adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SiYASi MüŞTƏBEH

BABƏK YUSİFOĞLU
45392 | 2011-12-22 07:32
Fransızların dediklərindən və mətbuatın yazdıqlarından belə məlum olur ki, bu gün Fransa öz tarixində ikiüzlülüyünü, türk düşməni olduğunu, yaltaqlığını... rəsmən öz imzası ilə təsdiqləməyə hazırlaşır. Yəni bir müddət əvvəl Fransa Milli Assambleyasında qondarma "erməni soyqırımı"nı inkar edən vətəndaşların cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun təklifi 106 deputat lehinə, 19 nəfər isə əleyhinə səs verməklə qəbul edilmişdi. Prosedürə görə qərarın qanuni qüvvəyə minməsindən ötrü o, Fransa parlamentinin yuxarı palatası olan Senatda da təsdiqlənməlidir. Və bütün bu məsələlər yaxın zamanlarda yəhudi əsilli prezident Nikola Sarkozinin Ermənistana səfərindən sonra aktivləşsə də əslində antitürk, antiislam siyasətinin tarixi çox qədim zamanlara dayanır. Ta Səlib yürüşlərinə.
   
   Çünki xristian dünyası tarixinin qara ləkəsi olan həmin Yürüşün ən əsas hərəkətverici qüvvələrindən biri də məhz Fransa olmuşdur. Həmin düşmənçilik min iilər keçsə də bu gün yenə sürdürülür. Daha fərqli, daha müasir formalarda. Hazırda Türkiyə-Fransa münasibətləri özünün ən gərgin dövrlərindən birini yaşayır. Və Fransa hələ də anlamır ki, bu gün, necə deyərlər, başından böyük bir qələt eləyib öz bədnam imzasını həmin bədnam sənədin üzərinə qoyacaq, tarixinə daha bir qara ləkə həkk edəcək.
   
   Lakin Ankaranın Parislə bu məsələdə israrla təmas yatamaq cəhdləri başa düşülmür. Söz və xəbərdarlıq artıq bir dəfə deyilib. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan ən sərt şəkildə Parisə layiqli cavab verəcəklərini bəyan edib. Ərdoğan açıq mətnlə Sarkozini sonradan düzəldiləsi mümkün olmayan addımlar atmaqdan çəkindirib. Amma həqiqətən də həm hərəkətlərindən, həm də zahirdən maygülüyə oxşayan Sarkozi bunlara cavab verməyib.
   
   Amma təəssüf ki, Fransa prezidentini təzədən Abdulla Gül də arayıb. Əlbəttə, Türkiyə kimi bir dövlətin prezidentinin təkrar-təkrar Sarkozini arayaraq onunla danışmağa cəhd etməsi çox səviyyəsiz görünür. Ən biabırçısı isə odur ki, Abdulla Gül iki gün dalbadal Fransa prezidenti Nikola Sarkoziya zəng vursa da, qarşı tərəf telefona cavab verməyib. Bu barədə Türkiyə prezidentinin mətbuat üzrə nümayəndəsi Əhməd Sevər məlumat verib. O bildirib ki, Fransa prezidenti hər dəfə müxtəlif bəhanələrlə telefon danışığından yayınır. Bu səbəbdən də Abdulla Gül Nikola Sarkoziyə açıq məktub göndərmək məcburiyyətində qalıb. Görəsən Sarkozi daha nə etməlidir ki, Ankara bütün bunların açıq düşmənçilik olduğunun fərqinə varsın.
   
   Türkiyə tərəfi hələ indi Fransaya qarşı atacağı adekvat addımlardan bəhs edir. Fransızlar üçün mühüm əhəmiyyət kəsb edən hərbi layihələrdən Parisin kənarlaşdırılacağından, bu ölkənin Müdafiə Sənayesi Katibliyinin açdığı və ümumi məbləği 4 milyard dollar olan uzaq mənzilli hava müdafiə sistemi tenderinə fransız firmalarına birbaşa və ya ortaq qatılımına icazə verilməyəcəyindən, fransızların Ruandada, Əlcəzairdə törətdikləri soyqırımın gündəmə gətirilərək Türkiyə Böyük Millət Məclisi də soyqırım məsələsini müzakirəyə çıxarılacağından, fransız şirkətlərin baykot ediləcəyindən və s. danışır. Əslində isə Sarkozi Yerevanda olarkən Ankaraya qarşı hədə-qorxu dolu bəyanatla çıxış etdiyi zaman bütün bunlar hərəkətə gətirilməliydi. Yoxsa Sarkoziyə dəfələrlə zəng vurub onda özündən siyasi müştəbehlik yaratmağın mənası heç yox idi.
   
   Bu məsələdə qətiyyətli və praqmatik olmaq gərəkdir. Guya Fransa sözügedən qanunu təsdiqləsə nə olacaq, təsdiqləməsə nə olacaq? Əsas odur ki, nəhayət Türkiyə əsl dostu ilə əsl düşmənin kim olduğunu anlamağa başlayır. Bu bir gerçəkdir ki, ermənilərlə dostluq heykəli, Sürix protokolları, fransızlarla işbirliyi, PKK "açılımları"... qarı düşmənləri onlara dost etməyəcək. Düşünürəm ki, həmişə olduğu kimi bu məsələdə də Azərbaycan qardaş Türkiyənin yanında olmalı, Parislə münasibətlərinə yenidən baxmalı, Fransanın Minsk qrupundakı həmsədrlik missiyasından imtina etməlidir. Çünki bu qədər qatı ermənipərəst mövqeyi olan bir dövlətin Dağlıq Qarabağ probleminin sülh ilə həll prosesində obyektiv rol oynayacağı qəti inandırıcı görünmür. Ermənilər Türkiyənin də Minsk qrupuna həmsədr olması təklifinə necə etiraz etmişdilərsə, Bakı da eyni cür Fransanı Qrupdan kənarlaşdırmalıdır. Fransanın hansı səviyyədə ermənipərəst olduğunu təsəvvür etmək üçün fransızların təsdiqinə hazırlaşdıqları - qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəzanın tətbiq edilməsi ilə əlaqədar qanun Ermənistanın özündə belə olmadığını bilmək kifayətdir.
   
   Bu qalmaqalda Türkiyənin itirəcəyi bir şey yoxdur. Hətta xeyiri var. Belə ki, türklər bundan sonra üzlərinə dostluq maskası taxmış bir düşmənlərini özlərindən kənar tutacaqlar, vəssəlam. Amma Fransa, türk rəsmlərinin söylədikləri kimi, nələri itirdiklərinin acısını bundan sonra çəkəcəklər. Bu üzdən də nə təəssüflənməyə, nə telefon açmağa, nə Sarkozini hörmətə mindirməyə... dəyər.

TƏQVİM / ARXİV