Bir adamın iki sözü, çox üzü...

ETİBAR CƏBRAYILOĞLU
27905 | 2011-12-13 05:01
Aqil adamlardan biri məclisdə maraqlı söhbət edir, hikmətli kəlamlar söyləyirmiş. Söhbətə qulaq asan bir nəfər deyir ki, müəllim, sən deyən sözlərin heç biri mənim başıma girmir. Aqil adam həmin o nadana yaxşı cavab verir. Deyir ki, bu məsələlər sənin başınla ölçülmür. Tuyqun Nadirovun nüfuzlu xəbər portallarından birinə verdiyi müsahibəni oxuyanda aqil adamın nadana verdiyi tutarlı cavab yadıma düşdü. Tanımayanlar üçün tanışlıq verim ki, Tuyqun Nadirov "Xəzər Lənkəran" Peşəkar Futbol Klubunun vitse-prezidentidi.
   
   Müsahibəni də klubun artıq sabiq baş məşqçisi Mirça Rednikin səsləndirdiyi ittihamlara cavab olaraq verib. Bilənlərə xatırladım bilməyənlərə desinlər ki, Nadirovun qazandığı klubda baş məşqçi dəyişikliyi olub və Mirça Rednik postundan ayrılıb.
   
   Əslində bu futbolda adi bir olaydı. Dünya futbolunda elə baş məşqçilər istefa verib və ya məcburən göndərilib ki, Rednik bəlkə də onların yanında heç kimdi. Amma...
   
   Rumıniyalı futbol mütəxəssisi cənubluların düşərgəsindən ayrılarkən onun bu istefasından sonra xeyli açıq suallar qalmışdı. "Bosman" fanklubunun üzvləri bu suallara cavab tapmaq üçün Redniklə görüşməyi qərara almışdılar. Sözün həqiqi mənasında "çamadan ovqatında" olan, Vətəninə dönmək üçün hava limanına getməyə hazırlaşan Rednik fanklub üzvləri ilə dərdləşməyə razı olmuşdu.
   
   İş elə gətirdi ki, "Park Bulvarda" reallaşan həmin görüşdə "Ədalət" qəzetinin yazarı kimi mən də iştirak etməli oldum. Rumın mütəxəssis "Xəzər Lənkəran"dan ayrılmasının səbəblərini açıqladı. Zəngin və vətənpərvər sponsoru, böyük azarkeş ordusu, səviyyəli oyunçuları olan cənub klubunda baş verən son olaylara aydınlıq gətirdi. Bu sətirlərin müəllifi də həmin söhbət əsasında hazırlanan müsahibəni "Mirça Redniklə qəfil görüş" başlığı ilə "Ədalət" qəzetində çap etdirdi. Müsahibə gözlənildiyi kimi böyük rezonans doğurdu və bəzi idman saytlarında qəzetə istinadən bir az da tirajlandı. Təkcə ciddi xəbər portalı "Ədalət"ə istinad etməyi unutdu. Elə bil ki, Rednik o sözləri jurnalistə deməyib, yuxuda sayıqlayıb.
   
   Rednikin ittihamlarında adı hallanan Nadirov sabiq çalışdırıcının bu görüşündən xəbər tutan kimi səslənən fikirlərə münasibət bildirmək istəməmişdi. Demişdi ki, görüşdə Rednikin fikirləri mətbuata çıxsa reaksiya verəcək. Bayaq dediyim kimi, "işin tərsliyindən" əli qələmli bir nəfər həmin görüşdə iştirak etdiyindən müsahibə mətbuata çıxdı. Vitse-prezident də cavab verməyə məcbur oldu.
   
   Oxumayanlara xatırladım ki, Nadirov xəbər portalına verdiyi açıqlamada müsahibim Rednikin səsləndirdiyi fikirləri "boş-boş söhbətlər" adlandırıb. Birincisi, jurnalist kimi tərəfsiz olmağa məhkumam. Ona görə də Redniki müdafiə etmirəm. İkincisi, rumın futbol mütəxəssisinin səsləndirdiyi ittihamları boş -boş söhbətlər kimi qiymətləndirirsə onda açığını deməyə borcluyam- Nadirovun başında hansısa problemlər var. Yazının əvvəlində aqil adamın dediyi sözləri Tuyqun Nadirova da şamil etmək olar. Yəni, belə
   
   söhbətlər sənin başınla ölçülmür.
   
   "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"yə böyük hesabla məğlub olandan sonra klubda vəziyyət heç də ürəkaçan deyildi. Hətta oyunçuların cərimələndiyi, maaşlarının azaldığı deyilirdi. Bunu futbola marağı olanların hamı bilirdi. Amma vitse-prezident Nadirov mətbuata açıqlama verirdi ki, daxildə hər şey əladı. Heç bir futbolçunun pulu kəsilməyib. Hətta oxucuları inandırmaq üçün belə bir üsula əl atırdı- "Hansı futbolçunun pulu kəsilibsə, çıxıb desin".
   
   Rednik müsahibədə futbolçulara para cəzası kəsildiyini dedi. İndi Nadirov etiraf etməyə məcbur olur. Deyir ki, cəza kimi futbolçulara pul cəriməsi tətbiq olunub. Adama deyərlər ki, Tuyqun müəllim, Rednikin dediyini etiraf etməyə məcbur olursansa daha bunu harası boş-boş söhbətdi?
   
   Rednik həmin müsahibədə deyir ki, klub rəhbərliyi ona seçim yolu verməyib. Klub rəsmiləri, xüsusi ilə də Nadirov futbolçuların guya ondan narazı olduğunu bildirib. Rednik çempionatın gedişində ya oyunçuları qovmalı imiş, ya da özü getməli imiş.
   
   Əvvəlki açıqlamalarında baş məşqçi ilə futbolçular arasında heç bir narazılıq olmadığını israrla təkzib etməyə çalışan vitse-prezident indi etirafda bulunur. Daha doğrusu. Rednikin müsahibəsindən sonra buna məcbur olur. "Futbol+" qəzetinə verdiyi açıqlamada isə bir az da qabağa gedib baş məşqçidən guya narazı futbolçulardan birinin adını çəkir. Deyir ki, Opara Rednikdən narazı imiş. Tuyqun müəllim, daha Rednikin müsahibəsinin harası boş söhbət oldu? Müsahibə verəndə müdrik görkəm almağı sevən Nadirovdan bir söz soruşmaq yerinə düşər. Tuyqun müəllim, lap tutaq ki, Opara Rednikin rəhbərliyi altında oynamaq istəmir, siz də baş məşqçinin biletini alıb onu uçağa mindirirsiz. Sabah birdən Rosas belə bir tələb irəli sürdü ki, mən "Barselona" məktəbi keçmişəm. Təzə baş məşqçi Cüneyt Biçərin futbol biliyi heç texniki peşə məktəbində komandaya rəhbərlik etməyə yetmir, təcili onu istefaya göndərin! Bəs onda necə olacaq? Tuyqun müəllim, peşəkarlıq beləmi olur?
   
   Peşəkarlıqdan söz düşmüşkən, bilənlərə xatırladım ki, bilməyənlərə desinlər. Puldan, azarkeş dəstəyindən bol olan "Xəzər Lənkəran"ın peşəkar rəhbərlik məsələsində bəxti gətirmir ki, gətirmir. Bu gün klubda söz sahibi olanlar "Xəzər Lənkəran"da görəv qazanana qədər futbolun neçə nəfər tərəfindən oynanıldığını, hakimin cibindəki kartın niyə məhz iki rəngdə olduğunu və nə ifadə etdiyini bilməyiblər. "Xəzər Lənkəran"da qazanandan sonra biliblər ki, sən demə 11 metrlik cərimə zərbəsini 11 metrdən vururmuşlar.
   
   Yeri gəlmişkən, sonuncu turda "Xəzər-Lənkəran"la "Qarabağ" arasında keçirilən oyunu heç kim izləyə bilmədi. Lənkəranda yaşayan azarkeşlər Peşəkar Futbol Liqasının kəsdiyi cəza səbəbindən arenaya buraxılmadılar. Hər iki klubun ölkənin müxtəlif yerlərində yaşayan azarkeşlərinə isə maraqlı oyunu televiziyadan izləmək qismət olmadı. "Xəzər Lənkəran"ın rəsmiləri matçın teleyayımına mane oldular. Klub rəsmilərindən biri Höccət Hacıyev bilirsiz nə səbəb gətirib? Deyib ki, əgər bizim azarkeşlər oyuna baxa bilmirsə, qoy rəqibin də azarkeşi matçı izləyə bilməsin. İndi siz deyin. Belə bir adamın həqiqətən də ağıllı olmasını təsdiq etmək üçün həkimdən arayış gözləməyə dəyərmi?
   
   Nə isə, hamı bilir ki, boş-boş söhbətləri Mirça Rednik yox, Tuyqun Nadirov və onun ətrafındakı "futbol mütəxəssisləri" danışır. Ona görə də klubda bu gün baş məşqçi Avropada tanınan Rednik yox, Türkiyənin Bank Asiya liqində belə işləməyi bacarmayan Biçərdi. Azərbaycanda baş məşqçi işləməyə layiq, lakin işsiz qalan bir avtobus mütəxəssis var. Lakin Nadirov onları görməzdən gedir. Bəlkə də heç tanımır.
   
   Rednikə və bu vaxta kimi gəlib-getmiş məşqçilərə klubda necə "torba tikildiyini" Lənkəranda hamı bilir. Bu əməliyyatın müəlliflərini də yaxşı tanıyırlar. Birinci dəfə deyil ki... Necə olur ki, Nazim Süleymanov, Viktor Pasulko, Rasim Kara, İqor Ponomaryov, Ağasəlim Mircavadov kimi futbol mütəxəssisləri işlərini bacara bilmirlər, amma autla oyundankənar vəziyyətin fərqini bilməyən Tuyqun Nadirov həmişə "haqlı" çıxır?
   
   Bu sualı Tuyqun Nadirovun üzünə vermək yaxşı olardı. Amma bilmirəm bu gün bir söz, sabah başqa söz deyən adamın hansı üzünə deyim...

TƏQVİM / ARXİV