adalet.az header logo
  • Bakı 16°C

QONŞUDA NƏLƏR BAŞ VERiR?..

BABƏK YUSİFOĞLU
32942 | 2011-12-14 04:47
Suriya prezidenti Bəşər Əsədin bir müddət əvvəl verdiyi proqnozlarını o vaxt kimsə ciddiyə almadı. Xüsusilə Rusiya rəhbərliyi. Suriyanın başıbəlalı lideri verdiyi açıqlamalarda bəyan etmişdi ki, bu cür proseslər Suriyada sona çatdıqdan sonra Rusiyada başlayacaq və MDB ölkələrində də davam edəcək. Lakin hadisələrin indiki gedişatı onu göstərir ki, Bəşər Əsəd verdiyi proqnozda yalnız vaxtda səhv etmişdir. Belə ki, onun vətənində, özünün söylədiyi kimi, hadisələr başa çatmamış Rusiyada etiraz dalğaları başladı və getdikcə güclənməkdədir.
   
   Çox maraqlıdır, kənardan Misirin prezidenti Hüsnü Mübarəkə, Liviyanın keçmiş lideri Müəmmər Qəddafiyə, Bəşər Əsədə məsləhət verən iqtidarlar məsələ özlərinə aid olanda elə Bəşər Əsəd kimi hərəkət etməyə üstünlük verirlər. Elə Kremlin sahibləri kimi. Dumaya seçkilərdən sonra Rusiyada ara qarşışıb. Qəribə də olsa hakimiyyətdəkilər bu məsələdə ən vacib olanı unudurlar, bəlkə də qulaqardına vururlar. Yəni, Rusiyanın dünyada inqilablar beşiyi olduğu iqtidar tərəfindən xatırlanmır belə. Yaddan çıxıb ki, həm Rusiya, həm ruslar digərlərinə bənzəməz. Onlar inqilablar içərisində formalaşmış xalqdır.
   
   Son zamanlar vaxtaşırı Rusiyanın bir sıra iri şəhərlərində hakimiyyət əleyhinə eyni vaxtda mitinqlər keçirilir. Və maraqlıdır ki, ruslar artıq oliqarxların, rüşvətxorların olduğu hakimiyyətdən bezdiklərini bəyan edirlər. Vladimir Putinsə guya soyuqanlılıq nümayiş etdirərək vəziyyətin düzələcəyi kimi özünü aparır. Proseslərin Qərbdən idarə olunduğunu söyləyir. Ən maraqlısı isə budur ki, Putin eynən Bəşər Əsəd kimi ona qarşı çıxan müxaliflərin mitinqinə cavab olaraq Manej meydanında öz tərəfdarlarının mitinqini düzənləyir. Hakimiyyətə yönləlik mətbuat isə baş verənləri daha məqbul, daha yumşaq şəkildə təqdim etsə də artıq "cidanı çuvalda gizlətmək" mümkün deyil.
   
   Moskvada gedən proseslər haqqında Birləşmiş Ştatların KİV-i materiallar yayaraq nələrin baş verdiyini dünyaya bildirdi. Amerikanın yeniliklər kanalı kimi fəaliyyət göstərən "Fox News" Rusiya Dövlət Dumasına seçkilərə görə nümayişlərin görüntülərini yayınlayıb. Və dünya ictimaiyyəti Moskvada nələrin baş verdiyinin, xalqın hansı qəzəblə meydanlara çıxdığının şahidi olublar. Kadrlardan aydın görünür ki, nümayişçilər yandırıcı maddə ilə doldurulmuş butulkaları dövlət binasına necə atırlar.
   
   Bundan sonra mitinqçilərlə paytaxta gətirilən güc strukturuna aid qüvvələr, polislər arasında küçə döyüşləri başlayır. Kadrlarda Moskvanın yanan küçələri adamı heyrətə gətirir. İqtidaryönlü ekspertlər bütün bu görüntülərin Moskvadan çəkilmədiyini bildirirlir. Onlar kadrlardakı bəzi faktlara görə, lentin tamam ayrı yerdə çəkildiyini deyirlər. Əlbəttə, bütün bunları Qərbin situasiyanı bir qədər qızışdırmaq cəhdləri kimi də qəbul etmək mümkündü, hərçənd bəhanələrə inanmamaqda olar. Amma İnqilab meydanında gedən mitinqlərdə nümayişçilərlə polis qüvvələri arasında qarşıdurmanın baş verdiyini artıq hər kəs bilir. Küçələrə axışan on minlərlə rusiyalının "Putinsiz Rusiya" şüarları səsləndirməsini ki, danmaq mümkün deyil.
   
   Burada nə sağların, nə kommunistlərin, nə "Vahid Rusiya"nın, nə "Yabloko"... nun xalqı öz ətrafında cəmləşdirəcəyindən hələlik söhbət belə gedə bilməz. Çünki indi baş verən mitinqlər siyasi liderlərin nəzarətində olan bir hərəkat deyil. Əlbəttə, müxtəlif qüvvələr, Putini qəbul etməyən siyasi oliqarxlar çalışırlar ki, bütün bu etirazları özləri üçün "yəhərləsinlər". Hakimiyyətə qarşı başlayan bu kütləvi etirazların rəhbərliyini ələ keçirsinlər və hakimiyyətdən müxtəlif imtiyazlar, siyasi hədiyyələr almağa nail olsunlar. Lakin hələlik bütün bunlar mümkün olmayıb.
   
   Rusiyanın müstəqil qəzetlərinin yazdığından belə aydın olur ki, etiraz hərəkatı nəticə əldə olunmayanadək səngiməyəcək. Artıq bunu onların hakimiyyətə daha izdihamlı mitinqlər üçün yer ayrılmasından ötrü müraciəti də sübut edir. Moskva ilə yanaşı Rusiyanın ikinci paytaxtı hesab edilən Sankt-Peterburqda da mitinq hazırlıqları intensiv surətdə davam etdirilir. Məlumatlarda bildirilir ki, növbəti Moskva mitinqində 50 min iştirakçı meydana çıxacaq.
   
   Bu günlərdə baş nazir Vladimir Putin müxalifətin etirazları haqqında danışarkən Birləşmiş Ştatların, xüsusilə dövlət katibi Hillari Klintonun ünvanına sərt danışıb, bu məsələdə Vaşinqtonu günahlandırıb. O deyib ki, seçkilərin antidemokratik keçirilməsi reallığı əks etdirmir. Bu bəzi xarici qüvvələrin Rusiyanın daxili işlərinə müdaxiləsinin nəticəsidir. Əslində isə səbəbləri görmək üçün nə politoloq, nə də siyasət adamı olmaq gərək deyil. Sadəcə onu bilmək kifayətdir ki, xalq artıq Putin-Medvedev hakimiyyət oyunundan bezib.
   
   Hələlik kimin nə dediyindən, nə düşündüyündən asılı olmayaraq proseslər öz qaydası ilə irləliləyir. Əgər Rusiyada hakimiyyət xalqın dediyini bundan sonra da qulaqardına vurmaqda davam etsə, paytaxta, eləcə də mitinqlər gedən şəhərlərə daxili qoşun birliklərini toplayaraq etirazları yatırtmağa girişsə ən ağır bədəllər ödəməli olacaq. Tarixdə bunun saysız-hesabsız örnəkləri vardır. Və çox yaxın gələckdə biz şimal qonşumuzda hansı proseslərin, hansı dəyişikliklərin cəryan etdiyinin şahidi olacağıq.

TƏQVİM / ARXİV