adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

GÖZƏL YALAN

OQTAY SALAMOV
30772 | 2011-12-24 06:38
Bu ilin aprel ayında "ACI HƏQİQƏT, YOXSA ŞİRİN YALAN?" adlı bir yazı işləmişdim. Yazıda Mark Tvenin "Qədim müdrik kəlamda deyilir ki, uşaqlar və dəlilər həmişə düzünü deyirlər. Nəticə aydındır: yaşlı və müdriklər heç vaxt həqiqəti demirlər" sitatını gətirmişdim. Deyim ki, oxucular arasından reaksiya oldu, ən azından Mark Tvenin sitatına müsbət və ya mənfi münasibət göstərən oldu - yalan danışmış olaram. Ümumiyyətlə, oxuduğu yazıya münasibət göstərməmək bizim adamlarda artıq xasiyyətə çevrilib. Yazan adamın ümidi bircə ona qalır ki, bu yazını oxuyan adam bəlkə oxuduğu haqda düşünsün, qəbul etdiyini götürsün, bəyənmədiyini rədd eləsin...
   
   Sadəcə olaraq bir neçə yoldaş yazını müzakirə elədilər və "həqiqət" və "yalan" terminlərinin elmi izahı haqda fikir yürütdülər. Biz də ki, maşallah, elm adı gələndə qutuda ilan görürük. Məsləhət gördülər ki, "cözəl (şirin) yalan"ın "acı həqiqət"dən daha cəlbedici olmasını sübut edə bilərsənmi? Amma bir şərtlə ki, adi oxucu üçün maraqlı dillə izah edəsən. Çalışaram...
   
   O Mark Tvendir, dünyanın qəbul elədiyi yazıçıdır. Çox yerdə atalar sözləri kimi qəbul edilən aforizmləri var, onun sözləri ilə mübahisə etmək olar? Amma... "Yaşlı və müdriklər heç vaxt həqiqəti demirlər"... Mübahisəlit məsələdir. Yaxşı, yaşlılar və müdiriklər yalan danışır, uşaqlar və dəlilər düzünü danışır, bəs gənclər və orta yaşlılar? Axı cəmiyyətin aparıcı qüvvələri onlardır, onların dedikləri hansı kateqoriyaya uyğundur? Belə çıxır ki, gənclərin dedikləri doğruya (uşaqlıqları uzaqda deyil axı), orta yaşlıların dedikləri yalana yaxındır (yaşlılıqları daha yaxındadır axı). Bilmirəm... Bildiyim odur ki...
   
   Zəmanimizdə ən populyar olan gözəl yalandır. Ən azından, indi. Çoxumuz çox vaxt , əşi, niyə yalan danışaq ey, həmişə ürəyimizə yatan, tərifli olanı seçirik və bu qəbul etdiyimizin nə qədər həqiqət və düz olduğu haqda qətiyyən düşünmürük də. Başqa sözlə desək, müasir adam həzzi sağlam düşüncədən yuxarıda görür. Vallah, mühazirə oxumuram, nəsihət etmirəm, notasiya söyləmirəm, qarşılaşdığımız və qarşılaycağımız problemlərə nisbətən yumşaq zərblə dəymək üçün fikirlərimi bölüşürəm... Özünüz bilin, maraqsızdırsa, şənbə nömrəsidir, qəzetdə daha "şirin" materiallar taparsınız...
   
   Əgər həzz ağıldan üstün tutulursa,bu isə demək olar ki, belədir, onda bu həyat tərzini doğrultmaq üçün əsas tapmaq lazımdır. Əslində bu humanizm ideyası - insanı özünün tələbləri ilə birgə hər şeydən yuxarıda görmək, ən qiymətli, dəyərli bilməkdir. Adama - sən ən yuksək dəyərə maliksən deyirlərsə - bu tərif ürəyəyatandır və ləzzət eləyir. Təxminən 16-cı əsrdən başlayaraq belə dünyagörüşü ehtikar ( spekulyativ, nəzəri, təcrübəyə əsaslanmayan) filosofları və kütləni " yeni üfüqlərə" qanadlandırmaqdadır. Belə xeyirxahlıq maskası altında faktiki olaraq satanizm ideyaları ictimai şüura daxil olmağa, ənənəvi dünyagörüşü- ən yuksək qiymətli olan Allahdır, bütün dünyanın Yaradısısıdır- dünyagörüşünü sıxışdırıb aradan çıxarmaqdadır. Hələ bu çox nikbin proqnozdur, əslinə qalanda ənənəvi dünyagörüşü ar tıq aradan çıxıb demək düz olardı...
   
   İndi neyləyək ki, humanizm, satanizm, idrak haqda danışmaq lazım olanda istər-istəməz elmi terminlərə müraciət etməli oluruq. Axı aşağıdakı fikri loru dildə izah etməyin gözü də yeni bir yalana apara bilər. Ona görə də bağışlayın; Beləliklə, humanizm ideyalarını inkişaf etdirdlikcə, nəhayətdə əsl şeytani prinsiplər- indivuallizm və parqmatizm prinsipləri yaranır.
   
   -İndivualizm - eqoizmin başqa adı
   
   -Praqmatizm- zərurətdən yuksək heç nə yoxdur, " hədəf işlədilən vasitələri doğruldur" prinspidir.
   
   "Özünü hər kəsdən yüksəkdə tutmaq və məqsədə çatmaq üçün istənilən vasitəyə əl atmaq" ideyaları olan yerdə hansı həqiqətdən danışmaq olar? Allahı başının üstündə görməmək, ürəyində insaf-mürvət olmadan və öz işinin xatirinə ən iyrənc vasitələrə əl atmaq olan yerdə hansı həqiqətdən danışmaq istəyirsiniz? Elə buradan da "hər kəsin öz həqiqəti var", "hər şey nisbidir", o cümlədən buradan yaranan əxlaq anlayışları medana çıxır. Praktiki olaraq bunlar da faktların istənilən cür təqdim edilməsi və qəbul etdirilməsinə, özbaşınalıqlara, yalançılığa aparır.
   
   Yalanı həvəs və iştahla "yedirtmək" üçün onu tərifli hala salmaq, "qənfeti" kağıza, özü də gözəl kağıza bükmək lazımdır. Bəs son əsrlərdə yaranmış dizayn, imic deyilən şeylərə nəyə görən vacib xüsusiyyətlər kimi baxırlar ki? Hətta dövlətlər, dövlət adamları artıq real məziyyətlrə deyil, onun imitasiyasına, təqdimetmə formasına, "bər-bəzəyi"nə fikir verirlər.
   
   Vaxtını xoş keçirmək, xoşa gəlməyən heç nəyə dilxor olmamaq istəyi nəhayətdə mədəniyyətimizi, incəsənətimizi, KİV-imizi saxtalaşdırmağa, axtalaşdırmaya gətirib çıxardıb. İndi mədəniyyət, incəsənət, mətbuat tamailə fantaziya sferasına qovuşub... Onların, təəssüf ki, özü də təkcə onlar yox, çox şeylərin reallığa uyğun olub olmaması, demək olar ki, əhəmiyyətsizdir və əsas odur ki, təqdim edilən xoş və "maraqlı" olsun...
   
   Dünyanın təbliğatına, mətbuatına, reklamına, mənəviyyatına baxın; hamısı "şirin yalan"dır. İllah da bizim şərqli təfəkkürümüzdə "şirin"ə sox qiymət qoyuruq, yalanın da şirini lap ürəyimizə yatandı... Elə hər şeydə...

TƏQVİM / ARXİV