adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

KİMDİR QATİL?!

SEYFƏDDİN ALTAYLI
74187 | 2015-06-20 08:36
"Nə cürsəniz elə də idarə olunarsınız".

Məhəmməd Peyğəmbər


Dünyanın və Türkiyənin gündəminin, üstəlik də seçkidən sonra bu qədər qalmaqallı olduğu bir vaxtda qadına münasibət barədəki fikirlərimi oxucularla bölüşmək istədim. Seçkiylə bağlı fikirlərimi isə daha sonra təqdim edəcəyəm.
Bir müddət qabaq Türkiyənin Mersin vilayətində Özgəcan adlı iyirmi yaşlı bir tələbə vəhşicəsinə qətlə yetirildi. Yazıq qız məktəbdən çıxıb evlərinə getmək üçün balaca avtobusa minib, yol pulunu da ödəyib. Maşının sürücüsü isə insan surətində bir məxluqat olduğuna görə ayrı fikirdə olub. Maşının üzünü meşəliyə sarı döndərib, qız onu öz yoluna qaytarmaq üçün çox təkid etsə, yalvarsa da o qıza fikir verməyib. Gözlərdən uzaq bir yerdə mənfur fikrini həyata keçirib namusuna toxunmaq istədikdə qız yanında gəzdirdiyi bibər qazını onun üzünə buraxdıqda sürücü əsəbiləşib və "niyə mənə mane olursan" deyərək dəmir çubuqla qızın başına vurub yıxıb, hirsi soyumadığına görə də sonra biçaqlayıb öldürürb. Qız hələ canını tapşırmamış diri-diri yazığın qollarını da kəsib. Maşını sürüb evlərinə, atasına və dostuna məsələni danışıb, onlardan köməklik tələb edib, onlar da sürücünün arzusunu yerinə yetirərək cinayətə də şərik olub, aparıb meşəlikdə qızın meyitini yandırıblar.
Bu hadisə, Türkiyədə xəbər proqramlarının ən başında gündəmi məşğul etdi.
Hakimiyyət, müxalifət, ziyalılar, tanınmış simalar, hərə bir tərəfdən hadisəylə bağlı öz fikrini bildirdi. Kimisi edam hökmünün yenidən qaytarılmasını, kimisi də edamın qaytarılmasının bu cür hadisələrin yaranmasına hər hansı təsiri olmayacağını irəli sürdü və toplumun gündəmində unudulub getdi. İndi Türkiyədə xalqın marağını cəlb edəcək o qədər problem vardır ki...g
Türkiyədə qadına münasibət təəssülər olsun ki, arzulanan səviyyədə deyil. Müsəlman toplumlarında yaxşıdır bəyəm?
İbni Bəttutənin xatirələrini oxumuşdum, onun qələmə aldığı bir hadisəni bu cür olaylar yarananda həmişə xatırlayıram və heç vaxt da yadımdan çıxmır.
Bəttutə yazır:
Göytürk dövlətinin paytaxtına bir elçilik heyətilə getmişdim. Küçədə gəzişirdik. Qarşıdan 25-26 yaşlı bir gəlin gəlirdi, yanında da təqribən 6 ilə 8 yaşlarında olan iki uşağı vardı, onların əllərindən tutmuşdu. Qadın anadan üryandı və üstündə bir parça şey də yoxdu ki, məhrəm yerini örtsün. Mən isə həm ölkəmizdə, həm də gəzib-gördüyüm yerlərin heç birində belə bir hadisəyə dünyasında rast gəlməmişdim. Nə illah etsəm də gözümü qadından o yana yayındıra bilmirdim. Qadın ona zillənmiş baxışlarımı hiss etdi və mənə də bundan narahat olduğunu aşkar şəkildə bildirəcək hərəkətlər elədi. Mən bir dəfə üzümü o yana döndərsəm də özümə mane ola bilmədim. Sanki içimdəki gizlin bir qüvvə ona baxmağımı tələb edir və bütün ixtiyarımı əlimdən alırdı. Yenə qadına baxmağa başladım, qadın bu dəfə mənə yaxınlaşıb düz qabağımda dayandı və "Sən indiyə kimi heç çılpaq qadın görmədinmi gözünü döyüb aramsız şəkildə mənə baxırsan, kişiliyindən utanmırsan?"
Düzünü deyim nə deyəcəyimi və nə edəcəyimi çaşmışdım. Birdən özümə gəldim və Ötükənin bu küçəsində o tərəfə-bu tərəfə gedən türklərdən biri də kirpiyini qaldırıb ona baxmırdı, öz-özümə çox utandım. Küçədən keçənlərin danışıqlarından hiss etdim ki, qadının ağlı təyyar deyilmiş".
Bu, İbni Bəttutənin dedikləri.
Qədim vaxtlarda ulu babalarımız öz milli xarakterimizə uyğun qanunlar yaratmışdılar. O qanunları da heç kəs nə poza, nə də dəyişdirə bilərdi. Orxun-Yenisey abidələrində, "El gedər, törə qalar" deyərək dövlətin də yıxılıb gedə biləcəyini, ancaq qanunların əsla pozula bilmiyəcəyinə işarə edilib.
Əlbəttə hər bir toplumda psixi xəstələr ola bilər, onlardan da hər bir pislik gözlənə bilər, ancaq hal-hazırda elə gün olmur ki, müsəlmanların yaşadığı coğrafiyada bir qadın və ya qızın namusuna toxunulmasın, bir qadın, ya qız qətlə yetirilməsin, döyülüb təhqir edilməsin, müsəlman olan şəxslər öz dindaşları tərəfindən diri-diri od vurulub yandırılmasın, İŞİD örnəyində olduğu kimi başı heyvan kimi kəsilməsin.
Gəlin papağımızı qabağımıza qoyub fikirləşək və obyektiv qərara yetişək. Biz İslam dininə inanırıqsa İslam dinində bu cür əməllərə yer yoxdur. Ulu Peyğəmbərimiz, "Cənnət anaların ayaqları altındadır" deyib. Qurani-Kərimdə də neçə yerdə qadın və qızlara düzgün münasibət bəslənməsinə işarə edilib.
Müsəlmanıq, ancaq deyəsən bu prinsipləri unuduruq. Əlbəttə günahkar olan qadın və qızlara layiq olduqları cəza verilməlidi, ancaq ifrata üz tutmaq dinimizcə haramdı. Qadın da Allahın yaratdığı şərəfli bir varlıqdı və insanları dünyaya gətirən, min bir əzab əziyyətlə onları böyüdən, ərsəyə gətirən analardı.
Digər tərəfdən madəm biz Türk millətinin yetirmələriyik, axı ulu babalarımızın vaxtında Mersin vilayətindəki kimi hadisələr baş verməyib, versə də onları yaradanlar ən amansız şəkildə cəzalandırılıb. Bəs indi biz niyə beləyik? Onda belə çıxır ki, biz nə Müsəlmanıq, nə də Türk, hibrid bir varlıq olub çıxmışıq vəssalam.
Bir ölkədə bu cür bəşərə və bəşəriyyətə yaraşmayan hadisələr baş verirsə onun günahkarı qanunlardı, o qanunları qəbul edən məclislərdi, məclislərdə milləti təmsil edən millət vəkilləridi, o məclislərə öz nümayəndələrini seçib yolluyan xalqdı və o xalqın mədəniyyət səviyyəsidi.
Xalqının azı iyirmi faizi savadsız, ölkədə yaşayan hər bir vətəndaşın özünün kimlik vəsiqəsi mənasına gələn səsini seçki vaxtlarında bilmirəm nəyəsə satan ölkələrdə bu cür hadisələrin olması təbii dəyil?
Əgər belə bir hadisə Avropanın hər hansı Xristiyan ölkəsində yaransaydı daxili işlər naziri o dəqiqə istefaya çıxardı.
Elə bir vaxta gəlib çatmışıq ki, nəyin əyri nəyin düz olduğu məlum deyil Oğru, oğurluq üstündə tutulanda oğru olmadığı haqda Allaha, Qurana, Peyğəmbərə and içir. Onu tutan da and içir ki, onu oğurluq üstündə tutub. Camaatın yarısı oğrunun tərəfini saxlayır, yarısı da onu tutanın, bilmirik hansına inanaq, at izi it izinə qarışıb.

Seyfəddin Altaylı,
Ankara,
altaylı[email protected]

TƏQVİM / ARXİV