adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Iyun 2015 17:31
3152
MƏMLƏKƏT
A- A+

Media dini təbliğatda ehtiyatlı olmalıdır

 Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İslam dinində parçalanma yaratmağa çalışan dini təriqətlərə qarşı mübarizə tədbirlərinin təşkili”  layihəsi çərçivəsində növbəti tədrbini Xaçmazda keçirib. "Radikal dini qruplar və media”  adlı dəyirmi masada rayon ağsaqqalları, ziyalıları, din xadimləri iştirak ediblər. ABUC sədrinin müavini  Elman Cəfərli son illər radikal dini təriqətlərin informasiya resurslarının artdığını bildirib. E.Cəfərli deyib ki, radikal dini təriqətlər  sosial şəbəkələrdə açıq təbliğ olunur, bəzən bir sıra kütləvi informasiya vasitələri də onlara informasiya dəstəyi verirlər: "Özəlliklə özünü "İslam dövləti” adlandırmış İŞİD terorçularını dəstəkləyənlər peyda olub. Onların arasında hətta tanınmış  yazarlar,  alimlər var. İŞİD təbliğatı onlara təsir edib. Onlar hesab edir ki, İŞİD terrorçuları tarixi ədaləti bərpa edəcək və Şərqdə böyük bir islam dövləti quracaqlar. Halbuki İŞİD-in məqsədi heç də bütün müsəlman xalqlarını birləşdirmək deyil. Onlar üçün "əsil müsəlmanlar” var və "yolunu azmışlar var”. Onların baxışına görə sələfilərdən başqa bütün  müsəlman ölkələrinin əhalisi şirklə məşğul olur, doğru islamda deyillər”.  E. Cəfərli deyib ki, bəzi saytlar söz azadlığından sui-istifadə edir, radikal dini sektaların təbliğatçısına çevrilirlər.


Araşdırmaçı jurnalist Əli Zülfüqaroğlu mövzu ilə bağlı məruzə ilə çıxış edib. Əli Zülfüqaroğlu deyib ki, İŞİD-in təbliğatının təsirinə düşmüş insanların mediada və sosial şəbəkələrdəki fəaliyyəti artıq narahatedici həddədir: "Bu gün Azərbaycanda media, söz və fikir azadlığı var. Yüzlərlə qəzet, sayt, agentlik fəaliyyət göstərir. Müstəqil televiziyalar var. Media dini təbliğatda ehtiyatlı olmalıdır. Mediada yalnız Allahın birliyi, əxlaq məsələləri təbliğ olunmalıdır. Bu gün radikal dini sektaların çoxlu internet resursları var. Bu saytları izləyən müxtəlif səbəblərdən təhsildən yayınan, cahil gənclər asanlıqla radikal sektaların toruna düşürlər”. Ə.Zülfqaroğlu dövlət qurumlarının söz azadlığından sui-istifadə edən radikal dini sektaların saytlarına qarşı mübarizəsinin vacib olduğunu bildirib.  Çıxış edənlər ictimaiyyəti, ziyalıları, sağlam düşüncəli, milli dövlətçilik düşüncəsində olan, azərbaycançılığa xidmət edən insanları radikal dini sektalara qarşı mübarizəyə səsləyiblər.  Qeyd olunub ki, radikal dini qrupların tətəfdarlarının artması həm də sekulyar düşüncəli ziyalıların passivliyinin nəticəsidir: "Dövlət qurumları lazım olan addımları atır. Hər şeyi dövlətdən gözləmək də olmaz. Radikal dini sektalara qarşı hər yerdə təbliğat işi aparmalı, gəncləri  doğru yola dəvət etməliyik.”