adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

KƏDƏRiN CAZiBƏSi

VƏSİLƏ USUBOVA
30541 | 2011-12-24 06:38
Səbəbini hələ də anlaya bilmirəm ki, nədən lap uşaqlıqdan kədər mənə bu qədər çəkici, cazibədar görünüb?! Dünya binə olandan əlinə qələm alan ondan dad çəkib, gileylənib, mənsə, ağlım kəsəndən ona doğru getmişəm. Yəqin elə o qələm adamları da nə zamansa cazibəyə düşüblər, aldanıblar və sonda görüblər ki, bu cazibədar görünən duyğunu çəkmək nə qədər ağırdısa, əlindən yerə qoymaq, ondan qurtulmaq da bir o qədər çətindi. Bu günlərdə bir tanışım telefonda deyəndə ki, yazılarını oxuyuram, əhvalından xəbərdar oluram, ağlıma gələn də elə yazılarıma hopan kədərin diqqətdən qaçmaması, bəlkə də gərəyindən artıq nəzərə çarpması oldu. Düzünə qalsa, belə olmasını istəmirəm. Əksinə, kiməsə təsəlli, kiməsə könül xoşluğu bağışlamaq keçir ürəyimdən hər zaman. Ola bilsin ki, bəzən özümə qapılıb hisslərimi açır, içimdəki kədərin oxucuya ötürülməsindən xəbərsiz qalıram. Tez cavab verdim ki, əslində, mən həyatda kədərli təsir bağışlayan birisi deyiləm... Bilmirəm, inandı, ya yox...
   
   Uşaqlıqda bəlkə də çoxlarından şən, qayğısız olmuşam. Dəcəllik də eləmişəm, sözə baxmadığım, cəzalandığım vaxtlar da olub. Oxumağım, oynamağım, deyib-gülməyim, bəzən özümə də bəlli olmayan səbəblərdən təsirlənib ağlamağım da öz yerində. Çoxuşaqlı ailədə böyümüşəm. Sabah açılandan gecə yorğan-döşəyə girənəcən hay-küylü bir həyat yaşayardıq. Amma... bütün bu oyunların, hay-küyün içində tez-tez xəlvətə çəkilib ya xəyala dalar, ya da kitab oxuyardım. Oxuduğum kitablara o qədər dalardım, obrazların həyatını, kədər və sevinclərini o qədər canıma hopdurardım ki, kitab qurtaranda günlərlə, həftələrlə özümə gəlməzdim. Qohum-qonşunun uşaqlarıynan şirin oynadığım yerdə birdən elə bil bütün varlığımı dumana bənzər nəsə çulğayardı, əl-qolum soyuyar, bütün həvəsim qaçardı. Və bir bucağa çəkilib öz dünyama qərq olardım... Bu hal məndə anadangəlməydi, yoxsa oxuduğum kitabların təsirindəndi, bilmirdim. Günlərin birində müəlliməm deyəndə ki, kədər sənin xasiyyətinə çevrilib, diksinmişdim. Halbuki, o zaman on altı-on yeddi yaşlarında bir qızdım, hələ ki, həyatımda heç bir kədərli, sarsıdıcı hadisə baş verməmişdi. Necə deyərlər, fələk hələ sərt üzünü mənə göstərməmişdi...Bəs, kədər hardan, necə tapmışdı məni?! Hansımız daha cəzbediciydik?! Hələ dünyanın bu ucundan baxıb o biri ucunu görməyə macal tapmayan bir qızın qəlbində yuva qurmaq xoşuna gəlirdi bəlkə?! Bu qızın simasında özünü sevdirmək, hamıya yaxın olmaq istəyirdi yoxsa?!...
   
   İllər ötsə də, bu duyğular məni tərk eləməyib hələ. Bu halımdan narazı da deyiləm, şikayətlənə bilmərəm. Çünki yaşadıqlarım məni qətiyyən bədbinliyə, tərki-dünyalığa sürükləmir. Pisliklərdən arınmağıma, təbii görünməyimə, xeyirxahlıqla, sevgilərlə yaşamağıma səbəb olur. Ümumiyyətlə, mənə elə gəlir ki, həyatda şən əhval, ovqat deyilən bir şey yoxdu. Heç şən mahnılar da yoxdu. İnsanlar bunu qəsdən edirlər. Öz içlərindəki kədəri qovmaqdan, ondan xilas olmaqdan ötrü. Tarın, kamanın, sazın, neyin bağrından qopan iniltilər necə şən ola bilər ki, hamısı insan həsrətindən, nisgilindən, nakam sevgisindən qəribliyindən, can yanğısından yaranıb?!... Adamlar görürəm, başqasının kədərinə məhəl qoymur, ondan qorunur, guya bununla bütün mənfiliklərdən, fəlakətlərdən sığortalanacağını düşünür. Belələrinə görə, bütün pisliklər ancaq başqasının alnına yazılıb. İnsan adına yaraşmayan xüdbin və eqoist bir düşüncədi. Şən, deyib-gülən adamların da içində necə böyük ağrıların, kədərin gizləndiyi də sirr deyil və fikrimcə, bu ən düzgün davranışdı. Kədəri reklam eləmək, kiməsə yükləmək arzuolunan deyil. Xüsusən, indi-adamlarımızın bunca laqeyd, özündənrazı olduğu bir zamanda...
   
   
   
   ***
   
   Oxuduğum kitabların böyük əksəriyyətində hər şeydən əvvəl kədərin cazibəsinə düşürəm. Hətta satirik janrda yazılan əsərlərdə belə göz yaşlarına boğan situasiyalardan qurtula bilməmişəm. Kim deyə bilər ki, Mirzə Cəlilin Novruzəlisinə, Məmmədhəsən əmisinə-onların məsumluğuna və avamlığına güləndə içimdə nəsə sızıldamır?! Hələ "Ölülər"də Kefli İsgəndərin monoloqu...Əlindəki butulkadan sərxoşa, ətrafında baş verənlərdən dəliyə, çılğına dönən bu gəncin hayqırtısında, hıçqırtısında dağlardan ağır kədər, vulkanlardan yandırıcı ağrı var. Bacısı Nazlıya dediyi sözlərin hər birində gizlənən kədəri, təəssüfü bir ürəkdə gəzdirmək asandırmı, görəsən?!
   
   Heç bir kitab ovqatımı "Don Kixot" qədər təzələməyib, gözlərim yaşarıncayadək güldürməyib məni. Amma mən bu əsərdə də kədərli bir ruhun gizləndiyini anlamışam və sonda xeyli mütəəssir olmuşam. Dünya ədəbiyyatındakı təlxək obrazlarını yadımıza salsaq, onların da içində dəryalar qədər göz yaşının boğulduğunu duymaq elə də çətin olmaz. Bəlkə də onların dərdi hər kəsin dərdindən böyükdü. Böyükdü ona görə ki, öz həmcinsi onu alçaldır, sıralarına qatmır, dilindən çıxan həqiqətləri heç kəs ciddiyə almır, gerçəyə saymır...Səni bilərəkdən anlamırlarsa, öz ürəyindən başqa şikayət edəsi ünvanın da yoxdu demək...
   
   
   
   ***
   
   Son günlər uşaqlıqda yaşadığım kədərli anları yenidən yaşamalı oluram. Qəzet-jurnal səhifələrindən, televiziya ekranlarından o Böyük Yazıçı və Vətəndaşın nurlu çöhrəsi, mənalı və məhzun baxışları hələ də Cazibədar Kədərdən ayrılmadığımı mənə xatırladır. Bu sirli-sehrli duyğuları uşaqlıq dünyama dolduran ən çox onun əsərləri olub, desəm, nə özümü, nə də sizi aldatmaram. Gərək ki, altıncı sinifdə oxuyurdum. Məktəb kitabxanasından hekayələr kitabını götürmüşdüm. Yenə də bir küncə çəkilib oxuyurdum. Kitabdakı "İran qızı" hekayəsi iliyimə-sümüyümə işləmişdi. Qəlbimi elə bir kədərlə doldurmuşdu ki, balaca ürəyimin partlamaq dərəcəsinə çatdığı anları hələ də unuda bilmirəm. Hekayənin qəhrəmanları da eynən mənim kimi, fürsət tapan kimi bir küncə çəkilir, bir-birlərinə qısılaraq kəlmə də kəsmədən ürəklərinin döyüntüsünü dinləyir, bu geniş dünyada özlərindən başqa kimsənin olduğunu belə unudurlar. Zamanında bu duyğular mənə o qədər gözəl, bənzərsiz görünmüşdü ki, sonra oxuduğum əsərlərdə rastladığım səhnələrin heç biri xəyalımda canlandırdığım mənzərəni yaddaşımdan silə bilmədi. Xüsusən bu görüşlərin birində qızın dediyi bayatını:
   
   
   
   Sinən tabutum olsun,
   
   Həm yaylaq, həm arandı...
   
   
   
   İlahi, doğrudanmı, sevgi belə olur?! Bir ömür davam edəcək sevgi və...son mənzilin də onun sinəsi...Dərk eləmək belə müşküldü sevgisiz bədbəxtlərçin...
   
   "Ədəbiyyat" dərsliyimizdəki "Azad" hekayəsi... Azadlıq yanğısıynan canından keçən cavanın son nəfəsində dediyi sözlər, üstünə uzandığı həsirin ucunu qaldırıb silahdaşlarını torpağı öpməyə çağırması...İyirmi ildən artıqdı ki, itirdiyimiz hər igid mənə ancaq onu xatırladır...
   
   "Gələcək gün"ü kitabxanadan götürüb evə gətirən kimi, gecə yarısınadək birnəfəsə iki yüz səhifəsini oxuduğum, Gülnazın çarəsizlikdən sevmədiyi adama ərə getməyə razı olduğunu hıçqırıqlar içində anasına bildirəndə kitabı qəzəblə stolun üstünə tulladığım (bəlkə də əsərin bu yerinə çatmasaydım sabahı diri açacaqdım) anlar ömrümün unudulmaz çağlarıdı...
   
   Və elə o çağlarda, o günlərdə kədər birdəfəlik canıma, ruhuma hopdu. Bunlar başqalarının kədəriydi, başqalarının həsrəti, intizarı, can yanğılarıydı. Bəs, niyə mənim canımda gəzir, qanımda dolaşırdı?! Özgələrin dərdini-sərini mənə doğmalaşdıran nə idi?! Öz dərdini çəkməyə can çəkənlər, onu başqalarının çiyninə qoymaq istəyənlər varkən, sən hansı missiyanı boynuna götürmək fikrindəsən, deyən lazımdı mənə. Ancaq kimsə demirdi. Deyə də bilməzdi. Çünki xəbərləri yoxdu mənim dünyamdan. Ola da bilməzdi təbii...
   
   Bu günədək canımda gəzdirdiyim həmin duyğuların mənə verdiklərimi, yoxsa, məndən aldıqlarımı çoxdu, bax, bu suala cavab verə bilməyəcəyəm. Nə bu gün, nə də heç vaxt!...

TƏQVİM / ARXİV