adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Iyun 2015 18:15
16998
GÜNDƏM
A- A+

Susqunluğu pozan Toğrul, qocalmaq bilməyən Xetaq - TƏHLİL

İyunun 17-18-də Heydər Əliyev adına Bakı İdman Sarayı sərbəst üsulla güləşən pəhləvanların ixtiyarına verildi.

8 çəki dərəcəsi üzrə keçirilən yarışlarda Azərbaycan yığma komandası tam heyətlə təmsil olunurdu. Firdovsi Umudov və Saypulla Apsaidovun rəhbərlik etdiyi məşqçilər korpusu mötəbər turnirdə 57, 61, 65, 70, 74, 86 , 97 və 125 kiloqram çəki dərəcələrində müvafiq olaraq Yaşar Əliyev, Hacı Əliyev, Toğrul Əsgərov, Ruslan Dibirhacıyev, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev, Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədova şans vermişdi.

Mübarizəyə ilk olaraq 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində mübarizə aparan güləşçilər qoşuldu.

Gərgin daxili rəqabətin olduğu ən yüngül çəkidə ölkəmizi təmsil edən Yaşar Əliyev göstərilən etimadı müəyyən qədər doğrultdu. Medalsız qalan iki güləşçidən biri olmasına baxmayaraq, onun göstərdiyi çıxış alqışalayiq idi. Bütün görüşlərdə sonadək əzmlə mübarizə aparan gənc pəhləvan xüsusən erməni güləşçisini məğlub etməklə azarkeşlərin rəğbətini qazandı.

Olimpiya çempionu Toğrul Əsgərov üç illik susqunluğu möhtəşəm nəticə ilə pozdu. Bir-birinin ardınca Rusiya, Moldova, Fransa və Belarusdan olan rəqiblərini məğlub edən 22 yaşlı pəhləvanımız həlledici görüşdə Kuba əsilli İtaliya təmsilçisi Çamizonun kürəyini yerə vuraraq, Avropa Oyunlarının baş mükafatına sahib çıxdı. Qeyd edək ki, onun texnikası, fiziki hazırlığı üç il əvvəlki Toğrulu xatırlatdı. Formasını qoruyub saxlayacağı təqdirdə o, qarşıdan gələn dünya çempionatı və Olimpiya Oyunlarında da yüksək nəticə göstərə bilər.

 Özünün diliylə desək, o, bütün turnirlərdə qalib olmağa qadirdir...

İkiqat Avropa çempionu və mundial mükafatçısı Cəbrayıl Həsənov ilk rəqibini asanlıqla yensə də, sonrakı mərhələdə Türkiyə təmsilçisinə məğlub oldu. Həsənov əvvəllər dəfələrlə üstələdiyi Dəmirtaşa gözlənilmədən "tuşe" ilə uduzdu. Rəqibi finala yüksəldiyindən təsəlliverici görüşlərə qatılan təmsilçimiz Finlandiya güləşçisini yendikdən sonra bürünc uğrunda həlledici qarşılaşmada bolqarıstanlı olimpiya mükafatçısı Kiril Terziyevə heç bir şans vermədi. Bürünc medalı idman ictimaiyyəti bir o qədər uğurlu nəticə saymasa da, Cəbrayılı illərdir stabil çıxış sərgilədiyinə görə alqışlamağa dəyər.

Dünya və üçqat Avropa çempionumuz Xetaq Qazyumov isə qocalmaq bilmir. 7 ildir iştirak etdiyi bütün turnirlərdə mükafat qazanan 33 yaşlı pəhləvanımız 2015-ci ilə də damğasını vurdu. Polşa, Moldova, Belarus və Rusiyadan olan rəqiblərini məğlub edən Qazyumov həlledici görüşə vəsiqə qazandı. Finalda gürcü Odikadzeni üstələyən idmançımız olimpiadada olduğu kimi yubiley müəllifi oldu. London olimpiadasında onuncu medalımızı qazanan idmançı bu dəfə 10-cu qızılı Azərbaycan yığmasının aktivinə yazdı.
Qazyumovun yarımfinal görüşünü xüsusi qeyd etmək lazımdır. O, bu qələbə keçən il dünya və Avropa çempionatlarının finalında məğlub olduğu rusiyalı Abdulsalam Qadisovdan revanş aldı.

İkinci gündə çəkisi 61, 70, 86, 125 kiloqram olan güləşçilər ən güclüləri müəyyən etdi.


Dünya və Avropa çempionu Hacı Əliyev mübarizənin startında Ermənistan təmsilçisi ilə qarşılaşdı. Rəqibi döşəyə çıxmağa peşman edən 24 yaşlı güləşçimiz ardınca Slovakiya güləşçisinə eyni aqibəti yaşatdı. Yarımfinalda Rusiya təmsilçisi Baqomayevə yenilən Əliyev bürünc medal qarşılaşmasında qardaş ölkə təmsilçisi Munir Rəcəb Aktaşı məğlub etməklə üçüncü oldu. Hər kəsin ondan qızıl medal gözlədiyini nəzərə alsaq, Hacının bu nəticəsi özü başda olmaqla idman ictimaiyyəti üçün o qədər də qənaətbəxş sayılmadı.

Vantaada keçirilən Avropa çempionatının qalibi olan Ruslan Dibirhacıyevin müəyyən qədər ümidləri doğrultduğunu söyləmək olar. İlk görüşdə məğlub olan 27 yaşlı pəhləvanımız rəqibin finala çıxması sayəsində üçüncülük uğrunda mübarizə aparmaq şansı qazandı. Dibirhacıyev fürsəti fövtə verməyərək, Avropa Oyunlarının bürünc medalını boynundan asdı.

Yaşar Əliyevdən sonra medalsız qalan digər güləşçimiz də Nurməhəmməd Hacıyev oldu. Böyüklər arasında mübarizəyə yeni qoşulan 19 yaşlı güləşçi yarışa yaxşı start versə də, 1/4 finalda və bürünc uğrunda həlledici görüşdə məğlub olmaqla medalsız qaldı.

Cəmaləddin Məhəmmədov isə 2 illik fasilədən sonra fərdi yarışlarda ilk dəfə fəxri kürsüyə çıxmağı bacardı. Qeyd edək ki, üçüncü olmaqla yığmamızın aktivinə 6-cı medalı yazdıran 25 yaşlı pəhləvan sonuncu dəfə Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal qazanmışdı.


Sərbəst üsulla güləşən kişilərdən ibarət yığmamız ümumi hesabda 2 qızıl və 4 bürünc medalla ikinci oldu. Birinci yerdə 5 qızıl, 2 bürünc medalla Rusiya güləşçiləri qərarlaşdı. Türkiyə millisi isə 1 qızıl, 1 gümüş, 2 bürünclə üçlüyü qapadı.


Qeyd edək ki, 6 gün ərzində keçirilən yarışlarda Azərbaycan güləşçiləri tarixi uğura imza atdılar. Yüksək səviyyədə çıxış edən hər üç komandamız ümumilikdə 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazandı.

Sahib ƏSƏDBƏYLİ