adalet.az header logo
  • Bakı 13°C

"Mentalitet" kitabı

CEYHUN MUSAOĞLU
32879 | 2011-12-27 06:54
Bədbəxt oğlu bədbəxtin arvadı anasını çoxdan idi görmürdü. Boynunu qucaqlayan kimi, özünü saxlaya bilmədi. Ağladı, zır-zır ağladı. Anası da ona qoşulmuşdu. Amma için-için ağlayırdı. Buraların arvadlarında ağlamaq su içməkdən asandı. Ağlağan adama belə deyirlər buralarda: "Gözünün yaşı ovcunun içindədir".
   
   Əvvəl anasının, sonra isə özünün ovucu göz yaşı ilə doldu. Şırhaşır yerə axmağa başladı göz yaşları. Damcıların səsi bədbəxt oğlu bədbəxtin arvadının bacılarını həyətə haraylamışdı. Anayla balanın bir-birinə sarılması səhnəsinə əli qoynunda dörd qadın tamaşa edirdi. Onlar cəmi beş nəfər idi. Onlar bu məmləkət barəsində heç nə bilmirdi. Anaları uşaq yaşlarından həmin beş qıza ayrı-ayrılıqda həyat dərsi keçmişdi. Onlar keçdikləri həyat dərsinin nə qədər primitiv, nə qədər bəsit olduğunu ağıllarına belə, gətirmirdilər. Dərsliyin bütün səhifələrində "ərinə sadiq ol!" əmr cümləsi birinci gəlirdi. Dərsliyin heç bir səhifəsində "cəmiyyət" ifadəsinə rast gəlmək mümkün deyildi. Müəllif belə ifadə yazmamışdı. Adı mentalitet idi müəllifin. Onu görənlər danışır ki, əlində həmişə qılınc olarmış. Qılıncın üstündəki yazını oxuyanlar da olub: "Kim mənim dərsliyimdə yazılanlara əməl etməsə, başını boynundan ayrılacam". Ayırardı. Ayırmışdı. Bir də görürdün günün günorta çağı hansısa blokdan, hansısa həyətdən başsız adam özünü atdı çölə. Bir az əl-qol atdı, bir az çığırdı, sonra hardansa çıxan xarici markalı maşın sürətini azalda bilmədiyi üçün vurub atdı onu yolun kənarına. Və saxlamadı. Və yaralını xəstəxanaya aparmağa səy göstərmədi. Vurdu qaçdı. Buralarda yol kənarı dolu idi başsız meyidlərlə. Əksəriyyəti də qızlar, arvadlar.
   
   Bədbəxt oğlu bədbəxtin arvadının anası əsə-əsə beş qız böyütmüşdü. Hər gecə onların başını yoxlamışdı görsün yerindədi. Hər səhər arxalarınca "Mentalitet"in kitabından bir-neçə cümlə tullamışdı. "Küçədə hər adamla dayanıb söhbət eləməyin", "müəllimin cavabını qaytarmayın"... Bir müddət keçəndən sonra qızların arxasınca atılan cümlələrin məzmunu da dəyişirdi: "Nişanlınızın sözündən çıxmayın", "evə gec gəlməyin"... Bir müddətdən sonra "Mentalitet"in kitabından daha ağır, daha samballı cümlələr seçilirdi: "Ərin öl deyir, öl, qal deyir, qal", "əsas ərinin qarnıdır, çalış onu yaxşı doldurasan"...
   
   Beş qız anası övladlarını gəlin köçürəndə bu nəsihətləri qızıl zəncir edib, onların boynuna asmışdı. Qollarını qızının boynundan aralayıb, gözlərini onun sinəsinə zillədi. "Qızıl zəncir" orda idi. Par-par parıldayırdı. Ana toxtadı. Onlara tamaşa edən qızlarına müraciətlə dedi: "Gedin soyuducudan toyuğu çıxarın, indi atanız gələcək". Hərəsinin öz evi, öz ərləri var idi. Amma toyuğu soyuducudan çıxarmaq hamısına tapşırılmışdı. "Mentalitet" kitabının 6-cı səhifəsinin 4-cü abzasında yazılmışdı: "Uşaq nə qədər böyüsə də uşaqdır. Əsasən qız uşağı. Əgər atayla, anayla bir həyətdə yaşayırsansa, onların yeməklərini bişirməli, paltarlarını yumalısan. Axı onlar səni dünyaya gətiriblər, böyüdüblər, çörək veriblər. Valideynlərin borcunu mütləq qaytarmalısan. Əlbəttə, sən o borcu heç vaxt qaytara bilməzsən. Sadəcə, buna çalışmalısan".
   
   "Sən o borcu heç vaxt qaytara bilməzsən". Bədbəxt oğlu bədbəxt artıq 8-ci dəfəydi ki, satdığı evin behi olan pulları sayırdı, qulaqlarına gəldi bu səs. Lap aydın eşidilirdi: "Sən o borcu heç vaxt qaytara bilməzsən". Hansısa qiraət ustasının səsi idi. Dəqiqləşdirmək istədi: Ağalar Bayramov? Yox. İlham? O da yox. Rasim Balayev? Hə odur. Sevindi tapdığına. Rasim Balayev-Azərbaycanın Babəki, Nəsimisi, Nizamisi, Beyrəyi, böyrəyi, ürəyi...bütün əzaları. Azərbaycan kinosunun varlığı.
   
   "Babək" filmi. Cəllad Babəkin qolların, ayaqların kəsib. Çarmıxa çəkilən Babək can verir, dilindən "Azərbaycan! Azərbaycan! Azərbaycan!" sözləri tökülür.
   
   "Nəsimi" filmi: Nəsiminin dərisini soyurlar. Edam səhnəsinə tamaşa edənlərin əksəriyyəti bayılıb, Nəsimi isə şeir deyir: "Məndə sığar ikən cahan, mən bu cahana sığmazam".
   
   700 səhifəlik "Mentalitet" kitabının tən yarısı vətənin qadınlarına, tən yarısı isə kişilərinə alddir. Bədbəxt oğlu bədbəxtin bu kitabdan zəhləsi gedirdi. Hər dəfə valideynləri kitabı ona verib "oxu, soruşacağıq" deyəndən uzağı bir saat sonra qapını açıb görürdülər ki, uşaq başını stola qoyub yatıb. Durquzmurdular. Amma yuxudan oyanan kimi düşürdülər üstünə. Məcbur olub kitabı əzbərləmişdi. Gecə neçədə istəsən oyat, hansı hissədən istəyirsən cavab versin.
   
   Bədbəxt oğlu bədbəxtin atasından babası yuxudan oyadıb vurma cədvəlini soruşubmuş. İndi də fəxrlə deyir ki, saat 3-də "yeddi vur səkkiz neçə eləyir" sualına düz cavab verib. Ənənələr davam edir. Bədbəxt oğlu bədbəxt şirin yuxuda olarkən atası çağırıb "Mentalitet" kitabından bir-iki abzas danışmasını istəyib. Olmadı ki, uşaq əzbər danışıb. Bax belə:
   
   - Çalış çoxlu vətən şeirləri əzbərlə. O şeirləri deyəndə əl-qol at. Çığır. Bağır. Qoy düşmənin gözü kor olsun, qulağı kar olsun. Mütləq özün də şeir yaz. Gözəl vətəninin baharını, qışını vəsv elə. Yadında saxla ki, Bahar da, qış da ancaq sənin ölkənə gəlir. Təbiət ancaq sənin ölkənin üzünə gülür. Başqa ölkələrin təbiətini nə vaxt görürsən ağlayır".
   
   Atası işıqları yandırmışdı. Oğlunun çıxışından necə riqqətə gəldisə, arvadını da səsləyib oyatdı. Arvadın ağzı nə idi oyanmasın. 700 səhifəlik "Mentalitet" kitabı ilə başını yarardı onun.
   
   Hə, buralarda cəmi bir kitab var -"Mentalitet".

TƏQVİM / ARXİV