adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

VAXTIN NƏ GüNAHI...

27510 | 2011-12-17 08:25
İnsan o zaman gözəl olur ki, mənası mahiyyətindən mayalanan ömür yaşayır.
   
   
   
   Müdrik sözü
   
   
   
   
   
   "O alovun dilləri indi də gözümün qabağındadır, sanki həyatım, yaşadığım ömür yanırdı qabağımda və mənim heç nəyi dəyişməyə gücüm çatmırdı. O gücsüzlük içində ağlıma gəlmişdi ki, əgər bundan sonra nə yazsam, hamısı bir ömür yazısının hissələri olacaq və bu bütöv yazının adı, içində nə yazılacağından, nədən yazılacağından asılı olmayaraq, dəyişməyəcək: məni sevdiklərim öldürdü".
   
   Zaman keçdi, yazdıqlarını yandıran qızcığaz böyüdü, universitetin jurnalistika fakültəsini bitirdi, qələmindən bərk yapışdı, "bir ömür yazısının hissələri"ni yazmağa başladı. "Sözün çaş-baş dövrünə" düşsə də, "bu çətinlik selinin, çaşqın xofun qarşısında" sınmadı. Ona ən böyük dayaq - Həqiqəti öz dəyərində saxlayan Zəka və Mədəniyyət sahibləri oldu. Xoşbəxtlikdən qarşısına "sözü ilə əməli bir", təmənnasız yaxşılıq etməkdən zövq alan xeyirxah insanlar çıxdı.
   
   "Kim deyir ki, Onlar azdır? Mən say axtarmamışam, işığın gücünü görmüşəm. Bu işığın gücünə əmin olmuşam ki, Sözü xırdalamaq, Sözü çirkaba bulamaq, Sözü ucuz şöhrət və miskin möhtəkirlik xatirinə xərcləmək ən böyük günahdır".
   
   O, belə düşündü, hər sözünü məsuliyyət hissi ilə yazdı. Və tanınmış tənqidçi, Yazıçılar Birliyinin katibi hörmətli Arif Əmrahoğlunun təbirincə desək, "bacardığı kimi" yazdı, "olduğundan az göründüyünü" özünə dərd eləmədi, amma "olduğundan artıq da görünməyə" çalışmadı, daha çox "sözünün görünməsinə" cəhd göstərdi. "Çünki hər kəsə darısqallıq yaradacaq bir yerdə - sözün ətrafında deyil, yaşamaq üçün həyatdan gözəl bir yerdə - sözün içindədir".
   
   Və "sözün içində" yaşayan bu qələm sahibinin yazılarının bir ünvanı var: Söz yaradanların əsərləri və şəxsiyyəti! Onlar müəllifin təbirincə "Əbədiyyət yolçuları" - Nizamidən, Füzulidən, Nəsimidən... üzü bəri dünya şöhrətli yazıb-yaradanlarımızın davamçılarıdır.
   
   "Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Sabir, Üzeyir bəy, Səməd Vurğun - ən mürəkkəb, qarışıq XX əsrin millət insanları".
   
   
   
   Bilməm nə hikmət var bu yolçuluqda,
   
   Hər zaman yolumda duman görünür,
   
   
   
   -deyən "Zamandan güclü" Mikayıl Müşfiq.
   
   
   
   Mübarizə bu gün də var, yarın da,
   
   Mən də onun ən ön sıralarında.
   
   
   
   - ünvanlı ustad Rəsul Rza.
   
   
   
   Yaşamaq-yanmaqdır, yanasan gərək,
   
   Həyatın mənası yalnız ondadır.
   
   
   
   - prinsipi əqidəsi olan, "bütün türk dünyasının sevən ürəyi, rəmzi" (Yavuz Bülənd Bakilər) Bəxtiyar Vahabzadə.
   
   "Hər təfsilatda lirik dramatizm və poetik nikbinlik arayan", "Min qılınca bir qələm" çalan İlyas Əfəndiyev.
   
   "Hər cür bəlanı özünə maqnit kimi çəkən böyük istedad" (Anar), "...Və mən, ölməz bir həqiqətin döyüşçüsü kimi, yenə sizin sıralarınızdayam", - deyən "Karvan yolunun tənha yolçusu" Ənvər Məmmədxanlı.
   
   "Kür meydanı ram eləyən", "Azərbaycan adlı Meydanın hansı tərəfindən baxılır-baxılsın, eyni ucalıqda, eyni əzəmətdə görünən" böyük yazıçı, şəxsiyyət-ziyalı İsmayıl Şıxlı.
   
   Müəllif məqalələrini müəyyən qədər "esse janrının nəzəri-estetik tələblərinə uyğun qurmağa üstünlük verir" (Arif Əmrahoğlu). Bu baxımdan Mənsur Vəkilovun xatirəsinə həsr etdiyi "Bir payız ömür-dən enib sabaha...", "Bənövşələr qargöyərdən yerdə əriyən torpaq" (Çingiz Ələkbərzadə), "Boylanıb sən aşan üfüqə sarı..." (Səyavuş Sərxanlı), "Təbəssüm də yaşayarmış..."
   
   (Əhəd Hüseynov), "Hər şey üçün sağ olun!" (Maqsud İbrahimbəyov), "Şəhidim sənə əmanət!" (Fikrət Qoca), "Məni bayraq kimi tutun yuxarı..." (Nəriman Həsənzadə), "Sərhədpozan" (Musa Yaqub), "İtən ümidlər üçün... vaxtı suçlama, Bəyim..." (Nisə Bəyim), "Nasir" (Məmməd Oruc), "İki türkün haqdan gələn bir səsi" (Zəlimxan Yaqub, Azər Turan), "Söz tanrıdandır..." ("Peyğəmbər" mənzum romanı), "Sözün bəsirət qatları" (Qəzənfər Paşayev), "Elindən xəbərin varmı?" (İlham Qəhrəmanın "Laçın folkloru" kitabı), "Allah yaxın, Vətən uzaq" (Mətləb Misir), "Unudulmayan döyüş qalıb..." (Rəfail Tağızadə), "Doğmalar arasında ögeylik ağrısı...", "Şüşanın zamanı" yazıları maraqla oxunur, təsirləndirir, düşündürür.
   
   Eyni zamanda müəllif öz prinsiplərinə sadiq qalaraq "dərinə" gedir, oxucusuna tanınmış qələm sahibləri haqqında indiyədək bəlli olmayanları deyir, sanki onunla səmimi söhbət edir. Müəllifin dəst-xəttinin, yazı üslubunun, həyat tərzinin mahiyyətindən mayalanan bu səmimiyyəti onun bütün yazılarında hiss edir, görürük.
   
   Xalq şairi Nigar Rəfibəyli, Azərbaycanın elm və mədəniyyətinə sanballı töhfələr vermiş Əfəndizadələr soyadı (Şəfiqə xanım və Ələddin Əfəndizadələr, onların övladları - akademik Fuad Əfəndiyev, tanınmış mühəndis Fazil Əfəndiyev, müasirlərinin "canlı ensiklopediya" adlandırdıqları görkəmli naşir, redaktor və tərcüməçi Adil Əfəndiyev), Məmməd Arif ədəbi tənqid məktəbinin davamçısı, filologiya elmləri doktoru Vaqif Yusifli haqqında diqqət çəkən esselər və məqalələr öz səmimiyyəti ilə oxucunu xoş ovqata kökləyir.
   
   "Durulacaq bu dünya!"
   
   Çox ilhamla, ürək yanğısı ilə qələmə alınan bu yazının həm adı, həm də müəllifin həyat devizi, sabaha olan inamı, məramı, qətiyyətidir. Yaşı səksəni adlayan, zamanın sınağında sınmayıb haqqa tapınan, ibrətamiz ömür yolu keçən, sadə, səmimi, ləyaqətli, iradəli İnsana, Ziyalıya, Alimə həsr olunan yazının nikbin ovqatı oxucuda belə bir inam hissi yaradır: durulacaq bu dünya!
   
   Müəllif qəhrəmanını oxucuya təqdim edir: "Bu Odur - dünya bütün təzadları ilə gözəldir. Dünya onun xilası, gözəlləşməsi naminə ölümə hazır olanlara halaldır - fikri ilə bütöv bir düşüncə sistemi təqdim edən müdrik İmamverdi Əbilov.
   
   Yazıçı, alim, maarif xadimi, el ağsaqqalı. Azərbaycanın elm, mədəniyyət, sənət, yaradıcılıq, təhsil mərkəzlərini Neftçala ilə birləşdirən körpü.
   
   İmamverdi Əbilov memuar ədəbiyyatının yeriyən ensiklopediyasıdır.
   
   Dostlarından birinin ümumiləşdirməsini xatırlayıram: "Bu ünvanda Azərbaycan ictimai fikrinin, mədəniyyətinin bir beytül-müqəddəsi var".
   
   ...Asta, aram-aram danışan səsini dinləyəndə mənə elə gəlmişdi ki, bu anda möcüzə baş versə - Səməd Vurğun, Yusif Məmmədəliyev, Rəsul Rza, Xudu Məmmədov, Ziya Bünyadov, İsmayıl Şıxlı, Aydın Qaradağlı, Mədinə Gülgün, Məmməd Cəfər... qapıdan girsələr - İmamverdi müəllim təzə ayrılmış kimi görüşəcək onlarla, çünki bu insanlar hər gün bu evdədilər, onunladılar.
   
   - Amma Səməd Vurğunda olan ürəyigenişliyi mən heç birində görməmişəm, - deyir, - elə bil Allah-taala onu yaradanda qəlbinə qeybət, təkəbbür qoymayıb. Onunla görüşlərin, ünsiyyətin hər biri mənimçün onillərin ünsiyyətinə bərabərdir".
   
   Atasını erkən itirən müəllif İmamverdi müəllimdən Ata qayğısı duyur, onun ibrətamiz ömür yolunu qələmə alanda təsirlənir. Üzündən nur yağan bu müdrik İnsan həyatın enişində, yoxuşunda, burulğanında büdrəməyib, iradəli, qətiyyətli olub, öz ağlına, biliyinə, zəhmətinə güvənib, bəziləri kimi dünyanı yamanlamayıb, dövrandan gileylənməyib, Zamanı, Vaxtı suçlu bilməyib. Axı, Vaxtın nə günahı...
   
   İlkin yazılarını yandıran Südabə xanım ömrünün yetkin, kamil çağlarının məhsulu olan ədəbi-tənqidi məqalələri, esseləri və publisistik yazılarını kitab şəklində çap etdirib: "Vaxtın nə günahı..."
   
   Kitabdakı yazıların hər biri mahiyyətə nüfuz etmək, mövzu ilə bağlı müstəqil fikir söyləmək bacarığı, yüksək təhlil mədəniyyəti, eləcə də orijinal fərdi üslubu, axıcı təhkiyəsi, səlis və rəvan dili ilə seçilir. Müəllifin yaradıcılığı jurnalistika ilə ədəbiyyatşünaslığın uğurlu sintezinə gözəl nümunədir. O, R.Rza adına Beynəlxalq mükafata layiq görülüb. Prezident təqaüdçüsü (2009), Bakı Slavyan Universitetinin filologiya fakültəsinin baş müəllimi, "Azərbaycan" jurnalının böyük redaktorudur.

TƏQVİM / ARXİV