adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

iMiR MƏMMƏDLiNiN HEKAYƏLƏRi

VAQİF YUSİFLİ
40703 | 2011-12-24 06:38
Hekayə nəsrin həcmcə ən kiçik janrıdır, amma hər hansı bir yazıçının yaradıcılığında onun bədii ustalığını, həyat hadisələrinə estetik münasibətini təyin edən bütün məziyyətlər bu janrda öz əksini tapa bilər. Böyük roman müəlliflərinin əksəriyyəti üçün hekayə, necə deyərlər, bir sınaq meydanı olub. Azərbaycan nəsrində Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli kimi hekayə ustaları olub. Onların hekayələri bir növ, bu janrın milli ədəbiyyatımızda modellərinə çevrilmişlər. Daha sonralar M.İbrahimov, S.Rəhimov, İ.Əfəndiyev, Ə.Məmmədcanlı, İ.Şıxlı, Y.Səmədoğlu, Ə.Əylisli, Anar, Elçin, İ.Məlikzadə, S.Səxavət, M.Oruc, A.Məsud, R.Tağı və digər hekayəçilər yetişdi. Təbii ki, bu ənənələr indi də davam edir.Son illərdə də ara-sıra maraqlı, orijinal üslubu ilə diqqəti cəlb edən hekayələrlə qarşılaşırıq.
   
   İmir Məmmədlini əsasən, bir şair kimi tanısam da, onun son illərdə qələmə aldığı hekayələr öz yazı tərzi, həm məzmunca, həm də formaca biteinliyilə diqqəti cəlb edir. Söhbətimə onun lap bu yaxınlarda "525-ci qəzet"də çap olunmuş "Davay" hekayəsilə başlamaq istəyirəm. İmirin bu hekayəsi novella kimi təqdim olunur. Əslində, novella da hekayədir. Fərq burasındadır ki, hekayədən fərqli olaraq novellanın sonu gözlənilməz bir hadisə ilə başa çatır. Oxucu hekayəyə məxsus bütün komponentləri burada izləyə bilər: yığcam süjet, xarakterik hadisə, bitkin bir obraz..amma sonluq təsvir olunan hadisənin məntiqinə uyğun olaraq yazıçının məramını, qayəsini əks etdirir.Gözlənilməzlik isə novella adlanan hekayənin fərqli xüsusiyyətidir.
   
   "Davay" hekayəsində müəllif arvadı ölmüş bir kişinin evlənməsindən söz açır. Arvadı öləndən sonra həyatı dözülməz olan Namaz kişi çox fikirləşəndən sonra belə qərara gəlir ki, kəndlərində Tanya deyilən dul bir rus qadını ilə evlənsin. O, buna çətinlik çəkmədən nail olur. Ancaq məsələ burasındadır ki, Namaz kişi rusca "Davay" sözündən savayı heç nə bilmir. Tanya da Azərbaycan dilini bilmir. Elə-belə, bir-birinə "davay" deyə ömür sürməyə başlayırlar.Günlərin birində Namaz kişinin ürəyi sancır və dolabın yuxarı küncündəki dərmanı götürmək üçün Tanyaya "davay" deyə müraciət edir. Amma Tanya bunu başqa mənada başa düşür, çünki hər dəfə bu sözü səsləndirəndə Tanya intim münasibət kimi anlayırmış. Bu dəfəki "davay" isə ürəyi ağrıdan get-gedə zəifləşən Namaz kişinin axırına çıxır: "Davay!", "Davay nu!"-Namaz xırıldayaraq zarıyıb Tanyanın sarmaşıq kimi sarılan qollarının arasında keçindi".
   
   Adi bir həyat hadisəsidir, həm də gülməlidir. Şedevr hekayə deyil, amma hekayənin novella tipi üçün əla bir nümunədir.
   
   İmir Məmmədlinin "Sazlı-sözlü Sibir" hekayələr kitabında onun beş hekayəsi toplanıb və bu hekayələrdə də gülüş, yumor çalarları diqqəti xüsusilə cəlb edir. Hiss olunur ki, İmirin yaradıcılığına böyük yazıçı Cəlil Məmmədquluzadənin çox güclü təsiri var. Təbii ki, bu təsir məzmun, mövzu planında deyil. Mirzə Cəlilə xas olan güldürə-güldürə düşündürmək və düşünə-düşünə təsvir olunan həyat hadisəsinin mahiyyətinə varmaq, nəticə çıxarmaq estetik məziyyət idi və bu cəhət bizim sonrakı nəsrdə də bir ənənə kimi yaşadı. Bəli, güldürmək lazımdır, gülüş insanı mənən saflaşdırır, təmizləyir, amma bu gülüşün arxasında acı həqiqətləri də gərək görəsən. İmir Məmmədlinin hekayələrində də biz bunu hiss edirik.
   
   Ancaq İmirin "Sazlı-sözlü" kitabında olan hekayələri heç də sırf yumorostik hekayələr kimi qələmə vermək fikrində deyiləm. Sadəcə, onu vurğulamaq istəyirəm ki, İmir öz hekayələrinə Mirzə Uəlil sayağı gülüşdən rənglər, boyalar qatır. Onun yazı tərzi məhz bu boyalar, rənglər və gülüş çalarları ilə müşayiət olunur.
   
   "Saçı-saqqalı ağarmış Aşıq Qərib, vaqonlarına "Göy-Göl" yazılan 37 nömrəli qatardaq Bakı şəhərinin baş vağzalına gün-günortanın yerinə qalxar-qalxmaz düşür.
   
   Düşən kimi onun diqqətini qarışıq çal-çağır səsləri, yeldöyəndə dolaşan küləklər kimi hər yandan gələn çeşidli musiqi çəkir".
   
   "Aşıq Qəribin Bakı səfəri" hekayəsi belə başlayır və biz Tiflisdən Bakıya gələn aşığın özünün də gözləmədiyi bir hadisənin izinə düşürük. Məlum olur ki, millət sevinc içindədir, küçələrdə, evlərdə, televiziya kanallarında şadyanalıqdır. Aşıq bütün şəhəri dolaşır və müharibə şəraitində yaşayan bir xalqın bu boyda sevincinin, şadyanalığının səbəbini öyrənməyə nə qədər cəhd etsə də, yenə də bir şey çıxmır.
   
   "Aşıq Qərib görür ki, açdığı kanalda çal-çağırı çağlayan veriliş gedir. Pultun düyməsini hövlnak basıb kanalı dəyişir. Oradan da konsert verirlər. Pultun düyməsini yenə basır, yenə şənlik, kanalı yenə dəyişir, yenə sevinc dolu hay-haray.
   
   "Görəsən, nə baş verib mənim xəbərim yoxdu?"-Aşıq Qərib nigarançılıqla fikirləşir. Hansısa kanaldan bu barədə nəsə öyrənmək ümidilə pultun düymələrini yenə inadcasına basır, hər yerdə mahnı, hər yerdə Xəzər dənizi kimi dalğalanan sevinc. Bir-iki dəfə hal-hazırda konsert olmayan kanala təsadüf edirsə belə, orada da sonrakı məclislər üçün müğənni seçir, aşıq irdələyirdilər".
   
   Beləliklə, Aşıq Qəribə məlum olmur ki, millət niyə belə sevinc içindədir.O özü də axırda bu sevincə qoşulur. "Ümummilli sevincə qoşulduğu və qovuşduğu gündən etibarən qırx gün, qırx gecə Bakıda qalır, o ki var sevinir, sevinə-sevinə millətin nəyə sevindiyi barədə düşünür, gizlin götür-qoylar edir, amma bu kütləvi şənliyin, sevincin səbəbini, məğzini anlaya bilmir. Elə, ulusa qoşulub sevinə-sevinə özünə təsəlli verir ki, sevincli sirdən baş aça bilməsə də, bu millətin bir aşıq oğlu kimi ona da sevinc payı çatdı"...
   
   Vəssalam. Hekayə beləcə bitir. İmir bu sevincin, millətin çal-çağırının səbəbini açmır-ağartmır və bunu oxucunun ixtiyarına buraxır.
   
   Bəs oxucu nə düşünür? Arif oxucu onu düşünür ki, bir millətin ərazisinin iyirmi faizi işğal olunub, amma elə bil ki, bu itki kimsənin vecinə deyil. Televiziya kanallarında şou verilişlər aləmi başına götürüb. Küçələrdə, bazarlarda qızğın alver gedir. Dərd unudulur. Kütləvi biganəlik hamının qanına, iliyinə yeriyir.
   
   Bax, budur, hekayənin alt qatdakı məğzi, mahiyyətig
   
   İmirin hekayələrində Yol, Səfər, Qatar gbunlar onun təsvir etdiyi qəhrəmanların təkcə hərəkət marşrutunu deyil, həm də mənəvi dəyişmələrinin göstəricisidir. "Sazlı-sözlü Sibir" hekayəsində səyahətçi-səfərdə olan şəxs Mordova vilayətinin Simusid qəsəbəsində öz həmyerlisinə-bir azərbaycanlıya rast gəlir. "küçəni təzəcə keçmişdim, elə mehmanxanaya çataçatda qulağıma həzin saz havası gəldi". Səyahətçi sazda "Dilqəmi" çalan bu adamla tanış olur. Sazçalan kişi onu evinə dəvət edir.
   
   Hekayənin bu cür başlanğıcı heç bir təəccüb doğurmur. Qərib, qürbət ölkədə hamı ilk növbədə öz həmyerlisini axtarır.Amma əsas məsələ qərib ölkədə yaşayan insanın taleyidir və təbii ki, onun bu uzaq diyara düşməsinin səbəbi maraqlandırır oxucunu. Məlum olur ki, o aşıq bura Gədəbəydən gəlib, Kommunist Partiyasının üzvü olan ilk aşıqlardandır. O öz mahalında məşhur imiş, Leninin, partiyanın şərəfinə o qədər mahnılar oxuyub ki, onu Moskvaya, Stalinin də iştirak etdiyi bir məclisə-konsertə aparırlar.
   
   Budur, həmin konsert. "Sazı sinəmə basdım, bir "Koroğlu cəngisi" çaldım ki, çaldığım özümü də cuşə gətirdi. Beləcə çala-oynaya irəliyə tərəf süzdüm. Hesabımı elə tutmuşdum ki, rəhbərin lojasına çatan kimi başlayacaqdım. Odur ki, oynaya-oynaya bir neçə dəfə dala-irəliyə var-gəl etdikdən sonra, locaya lap yaxınlaşıb üzümü fikirli rəhbərə tutub bir:
   
   -Ay heeeeey!..-deyə bir nərə çəkdim. Stalin silkələndi, səksənən sayağı oldu. Sanki yuxudan ayılmışdı, təəccüb və xof dolu gözlərini üzümə zillədi. Onu dərin xəyaldan ayıra bildiyimi görüb daha da fərəhləndim, mahnını oxuya-oxuya üzürəhbərə arxaya tərəf süzdüm.
   
   Səhnənin əks tərəfindəki pərdəyə çatanda, hiss etdim ki, pərdənin arasından bir əl uzanıb xələtimin kəmərdəki qatlaq yerindən yapışdı və məni ehmalca arxaya dartdı. Neyləməli, mən də beləcə çala-çala, dal-dala pərdənin arxasına getdim. Həmin əl məni pərdənin arxasında da buraxmadı, konsert salonundan çıxanda da buraxmadı, Kremlin həyətində də buraxmadı, Qızıl Meydanda da buraxmadı. Beləcə quyruğumdan darta-darta məni Mordovaya, gördüyün bu Simusid qəsəbəsinə gətirib çıxardı".
   
   Beləcə, Gədəbəydən gələn aşıq uzaq Sibirdə yaşamağa məhkum olunur. Orada Nataşayla evlənir. Amma aşığın Vətənə qayıtmaq iqtidarı sönür, çünki başa düşür ki, onu Vətəniylə bağlayan tellər çoxdan qırılıb. Amma Vətəninin ətrini sazından alır. Hər gün saz çalır.
   
   Hekayənin bu hissəsi ilk baxışda oxucuya gülməli gəlir. Gədəbəy aşığının Stalinin qarşısındakı gözlənilməz jesti, sonra da.. "yüngulcə bir qulaqburması". Sonra da Nataşa. Amma sonu heç də gülməli deyil. Ağlamalıdır. "Aşıq Qəribin Bakı səfəri"ndə olduğu kimi, İmir bu hekayəyə də qrotesk rəngi qatır, əvvəlcə komik, sonra tragik boyaları tündləşdirir.
   
   Hekayənin ikinci hissəsində isə İmir aşığın oğlunun əhvalatına keçir. Aşığın oğlu Simusiddə böyüyür, amma azərbaycanlı olduğunu unutmur və qarşısına belə bir məqsəd qoyub ki, mütləq öz millətindən olan bir qızla evlənsin. Elə bu səbəbdən Simusiddə yaşayan əslən gəncəli Əhməd kişinin qızıyla sevişir, bu sevda hər iki tərəfin ürəyincədir. Ata-oğul bu niyyətlə Əhmədgilə yollanırlar. Amma "Elçilik səfərimizin belə gözəl getdiyi bir məqamda qəflətən, daha doğrusu, tərs kimi qənşərimizə pişik çıxdı. Adam adama qarğıyanda gərək desin ki, səni görüm elçi gedəndə qarşına pişik çıxsın... Pişik hayana, itlər də o yana. Hürüşə-mırıldaşa yoldan döndülər, pişiyin ardınca, necə deyərlər, dabanbasma, yaxınlıqda yerləşən Karapetin həyətinə ildırım sürəti ilə girdilər. Karapetin qızı mənim sinif yoldaşım olmuşdu".
   
   Beləliklə, aşığın oğlu sevdiyi qızla yox, Karapetin qızıyla evlənir. Əlbəttə, bir oxucu kimi, mən də bu təsadüfü izdivacın əleyhinəyəm. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, bu izdivac göydəndüşmə olur, "qara pişik vasitəsilə" öz həllini tapır və yaxşı olardı ki, İmir Məmmədlinin qəhrəmanı Karapetin şirin dillərinə inanmayaydı, onun başını tovlayıb üz tutaydı Əhmədgilə. Və o zaman hekayənin bu cür bitməsi daha məqsədəuyğun olardı. Yox, bu gözlənilməz hadisə heç də ürəyimizcə olmadı,-deyirik.
   
   İmirin "Dördüncü vaqon", "Yeddiqatlı məsələlər", "Artım" adlı hekayələrində də düşündürücü mətləblər diqqəti cəlb edir.Bunlarda da komik, gülüş doğuran situasiyalarla ciddi məqamlar vəhdətdədir.
   
   İmirin hekayələrində Yol, Səfər, Qatar simvolik obrazlarını qeyd etdik. Ancaq bir obraz da var ki, o obraz İmirin hekayələrinə incə və xəfif yumor gətirir, yeri gələndə lirik ovqat yaradır. Bu da SAZ obrazıdır.Biz onun hekayələrində SAZ obrazını iki mənada qavrayırıq. Birincisi; saz milli-mənəvi varlığımızın təcəssümüdür. Azərbaycanlı ən uzaq, qürbət diyarda da, kimsəsizləşəndə saza sığınır. İkincisi; saz obrazın içindən gələn duyğuları ifdə edir. Saz hekayələrdəki gülüş arsenalının şiddətlənməsində yardımçı rolunu oynayır. Hərçənd ki, bir məqamda-"nəzərdə tutulmayan döngə" hekayəsində erməni Karapet də əlinə saz alır və belə məqamda müəllifi qınamağımız gəlir. Amma elə həmin hekayədə Simusiddə yaşayan Gədəbəyli aşığın oxuduğu bu şən mahnı hekayəyə emosional bir ovqat gətirir:
   
   
   
    Mən ala bilmədim öz ellimizi,
   
    Rusa doğuzdurdum, ay bala, sizi.
   
    Yuxumda çırpınır Xəzər dənizi,
   
    Azəri qızını al, qadan alım.
   
   
   
    Bizə lazım deyil nə rus, nə xaxol,
   
    Bala, ermənidən, çalış, uzaq ol.
   
    Gedək, elçi gedək, bizə yaxşı yol,
   
    Azəri qızını al, qadan alım.
   
   
   
    Qoy, qapı-bacada öz qanım gəzsin,
   
    Mənə plov bişirsin, əriştə kəssin,
   
    Yeddi oğul doğsun, hay-küyə dözsün,
   
    Azəri qızını al, qadan alım.
   
   
   
   Ümumiyyətlə, İmirin hekayələri təbiidir, bu təbiiliyi təhkiyə tərzinin şirinliyi, olduqca maraqlı təsir bağışlaması, süjet xəttinin bitkinliyi, təsvir etdiyi obrazların koloritli və canlı olması, həyatdan gəlməsi, bədii dilin çoxçalarlılığı şərtləndirir və mən də çox arzulardım ki, İmir həmişə bu təbiiliyi qoruyub saxlasın.

TƏQVİM / ARXİV