adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"Şor-çörəklə dolanırıq"

İNTİQAM VALEHOĞLU
20206 | 2011-12-24 06:38
Bu son bir neçə gün ərzində Gənc Tamaşaçılar Teatrıyla bağlı mənim imzam altında gedən üçüncü yazıdır. Yəni ki, mənim yazdığım. Daha doğrusu bunlardan biri yazı, digəri isə müsahibə olub. Yazdıqlarımın az da olsa oxucu marağına səbəb olması, şərh olunması təbii ki, xoşdur. Amma bəzi oxucuların yazdıqlarımın hansısa maddiyyatla bağlı olduğu haqda düşündüklərinə üzülürəm. Bir məsələni də qeyd edim ki, elə "Cənnətin cəhənnəmə çevirdiyi teatr" yazısından sonra Gənc Tamaşaçıların teatrının aktyorlarını telekanalların birinə dəvət edərək, bu barədə veriliş hazırlamışdılar. Təvazökarlıqdan nə qədər uzaq olsa da, bu da mənim üçün uğurdur. Amma belə fikirdə olanlar unutmasınlar ki, mən həmin yazıda kiminsə dediklərini yox, öz gördüklərimi yazmışdım. Elə bu müsahibənin də bir hissəsində sözügedən mövzuya toxunulub. Beləliklə, müsahibim Gənc Tamaşaçılar teatrının tanınmış simalarından biri, xalq artisti Ağaxan Salmanlıdır.
   
   
   
   - Ağaxan müəllim, istərdim ki, suallara keçməzdən əvvəl bu gün teatr aləmində baş verənləri təhlil edəsiniz.
   
   - Çox qəliz, çox mürəkkəb bir şeydir. Teatrda baş verənlər (fikirləşir). Elə də qəribə bir şey baş vermir. Bu gün teatr durğunluq dövrünü yaşayır.
   
   - Yəqin ki, söhbət sənət durğunluğundan gedir. Çünki bu gün sizin teatrın texniki təchizatı, binası yüksək standartlara cavab verir...
   
   - Mənim əvvəldə dediyim fikirlər ölkənin teatr həyatına aiddir. Hamı çalışır ki, yeni nəsə eləsin. Hətta bunun üçün xaricdən, o cümlədən Gürcüstan və Rusiyadan, Belarusdan mütəxəssislər də dəvət edirlər. Məsələn bizim teatrın rəssamı gürcüdür.
   
   - Yerli mütəxəssislərlə onlar arasında hansısa fərq varmı?
   
   - Heç bir fərq hiss olunmur. Eyni şeydir.
   
   - Elədirsə, xaricdən mütəxəssis dəvət eləməyə nə ehtiyac var?
   
   - Onları ümidlə dəvət edirlər ki, teatra yeni nəfəs gətirsinlər.
   
   - Həmin mütəxəssislər gənclərdir?
   
   - Bəli.
   
   - Sizcə bizdə yeni nəfəs gətirəcək gənclər yoxdur?
   
   - Mənə elə gəlir ki, "Azdrama" bu mənada düzgün istiqamət götürüb. Orda direktor İsrafil İsrafilov bütün gənc aktyor və rejissorlara işləmək imkanı yaradır. Bu yaxınlarda gənc rejissor Mikayılın quruluşunda "Xanuma" tamaşasını təhvil veriblər. Özüm baxa bilməsəm də, səs-sorağı gəlib çatıb. Artıq planımda var ki, gedib baxım.
   
   - Əgər ayrı-ayrı böyük teatrlardan söhbət düşdüsə, istərdim Musiqili Komediya Teatrındakı vəziyyət haqda da danışasınız...
   
   - Orda hələ ki, yeni bir şey görmürəm. Yəqin ki, onlar da axtarışdadırlar. Amma sensasiya yaradacaq, maraq doğuracaq nəsə yoxdur.
   
   - Yenilik yoxdursa, demək ki, bu durğunluqdur. Sizcə səbəb nədir?
   
   - Mənə elə gəlir ki, gənc rejissorlara, gənc rəssamlara, gənc aktyorlara imkan yaratmaq lazımdır, özlərini təsdiqləsinlər.
   
   - Şou aləmində baş verənlər insanların gözü önündə olduğundan daha çox diqqət çəkir. Amma mən bilirəm ki, teatrlarda elə qalmaqallar baş verir ki...
   
   - Onun tamaşaçıya dəxli yoxdur.
   
   - Amma belə qalmaqallar bilavasitə yaradıcılıq mühitinə, iş keyfiyyətinə mənfi təsir göstərir. Dolayısıyla da tamaşaçıya dəxli olur. Bilirəm ki, hazırda Gənc Tamaşaçılar Teatrında da belə bir vəziyyət yaşanır. Yəni baş rejissorla aktyorlar arasında.
   
   - Bilirsiniz, Cənnət Səlimova 72 yaşında adamdır. Demək olmaz ki, insan bu yaşdan sonra kəşf edə bilməz, bilər. Ancaq çətindir də (gülür)
   
   - Sizin dediyiniz "gənclərə yol vermək" prinsipiylə yanaşsaq, Cənnət xanım gənclərə yol verməlidir? Əgər teatrda bu yerə layiq rejissor yoxdursa, başqa yerdən dəvət olunmalıdır.
   
   - Respublikada ola bilməz ki, yüksək səviyyəli rejissor olmasın. Məncə baş rejissor məsələsində "baş" sözü artıqdır. Fikrimcə, bu postu teatr sistemindən çıxarmaq lazımdır. Çünki yaradıcı mühitə pis təsir edir, birhakimiyyətlilik yaradır. Məsələn, Cənnət xanım teatra gələndən bütün tamaşaları özü hazırlayır. Nə mənə, nə ştatda olan digər rejissorlara-Rafiq Əliyevə, Nicat Kazımova, Ağalar İdrisoğluna imkan vermir və kənardan da heç kəsi dəvət eləmir.
   
   - Sizcə nə çatışmır?
   
   - İnanmsızlıq. O inanmır ki, kimsə tamaşa hazırlaya bilər. Cənnət Səlimova elə bilir ki, zövq də, baş da, yaradıcılıq da ancaq bundadır. Kimsə bura girişsə, işləri korlayacaq. Üç ildir ki, nə mən, nə də digər rejissorlar bir tamaşa hazırlamamışıq. Vəziyyətin belə olması tamaşalarda primitivlik yaradır. Kif atmış tamaşalar səhnəyə qoyulur.
   
   - Bir zamanlar siz də mətbuatda indi danışdığımız mövzu haqda fikirlərinizi bildirmişdiniz...
   
   - Bunun tarixçəsi uzundur. Mən onu ona görə tənqid eləmişdim ki, müasir dramaturgiyamıza xor baxır, heç kəsi bəyənmir. Mən düz bir il onu tənqid atəşinə tutandan sonra milli-müasir dramaturgiyamıza müraciət elədi. O vaxta kimi "Şelkunçik". "Yatmış gözəl", ay nə bilim nə...belə uşaq tamaşaları qoyurdu. Amma hər kəs bilir ki, bizim nağıllar daha müdrikdir,
   
   - Neçə ildir Gənc Tamaşaçılar teatrında işləyirsiniz?
   
   - 1963-cü ildən.
   
   - Bilirəm ki, qalmaqallardan sonra əməkdar artist Ayşad Məmmədov, əsas aktrisalardan olan Sonaxanım Əliyeva və digərləri burdan ayrılıblar. Siz belə bir şey düşünmürsünüz ki?
   
   - Mən 1971-ci ildə 3 il müddətində teatrdan ayrılmışam və 3 il Mədəni Maarif Texnikumunda və İncəsənət İnstitutunda pedoqoji fəaliyyətlə məşğul olmuşam. Amma indi belə bir fikrim yoxdu.
   
   - Burdan nə qədər məvacib alırsınız?
   
   - 250 manat. Amma müəyyən hissəsini tuturlar və 200 manat alıram. Ancaq onun dəxli yoxdur. Aktyor heç vaxt, heç bir formasiyada yaxşı dolanmayıb. Hətta Ostrovskinin, Cəfər Cabbarlının aktyorlara həsr olunmuş pyeslərində də göstərilir ki, bu zümrə maddi cəhətdən yüksək təminatlı olmurlar.
   
   - Əlavə gəliriniz var?
   
   - Yox.
   
   - Bəs...
   
   - Şor çörəklə dolanırıq.

TƏQVİM / ARXİV