adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BiR OVUC SU KiMi...

VƏSİLƏ USUBOVA
24709 | 2011-12-17 07:18
Bir nəfərdən soruşurlar: niyə qocaların beli əyilib? Cavab verir ki, torpaqda öz cavanlıq izlərini axtarmaqdan. Əslində, beli bükülməmişdən qabaq insanın boynu əyilir. Artıq əlindən getmiş günlərinin həsrətilə arxaya boylanmaqdan. Elə bilir ki, dünəni qarabaqara dalınca gəlir. Ancaq dünənimiz bizə sarı gəlmir, bizdən üz döndərib gedir, günbəgün uzaqlaşır. Onu özüynən sürüyən yaddaşımızdı, illər ötdükcə yaxamızdan daha bərk-bərk yapışan xatirələrimizdi...
   
   Onun hələ nə beli bükülüb, nə də başı sinəsinə əyilib. Dünənini də axtarmağa ehtiyacı yoxdu. Bu günüynən yaşamağı bacaran çox az adamlardandı. Özünü nə xatirələrin, nə də illüziyaların ixtiyarına buraxan deyil. Arxada qalan ömrü də çoxdan qoca Muğanın tarixində yer tutub. O, Muğanın tacıydı. Haqqında elə bu adda nəğmə də yaratmışdılar: "Muğanın tacı Fatma"... Taca uyanlardan, şöhrətə boyun əyənlərdən deyil. Dedim axı, həmişə qabağa baxmağı bacaranlardandı. Yenə də əvvəlki həvəslə işləyir, əvvəlki maraqla yaşayır. Deyir, səhər saat 6-da yataqdan qalxmasam, xəstələnərəm. Yarım saat keçməmiş fermada oluram. Cavanlıqdan vərdişimdi: iş yerinə məndən qabaq gələn olsa, özümü narahat hiss edirəm. İki-üç ildi bizim aranda da qış sərt keçir. Alışqan deyilik, çoxlarının səliqəsi pozulur. Mənimçün fərqi yoxdu, qarlı-şaxtalı günlərdə də evdə otura bilmirəm. Hərdən qardaşım oyandığımı görüb yerindən qalxır, maşını işə salıb məni fermaya, bələdiyyəyə aparmaq istəyir. Qoymuram. Sözünü bu yerdə kəsib köks ötürür:
   
   -Daha yolda-rizdə heç kəsi görmürəm. Hayıf deyildi o günlər?! Alaqaranlıqdan kənd yolları qaynayırdı adamnan. Hərə bir tərəfə üz tuturdu. Gecənin nə vaxtında ayılsan, hiss edirdin ki, hardasa iş gedir. Traktorların, yük maşınlarının səsi gəlirdi. Payız gecələrində torpaq şumlanır, qışda suvarılıb arata qoyulurdu. Çox darıxıram indi. Bu cür yaşamaq mənlik deyil. Ona görə də evdə otura bilmirəm...
   
   Hələ ki, Muğanın tacını onun başından götürən olmayıb. Amma şöhrət də öz yerində, təltif-mükafat da, taclı-tacsız bütün başlar gec-tez bir ömür xatirələrin meydanına çevrilməlidi. Həsrətli-nisgilli, ağrılı-acılı xatirələrin. İnsanın əzəli, əbədi xisləti var. Qəlbinin darıxan, sızlayan çağları var. Bulud kimi boşalıb-dolmağı, şimşək təki çaxmağı da öz yerində. Bu yaşında işdən əl götürməsə də, dincəlmək bilməsə də, ara-sıra ötən günlərin xiffətini dilinə gətirməyindən də qalmır. Moskvaya, xarici ölkələrə səfərlərindən maraqlı söhbətlər edir. Keçmiş günlərə qayıdanda ona yoldaşlıq eləməkdə çətinlik çəkmirəm. Çünki çox şeylərin şahidiyəm...
   
   Haqqında dönə-dönə yazmışam. SSRİ Ali Sovetinə deputat seçiləndə, Sosialist Əməyi Qəhrəmanı adını alanda, briqadası rekord miqdarda pambıq istehsal edəndə. İlk dəfə tarlasına getdiyim günü də indiki kimi xatırlayıram. Hava günəşliydi. Fatma demişkən əsl pambıq havasıydı. O, danışdıqca nəzərlərimi qəzet-jurnal səhifələrindən mənə yaxşı tanış olan çöhrəsindən çəkə bilmirdim. Haqqında çox eşitmişdim. Həm də nələri: "Deyirlər, çox ciddi və tələbkardı, xasiyyəti də yaman sərtdi..." İndi bu sözlərlə razılaşa bilməzdim. Fatmanın üzündə elə indi də həmin ifadə vardı. Amma burda nə ciddilk lazımdı, nə də sərtlik. Ayın 28-də əmək raportu vermişdilər. 470 ton əvəzinə 508 ton pambıq toplamışdılar. Məhsulun 400 tonu maşınlarla yığılmışdı...
   
   Yox, Fatmaya bu çatılı qaşları, iti baxışları Muğanın qızmar günəşi, bir də ağappaq tarlalar bəxş eləmişdi. Bu torpaqda işləyənlər belə də olmalıydı. Günəşli gündə uzağı görməkçin mütləq qaşlarını çatmalısan, qartal kimi iti baxmalısan. Qadın siması üçün bu ifadə nadirdi. Bu, Fatmanın özünəməxsusluğudu...
   
   Adətən, jurnalistlər öz qəhrəmanı ilə onun işi arasında simvolik yaxınlıq axtarırlar. Ürəyimə dammışdı ki, onun da həyatında belə bir rəmzi məna tapacağam. Bu ümidlə soruşmuşdum:
   
   -Fatma, hansı fəsildə doğulmusuz?
   
   Gülümsəmişdi.
   
   -Pambıq fəslində,-demişdi- yəni, payızda...
   
   Hə, onda da payız imiş. Həmişə tarladan yorğun qayıdan Bəyimnisə bir axşam yaman solğun görünür... Səhər onu öz aralarında görməyən qız-gəlinlər təəccüblənirlər. Kimsə yavaşcadan deyir:
   
   -Bəyimnisənin qızı olub.
   
   -Bıy, o ki, dünən 80 kilo pambıq yığmışdı?!
   
   -Yazıq Rza kişinin yenə qızı oldu. Bu dördüncüsüdü...
   
   Onun dünyaya gəlişi heç kəsi sevindirməmişdi. Dalbadal qız doğduğu üçün gənc ananı qınayanlar da tapılmışdı. Hardan biləydilər ki, bir payız axşamında Şirvan torpağında dünyaya göz açan bu qız ağsaçlı Muğana şöhrət gətirəcək, şoran torpaqlarını gülüstana döndərib şöhrətini eldən-elə yayacaq.
   
   Kimin görəcəyi işlər alnına yazılır ki?!..
   
   Onun tarlalarını qarış-qarış gəzmişəm. Qoca qovaq ağacının gövdəsinə "sarınmış" tarla düşərgəsini, düşərgənin böyründən axan sərin sulu arxı, sahələrin kənarındakı söyüd, alça ağaclarını çox görmüşəm. Qəsdən bu ağacların budaqlarına əl vururdum ki, izlərimi saxlasınlar, məni də unutmasınlar...
   
   Saç-saqqalı ağarmış bir alimlə söhbətini də danışmışdı mənə. Alim göz işlədikcə uzanan tarlanı göstərərək deyib: "Xoşbəxtsiniz, Fatma bacı! Ömrünüzü, gününüzü bu genişliyin, intəhasızlığın qoynunda keçirirsiniz. Bizsə qaxılıb qalmışıq dörd divar arasında". Deyir, o zaman daxilən qürurlansam da, həmsöhbətimlə razılaşmamışdım. Başa düşürdüm ki, çoxları kimi bu elm adamı da öz işinə ürəkdən bağlıdı. Bu sözləri də müvəqqəti duyğuların təsirindən deyir. Öz iş stolunu heç də mənim bomboz sahəmdən az istəmir...
   
   
   
   ***
   
   İndi o mənimçün dünən şöhrəti bütün SSRİ məkanını dolaşan əmək qəhrəmanı, Muğanın tacı, Sabirabadın simvolu, bu gün Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova deyil, arabir kövrək düyğularla keçmişini yada salan bir qadındı. Kimi düşünsək, kimi xatırlasaq, o xatirələrdə hamıdan və hər şeydən əvvəl biz özümüz varıq. Onun da ömründə məndən bir parça var. Uzun illərdən bəri hər dəfə adı çəkiləndə, yadıma düşəndə hər şeydən öncə, qəfil səsdən dönüb dağınıq saçlarının arasından heyrətlə baxan qız canlanır xəyalımda.
   
   Bu qız Fatma deyil...
   
   Bu qız mən Özüməm...
   
   
   
   ***
   
   Fatmagilin iki tarla düşərgəsi vardı. Biri ikimərtəbəli, üstü talvarlıydı. İkincisi...
   
   Dünya tarixinin yeddi möcüzəsi bir yana, hər kəsin öz dünyasının möcüzələri var. Fatmanın ikinci tarla düşərgəsi də məndən ötrü bir möcüzəydi.
   
   Semiramidanın asma bağları...
   
   Fatmanın "asma" tarla düşərcəsi...
   
   Yoğun qovaq ağacının gövdəsinə çevrə balkon düzəltmişdilər. Üstünü də o şəkildə dövrələmə örtmüşdülər. Düşərgə uzaqdan həm çətirə, həm də göbələyə oxşayırdı. Qırağından ensiz , dumduru, sərin sulu arx axırdı. Arxın qırağında çömbəlib əlimi suya uzatdım, ovcumu dolduranda fotomüxbir qəfildən məni çağırdı. Dönüb baxan kimi çəkdi. Çox təbii, canlı şəkil alınıb. Saçlarım sifətimin yarısını örtüb, ovcum suynan doludu, barmağımda da o vaxt dəbdə olan akvariuma bənzəyən şüşə üzük. Ömrün donmuş bir ani. Yox, elə ömrün hamısı. Simvolikdi bu şəkil. Biz hamımız həyat adlı axar sudan bir ovuc ömür payı götürürük. O da yavaş-yavaş barmaqlarımızın arasından süzülərək gedir. Ovcumuz quruyanda ömrümüz də tükənir. Dünyadan köçürük boş əllə, quru ovucla...
   
   Bilmirəm, o düşərgə hələ qalırmı? Qalırsa, nə kökdədi? Arx necə, yenə suludu, yoxsa, çoxdan quruyub?! Fatmadan soruşa bilərəm. Ancaq soruşmuram. Dünən gözəl olanların, yaddaşımın bir küncündə bakirə qalanların bu gününü görmək istəmirəm. Bilirəm ki, zamanın əl gəzdirmədiyi heç nə yoxdu. O gün də mənim idi, ovcumdakı su da. Sirr kimi qalsın. Bu da mənim eqomdu. Heç kəsnən bölüşmək istəmirəm. Heç Fatmanın özüynən də...
   
   Hərdənbir gileylənir. Çevrəsində əvvəlki adamları görməməyindən qüssələnir. Həmişə sayılmağa, yuxarı başda əyləşməyə alışmış adamdı. Bunu unudanlara yerini göstərməyi də bacarır. Ən adi diqqətsizliyi belə bağışlamır. Hiyləsiz, məkrsiz adamdı. Dik danışmağı, düzünü deməyi sevəndi...İlk dəfə görəndə qıvraqlığına, bədəninin elastikliyinə heyran olmuşdum. Bu günsə gənclik həvəsi, gümrahlığıynan işləməyinə, yaşamağına vurğunam. Onu görəndə ürəyim açılır. Yaşlanmaqdan, yorulmaqdan, bezginlikdən söhbətləri yaxınına qoymur. Adama ruh verir, canlandırır, taleyin işvələrinə bənd olmamağa çağırır. Diliynən, sözüynən yox, işiynən, əməliynən...
   
   Hələ ki, belə yaşayır, belə işləyir qoca Muğanın tacı Fatma...
   
   Dünyanınsa sayğacı öz işindədi. Günümüzü, saatlarımızı hesaba çəkir...
   
   Ömrümüz barmaqlarımızın arasından süzülüb gedir...
   
   Ovcumuz quruyur...

TƏQVİM / ARXİV