DüZ SÖZ...

FAİQ QİSMƏTOĞLU
32409 | 2011-12-24 06:38
Bizim kənddə bir kişi vardı: Bəhram kişi. Hamı onu güznəqulu adam kimi tanıyırdı. Və bu Bəhram kişi də heç kimdən çəkinib-eləməzdi. Hər şeyi olduğu kimi danışardı. Əgər birinin səhvi olurudusa, kimsə yolun azırdısa və biri də digərinə qarşı hörmətsizlik eləyirdisə, bunu Bəram kişi o dəqiqə həmin adamın üzünə deyərdi. Bu söz deyiləndən sonra təqsirkar və suçlu adam qıpqırmızı qızarardı. O qıpqırmızı qızardıqca Bəhram kişi də diqqətlə ona baxar, dərindən nəfəs alar və ürəyi sakitləşərdi...g
   
   Bəram kişinin ürəyi sakitləşərdi, suçlu adamınsa ürəyi ağzından çıxardı. Nə illah eləyərdilərsə, Bəhram kişini heç kim düz yoldan döndərə bilməzdi. Deyirdilər ay Bəhram, bu yekəlikdə kəndin poçt müdirisən, sənin yerinə kim olsa, qaz vurub, qazan doldurar. Rəhmətliyin oğlu, sənin də dünya malında gözün yoxdu. 30 ildir ki, bir qalınçanın içindəsəng
   
   Onun geyindiyi qalınçanı biz də görmüşdük. Bizdən əvvəl böyüklərimiz də deyirdilər ki, Bəhram kişi düzgün və təmiz adam olduğu üçün halal yolla dolanıb. Hətta kənd poçtuna kimsə gələrdisə və ordan pul alanda Bəhram kişiyə bir şey vermək istəyəndə o pulu götürməzdi və yiyəsinə qaytarardı. Bəzən elə adam olurdu ki, o pulu stolun üstünə qoyub çıxardı. Bəhram kişi də həmin adamı səsləyərdi ki, ay qardaş, pulunu götür get. Adam da vardı ki, pulunu götürüb getmək istəmirdi. Bax onda sanki Bəhram kişi cin atına minirdi. Stolun üstündəki pulları götürüb həmin adamın dalınca tullayardı. Yəni sənin verdiyin pul mənə lazım deyil...g
   
   Təbii ki, pul sahibi də görərdi ki, həmin pullar onun dalınca atılır, qayıdıb o pulları yerdən yığışdırardı. Pullar Bəhram kişidən uzaqlaşandan sonra o yenidən rahatlıq tapar və sakitləşərdi. Sonra da deyərdi ki, bu zalım uşağı elə bilirlər ki, Bəhram başqaları kimi pul götürəcək...g
   
   Camaat onu yaxşı tanıyırdı. Camaat yaxşı tanıyırdı ki, Bəhram kişini cin atına mindirmək olmaz. Ona pul təklif eləmək, pul vermək söyüş kimi bir şeydi. Bunu hamı yaxşı bilirdi və yaxşı bildiyinə görə də artıq ona pul da təklif eləmirdilər. Bir dəfə kəndin ağsaqqallarından biri dedi ki, mən dünyada çox təmiz adam görmüşəm, amma bizim Bəhram kimi təmiz insan görməmişəm. Mən başa düşmürəm o adam nə ilə yaşayır, necə dolanır, xeyiri-şəri necə yola verir?! Məəttəl qalmışam ki, pula ehtiyacı ola-ola və pul da hər gün onun qapısının ağzını kəsdirə-kəsdirə Bəhram bunlara yaxın durmur.
   
   Bəhram kişi elə-belə adamlardan deyildi. Bəhmənlidə kimdən soruşsan deyərdilər ki, o düznəqulu adamdı. O yekəlikdə poçtun 40 ilə yaxın müdiri işlədi, heç kimdən bir manat ummadı. Ummağı bir yana, hətta camaatın "şirinlik" kimi verdiyi pulu da əlinin arxası ilə geri itələdi. Qəribəsi də o idi ki, Bəhram kişi elə uzun müddət və dünyasını dəyişənə qədər qış vaxtı bir qalınça geyərdi. O qalınça o qədər müqəddəs, o qədər təmiz idi ki, onun içində Bəhram kişi mənə hamıdan varlı, hamıdan səxavətli və hamıdan da səmimi görünərdi. Çöhrəsində özünəməxsus bir təbəssüm yaranardı. Rəhmətlik Bəhram kişi çox ağır, ağayana və mərd bir adamıydı. Ən azından ona görə ki, heç vaxt kimsədən bir şey ummamışdı. Əgər cənnət varsa, mən yüz faiz bilirəm ki, Bəhram kişinin yeri cənnətlikdir.
   
   Deyirlər ki, Allahın bağışlamadığı 9 böyük günah var. O günahın heç birini Bəhram kişi eləməmişdi. O qədər təmiz, o qədər vicdanlı və o qədər pak adam idi ki, onu hamıya nümunə göstərirdilər. Deyirdilər ki, Bəhram kimi ürəkdə, Bəhram kimi səmimiyyətdə və Bəhram kimi əqidədə bu kənddə az-az adam olub. Biz də uşaq vaxtı barmaqla göstərilən Bəhram kişiyə baxar və ona qibtə eləyərdik. Ancaq əynindəki köhnə kastyumu, 40 ilə yaxın geyindiyi qalınçanı görəndə təəccüblənərdik. Çünki o kostyumun da, o qalınçanın da hay-hayı gedib, vay-vayı qalmışdı. Paltar o qədər köhnəlmişdi ki, az qala süzülüb cırılacaqdı. Amma bu köhnə paltarın və köhnə kostyumun, köhnə qalınçanın içərisində Bəhram kişi gün işığı kimi görünürdü. Sanki üfiqdən və buludların arasından bir günəş boylanırdı. Üzündəki təbəssüm, çöhrəsindəki nur adamı uzaqdan özünə cəlb eləyirdi.
   
   Rəhmətə gedəndə çoxları Bəhram kişiyə görə göz yaşı tökdü. Sanki hamı əzizini və doğmasını itirmişdi. Ona görə ki, bu kəndin ən təmiz, ən namuslu və ən pak adamlarından biri haqq dünyasına qovuşmuşdu. Haqq dünyasına qovuşan Bəhram kişini Bəhmənli camaatı çiynində son mənzilə yola saldı. Çox qəribə idi ki, onun ölümünə daş ürəkli adamlar belə kövrəlmişdilər. Hətta ondan xoşu gəlməyən və bəzən də düz sözünə görə inciyən adamlar da Bəhram kişinin ölümünə pis olmuşdular. O da yadımızdadır ki, o rəhmətə gedəndə kənddə çoxları cənazəyə girmək istəyirdi. Sonuncu dəfə kimsə ona öz borcunu qaytarmaq üçün çiynini tabutun altına verir, çiynini verə bilməyənlər isə əlləri ilə tabutun harasından gəldi tuturdu. Yəni bu o demək idi ki, təmiz, vicdanlı, namuslu bir adamın son mənzilə yola salınmasında kimsə öz payını versin. Daha doğrusu, Bəhram kişidən halallıq almaq üçün bir çoxları tabuta yaxınlaşar və ona çiyin verərdi...
   
   Düz söz həmişə acı olub. Düz sözü deyən adam sonradan onun altını, əziyyətini, əzabını çəkib. Nə var, nə var kiminsə səhvini üzünə deyirsən, nöqsanını göstərirsən. Heç də hər adamın düz sözdən, əziyyətdən xoşu gəlmir. Düzdür, bəziləri üzdə deyirlər ki, biz düzdüyü, həqiqəti və ədaləti sevirik. Amma elə ki, kimsə onun nöqsanını göstərir, səhvini deyir, bax ondan sonra əsil tamaşa başlayır. Xüsusən də vəzifəli adam olanda onun fəsadları, ağrı-acısı daha çox olur. Vəzifəli adamın nöqsanını deyəndə, günahını söyləyəndə əvvəlcə heç bir şey demir. Deyir ki, elə mənim özümün də tənqiddən xoşum gəlir. Nə yaxşı səhv cəhətimi yadıma saldınız və mən də bundan nəticə çıxararam. Bir müddət keçir, o vəzifəli adam tabeçiliyində olan və düz söz deyən insanı gözümçıxdıya salır. Onu elə günə qoyur ki, düz söz deyən adamın az qala adı da yadından çıxır və işdən başını götürüb qaçmaq istəyir. Müdir bir az da təzyiqləri artıranda artıq həmin adam təzyiqlərə dözə bilmir və işdən çıxıb gedir. O qədər belə hadisələr olub ki, kimsə düz söz dediyinə görə, sonradan başı ağrayıb.
   
   Həqiqəti deyən, düz sözü söyləyən adamın bəzən də kimlərsə iki barmağı ilə basıb gözünü çıxarıblar. Yəni deyiblər ki, otur yerində, dilini qoy boğazına. Dilini boğazına qoymursansa, bax gözünü barmağımızla basıb belə çıxararaq. Gözü çıxan adamlar da sonradan çox çətin və əzablı günlər yaşayıblar. Amma onları yenə kimlərsə susdura bilməyiblər.
   
   Bizim kənddəki, Bəhram kişini də ömrünün sonuna qədər heç kim susdura bilmədi. Düzdür, kəndimizdə varlı, pullu və imkanlı adamlar çox idi. Belə baxanda Bəhram kişi də çox varlı və pullu adam ola bilərdi. Sadəcə, o bunlardan imtina eləmiş və üz döndərmişdi. Ona görə də ən imkanlı adamlar ona hörmətlə yanaşar, xeyir və şərdə Bəhram kişiyə böyük hörmət göstərərdilər. Bəhram kişi də həmişə öz yerini bilərdi. Yəni kiminsə layiq olduğu yerdə əyləşməz və özünün ürəyi istədiyi yerdə oturardı. Toy sahibləri gəlib deyərdilər ki, Bəhram kişi, keçin yuxarı başda - ağsaqqalların yanında əyləşin. O isə özünəməxsus bir görkəm alar və sakit tərzdə deyərdi ki, məclisin yuxarı və aşağı başı olmur. Elə harda gəldi əyləşə bilərəm. O da stulda əyləşəndə camaat yığışardı Bəhram kişinin başına. Məclisin yuxarı başındakılar gəlib Bəhram kişinin söhbətinə qulaq asar və ləzzət alardılar. Bir az da keçəndən sonra yuxarı başda bir-iki adamın əyləşdiyini görmək olardı. Görmək olardı ki, özündən deyən adamlar belə Bəhram kişinin yanında çox yazıq və cılız görünürlər. Fiziki cəhətdən ondan boylu-buxunlu olan və iri gövdəli adamlar belə gəlib onun yanında əyləşərdilər. Əyləşən kimi də Bəhram kişiyə bir-iki sual verərdilər. Deyərdilər ki, beynəlxalq aləmdə nə var, nə yox?! Yenə Amerika SSRİ-yə meydan oxuyur?! O isə bütün verilən sualları diqqətlə dinləyər və sonra da ona ünvanlanan hər bir suala özünəməxsus və şirin bir cavab verərdi. O qədər şirin cavab verərdi ki, bu məclisdə əyləşən adamların hamısına ləzzət eləyərdi. Dili dincdurmayan cavanlardan biri deyərdi ki, Bəhram kişi, sən indiyə qədər niyə 1 qəpik də pul almamısan? Bəhram kişi də bu suala cavab verməzdi. Çünki yanında oturanlar bir ağızdan deyərdilər ki, o kişinin yerinə biz "Quran"a əl basarıq ki, Bəhram kişi balalarına bir tikə haram çörək yedizdirməyib. Ona görə də bu kişinin camaat qarşısında alnı açıq, üzü ağdı...
   
   Bir dəfə mən orta məktəbdə oxuyanda rayon qəzetində çıxan məqalələrimə görə qonarar almışdım. Bu qonarar da hardasa 3 manat 80 qəpik olardı. Gəldim kənd poçtuna və mənə gələn qəbzi Bəhram kişiyə göstərdim. O da eynəyini taxıb, diqqətlə qəbzə baxdı və sonra da 3 manat 80 qəpiyi stolun üstünə qoydu. Mən də istədim o, 80 qəpiyi götürməyim. Amma Bəhram kişi nə təhər tərs-tərs mənə baxdısa, o dəqiqə fikrimdən daşındım. Dedi ki, ay oğul, heç sənin dədinin verdiyi pulu mən götürməmişəm. O ki, qala gözünün nurunu axıda-axıda yazdığın məqalənin qonararı ola. Götür pullarını çıx get. Bilirəm, sənin dədənin pulu çoxdur və sənin də o pula ehtiyacın yoxdur. Amma sənin dədənin puluyla bu pulun arasında yerlə-göy qədər fərq var. Dədənin sənə verdiyi pulu sən qazanmamısan və onu ora-bura nə qədər istəsən xərcləyəcəksən. Amma bu 3 manat 80 qəpiyi gözünün nurunu axıdıb məqalə yazaraq qazanmısan. Bu pulun şirinliyini bir azdan sonra dərk eləyəcəksən. Doğrudan da o, 3 manat 80 qəpik sanki mənim üçün min manata bərabər idi. O qədər şirin, o qədər qeyri-adi idi ki, onu xərcləmək istəmirdim və hardasa bir ilə yaxın saxladım. Hiss elədim ki, Bəhram kişi düz deyirmiş. Halal yolla qazanılan pulun şirinliyi başqa cür imiş.
   
   Yadıma bir əhvalat düşür. Varlı bir kişi oğlunu zəhmətkeş böyütmək istəyirmiş. Onun da oğlu kefqomun və əhlikefin biriymiş. Dədəsinin pulunu ora-bura səpələyirmiş. Bir gün də dədəsi deyir ki, canın çıxsın, get işlə, pul qazan. Mən sənə bu gündən sonra 1 manat da verən deyiləm. Həmin uşaq da anasının yanına gəlir və deyir ki, atam mənə bu gündən 1 manat da pul verməyəcək. Gərək gedim orda-burda işləyim, pul qazanım. Anası ərköyün oğluna deyir ki, qəm eləmə, get, gəz elə, kef çək, axşam gələndə sənə 5 manat pul verəcəm. Atana deyərsən ki, işləyib bu pulu qazanmışam. Axşam düşür, oğlan evə qayıdır və anası ona 5 manat verir. Kişi də oğlunu yanına çağırıb soruşur ki, işləmisən? Oğul da deyir ki, bəli, 5 manat pul qazanmışam. Kişi pulu oğlunun əlindən alır və yanan odun sobasına atır. Uşaq sakit-sakit pula baxıb və çıxıb gedir. Bu hadisə 3-4 dəfə təkrarlanır və hər dəfə də kişi oğlunun gətirdi pulu odun sobasına atır. Axırda oğlu bir gün gedir dəmiryol vağzalına və orda yük daşıyır. Səhərdən axşama qədər qan-tərə batıb işləyir, 5 manat pul qazanır. Axşam sevinə-sevinə atasının yanına gəlir ki, bax, bu pulu özüm qazanmışam. Atası yenə pulu onun əlindən alıb, gürhagur yanan odun sobasına atır. Uşaq qışqıraraq deyir:
   
   - Siz neylədiniz. Niyə mənim alıntəri ilə qazandığım pulu sobaya atdınız?
   
   Atası sakit-sakit ona baxır. Uşaq əlini sobanın içinə salıb pulu ordan götürür və sinəsinə basır. Atası deyir ki, bax, indi bildim ki, o pulu sən özün qazanmısan. Ona görə də əlini sobaya atıb pulu ordan çıxardın. Ancaq o biri pulları özün qazanmamışdın, anan vermişdi. Görürsənmi, halal yolla qazanılan pul nə qədər şirin olur.
   
   Bizim kəndin namuslu adamlarından olan Bəhram kişi də bax belə bir ömür yaşayıb və halal yol tutub. İndi kimsə kənddə bir təmiz adam görəndə deyirlər ki, rəhmətlik Bəhram kişi kimi düz adamdı, dünya malında gözü yoxdur. İllər ötüb, uzun zaman keçib, yenə Bəhram kişi kimi kişilər insanların ürəyində və yaddaşında yaşayır. Ona görə ki, onun dünya malında gözü olmayıb, həmişə düz danışıb və bir tikə çörəyi halallıqla qazanıb. Halallıqla qazanılan çörək isə həmişə şirin olur.

TƏQVİM / ARXİV