BU DA YENiLiKDi, YOXSA?..

ƏBÜLFƏT MƏDƏTOĞLU
32044 | 2011-12-22 07:32
Atalar doğru deyib, "qulaq gündə bir söz eşitməsə kar olar". Mən də bu məsəli əzbər bilirəm və son zamanlar hiss edirəm ki, təkcə eşitmək yox, həm də görməyin özü də artıq bir zərb məsələ çevrilir. Yəni həmin o əvvəldə xatırlatdığım atalar sözünə əlavə etmək lazımdır ki, "göz hər gün bir yenilik görməsə kor olar". Bunu elə-belə demirəm. Çünki yeni zamanda, yeni dünyada yaşayırıq, Avropaya və beynəlxalq aləmə inteqrasiya, sərhədlərin açılması, internet əsirig Bir sözlə hər gün yeniləşmə, hər gün inkişaf, hər gün tərəqqi!!!
   
   Bəli, belə bir zamanda yaşayırıq və ona görə də biz də bu zamanın müəyyən şıltaqlıqlarına, tələblərinə öyrəşməliyik. Özü də təkcə öyrəşmək yox, həm də bu öyrəşməyə məkumuq. Yəni bizdən asılı olmadan, özümüzdən xəbərsiz ətrafımızda cərəyan edən hadisələr bizə öz təsirini göstərir. İstər müsbət olsun, istər mənfi. Biz o təsir dairəsinin içərisində oluruq. Xüsusilə informasiya vasitələrinin caynağından qurtulmaq olmur. Doğrudur, hələ xeyli əvvəl söz adamları televizyanı ən böyük "oğru" adlandırıblar. "Cinayətkar" elən ediblər. Çünki biz istədik, istəmədik əlimiz pulta toxunan kimi televizya evimizə soxulur, müdaxilə edir, aləmi qatıb qarşıdırır, adamlarda müsbət və mənfi emosiyalar yaradır. Bu da zamanın bir gerçəkliyidi.
   
   Təbii ki, bütün bunları xatırlatmaqla mövzuya körpü salıram. Yəni keçid edirəm. Mövzu da təhsilimizlə bağlıdır. Gəlin etiraf edək ki, bu gün təhsilimiz sözün bütün mənalarında sağdan və soldan nişangaha çevrilib. Ən uğurlu məqamlar belə ya qısqanclıqla qarşılanır və yaxud da o uğurların içərisində də nöqsanlar axtarılıb tapılır. İndi ölkədə baloniya sistemi deyilən bir təhsil sistemi fəaliyyət göstərir. Vallah mən bu sistemin bütün mahiyyətini bilməsəm də, amma özümün aldığım təhsil, yəni sovet təhsili məni və həmin dövrün bütün insanlarını yetərincə bilgiləndirir və onu cəmiyyətə rahatca hazırlayıb təqdim edirdi. Və o dövrün istər elm xadimləri, istər siyasi xadimləri, istər adi insanları belə aldıqları təhsil hesabına təkcə öz sahələri üzrə deyi, həm də orta məktəb səviyyəsində müxtəlif sahələrdən də xəbərdar olurdular. Görünür, elmimizin bu günü üçün, sabahı üçün məsuliyyət daşıyanlar bizi gələcək illərə, sürətli inkişaf əsrinə hazırlamaq üçün fikirləşib sovet təhsili sistemindən imtina etdilər (mətbuatdan oxudum ki, Rusiya yenidən sovet təhsili sisteminə qayıdıb və baloniya sistemindən imtina edib - Ə.M) və keçdilər baloniya sisteminə.
   
   Şəxsən mən bu keçidin hələ ki, ali məktəblərə qəbul sahəsindəki dəyişikliklərdən başqa elə bir diqqətçəkən məqamları ilə qarşılaşmamışam. Orta məktəblərdə edilən kurrikulm dəyişiklikləri də əslində uşaqları daha çox yükləməkdən başqa bir şey deyil, hətta ən yaxın adamlarım və onların uşaqları dərs yükünün çoxluğundan, proqramın ağırlığından açıq-aşkar şikayətçidirlər. Görünür, yeniliklər həmişə çətinliklə özünə yol açıdığı kimi təhsil sahəsində də bu müşahidə edilir, lakin elə məqamlar var ki, burada yenilik adı altında hansısa bir təşəbbüslə çıxış etmək adamı heyrətə salır. Bax elə məni də narahat edən budur.
   
   Mətbuatdan oxudum ki, orta məktəblərin birinci sinfinə şagird qəbulu müsabiqə yolu ilə keçiriləcək. Doğrusu gözlərimə inanmadım. Məgər uşaqların hamısının oxumaq hüququ yoxdur? Əgər fiziki qüsuru, əqli zəifliyi yoxdursa, bu uşaq niyə oxumamalıdır? Çox qəribə yanaşmadır. Hansısa məktəblərin birinci sinfinə uşaqlar musabiqə yolu ilə götürülsün, zəif uşaqlar isə geri qaytarılsın... Bu heç cürə anlaşılmır.
   
   Düzdür, bəzi ekspertlər, təhsil sahəsi ilə məşğul olan insanlar, hətta müəllimlər də bu məsələyə fərqli mövqedən yanaşırlar, kimisi haqq qazandırır, kimisi narahatlığını ortaya qoyur. Məsələn, sabiq təhsil naziri Firudin Cəlilov bu məsələyə çox kəskin reaksiya verərək vurğulayır ki, "birinci siniflərə uşaqları müsabiqə ilə götürməyin bir məqsədi var- o da pul yığmaqdır".
   
   Həmin məsələyə münasibət bildirən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov da vurğulayır ki, "Çox təəssüflər olsun ki, bəzi məktəbləri uşaqları birinci sinfə müsabiqə yolu ilə götürürlər. Uşağı sorğu-sual edib deyirlər ki, uşaq hazır deyil. Əgər uşaq hazır olsaydı onda nə dərdimiz olardı. Altı yaşında olan uşaq ümumi təhsilə cəlb olunmalıdır".
   
   Bəli, göründüyü kimi fikirlər haçalanır. Və bu müsabiqə məsələsi valideynləri, ictimaiyyəti narahat edir. Çünki bu həm ayrı seçkilik yaradır, həm də uşaqların hüququnu açıq-aşkar pozur. Çünki müsabiqədən keçə bilməyən uşaq öz evinin yaxınlığındakı, öz məhəlləsindəki məktəbi qoyub neçə kilometrlərlə uzaq məktəblərə üz tutmalıdır. Hələ o məktəbdə də onu qəbul edib etməyəcəkləri bu əlavə bir sualdı. Digər tərəfdən müsabiqdən keçən uşaqlarla hansısa bir məktəbi nümunəvi etmək, zəif uşaqları isə başqa bir məktəbə yığıb orada təhsilin səviyyəsini unutmaq, bir az da çılpaq desək, həmin təhsil müəssisəsinə ikinci növ kimi yanaşmaq hansı prinsipə söykənir. Bunu necə ədalətli saymaq olar?
   
   Bəli, göründüyü kimi təzə eşidib, gördüyüm birinci sinfə müsabiqə məsələsi bizim təhsil sistemimizdə hər nədisə anlaşılmaz bir məqamdır. Bir valideyn kimi mən bu məqamın aydınlaşmasını, onun mahiyyətini anlamaq istəyirəm. Əgər anladan olsa.

TƏQVİM / ARXİV