorqud" dastanındakı xalq deyimlərinin Zaqatala bölgəsində işlənən deyimlərlə səsləşməsi", rayonun Yengian bələdiyyəsinin sədri Xuraman Şabanovanın"Qədim oğuz tayfalarının yerli nümunələri" mövzusundakı çıxışları "Kitabi-Dədə Qorqud" dastanının möhtəşəm bir əsər olduğunu, Azərbaycan xalqının mənəviyyat abidəsi səviyyəsinə ucalığını və bu abidənin qorunmasının ömürlük missiya olduğunu bir daha təsdiqləyib.

Elə bu üzdən Ceyhun Məmmədov çıxışında azərbaycanlıları milli-mənəvi dəyərlərinə sahib çıxmağa çağırıb və bildirib ki, başımıza gələn bəlalar dəyərlərimizə tapınmamağımızla bağlıdır.

Tədbirin sonunda Oktay Səmədov 3 günlük səfər çərçivəsində dəstək olan hər kəsə adbaad təşəkkürünü bildirb. Şagirdlərin Əliabadda qonaq qaldığını xatırladan icraçı direktor növbəti səfərlərdə bütün nümayəndə heyətinin evlərdə qonaq olacağını bildirib. Onun bu açıqlaması zalda alqışalarla qarşılanıb.

Konfransın sona çatdığını elan edən Sərraf Hüseynov tədbirlərdən böyük nəticələr əldə olunacağına əminliyini vurğulayıb. O, mərkəzədə yanan Birinci Avropa Oyunlarının məşəlinə işarə edərək, fikirlərini Dədə Qorqudun deyimi ilə yekunlaşdırıb: "Haqq yandıran çırağımız sönməz olsun".

Nümayəndə heyəti Bakıya Zaqatalanın Dədə Qorqud meydanından yola salınıb. Onların şərəfinə maraqlı konsert proqramı hazırlanıb. Bilik Fondu maarifləndirmə missiyasına sadiqlik nümayiş etdirərək, meydandakı kitabxanası olan "Ailəvi” kafesinə kitablar hədiyyə edib.

Посмотреть увеличенное изображение

Tədbir iştirakçıları geri - Bakıya qayıdarkən yolustü Qax rayonu ərazisində yerləşən qədim Alban abidəsi - Kürmük məbədində olublar. Şüvəlan və İvanovkadan olan məktəblilərə tarixi abidə barədə geniş məlumat verilib.






Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu