adalet.az header logo
  • Bakı 16°C
22 Iyun 2015 16:53
92631
RUBRİKA
A- A+

“Xeyli məmur var ki tutduğu postun mahiyyətini düzgün dərk etmir”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə Mandat rublikasının bugünkü qonağı 22 saylı Nəsimi ikinci seçki dairəsinin millət vəkili Asim Mollazadədir.

- Asim müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, qənaətbəxş olub. Bir azərbaycanlı deputatdan qanunvericiliyin və seçicilərin tələb etdiyi nə varsa, onu yerinə yetirməyə çalışmışıq. Əlbəttə istəyərdik ki, ölkəmiz və seçicilər üçün daha çox iş görək. Lakin bəzən bizdən asılı olmayan səbəblərdən nələrisə etmək imkanımız olmayıb. Haradasa insan, məmur amili ilə üz-üzə gəlməli olmuşuq və düşünürəm ki, bu ölkədə hər kəs öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirsə, həll olunmamış heç bir problem qalmaz. 
Parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin və bir sıra dostluq qruplarının üzvü kimi fəaliyyətim kifayət qədər aktiv olub. Çünki bu gün Azərbaycanın xarici aləmlə təmaslarına, ölkəmizin tanıdılmasına və haqq səsinin dünyaya eşitdirilməsinə böyük ehtiyac var. Azərbaycan gənc və böyük strateji hədəfləri olan dövlətdir. Onun ərazilərinin əhəmiyyətli bir hissəsi işğal altındadır, bir milyonadək məcburi köçkünü var. Buna baxmayaraq, dünya ölkəmizin haqq səsini eşitməyə həvəsli deyil. Biz də çalışırıq ki, bütün imkanlardan istifadə edərək ölkəmizin haqq səsini qaldırıq. Digər tərəfdən, Azərbaycanın tarixdəki missiyasını, mədəni dəyərlərini izah edə bilək. Bir millət vəkili olaraq bu sahədə üzərimə düşən vəzifələri yerinə yetirməyə çalışmışam və bu, bundan sonra da davam edəcək. Bu beş il ərzində seçicilərlə, onların problemləri ilə yaxın olmağa, onlara kömək əlimi uzatmağa çalışmışam. Heç bir seçicim deyə bilməz ki, müraciət edib, amma mən onun probleminə laqeyd yanaşmışam. İddia edə bilmərəm ki, hamısını həll etmişəm. Amma hamısının həlli üçün müvafiq qapıları döymüşəm. Bəziləri həllini tapıb, bəzilərini isə həll etmək imkanım xaricində olub.

- Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

- Bir millət vəkili olaraq istənilən seçicinin, vətəndaşın probleminin həlli məni sevindirir. Çünki mənim bir peşəm də həkimlikdir və mən bu peşənin xarakterindən irəli gələn humanizmin insan həyatı üçün vacib şərt olduğunu başa düşürəm. Bir insanın probleminin həllinə kömək edəndə sevinirəm. Əgər insanlar son ümid yeri olaraq sənə pənah gətiriblərsə, çalışmalısan ki, ona imkanın daxilində kömək edəsən. Mən vətəndaşın probleminin həllini vəzifə borcum hesab edirəm. Xüsusilə şəhid ailələrinin, müharibə əlil və veteranlarının, aztəminatlı, sosial dəstəyə ehtiyacı olan təbəqələrin problemlərinə öz şəxsi problemim kimi yanaşmışam. Düşünmüşəm ki, bu həssas təbəqədən olan insanların ləyaqətli həyat şəraitini təmin etmək bizim əsas vəzifələrimizdən biridir. Təqdirəlayiq haldır ki, bu ailələrə dövlət tərəfindən ayrılan müavinətlərin məbləğinin artırılması üçün etdiyimiz cəhdlər müsbət nəticə verib. Deputatı olduğum 22 saylı Nəsimi 2-ci seçki dairəsinin ərazisində yerləşən məktəblərin, tibb müəssisələrinin problemlərinin həllində də düşünürəm ki, az da olsa rolum var. Çünki vətəndaşların keyfiyyətli təhsil alması, tibbi xidmətlə təmin olunması üçün istənilən məmurun qapısını döyməyə çəkinməmişəm. Çünki məmurlar bu xalqın xidmətçisi olmağa borcludurlar. Təhsil və səhiyyə elə sahələrdir ki, onlar cəmiyyətin həm intellektual, həm də fiziki sağlamlığını təmin edir. Ona görə də bu sahələrlə bağlı problemlərə həssas yanaşıram. Gənclər vaxtaşırı xaricdə təhsil almalarına yardım göstərməyimiz üçün bizə müraciət edirlər. İndiyə qədər xeyli sayda Azərbaycan gəncinin xaricdə təhsil almasına yardım göstərmişik. Onların yaxşı soraqlarını eşidəndə sevinirəm ki, nə yaxşı onların inkişafında xidmətim olub.

- MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

- Bu problemlər daha çox seçicilərin mənzil şəraitinin yaxşılaşdırılması və işlə təmin olunmasıyla bağlı olub. Bilirsiniz ki, indi vətəndaşların mənzillə təmin olunması çətindir, bir deputatın həll edə bilməyəcəyi işdir. İş məsələsinə gəlincə, biz konkret peşə vərdişləri olan, hansısa ixtisasa peşəkarcasına yiyələnən insanları istiqamətləndirməyə cəhd göstərmişik. Lakin bəzən elə insanlar müraciət edirlər ki, onlardan soruşuruq, siz hansı işdə işləmək istəyirsiz? Deyirlər ki, nə iş olur olsun. Onlar konkret hansısa peşənin mütəxəssisi deyillər və nəyi bacardıqlarını belə dəqiq bilmirlər. Elə adamları istiqamətləndirmək çətin olur. Yeri gəlmişkən deyim ki, bu, Azərbaycanda peşə təhsilinin iflic vəziyyətdə olması ilə əlaqədardır. Ali təhsil almaq imkanı olmayan insanlar mütləq hansısa peşə təhsilinə yiyələnməlidirlər ki, müvafiq istiqamətdə işləyə bilsinlər.

- Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

- Hələ seçkilərə xeyli vaxt var. Bu barədə yekun qərarı seçicilər və partiya verəcək. Böyük ehtimalla növbəti seçkidə iştirak edəcəyəm. Bizim partiya müxalifət partiyasıdır. Və hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən başlıca amil məhz onun seçkilərdə iştirakı ilə bağlıdır. Demokratik İslahatlar Partiyasının da əsas hədəfləri məhz qanunverici və yerli özünüidarəetmə hakimiyyətində əhəmiyyətli yerləri tutmaqdır. Çalışacağıq ki, növbəti parlament seçkilərində də həmişə olduğu kimi qadın və gənc namizədlərə üstünlük verək.

- Asim müəllim, Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

- Hər bir deputatın fəallığı məncə daha çox onun üzərinə götürdüyü öhdəlikləri, qanunvericiliyin tələblərini hansı səviyyədə yerinə yetirməsilə ölçülməlidir. Elə deputatlar var ki, onlar Milli Məclisin iclaslarında fəallıq göstərməsələr də, seçicilərlə işdə kifayət qədər fəaldırlar. Yaxud ölkədə fəaliyyətləri o qədər də ciddi hiss olunmur, lakin xarici siyasətə müəyyən töhfələr verə bilirlər. Odur ki, bu məsələyə kompleks yanaşmaq lazımdır. Hər halda mənim hansısa deputatın fəaliyyətinə konkret qiymət verməyim etik olmaz. Yaxşı olar ki, deputatların fəaliyyətinə seçicilər və cəmiyyət qiymət versin. O da ola bilər ki, hər bir deputatın fəaliyyətinin, yaxud fəaliyyətsizliyinin izahatı var və onu da məhz həmin deputatın özü verə bilər.

- Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

- Azərbaycanın Milli Məclisinin üzvləri beynəlxalq və regional təşkilatlarda kifayət qədər fəallıq göstərirlər. Şərqi Avropa və Cənubi Qafqaz regionundakı problemlər, həll olunmamış münaqişələrlə bağlı məsələlərdə Azərbaycan parlamentinin kifayət qədər prinsipial mövqeyi var. Biz bu problemləri beynəlxalq platformalarda qaldırır, onların həlli üçün müvafiq dəstəyi əldə etməyə çalışırıq. Eyni zamanda biz Qərbdəki sivil cəmiyyət, hüquqi dövlət modelinin yaradılması üçün zəruri olan əksər qanunları ölkəmizə və regionumuza gətirmişik. Bir sıra qanunların qəbulundə demək olar ki, region parlamentlərini qabaqlamışıq. Azərbaycan parlamentinin ən effektiv əməkdaşlıq etdiyi parlamentlərdən biri də Türkiyə parlamentidir. Demək olar ki, bu iki ölkənin parlamentariləri beynəlxalq platformada bir çox məsələlərdə vahid mövqedən çıxış edirlər. Eyni şeyi Gürcüstan parlamenti barədə də demək olar. Məlum münaqişəyə görə, bizim Ermənistan parlamenti ilə heç bir əlaqəmiz yoxdur. Çünki Ermənistan konstruktuv mövqe nümayiş etdirmir və Azərbaycanla münasibətləri yumşaltmaq istiqamətində heç bir addım atmır.

- Adətən millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Azərbaycanda xeyli məmur var ki, hələ də tutduğu postun mahiyyətini düzgün dərk eləmir. Onlara elə gəlir ki, vətəndaşlar onlara xidmət etməlidirlər. Halbuki məmurlar vətəndaşların ödədikləri vergilər və ölkənin təbii sərvətlərindən gələn gəlirlər nəticəsində formalaşmış dövlət büdcəsindən maaş alırlar. Əllərindəki inzibati resursları da onlara ona görə veriblər ki, xalqa xidmət etsinlər. Lakin bəzi hallarda məmurlar xidmət missiyalarını unudurlar və öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlmirlər. Amma bunu bütün məmurlar haqqında demək olmaz. Bizim Nəsimi rayonunun İcra Hakimiyyəti və ayrı-ayrı icra orqanları ilə bağlı ciddi problemlərimiz yoxdur. Düşünürəm ki, onlarla əməkdaşlığımız alınır və bizim ünvanladığımız deputat sorğularına məsuliyyətlə yanaşırlar. İcra hakimi Nəsib Məhəməliyev kifayət qədər peşəkar icra hakimidir və vətəndaşların problemlərinə qayğı ilə yanaşmağa çalışır. Bəzən rayondakı hansısa problemin həlli üçün birlikdə mübarizə aparırıq. Hansısa daha böyük səlahiyyətləri olan məmuru rayonun probleminə diqqətlə yanaşmağa cəlb edə bilirik.

Ədil Ədilzadə