O DüNYALIQ...

FAİQ QİSMƏTOĞLU
31570 | 2011-12-17 07:18
Dünyada dərdsiz insan yoxdur. Hamının özünə görə ağrı-acısı, kədəri var. Bəlkə də kiməsə xoşbəxt adam kimi baxanlar həmin adamın özündən daha rahat və daha sakit həyat tərzi yaşayır. Bir də baxıb görürsən ki, üçmərtəbəli evin bütün mənzillərində işıqlar bərq vurur və düşünürsən ki, bu mənzilin sahibindən xoşbəxt insan yoxdur. Bu ilk baxışdan belə görünür. Ancaq elə ki, kiminləsə bir balaca dərdləşirsən, söhbət eləyirsən və görürsən ki, heç də həmin adam uzaqdan gördüyün kimi deyil. Yəni onun dərdi səninkindən də böyükdürg
   
   İndi insanı dərd öldürmür. İnsanı öldürən və içini yeyən ehtiyac, bir də pulsuzluqdur. Pulsuzluq o qədər ağır bir yükdür ki, bu yükün altından heç vaxt asanlıqla çıxmaq olmur. Kasıb adamın dərdi də ağır olur və bu dərdi çəkməyə ürəyi də dözmür. Bir də görürsən ki, bir göz qırpımında dərd içində boğulan insanın ürəyi partladı və dünyasını dəyişdi. Amma bir balaca imkanın olur, pulun var, dərdi də çəkmək o qədər çətin olmur. Yadıma bir əhvalat düşür. Tanıdığım kəndlərin birində imkanlı kişinin oğlunu tok vurub öldürmüşdü. Hamı fikirləşirdi ki, yəqin oğlu ölən adamın ürəyi partlayacaq. Düzdür, adama Allah-Təala dərd verəndə səbr də göndərir, dözüm də verir. Bunu çoxları yaxşı bilir. Bu imkanlı adam oğlunun yeddisi çıxandan sonra üzünün tükünü qırxdırdı və qohum-əqrəbasına da məsləhət bildi ki, yasa görə üzlərində tük saxlamasınlar. Yəni qırxa qədər heç kəs üzü tüklü olmasın. Özünün də, qohum-əqrəbasının da üzünü təraş etdirəndən sonra həyat yoldaşını da götürüb Moskvaya yola düşdü. Bir də oğlunun qırxında kəndə döndü. Onda da hiss olunurdu ki, kişi hər şeyi arxada qoyub. Yəni Allahın verdiyi səbr ona arxa durub və kömək göstərib. Qırxı da yola verib sabahı günü işə çıxdı.
   
   Sözümüzün canı odur ki, varlı adamın yası da düşəndə onu elə yola verir ki, o dərd həmin adamların dizini yerə ata bilmir. Dərd də adamın dizini yerə ata bilməyəndə, həmin adam yaşamağın yolunu tapır və ömür sürür. Mənim tanıdığım kişi də oğlundan sonra uzun müddət yaşadı. Daha doğrusu, onu yaşadan və qoruyan var-dövləti oldu. Var-dövləti olan adam heç vaxt dərdin altında bir o qədər də sıxılmır. Düzdür, onların da ürəyi var, onların da göz yaşları var. Təbii ki, onların da ürəyi ağrıyır və göz yaşları axır. Sadəcə olaraq, var-dövlət və pul bu dərdi yüngülləşdirir və ağırlaşmağa qoymur. Dərd də yüngülləşəndə və bir yerdə çəkiləndə daha yüngül olurg
   
   
   
   ***
   
   
   
   Deyirlər kişiyə qadın və qadına da kişi qoca yaşlarında daha çox lazımdır. Təbii ki, bunu yaşlı adamlar daha yaxşı bilirlər. Elə bildiklərinə görə də bir-birlərini qoruyurlar. Onu da deyirlər ki, yaşlı qadın rəhmətə gedəndən sonra onun həyat yoldaşı tənhalığa və dərdə dözməyib bir müddətdən sonra dünyasını dəyişir. Amma kişi rəhmətə gedəndə qadın bu dərdə dözür və bir müddət yaşaya bilir. Mənim yadıma bir əhvalat düşür. Qohumlarımdan birinin cavan oğlu göldə boğulub ölmüşdü. Kişi də deyirdi ki, onun meyitini göldən çıxarsınlar və evimə gətirsinlər, qurban deyirəm. Həmin cavan oğlanın Rusiyadan meyitini evlərinə gətirdilər. Kişi də Allaha şükr eləyirdi ki, nə yaxşı oğlumun meyiti gəldi. Yoxsa ola bilərdi ki, meyit çıxarılmayaydı və göldə qalaydı. Qoca kişi meyit gələndən sonra qurban kəsdi və Allaha şükr elədi. Özü də heç ağlamadı. Dedi ki, naşükr olmayın, iki oğlum, üç qızım var, şükr onları verənə. Həmin kişi qoca arvadla oğlunun dərdini bir yerdə çəkdi. Beş-altı aydan sonra kişinin həyat yoldaşı oğlunun dərdinə dözə bilməyib dünyasını dəyişdi. Təsəvvür edin, oğlu öləndə özünü toxtaq aparan və ağlamayan kişi arvadı rəhmətə gedəndə elə zülüm-zülüm ağlayırdı ki, adamın ürəyi para-para olurdu. Sanki kişi indi bilirdi ki, oğlu ölüb. Çünki o, oğul dərdini əlli il bir yerdə yaşadığı qadınla birgə çəkirdi. Ona görə də dərd yüngül idi. Ancaq elə ki, həyat yoldaşı dünyasını dəyşidi, bax, ondan sonra onun müsibətli günləri başladı. Heç bir il çəkmədi ki, kişi də rəhmətə getdi. Çünki o müddətdə nə ona gəlini göz verib, işıq verir, nə də oğlu yiyə dururdu. Sanki kişi hər şeydən bezmişdi və istəyirdi ki, Allah-Təalanın dərgahına qovuşsun. Ölümündən də bir saat əvvəl övladlarını başına yığıb halallıq alıb və sonra da canını tapşırıb.
   
   Gör hardan gəlib hara çıxdıq. Söhbət qocalanda bir-birinə lazım olan iki yaşlı insandan - ər və arvaddan gedir. Hamıya gün kimi aydındır ki, tənhalıqdan betər və ağır anlar yoxdur. Özü də bu anları həmişə bir yerdə olan insanlar sonradan yaşaya bilmirlər. Yəni onlar həmişə bir tikə çörəyi, bir tikə yavanlığı elə şirinliklə yeyirlər ki, heç vaxt ev-eşikdə söz-söhbət olmayıb. Elə ona görə də o evdə həmişə xeyir-bərəkət, ruzi və şirinlik olub. Bəzən də elə ev olur ki, orda hər cür nazi-nemət var. Amma dava-dalaş, söz-söhbət və dığ-dığ o çörəyin boğazdan keçməsinə imkan vermir. Hər şey var, mehribanlıq və şirinlik yoxdur. Mehribanlıq və şirinlik olmayan yerdə deyirlər ki, xeyir-bərəkət də olmur. Onda biz cavanlığından və qocalığından asılı olmayaraq, hamıya şirinlik, mehribanlıq və səmimiyyət arzulayırıq. İnsan soğan-çörək yesin, şorla gününü başa vursun, ancaq mehribanlıq olsun. Bundan gözəl həyat və yaşayış təsəvvür etmək elə də çətin deyil.
   
   ***
   
   
   
   Çox qəribədir ki, bu gün Azərbaycanda pasiyentlər həkimlərə o qədər də etibar eləmirlər. Bir balaca imkanı olan ya Moskvaya, ya İrana, ya da Gürcüstana gedir. İmkanlı adamlar isə Türkiyəyə, Almaniyaya, İsrailə, ABŞ-a üz tutur. Deməli, hardasa torbada pişik var. Başqa sözlə demiş olsaq, bizim həkimlər yaxşı olsa, onlar həkimlər şəfasını görsə, təbii ki, xarici ölkələrə bu qədər xəstə axını olmaz.
   
   Xarici ölkələrə müalicəyə gedənlər deyirlər ki, orda bizi müayinə edəndən sonra Azərbaycandakı müalicələrimizə baxıb dodaq büzürlər. Deyirlər ki, sizi Azərbaycanda nə düzgün müayiən ediblər, nə də müalicə. Elə ona görə də belə ağır vəziyyətə düşmüsünüz. Tehranda olan pasiyentlərdən biri bizim həkimlərin ona qoyduğu müayinənin nəticələrini həkimlərə göstərib. Onlar isə reseptə baxıb təəccübləniblər. Deyiblər ki, heç xəstəyə də bir gündə eyni dərmandan səkkizini verməkmi olar? Üstəlik də İran həkimləri bildirib ki, biz sizin bəzi professorları burda tibb bacısı yerinə işə götürmərik. Sizin apartlar və texnikalar daha müasirdi. Ancaq həkim sarıdan bəxtiniz gətirməyib. Üstəlik də dava-dərmanlarınız keyfiyyətsizdir. Savadsız həkimin yazdığı keyfiyyətsiz dava-dərmanlar təbii ki, sizin səhhətinizə müsbət təsir eləməyəcək. Amma siz bir həftədən sonra görəcəksiniz ki, özünüzdə hansı dəyişiklikləri hiss edirsiniz.
   
   Qohumlarımdan biri İran həkimlərinin müalicəsindən bir həftə sonra özünü çox yaxşı hiss edib. Hansı ki, Bakıda ona məşhur klinikaların birində qara ciyər serrozu qoyulmuşdu. İndi bu qara ciyər serrozulu adam düz üç ildir yaşayır və heç bir problemi yoxdur. Sadəcə olaraq, bu üç ildə iki dəfə Tehrana və bir dəfə də Təbrizə gedib müayinə və müalicə olunub. İrandakı müalicədən sonra ona cəmi-cümlətanı bir dərman yazıblar, o da İran istehsalıdır. İranlı həkimlər onu da deyiblər ki, bizim dərmanlardan savayı başqa dərmanlardan istifadə eləməyin. Əgər gedib Bakıdakı apteklərdə satılan dərmanları alsanız və atsanız, sonra fəsad yaransa, biz cavabdeh deyilik. Amma bizim dediyimizlə hərəkət eləsəniz, səhhətinizdə heç bir problem yaranmayacaq. İndi həmin pasiyentin vəziyyəti İran həkimlərinin müalicəsindən sonra daha da yaxşılaşıb.
   
   Bu yaxınlarda Gürcüstanda olan yaxın tanışlarımızdan biri ürəyini müayinədən keçirib. Orda da məsləhət biliblər ki, ya ürəkdə cərrahiyyə əməliyyatı aparılsın, ya da stent qoyulsun. Həmin pasiyent də gürcü həkimlərinin diaqnozundan sonra vətənə qayıdıb. Gürcü həkimləri əməliyyata qədər ona resept yazıblar ki, bu dərmanları alıb qəbul eləməlisən. O da dərmanların bir çoxunu alıb və qəbul eləyib, vəziyyəti yaxşılığa doğru dəyişib. Günlərin birində yenidən pasiyent bizim poliklinika həkimlərinin birinin yanına gedir və resepti ona göstərir. Həkim də deyir ki, apar bu resepti notariusda təsdiq elətdir gətir. Çox qəribədir, biz savadsız həkim görmüşdük, amma reseptin notariusda təsdiq edilməsini söyləyən həkim eşitməməşidik. Bunu da eşitdik. İndi görün, bizim məmləkətimiz nə günə qalıb. Həkimlərin bir hissəsi savdsızdır, bir hissəsi savadlıdır, bir çoxunun da savadı olsa da vəzifədən uzaqlaşdırıblar. İndi ən çox arxalı və savadsız adamlar gəlib vəzifədə əyləşiblər. Təbii ki, onların da müalicəsinin nəticəsi bax, belə olacaq.
   
   Deməli, bizim ancaq ümidimiz Allaha qalıb. Ümidimiz Allaha qalıb ki, xəstələnməyək və həkimlərin yanına getməyək. Bir balaca da imkanın olmadı, yazıq sənin halına. Xəstəxanaya aparılsan da bir həkim sənə yaxın durmayacaq. Soruşacaqlar ki, xəstənin yiyəsi kimdir? Onu da ona görə deyirlər ki, xəstənin yiyəsi gəlib həkimləri görsün və bundan sonra onlar xəstəyə kömək eləsinlər. Çalışın ki, bu çətin zəmanədə xəstələnməyəsiniz və savadsız, təcrübəsiz həkimin əlinə düşməyəsiniz. Əks təqdirdə, o dünyalıq olacaqsınız.

TƏQVİM / ARXİV