BU DA ABŞ SEVGiSi

ƏBÜLFƏT MƏDƏTOĞLU
26501 | 2011-12-14 04:47
Adam özünü nə qədər bərk, ciddi tutmağa çalışsa da, amma alınmır. Çünki göz önündə baş verənlər, eşitdiklərimiz, saf-çürük edib gəldiyimiz nəticə heç də deyildiyi kimi, təqdim olunduğu kimi deyil. Bax, elə bu səbəbdən də anlamaq olmur ki, bu demokratiya deyilənin yönümü, anlamı, mahiyyəti nədi? Əgər bu doğrudan da sərbəstlik, azadlıq, haqq-ədalətdisə, niyə hamı üçün eyni formada təqdim olunmur. Yox, əgər bu bir görüntüdüsə, güclüyə, qoluzorluya, arxalıya yaraqdısa, onda onu niyə bizə də sırımaq istəyirlər?
   
   Düşüməyin ki, mən sualları sərt qoyuram, xeyr! Təkcə son günlərin mənzərəsini göz önünə gətirin. Onda özünüz də mənimlə razılaşarsınız. Belə ki, artıq son bir həftədə dünyanın bir çox böyük paytaxtlarında müxtəlif səviyyələrdə Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan məsələsi gündəmdə olub. Bu barədə fikir mübadilələri aparılıb, açıqlamalar verilib. Hətta Brüsseldə də, o cümlədən Azərbaycan parlament nümayəndə heyətinin səfərdə olduğu Budapeştdə də müdafiə naziri Səfər Əbiyevin Moskvadakı söhbətində də, bir sözlə, hər yerdə bu məsələ diqqət mərkəzində olub və şəxsən mənə belə gəlib ki, deyəsən buz əriyib. Çünki Azərbaycana səfər edən Türkiyə və ABŞ generalları da, o cümlədən müxtəlif ekspertlər də Cənubi Qafqazda, xüsusilə Dağlıq Qarabağda durumun o qədər də ürəkaçan olmadığın, hər an müharibə qığılcımının alışa biləcəyini söyləyiblər. AŞ PA təmsilçiləri də tərəfləri sülh danışıqlarını sürətləndirməyə, problemin tezliklə çözümünə nail olmağa çalışıbdı. Lakin...
   
   Məsələ də elə bu "lakin"dədi. Belə ki, demokratiyanın beşiyi sayılan, dünyaya "tonlarla" demokratiya ixrac edən ABŞ Minsk qrupunun həmsədrlərindən biridi. Təəssüf ki, Minsk qrupunun fəaliyyəti də, onun uğursuz missiyası da göz önündədi. Bu məsələnin başqa bir tərəfidi. Məni narahat edən həmsədrlərin, yəni dünyanın ən böyük dövlətlərinin - ABŞ, Rusiya və Fransanın demokratiya donlu ikili standartıdı. Bu hələ azmış kimi, bu dövlətlər ayrı-ayrılıqda da Ermənistanı bu günə qədər işğalçı kimi tanımayıbdır. Ən acınacaqlı hal odur ki, fransalı həmsədr Fasye missiyası başa çatmaq ərəfəsində mətbuata açıqlamasında "işğalın nə olduğunu mən yaxşı bilirəm" deyir. Amma fəaliyyətində Ermənistanın işğalçı olduğunu bircə dəfə də olsun səsləndirməyib, bəyanatlarda əks etdirməyibdi.
   
   Bu azmış kimi, dekabrın 9-da Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə bəyanatla çıxış edən ABŞ-ın dövlət katibi Hillari Klinton dünyadakı durumla bağlı ölkəsinin mövqeyini açıqlayanda insan hüquqlarının pozulduğu ölkələrin sırasında Azərbaycanın da adını çəkib. Doğrusu, mən internet saytında bu bəyanatı gözdən keçirərkən düşündüm ki, demokratiyanın dədəsi olan Obamanın yanında dayanan xanım da yəqin ki, demokratiyanın anası kimi çox məntiqli bir nəticə ortaya qoyacaq və göstərəcək ki, həqiqətən Ermənistanın işğalı nəticəsində Azərbaycan insanlarının, vətəndaşlarının hüquqları tapdanıb, pozulub, onlar ev-eşiklərindən didərgin düşüb, Allahın verdiyi insan ömrünü öz torpağında qaçqın kimi yaşayır. Amma təəssüf ki, demokratiyadan dəm vuran ölkənin dövlət katibi mənim gözlədiyimin əksinə olaraq başqa məqamları, yəni iqtidar-müxalifət münasibətini qabardıb. Bu isə doğrudan-doğruya həm təəccüb, həm də təəssüf doğurur. Üstəlik, insan hüquqlarının pozulduğu ölkələrin siyahısında Ermənistanın adının olmaması özü də bir daha göstərir ki, demokratiya deyilən hər nədisə, yalnız cəfəngiyyatdı. Çünki fakt göz önündədi.
   
   Bu gün Minsk qrupunun digər həmsədrləri kimi, ABŞ-ın Ermənistana açıq və gizli sevgisini ABŞ-ın dövlət katibinin bəyanatında rahatca görmək mümkündü. Mən bunu təsadüf saymıram.
   
   Çünki bu cür hal ilk dəfə baş vermir. Ermənistan işğala başladığı gündən Hillari Klintonun bəyanatı səslənən günə qədərki zaman kəsiyində bir dəfə də olsun ABŞ Ermənistanda qanun pozuntularının baş verdiyini, seçkilərin saxtalaşdırıldığını, parlamentin güllə-boran edildiyini, nümayişlərin, mitinqlərin silah gücünə dağıdıldığını, Ermənistan hakimiyyətinə müxalif olanların işgəncələrə məruz qaldığını söyləməyib, hətta heç bu barədə kiçik bir işarə də vurmayıbdı.
   
   Bu isə təkcə ikili standart deyil, həm də çox böyük bir sevgidi, özü də filin qarışqaya - ABŞ-ın Ermənistana sevgisidir. Deməli, bu sevginin qarşısında demokratiya sabun köpüyüdür. Elə haqq-ədalət də onun kimi. Böyük dövlətlərin, yəni böyük dövlətlərdən, yəni ABŞ-dan və Minsk qrupunun digər üzvlərindən gözləntilər də... Nə isə özünüz fikirləşin.

TƏQVİM / ARXİV