adalet.az header logo
  • Bakı 20°C

FENOMEN TƏZAHüR

BABƏK YUSİFOĞLU
43153 | 2011-12-13 10:53
İnsan oğlu yarandığı gündən ta bu gününədək ətrafında baş verən hadisələri və özündəki sirləri öyrənməyə çalışır, onların mahiyyətini dərk etmək istəyir. Əvvəli çox sadə, primitiv üsullardan başlayan, lakin zaman keçdikcə daha əsaslı, daha elmi, daha texnoloji vasitələrlə davam etdirilən araşdırmalar təbii ki, müəyyən mərhələlərdə öz bəhrəsini verdi. Və əldə edilən hər bir nailiyyət, elmin, ağılın gücünü göstərməzdən öncə Böyük Yaradanın mütləq varlığını təkrar-təkrar sübut etdi. Əlbəttə, bununla heç də onu demək istəmirəm ki, indi insanın bilmədiyi, öyrənmədiyi heç nə qalmamışdır. Xeyr. Əksinə insanın bilgisi çoxaldıqca daha artıq sirlərdən xəbərsiz olduğunu görür. Bəlkə bir zamanlar onların da açılışı mümkün olacaq, amma ona əminəm ki, onda da bizlərin bilmədiyi yeni-yeni sirlər qarşımızda duracaq.
   
   
   
   Mahiyyəti, izahı mümkün olmayan sirlərdən biri
   
   
   
   də həyatda bir sıra insanların inanılmaz bənzərləri ilə bağlıdır. Əlbəttə, mən bənzər deyərkən heç də əkiz, oxşar fikrini təqdim etməyə çalışmıram. Çünki hər kəs belə halların şahididir və burada heyrətamiz heç nə yoxdur. Ən azı insanlar ekizlərin, oxşarların yaranma səbəbini bilir, səbəbini bilmədiklərinin isə bir təsadüf olduğuna əmindirlər. Yəni meqa-star Maykl Ceksonun, amerikalı aktrisalar Meri-Keyt və Eşli Olsenlərin, Dilan - Koul Sprous qardaşlarının... bir-birinə neçə oxşadığına, amma bununla bərabər onların hər birinin real, gerçək həyatda fərqli-fərqli şəxsiyyətlər olduğuna kim şübhə ilə yanaşa bilər ki? Heç kim. Lakin mənim söhbətim insanların qeyri-adi bənzərlərindən, sirli oxşarlarındandır. O bənzərlərindən ki, digər birinin haradan, necə, niyə gəldiyini... kimliyini hələ indiyədək bilən olmayıb. Olsa-olsa bu təzahürün izahı ilə bağlı nəzəri ehtimallar, mütəxəssislərin, parapsixoloqların bəzi mülahizələri vardır.
   
   Düzü, bu cür hadisələrdən xəbərdar olduqca insan heyrətamiz çaşşqınlıq içərisində qalır, inanılmaz həddə faktların mahiyyətinə varmaq, bilmək həvəsinə qapılır. Bir addımlıqda olan "möcüzə"ni kim bilmək istəməz ki? Mülahizə yürütmək daha yaxşı olsun deyə bir neçə maraqlı hadisə haqqında söhbət açacağam. Özü də bunlar kimlərinsə uydurması, kimlərinsə yaradıcılığı, ehtimalları deyil. Gerçəyə az bənzəyən, amma həyatda baş vermiş real hadisələr, faktlardır.
   
   
   
   1975-ci il Moskva
   
   
   
   Voronejdən paytaxta gələn turist qrupu üzvləri arasında ağ saçlı bir qoca da vardı və o, ağ, uzun saqqalına görə hər kəsin diqqətini çəkmişdi. Sonradan isə bu fərqliliyə daha ciddi, həm də müəmmalı hadisələr də qarışdı. Belə ki, turist qrupunun üzvləri ara-sıra uzun, ağ saqqalı bu qocaya eyni anda şəhərin müxtəlif yerlərində rastlaşmağa başlamışdılar. Günlərin birində turistlər ekskursiyada olarkən qrupdan bir qadın alış-veriş etmək üçün "QUM"-a gedir. Yolda təsadüfən həmin qocaya rast gəlir.
   
   Qadın ekskursiyanın bitib-bitmədiyini öyrənmək məqsədiylə ona yaxınlaşıb salamlaşır və müraciət edir. Uzun saqqallı qoca bildirir ki, yox, turistlər indi "VDNX" yolu üzərində hərəkət edirlər. Qadın belə cavabdan təəccübləndiyinə görə, axşam qrupla birgə qalan ərinə bunu danışır. Qəribə idi. Əri əminliklə bildirir ki, qoca bütün günü onlarla bərabər olub, hətta bir dəqiqə belə qrupdan aralanmayıb. Söhbət yayılandan sonra məlum olur ki, qoca ilə bağlı oxşar hadisələr turistlərdən bir neçəsi ilə baş verib və bundan sonra "sehirbaz" qocaya suallar yağmağa başlayır. Lakin boşuna.
   
   Turistlər ekskursiyanın sonuncu günü daha bir qeyri-adi hadisənin şahidi olurlar. Onlar kənarda həmin qocaların bir-biriylə nə haqdasa danışdıqlarını görürlər. Və hər kəs heyrətdən yerindəcə donur. Onlar ən kiçik xırdalığa, ən adi detaladək bənzəyirmişlər. Hətta hərəkətləri də oxşarmış. Lakin bu heç də "möcüzə"nin sonu deyildi. Az sonra hamı daha bir şok yaşayır: qocalardan biri onların gözləri önündəcə yox olub. Sanki o, buxarlanıb. Bu nə idi?! Fenomen təzahür idimi? Həmin dövrlər belə məsələlər haqqında nə danışmağa, nə də araşdırma aparmağa icazə verilə bilməzdi. Kommunist partiyası özündən və özünə məxsus ideyalardan başqa heç nəyi doğru hesab etməz, düşməncəsinə qarşılar, təxribat kimi baxardı. Ona görə də bu cür məsələlər aşkara çıxmadı. Maraqlananlar oldusa da bunların hamısı gizli, məxfi aparıldı.
   
   
   
   Fenomen təzahür
   
   
   
   Əslində bənzərlik fenomeni haqqında qədim zamanlarda da özünəməxsus fərziyyələr, nəzəriyyələr meydana gəlib. İnsanlar belə hadisələrin izahını maqlarda, bilicilərdə, kahinlərdə... aramışlar. Və dediyimiz kimi, müasir insan onun izahını elmdə tapacağına əmin olsa da bacarmayıb. Məsələ ondadır ki, bu cür hadisələr çəkdiyim misala rəğmən yalnız sadə insanların başına gəlməyib. Bəlkə də belə olsaydı insanlar uzun dövrlər bu haqda düşünməz, onunla yaxından maraqlanmazdılar. Yəni ən azı belə təzahürləri sadə insanların təxəyülü, ya dünyagörüşlərinin geriliyi, ya da hallyusinasiya, gözəgörünmə adlandırardılar. Necə ki, bu cür düşünən nəzəriyyəçilər də var. Lakin faktlar onların da iddialarına sədd çəkib.
   
   Məşhur şair-knyaz P.A. Vyazemski günlərin birində gecə yarıdan keçmiş Nevski prospektində yerləşən mənzilinə qayıdırmış. Aniçkov körpüsü yaxınlığında o, kabinetinin pəncərəsindən işıq gəldiyini görür. Təəccüblənsə də bunu ciddiyə almır. Axı, kabinetdən çıxarkən işıq yanılı deyildi. Evə daxil olan kimi qulluqçudan soruşur: "Mənim kabinetimdə kim var?" Qulluqçu kimsənin olmadığını bildirərək kabnetin açarını knyaza verir. Knyaz sakit addımlarla otağnın önünə gəlib açarla qapını açır və çox qəribə bir mənzərənin şahidi olur: Otağın uzaq bir guşəsində arxası ona tərəf bir nəfər oturub nəsə yazmaqla məşğul idi.
   
   Knyaz təəccüblənir. Bu necə ola bilərdi ki? O, asta addımlarla hələ də yazısından başını qaldırmayan bu naməlum adama yaxınlaşır. Amma şair ona müraciət etməzdən öncə naməlum adamın çiyni üzərindən onun nə yazdığına nəzər salır. Dəhşət! Vyazemski bərkdən qışqırır, köksünü tutaraq huşsuz halda yerə yıxılır. Bu vəziyyətin nə qədər çəkdiyini bilməs də o, özünə gələndən sonra kabinetində oturub yazan adamı görmədi. Artıq o harasa getmişdi. Knyaz ona bənzəyən adamın yazdığı həmin vərəqi götürüb gizlətdi. Və sonradan heç kimsəyə orada yazılanlardan bir kəlmə də bəhs etmədi. Eləcə bu sirri özü ilə qəbirə apardı. Çünki naməlum adam tərəfindən yazılmış həmin vərəqdən heç kim xəbər tuta bilməmişdi. Vyazemski oxumuş, istedadlı, ağıllı bir adam idi. Və knyazın həmin gün kabinetdəkinə bənzər vəziyyətini heç vaxt kimsə nə görmüş, nə də eşitmişdi.
   
   
   
   Heyrətdən çaşan Mark Tven
   
   
   
   Yaxud heç kəs inanmaz ki, dünyaca məşhur yazıçı Mark Tven özünün başına gələn bir hadisəni nəyinsə xətrinə uydurub. Heç mən də inanmıram. Onun şərəfinə Kanadanın Monreal şəhərində düzənlənmiş qəbulda özünün çox köhnə qadın tanışlarından birini görür. Yazıçı 20 il olardı ki, həmin qadın tanışını görməmişdi. Bir çox dəvətlilərlə söhbətə girişsə də tanış qadın ona heç bir dəfə də diqqət eləmir. Axşam tərəfi isə yazıçı çıxışa hazırlaşarkən tanıdığı qadın yazıçıya yaxınlaşıb ilk rastlaşan adamlartək görüşür, söhbətləşir. Yazıçının ondan soruşduqlarını isə çox təəccüblə qarşılayaraq bildirir ki, o, Kvebekdən bura bir saat əvvəl gəlmişdir.
   
   Sonralar böyük yazıçı bu hadisə haqqında belə yazmışdı: "O qadın nə qəbulda, nə də şəhərdə olmayıb. Amma buna baxmayaraq mən onu məhz burada gördüm. Tamamilə aydın və səhvsiz. Mən buna görə and da içə bilərəm. Mən o ərəfədə və uzun illər ərzində həmin qadın haqqında qəti düşünmüşəm. Yəqin o vaxt qadın mənim haqqımda düşünürmüş və həmin düşüncələr uzaq məsafəyə baxmayaraq onun aydın, dəqiq obrazını gözlərimin önünə gətirib. Mənə elə gəlir ki, bu yalnız belə ola bilər..."
   
   
   
   Mütəxəssislərin araşdırmaları
   
   
   
   ehtimalları hələlik müəyyən istiqamətə yönəlib. Alimlər yaxın zamanlarda "leypton sahəsi" adlanan varlığın mövcudluğu qənaətinə gəliblər. Düzdür, onların haradan əmələ gəlməsi akademik elm üçün sirr olraq qalır, amma texniki aparatlar belə təzahürləri qeydə ala bilib və məlum olub ki, həqiqətən də "onlar" həmin insanlara çox bənzəyirlər. Və təsdiqlənib ki, bununla bağlı ayrı-ayrı şəxslərin danışdıqları hadisələr uydurma deyil.
   
   Əslində qədim dövrlərdən bəri bunun öyrənilməsinə cəhdlər edilib, təlimlər mövcud olub. Hinduların gizli saxladıqları təlimlərə görə, insan canlı varlıq kimi mürəkkəb bir sistemin içərisindədir və o bir neçə vücuddan ibarətdir. Yəni, fiziki mövcudluqdan savayı insan ən azı - kobud dillə ifadə etsək rus matruşkalar sayağı biri-birinin içərisində olan üç candan ibarətdir. Onlardan biri efir vücududur ki, o, "əslin" energetik oxşarıdır və fiziki nüsxə rolunda çıxış edə bilir. İkincisi hisslərdə, təsəvvürlərdə, heyvani duyğularda "məskunlaşan" astral vücuddur. Məhz onun köməyi ilə telepatiya, yuxugörmələr... kimi mübahisəli təzahürlər işə düşür. Hindu təlimlərinə görə, astral vücud qırılmaz tellərlə bağlı olduğu fiziki və efir vücudun dairəsindən, qlafından çıxıb ayrıca hərəkət edə bilir. Özü də burada ən incə məqam onun ağlın, düşüncənin vücudu kimi "görünməsidir".
   
   Məncə bütün bu təhlilləri ehkam kimi də qəbul etmək doğru olmaz. Ona görə ki, bunlar hələlik sadəcə elmi sübutu olmayan nəzəriyyələrdi. Amma burada da bir "amma" gürünür. Çünki indi paylaşacağım bir qeyri-adi, möcüzəli hadisə elmi-nəzəri, parapsixoloji qənaətlərin özünü də çaşqınlıq işərisində qoyur. Və onu da deyim ki, danışacaqlarım inanılmaz olsa da bu, real həyatda, özü də cəmi iki il öncə, bir çox yerli adamın tanıdığı adi bir şəxslə baş verib.
   
   (Ardı qəzetin 20 dekabr sayında)

TƏQVİM / ARXİV