adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bazına yumurta dəyən nazir

FƏRHAD ŞABANOV
29628 | 2011-12-20 07:27
Türkiyədə nazirlər, millətvəkilləri və siyasətin öndə gələn isimləri universitetlərdə təşkil olunan seminarlara, tədbirlərə qatılırlar. Təkcə Türkiyədə belə deyil, demək olar ki dünyanın bir çox dövlətində belədir. Tələbə ilə fikir alış - verişi, bir növ ölkənin gələcəyinə yatırım kimi görülür. Bunu düşünə bilən siyasətçilər də universitetlərdən gələn bu təklifləri geri çevirmir. Bir - iki saatını ayıraraq gedib iştirak edir, təcrübələrini bölüşür, tələbələri narahat edən sualları cavablandırır.
   
   Türkiyədə bunu bilməyən yoxdur ki, əgər iqtidardan bir nazir və ya vəkil gəlib universitetdə tədbirə qatılırsa onun sözünü kəsəcəklər, etiraz edəcəklər, yumurta atacaqlar, qışqıracaqlar. Belə tədbirlər olmamışdan qabaq müxalif ideologiyanın tələbələri plan qurur və necə etiraz edəcəklərini, hansı şüarlar səsləndirəcəklərini öncədən düşünürlər. Əhməd "universitetimizdən rəddol" qışqıranda, Mehmed yumurta atacaq, Ayşə də əl çalacaq. Belə hadisələr tez - tez baş verir. Bir gün öncə Türkiyənin Təbii Resurslar və Enerji naziri Tanər Yıldız Ankarada yerləşən Qazi universitetində təşkil olunmuş bir tədbirə qatıldı. Bu nazir keçən il bir şəhid cənazəsinə qatılmışdı və orda bir nəfərin yumruqlu hücumuna məruz qalmışdı. Burnu qırılmışdı, görüntüləri yayımlanmışdı hətta. Düşünün ki, bu hadisələri yaşamış nazir heç bir tərəddüdə düşmədən universitetdə keçiriləcək tədbirə dəvəti qəbul edir. Bəlkə də sizin ağlınızda sual yarandı ki, tərəddüdə düşmədiyini hardan bilirsən? İndi danışacam siz də anlayacaqsınız.
   
   Taner Yıldız tədbirdə çıxışını edərkən bir tələbə yerindən durdu və qışqırmağa başladı. Siz dövləti batırdınız, nə bilim nə elədiniz, falan - filan. Öncədən yaşanmış yumurta hadisələrini nəzərə alan mühafizəçilər tez gəncin üstünə cumdu və yaxa - paça tutub salondan kənarlaşdırarkən nazir Tanər Yıldız onların dayanmasını əmr etdi. Tələbəni buraxdılar və nazir həmin tələbəni yanına çağırdı. Mühafizəçilərin dartıştıraraq pis günə saldığı üst-başını, nazir düzəltdi.
   
   Yanında otuzdurdu. Xahiş etdi ki, qışqırmadan öz sözünü, dərdini anlatsın. Tələbə şok olmuşdu. Yəqin ki, hər şey gözləyirdi, döyülməyi, süründürülməyi, ancaq belə bir şeyin baş verəcəyini yatsa yuxusuna girməzdi. Tələbə uzun - uzun danışmağa başladı, nazir də uzun - uzun qulaq asdı. Sıra nazirə gəldi, tələbənin suallarına cavab verməyə başlayanda, tələbə nazirin sözünü dəfələrlə kəsdi. Tanər Yıldız çox mədəni formada xahiş etdi ki, mən sənə uzun - uzun qulaq asdım, sözünü kəsmədim, sən də mənim sözümü kəsmə ki, anlaşa bilək. Daha sonra tədbir bitdi və Tanər Yıldız salonu bu tələbə ilə bir yerdə tərk etdi, söhbəti davam etdirərək. Sağollaşanda isə bu tələbəni nazirliyə, çay içməyə dəvət etdi.
   
   Xalqın arasında ikən burnuna yumruq dəyən və burnu qırılan bir nazir bu hadisədən sonra özünə qarşı belə sərt formada müxalif olan tələbəni yanına çağırıb, onunla üz - üzə oturma cəsarəti göstərirsə deməli bu insanın səmimiyyətinə şübhə etmək ona qarşı çox böyük haqsızlıq olar.
   
   2 il öncə Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış tədbirdə iştirak etmək üçün bizim universitetə gəlmişdi. Bizim fakultədə oxuyan bir qız ona yumurta atmışdı və həmin yumurta nazirin pencəyinə dəymişdi.
   
   Bu nazir eləmə tənbəllik, götürüb bu qızı məhkəməyə vermişdi. Ondan sonra da universitetlərdə təşkil olunan heç bir tədbirə qatılmamağa başladı. Əlbəttə ki, yumurta atmaqla bildirilən etiraz həddi aşmaqdır. Ancaq nazirin tələbəni məhkəməyə verməsi məncə uşaqlıqdır. Həmin insanın nazirliyin verdiyi ağırlığı daşıya bilməməsindən şübhə duyuram.
   
   Bir də son olaraq nəzərinizə çatdırım ki, Ankara universitetində Urmiya gölünün qurudulması ilə bağlı olaraq tədbir keçirildi. Həm İranda yaşayan azəri türkləri, həm türkiyəlilər, həm də azərbaycanlılar bu tədbirə qatıldı. Çox təəssüf ki, İranın bu alçaq siyasətinin qarşısında belə tədbirlər çox aciz qalır. Ancaq yenə də əlindən gələni əsirgəmədiyi üçün Azərbaycan Tələbə və Məzunlar Birliyinin əməkdaşlarını təbrik edirəm.

TƏQVİM / ARXİV