adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

...DüNYANI QƏTL EDƏNLƏR

BABƏK YUSİFOĞLU
45971 | 2011-12-21 05:06
Biz hər saniyə, hər an əhatəsində olduğumuz qeyri-adi gözəlliyin, qeyri-adi nemətlərin, inanılmaz ilahi töhvələrin fərqində deyilik. Ciyərlərimizə çəkdiyimiz hava, üzərində gəzdiyimiz və istədiyimiz hər bir şeyi insana bəxş edən, bənzərsiz qoxuya malik torpaq, başımız üzərində parlayan, hər tərəfi hərarətə və nura qərq edən Günəş, geniş səma, yaşıllıqlar, həyat rəmzi su, hava... hamıya elə gəlir ki, bizim olmağa borcludur və biz insanların bütün xəyanətlərinə baxmayaraq yaşamağımız üçün daima var olacaqdır. Amma niyəsə kimsə düşünmür ki, nəyin əvəzində? Hansı qədirbilmənin müqabilində?
   
   Gerçəyi götürsək, insanlar nankorluqdan qeyri heç bir çabada bulunmurlar. Və kimsə deməsin ki, ona məxsus evin, maşının, mebelin, paltarın... ümumiyyətlə, bütün əşyalarının üzərində əsdiyi kimi, bir an belə yaşaya biməyəcəyi havanın, suyun... qədrini bilir, üzərində əsir. Tanrı bizlərə əvəz istəmədən hər şeyi bəs qədər, hətta deyərdim ki, artıqlaması ilə bəxş edib. Bunları danmağa kimsənin gücü, ya ağlı yetərmi?
   
   Allah bütün bunları ona görə bəxş edib ki, ən ali varlıq kimi yaratdığı insan elə ali varlıq kimi də yaxşı yaşasın, zövq alsın, özünü xoşbəxt hiss etsin, yadına düşəndə həmin nemətlərə görə Yaradana şükranda bulunsun. Amma nə yazıqlar ki, ən ali varlıq bütün bu səxavəti israf etməklə yanaşı, şəxsi istəklər üzündən hər şeyi məhv etməkdən belə çəkinmir. Məgər mas-mavi dənizləri, gurlayan çayları, güzgü gölləri, yaşıllıqları... gücümüz çatan hər bir şeyi biz insanlar para qazanmaq məqsədiylə tikdiyimiz zavodların, fabriklərin, cürbəcür müəssisələrin çirkabı, zəhəri ilə üfunət mənbəyinə çevirməmişikmi?
   
   Bizi kosmosdan gələn cürbəcür şüalardan, təsirlərdən qoruyan ozon qatını məhz insanlar öz əməlləri ilə yırtıq-yırtıq etməyiblərmi? Meşələri, yaşıllıqları məhv edərək, dədəmiz, babamız əkibmiş kimi yamyaşıl ağacları mişarların ağzına verib özümüz üçün müəssisələr, villalar, restoranlar tikmirikmi? Təbiətin gözəlliyinin ayrılmaz parçası olan heyvanat aləminin kökünü kəsməkdən nə vaxtsa əl saxlamışıqmı? Xeyr! Hər kəs bacardığı qədər, hər kəs imkan tapdığı yerlərdə insafın nə oluğunu bilmədən bu nemətlərin kökünə balta vurmaqla məşğuldur. Hətta ali, şüurlu varlıqların təbiətə qarşı törətdikləri cinayət əməlləri o həddə qəsər yüksəlib ki, həmin nemətlərin tamam məhvinin qarşısını almaqdan ötrü qanunlar təsbit edilib, qoruqlar yaradılıb. Gülməlidir, bəlkə də faciədir deyilmi, şüursuz varlıqları şüurlu canlılardan qorumaqdan ötrü cəzalar da təsbit edilib. Təəssüf ki, heç bu cəzaların da köməyi olmur...
   
   Bir müddət əvvəl adını xatırlamadığım bir astroloq-alimin mülahizələrini oxumuşdum. Alim müasir dünyanın niyə inadla kosmosda həyat nişanəsi olan planet axtardıqları haqqında bəzi nüansları söyləmişdi. Bunu elmin təkamülü kimi qiymətləndirən mütəxəssis onu da bildirirdi ki, dünyanı qətl edən, yaşanmaz hala salan zümrə anlayır ki, onların övladlarına mütləq harasa köçüb getmək lazım gələcək. Və durmadan çalışırlar ki, həmin məsələ reallaşsın. Əslində Yüz il əvvəlki nəsillərə insanın Ayın üzərinə düşüb gəzəcəyini anlatmaq mümkün olmadığı kimi bu gün də bəzi insanların başqa bir planetə getməsi gerçək görünmür. Amma buna reallıq kimi baxmaq lazımdır. Yeri gəlmişkən, özünü və ailəsini baş verə biləcək kataklizmlərdən qorumaq üçün nəhəng bunkerlər tikdirənlər, orada uzun müddətli ərzaq təminatı da yaradanlar haqqında ki, çoxlarının məlumatı var...
   
   Alimlər belə iddia edirlər ki, indiki insanlıq Yer kürəsində ikinci dəfədir mövcud olur. Və Nuh peyğəmbərin həyatı haqqında yazılanlar da göstərir ki, həmin nəzəriyyə heç də göydəndüşmə deyil. Çili sahillərində okeanın dibindən tapılan naməlum nəhəng aparatın qeyri-adi bir hissəsi, Misir ehramlarının özü, mifoloji obrazlar... da sübut edir ki, bəşəriyyət ikinci dövrünü yaşayır. Şəxsən mən heç bir elmi nəzəriyyəyə, dəlil-sübuta malik olmasam da əminəm ki, əvvəlki dünya, əvvəlki təbiət elə o eranın insanları tərəfindən məhv edilib. Tanrı isə insana bu dünyada yenidən yaşamaq şansı verib.
   
   Bunun başqa bir paralelini də aparmaq mümkündü. Bu gün planetoloq-alimlər təhqiqatlara əsaslanaraq bildirirlər ki, Günəş sisteminə aid olan Mars əvvələr xeyli fərqli imiş. Yəni orada canlıların yaşaması üçün münasib bir şərait varmış. ABŞ-ın Kaliforniya Texnoloji İnstitutunun alimləri, Betani Elimanın rəhbərliyi ilə aydınlaşdırıblar ki, Mars çox-çox əvvəllər isti və rütubətli imiş. Hətta bu "qırmızı planet"in səthində su axarları da olmuşdur. Amma sonradan bu su və çaylar yoxa çəkilmiş, indiki həyatsız bir vəziyyətə gəlib düşmüşdür. Eləcə də həyatın mövcudluğu güman edilən digər planetlər də...
   
   Və kim təminat verə bilər ki, bütün bu nemətlər Yerdə heç vaxt məhv olmayacaq? Və biz hər şeyi bərbad günə qoyacağıq, məhv edəcəyik, sonuna çıxacağıq, amma heç nə tükənməyəcək. Xeyr, bu belə deyil və olmayacaq da. Ona görə də insanlıq vaxt itirmədən dünya, təbiət haqında düşünməsə də heç olmasa özü haqqında düşünməlidir. Haradasa özünü qoruyacaqlarına ümid edənlər bu qeyri-müəyyənlikdənsə ona hazır verilən nemətləri qətl etməkdən əl çəkməlidir. Yoxsa insanlar Tanrının cəzasını görəcəklər. İstər bunkerdə gizlənsinlər, istərsə də başqa planetdə...

TƏQVİM / ARXİV